Məhkəmə qərarları › İş №2-1(112)-5587/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5587/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5587/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, X1 nümayəndəsi və vəkili Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 iştirakları ilə X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhər LGBİ) qarşı qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə mahiyyəti üzrə baxılıb, Bakı şəhər LGBİ-nin onun barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbarı ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********2063 nömrəli Qərar”ının maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati akt hesab edib ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə poçta təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhər LGBİ-nin onun özünə çoxmənzilli yaşayış evi tikməsi əsassız və qanunsuz olaraq çoxmərtəbəli bina tikintisi ilə məşgul olan sahibkarlıq fəaliyyəti kimi qəbul edilərək onun tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbarı ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2063 saylı qərar qəbul edilmişdir. O, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2017-ci il tarixli 314 nömrəli Sərəncamına əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini sökərək yerində təqdim etdiyi layihəyə əsasən, yeni müasir üslubda dörd mərtəbəli çoxmənzilli yaşayış evi tikmişdir. Qeyd olunan sərəncamla ona söküntu aparılan ərazidə çoxmənzilli dörd mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir. Fərdi yaşayış evinini tikintisinə 2017-ci ilin avqust ayında başlanmış və hazırda tamamlama işləri görüliir. Ölkədə və dünyada baş vermiş məlum səbəbdən (koronuvirus epidemiyası) maddi çətinlik çəkdiyi üçün tamamlama işlərini başa çatdıra bilməmişdir. Tikinti layihəsinə uyğun olaraq bütün işlər görüldükdən sonra çoxmənzilli yaşayış evinə Suraxanı rayon İcra Hakimiyyətinin “Evlərin Hüquqi qeydiyyata alınması komissiyası” tərəfindən istismara qəbul edilməsinə dair müvafiq akt verildikdən sonra yaşayış evinə DƏDRX-dən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarış alınacaqdır. Bu Çıxarış olmadan həmin fərdi yaşayış evində olan mənzil payından heç kimə satmaq miimkün deyildir. Onun tərəfindən tikinti aparılması ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdir. O, özünə şəxsi mülkiyyətində olan mənzili söküb yerində ailəsinin ehtiyaclarına uyğun olaraq çoxmənzilli fərdi yaşayış evi tikmələklə vergi ödəyicisi sayıla bilməz. Vergi əməkdaşları tərəfindən yanlışlığa yol verilmiş, şəxsi ehtiyacları üçün tikilmiş çoxmənzilli yaşayış evi dörd mərtəbəli olduğundan vergi əməkdaşları onu kommersiya məqsədi üçüu tikilmiş bina kimi qəbul etmiş, buna görə də yanlış nəticə çixarmışlar. Bununla vergi əməkdaşları Vergi qanunvericiliyinin tələblərini pozmuşlar. Vergi orqanının istinad etdiyi qanunvericilik normasının tələbindən göründüyü kimi vergi ödəyicisinin gəlirlərini və ya vergitutma obyektlərini gizlədilməsinin əlamətləri müəyyən edildikdə həmin vergi ödəyicisinin fəaliyyəti vergi oraqnının müvafiq qərarına əsasən yoxlanıla bilər. O, vergi ödəyicisi deyildir, yəni qanunvericiliyin nəzərdə tutduğu subyekt deyildir. O, adi vətəndaş olmaqla şəxsi ehtiyacları üçün tikidiyi çoxmənzilli yaşayış evi dörd mərtəbəli olduğundan vergi əməkdaşları onu kommersiya məqsədi üçün tikilmiş bina kimi qəbul etmiş və bu əsasla onun tərəfindən əsasən vergilər və digər icbarı ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********2063 nömrəli Qərar” qəbul etmişdir. Bu qərar əsassız və qanunsuzdur. Bundan başqa, iddiaçı əvvəllər tamam başqa sahədəpərakəndə satışı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla bağlı xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN almış, bir müddət ticarət fəaliyyəti ilə məşğul olmuş, bu işi qura bilmədiyindən 2017-ci ilin oktyabr ayında sahibkarlıq fəaliyyətini rəsmi qaydada dayandırmışdır. Vergi əməkdaşları heç bir əsas olmadan, onun fəaliyyətini dayandırdığı ********** nömrəli VÖEN-ni özbaşına bərpa etmiş və qanunsuz olaraq bu VÖEN əsasən onun şəxsi ehtiyacları üçün tikdiyi yaşayış evini sahibkarlıq fəaliyyəti kimi qiymətləndirib sadə vətəndaşın Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbarı ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********2063 nömrəli əsassız və qanunsuz Qərar”ı qəbul etməklə Vergi əməkdaşları vəsifə səlahiyyətlərini aşmışlar. Qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, əhalinin fərdi ehtiyaclarının və ya kommersiya məqsədləri ilə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər sayılmaqla apardıqları tikintiyə görə sadələşdirilmiş vergi ödəməlidirlər. O, isə belə bir fəaliyyətlə məşğul olmamış, özünün şəxsi ehtiyacları üçün çoxmənzilli fərdi yaşayış evi tikmiş, onun fəaliyyəti Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində qeyd olunmuş bina tikintisi fəaliyyətinə dair anlayışı əhatə etmir. Ona görə də bu maddələrin tələbləri onun fəaliyyətinə tətbiq edilməməlidir. Lokal Gəlirlər Baş idarəsi tərəfindən onun fəaliyyətində “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020ci il tarixli **********2063 nömrəli Qərar” qəbul etməmişdən əvvəl onun fəaliyyətinə dair “Kameral vergi yoxlaması aparılmasına dair qərar” açılmış, əsassız və qanunsuz olaraq bununla bağlı yoxlama aktı tərtib edilmişdir. Bakı şəhəri X4 tərəfindən kameral yoxlama qaydasında 237 951.68 manat vergi borcu hesablanması barədə xx.xx.2019-cu il tarixli **********548500 nömrəli “Vergilərin hesablanması barədə Qərar” qəbul edilmişdir. Bu qərarın maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunması 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-l(82)- 3l 14/2019 saylı qərarı və Bakı Apelyasiva Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-l( 103)- 393/2020 saylı qəararı ilə öz təsdiqini tapmışdır. Qeyd olunan məhkəmə qərarları ilə Vergi orqanının “Kameral vergi yoxlaması aparılmasının nəticəsinə dair qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmişdir. Həmin məhkəmə qərarları ilə ilə təsdiq olunmuşdur ki, o, vergi ödəyicisi deyildir Müvafiq məhkəmə qərarlarının da olmasına baxmayaraq Vergi orqanı yenidən qərəzli olaraq iddiaçının olmayan fəaliyyətində “vergilər və digər icbarı ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iş üzrə icraat sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Cavabdeh Bakı şəhər LGBİ məhkəməyə tədim etdiyi xx xxxx 2020-ci il tarixli **********092900 vəsatətdə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəfindən səyyar vergi yoxlamasının başlanması barədə qərarın mübahisələndirilməsi mümkünsüzdür. Çünki səyyar vergi yoxlamasının başlanılması barədə qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunda verilmiş anlayışa görə qərarın inzibati akt olması üçün o müəyyən tələblərə cavab verməlidir. Yəni, həmin qərar inzibati orqan tərəfindən qəbul edilməli, publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün hüquqi nəticələr yaratmalıdır. Səyyar vergi yoxlamasının başlanması barədə qərar inzibati orqan yəni, Bakı şəhəri LGBİ tərəfindən qəbul edilir, səyyar vergi yoxlanmasının başlanmasını nizama salır, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamaya əsas verən sənədlər olmalı, həmin sənədlər vergi ödəyicisinə təqdim edilməli və yoxlamanın səbəb və məqsədləri ona izah edilməlidir. Səyyar vergi yoxlamasının keçirilməsinə əsas olan sənədlər dedikdə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”, “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” və yoxlama növbətidirsə “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında Bildiriş” nəzərdə tutulur. Lakin nəinki iddiaçı tərəfindən yuxarıda qeyd olunan sənədlər, hətta səyyar vergi yoxlaması aktı hüquqi və ya fiziki şəxs üçün hər hansı hüquqi nəticələr yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyici üçün hüquqi nəticə yaradır. Ümumiyyətlə səyyar vergi yoxlamasının gedişində qəbul edilən yeganə inzibati akt yoxlamanın nəticələri üzrə Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilən qərardır. Belə ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 1 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 3 əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 4 əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 5 əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 6 yeni qərarın qəbul edilməsi. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilən məhz yuxarıda qeyd edilən qərarlar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur. Belə ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticələr yaradır və vergi ödəyicisi həmin qərarın yaratdığı hüquqi nəticələrlə razılaşmadığı təqdirdə onu mübahisələndirə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd olunan maddədən də göründüyü kimi iddiaçı inzibati aktın qanunsuz olduğunu iddia edərək mübahisələndirərkən həmin inzibati aktın qəbul olunması zamanı hüquq normalarının pozulmasını və ya düzgün tətbiq edilməməsini əsas gətirir. Nəticə etibarı ilə iddiaçı inzibati akt kimi səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş qərarı mübahisələndirər və iddia tələbini səyyar vergi yoxlamasının başlanması zamanı və ya yoxlama gedişatında vergi orqanının hərəkət və ya hərəkətsizliyi ilə əsaslandıra bilər. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Odur ki, X5 üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddələrinə əsasən cavabdehin xx.xx.2020-ci il tarixli **********200063 saylı qərarı ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yekun nətici olaraq hesab edirlər ki, növbədənkənar səyyar vergi yoxlamasının başlanması barədə qərarı iddiaçı onun üçün hüquqi nəticə yaradacaq və Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən qəbul olunacaq qərarla birgə mübahisələndirdiyi təqdirdə iddia bu əsasda mümkün hesab edilə bilər. Odur ki, inzibati akt hesab olunmayan səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın iddiaçı tərəfindən mübahisələndirilməsi əhəmiyyətsizdir. X1 nümayəndəsi və vəkili Vəkil məhkəmədə iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhər LGBİ-nin nümayəndəsi X8 məhkəmədə etiraza uyğun izahat verərək və məhkəməyə vəsatət təqdim edərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. İş materiallarını araşdıraraq, məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Bakı şəhər LGBİ-nin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********200063 №li qərarına əsasən X5 üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2017-mart 2020 illər üzrə vergi dövrləri əhatə edilməklə xx.xx.2020-ci il tarixdən 30 (otuz) iş günü müddətində növbəti səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuş, qərarın surəti X3 nümayəndəsi Vəkil imza olunmaqla rəsmi qaydada xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur. Qərarın 4-cü bəndində göstərilmişdir ki, qərardan təqdim olunduğu vaxtdan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya Qərarı çıxarmış vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər. Qeyd olunan qərarla razı olmayan X2 əvvəlcə mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana yəni Bakı şəhəri LGBİ-yə qərardan etiraz təqdim etmiş, daha sonra isə hazırki iddia ərizəsini xx.xx.2020-ci il tarixdə tərtib etməklə (imzalamaqla), xx.xx.2020ci il tarixdə məhkəməyə göndərilməsi üçün poçta (AZ 1065) təqdim etmiş və həmin iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. İş materiallarından da göründüyü kimi X5 hazırda mübahisələndirilən qərardan yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) şikayət deyil, həmin qərarı qəbul etmiş inzibati orqana yəni Bakı şəhəri LGBİ-yə qərardan etiraz təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona təqdim olunduğu müddətdən 2 (iki) ay 3 (üç) gün vaxt keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarları mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi haqında” xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar