Məhkəmə qərarları › İş №2-1(112)-5586/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5586/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5586/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Nəsimi bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Nəsimi Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 28/02-764 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Nəsimi rayonu, Abay döngəsi, 9D, M.82/ Xan Şuşinski, 28, M.49 ünvanında yerləşən 299,5 kv.m əmlak və onun yerləşdiyi torpaq sahəsinə görə əsassız olaraq 565,07 manat məbləğində vergi borcu hesablamışdır. Lakin qeyd olunmalıdır ki, bələdiyyə tərəfindən hesablanmış vergi borcu tamamilə qanunsuzdur. Belə ki, vergi borcunun tutulması haqqında qərarda göstərildiyi kimi vergi borcunun 2021ci il tarixdən başlayaraq ötən dövrlər üzrə yığılıb qalması və ödənilməsi barədə heç bir bildiriş əldə etməmişdir. Yalnız 2024-cü ilin avqust ayında bələdiyyə tərəfindən göndərilmiş xəbərdarlıq vasitəsilə əmlakına görə qanunsuz olaraq hesablanmış vergi borcundan xəbərdar olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə yazılı münasibət (etiraz) daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, mülkiyyətində olan hər iki mənzilə dair əmlak vergisi üzrə borcunun olması barədə ona bildiriş təqdim edilmiş, lakin borcun ödənilməsindən imtina etmiş, bununla bağlı cavabdeh tərəfindən akt tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Mübahisələndirmə növündə iddialar üzrə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətinə əməl olunmasıdır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya nə zaman təqdim (elan) edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 28-də yerləşən, ümumi sahəsi 120.3 m2 olan 49 saylı mənzil İddiaçı mülkiyyətindədir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167,5 m2 olan 82 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. -Nəsimi Bələdiyyəsinin 28/02-764 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Abay Döngəsi, 9D, M.82 / Xan Şuşinski, 28, M.49 ünvanında yerləşən 299,5 kv.m əmlak sahəsi üçün 565,07 (beş yüz altmış beş manat 7 qəpik) manat vergi borcunun ödənilməsi üçün tədbir görülməsi barədə Nəsimi Rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. Müvafiq sorğu ilə cavabdeh Nəsimi bələdiyyəsinin mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 28/02-764 saylı qərarının qəbul edilməsi üzrə inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -Nəsimi bələdiyyəsinin xx.xx.2024-cü il tarixli **********4330 seriya nömrəli tədiyə bildirişindən görünür ki, iddiaçıya Nəsimi rayonu, Abay Döngəsi, 9D, M.82 / Xan Şuşinski, 28, M.49 ünvanları üzrə əmlak vergisinin ödənilməsi tələb edilmişdir. -xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Nəsimi bələdiyyəsinin əməkdaşları tərəfindən İddiaçı mülkiyyətində olan əmlaklara görə 565,07 manat məbləğində borcunun ödənilmədiyi, Azərbaycan Respublikası vergi qanunvericiliyi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquq və vəzifələri izah edilmiş, o cümlədən vergi öhdəliyini könüllü surətdə icra etməsi təklif olunmuşdur. Ödəyici İddiaçı tərəfindən əmak vergisi üzrə müvafiq borcunun ödənilməsindən imtina edilmişdir. -Nəsimi bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona mülkiyyətində olan əmlak üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinə müvafiq olaraq ötən dövrlər üzrə 335,82 manat, 117,31 manat hesablanmış faiz borcu olmaqla ümumilikdə 565,07 manat əmlak vergisi borcunun yarandığı, həmin borcun 10 gün müddətində bələdiyyəyə ödənilməsi, əks təqdirdə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən, bu xəbərdarlığı aldığı gündən 10 gün sonra yaranmış vergi borcunun məcburi qaydada alınması məqsədi ilə Nəsimi bələdiyyəsi tərəfindən qərar qəbul edilərək Nəsimi Rayon İcra şöbəsinə müraciət olunacağı bildirilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. -2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. -3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. -3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. -3.3-cü maddəsinə əsasən bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. -3.4-cü maddəsinə əsasən bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. -7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. -7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. -8.0-cı maddəsinə əsasən yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 196-cı maddəsinə görə bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.1) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü maddəsinə görə bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Həmin Məcəllənin 200.6-cı maddəsinə əsasən, binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. AR Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar»ın təsdiq edilməsi barədə 101 nömrəli 6 aprel 2015-ci il tarixli qərarı ilə Bakı şəhərinin Xəzər rayonu 10.2-ci və 12-ci zonalar üzrə müəyyən edilmişdir ki, həmin zonalara tətbiq olunan əmsallar müvafiq olaraq “0.80” və “0,70”-dir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 3.1-ci bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: -3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; -3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; -3.1.3.yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; Əsasnamənin 3.2-ci bəndinə əsasən bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: -3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; Əsasnamənin: -5.1-ci maddəsinə əsasən, bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. -5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. -5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. -5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. -5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. -5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. -5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətidir. Onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə müəyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Əmlak vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak vergisinin ödənilməsi tədiyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyə bildirişinin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. «İnzibati icraat haqqında» AR Qanununun: -2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. -28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -87.1-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilir. -87.2-ci maddəsinə əsasən, bələdiyyələrin tələbin icraya yönəldilməsi haqqında qərarında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan müvafiq məlumatlar əks olunmalı və həmin qərar bələdiyyənin inzibati aktı ilə birlikdə icra qurumuna göndərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədləri sayılır. İşin mübahisəsiz hallarına görə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şusinski küçəsi, ev 28, mənzil 49 və ünvan 5 ünvanlarında yerləşən hər iki mənzil iddiaçının mülkiyyətində və istifadəsindədir. Lakin həmin mənzillərlə bağlı iddiaçı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müəyyən olunmur. Cavabdeh bələdiyyə qurumu tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, mübahisələndirilən inzibati aktı qəbul edilməzdən əvvəl müvafiq olaraq tələbnamə, həmçinin də yerli (bələdiyyə) büdcəyə yerli vergilər, ödənişlər, faiz və maliyyə sanksiyası üzrə yaranmış borcların ödənilməsi barədə tədiyə bildirişi tərtib etmiş, tədiyə bildirişində borcun yaranmasına əsas olan halları və əhatə etdiyi dövrü göstərmiş, həmin tədiyə bildirişini əmlakın yerləşdiyi ünvana göndərmiş və iddiaçı əmlak vergisi üzrə borcunun olması barədə məlumatlandırılmışdır. İddiaçı özü də məhkəmə iclaslarında verdiyi izahatda tədiyə bildirişini və xəbərdarlıq bildirişini almasını təkzib etməmişdir. Bununla belə, iddiaçı məlumatlı olduğu halda, hesablanmış vergi borcunun ödənilməsindən imtina etmiş, bu barədə akt tərtib edilərək səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə bir daha iddiaçıya xəbərdarlıq məktubu ünvanlanaraq, borcunun ödənilməsi üçün 10 gün vaxt verilmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən verilmiş bildiriş və xəbərdarlıqları cavabsız saxlamış, öz növbəsində vergi öhdəliklərini yerinə yetirməsi üçün bələdiyyə vergisinin əsasları ilə bağlı maraqlanmayaraq hərəkətsizliyə yol vermişdir. Bundan sonra cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə 565,07 manat əmlak vergisinin qanunla müəyyən edilmiş vaxtda ödənilməməsinə görə, iddiaçı barəsində məcburi icra tədbirlərinin görülməsi üçün qərar Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İstinad olunan qanunvericilik normalarını hazırkı iddiaya tətbiq edərək məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hallar cavabdehin vergilərin yığılması istiqamətində həyata keçirdiyi hərəkətlərin və qəbul etdiyi qərarın ümumən icraatın özünün aparılmasına dair tələblərə riayət edilməklə aparıldığını təsdiq edir. Eyni zamanda sözügedən qərarın inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilməsi aşkar edilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati akt təkcə prosessual deyil, həmçinin mahiyyəti üzrə də əsaslı qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödəyirlər. Həmin maddədə göstərilən cədvəldə Bakı şəhəri üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə 0,4 manatla vergi dərəcəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a əsasən Bakı şəhərinin 12 zonası üzrə əmsallar tətbiq edilmişdir. Zona 7. Sərhədləri: Metronun “20 Yanvar” stansiyasından başlayaraq, şimal istiqamətində Moskva prospekti üzrə 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə şərq istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şərq istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə cənub istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə cənub istiqamətində X2 küçəsi ilə kəsişənədək, X2 küçəsi üzrə şərq istiqamətində Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmir yolu xətti ilə kəsişənədək, dəmir yolu xətti üzrə qərb istiqamətində 9-cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2ci köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şərq istiqamətində Böyük Şor gölünün sahil xətti ilə kəsişənədək, Böyük Şor gölünün sahil xətti üzrə qərb istiqamətində Nərimanov, Binəqədi rayonlarının sərhədləri kəsişənədək davam edir və Binəqədi, Nəsimi rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərini əhatə edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04 noyabr 2022-ci il tarixli **********435800 nömrəli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait”dən: Misal 1. Fiziki şəxsin Bakı şəhərində Azadlıq Prospekti ilə Həsən Əliyev küçəsinin kəsişdiyi yerdə yerləşən çoxmənzilli binada ümumi sahəsi 130 kvadratmetr olan yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında həmin yer 3-cü zonaya aid edilmiş və zona əmsalı 1,3 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kvadratmetrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır: (130-30) x 0,4 x 1,3 = 52 manat. Cavabdeh inzibati orqan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şusinski küçəsi, ev 28, mənzil 49 və ünvan 5 ünvanlarında yerləşən daşınmaz əmlakların “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a görə hesablamış, yaşayış sahələrinin ölçüsündən 30 kv.m çıxaraq hesablamanı aparmış, bununla da əmlak vergisini müəyyən etmişdir. Eyni zamanda məhkəmə hesablanmış faiz borcuna münasibətdə də qeyd edir ki, cavabdeh inzibati orqan haqlı olaraq ödənilməmiş vergi borclarına görə faiz məbləği hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 201.4-cü maddəsinin normasına görə dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir. Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Göründüyü kimi cavabdeh inzibati orqan qüvvədə olan qanunvericiliyin müddəalarına əsaslanaraq vergilərin ödənilməməsini əsas götürmüş və əsaslı olaraq əlavə faiz məbləği hesablamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə də, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı Bakı şəhəri Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 28/02-764 nömrəli qərarın ləğv edilməsinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar