Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5587/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçıya qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçıya qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən "xxxx" MTK-a məxsus yaşayış binasının zirzəmisində yerləşən 54 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Belə ki, "xxxx" MTK üzvlərinin 15 fevral 2018-ci il tarixli ümumi yığıncağının 2 nömrəli protokolundan çıxarışa əsasən 54 kv.m qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən 140.000 manat məbləğində pul vəsaiti ödənilməklə satın alınmışdır. Bu, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışla da öz təsdiqini tapır. İddiaçı 11 oktyabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ona məxsus qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə əlaqədar müraciət etmişdir. Lakin həmin İdarə tərəfindən göndərilmiş 15 noyabr 2022-ci il tarixli bildirişdə göstərilmişdir ki, qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası söküldüyündən, onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə yazılı ərizə ilə müraciət edərək, ona məxsus əmlaka dair kompensasiyanın hesablanaraq ödənilməsini xahiş etsə də, həmin qurumdan onun müraciətinə heç bir cavab verilməmişdir. Bakı şəhəri Xətai RİH başçısının 12 noyabr 2021-ci il tarixli 373 nömrəli sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə müvafiq kompensasiyalar ödənilsə də, iddiaçıya heç bir məbləğ ödənilməmiş və bununla bağlı də tədbir görülməmişdir. İddiaçıya məxsus əmlaka qonşu ərazidə yerləşən qeyri-yaşayış sahələri üçün kompensasiya ödənildiyi halda, ona bununla bağlı hər hansı vəsaitin ödənilməməsi birbaşa olaraq onun mülkiyyətçi kimi hüququnun kobud şəkildə pozulmasıdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH-in müraciətdə qaldırllan məsələnin həllindən imtinası (hərəkətsizliyi) tamamilə qanunsuz və əsassızdır. Mülkiyyət hüququ dövlət tərəfindən qorunur və ona məxsus əmlakın sökülməsinə görə ədalətli şəkildə (ən azı onun həmin əmlakı almaq üçün ödədiyi məbləğə bərabər) kompensasiya ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 26, 29, 43, 60, 71-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 157, 246, 247-ci maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 22, 23.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsaslanaraq, İPM-in 2, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçıya mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 54 kv.m qeyri-yaşayış sahəsi üçün 140.000 manat kompensasiyanın öfənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 7 aprel 2023-cü il tarixli məktubunda bildirilir ki, RİH iddia ilə razılaşmır. Belə ki, İddiaçı iddia ərizəsində mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 54 kv.m sahəsi olan qeyriyaşayış sahəsinə görə 140.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı ŞİH başçısının 2 noyabr 2021-cı il tarixli 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai RİH başçısının 12 noyabr 2021-ci il tarixli 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.m üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirir. Göstərilən sərəncamlara əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək, yaşayış evlərinin 1 kv.m-ə 2.200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-ə isə 2.500 manat müəyyən edilmişdir. Yoxlama komissiyası tərəfindən qeyd olunan ünvanda yaşayış sahəsi və qeyriyaşayış sahələri araşdırılan zaman İddiaçı məxsus qeyri-yaşayış sahəsi müəyyən edilməmişdir. Qyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkünsüz və ya rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: (3.11.1) müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; (3.11.6) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan "xxxx" MTK üzvlərinin 15 fevarl 2018-ci il tarixli Ümumi yığıncağının 02 nömrəli protokolundan çıxarışdan görünür ki, MTK üzvlərinin Ümumi yığıncağının həmin tarixli iclasında İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi və qaraj sahəsi alanların siyahısına daxil olunması, onun öz razılığı ilə MTK-nın binasında sahəsi 54 kv.m olan 08 nömrəli qaraj sahəsinin düşməsinin təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur. Bununla bağlı İddiaçı ilə "xxxx" MTK arasında 15 fevral 2018-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarılndan görünür ki, "xxxx" MTK ona məxsus ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binasının zirzəmisində yerləşən sahəsi 54 kv.m olan 08 nömrəli (1-ci girişdə) qaraj sahəsinin tam dəyəri kimi 140.000 manat pul vəsaitinin İddiaçı tərəfindən ödənilməsi, adəçəkilən şəxsin MTK-ya borcunun olmaması barədə maliyyə arayışı vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hazırkı İddiaçı ünvanlanmış 15 noyabr 2022ci il tarixli məktubunda bildirilir ki, ünvan 6 ünvanında yerləşən 08 saylı qeyri-yaşayış sahəsi (qaraj) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmışdır. Texniki inventarlaşdırma işləri aparılan zaman qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli binanın söküldüyü aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16-cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarından görünür ki, hazırlı İddiaçı 23 noyabr 2023-cü il tarixdə ərizə ilə inzibati orqan Bakı şəhəri Xətai RİH-ə müraciət edərək, ünvan 1 ünvanında (həmin küçənin A.Cəlilov küçəsi ilə kəsişməsində) yerləşən yaşayış binasında ona məxsus 54 kv.m qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsini xahiş etmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında (həmin küçənin A.Cəlilov küçəsi ilə kəsişməsində) yerləşən bina "xxxx" MTK-ya məxsus olmuşdur. İddiaçı həmin binada 54 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə (qaraja) görə MTK-ya pay haqqını ödəməklə üzv qəbul olunmuşdur. Bakı ŞİH-in 2 noyabr 2021-ci il tarixli 278 saylı sərəncamına əsasən həmin binanın sökülməsi ilə bağlı cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən komissiya yaradılmış və bina sökülmüşdür. Bundan sonra iddiaçı həmin qeyri-yaşayış sahəsinin sökülməsinə görə ona kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu ona cavab verməmiş və kompensasiya ödəməmişdir. İddiaçı hazırkı iddiasında 54 kv.m qeyri-yaşayış sahəsinə görə MTK-ya ödədiyi 140.000 manat vəsaiti dəymiş ziyan kimi qiymətləndirərək, həmin məbləğin ona qaytarılması tələbini irəli sürür. Məhkəmə icraatında cavabdeh inzibati orqan həmin binanın RİH tərəfindən söküldüyünü inkar etmədən, binada yerləşən qeyri-yaşayış sahələrinin sökülməsinə görə ayrı-ayrı obyekt sahiblərinə hər kv.m üzrə 2.500 manat pul vəsaitinin ödənildiyini bildirir, lakin binada hazırkı iddiaçıya məxsus qarajın olmaması səbəbindən kompensasiyanın verilməməsini əsaslı sayır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh Bakı şəhəri Xətai RİH iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həlli üzrə hərəkətsizlik göstərdiyindən və təqdim olunmuş sənədlərə əsasında mövcudluğu iddia edilən iddiaya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın hazırkı cavabdeh tərəfindən sökülməsi inkar olunmadığından, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (139-1.1.6) mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə görə bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.3-ci maddəsinə görə torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.5-ci maddəsinə görə bu Məcəllənin 246 – 249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. Həmin Məcəllənin 246.7-ci maddəsinə görə torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə görə torpaq – mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər. Həmin Qanunun 1.1.3-cü maddəsinə görə tikili – torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 14.2-ci maddəsinə görə bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir. Həmin Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, kompensasiyanın natura yaxud digər formalardan ödənilməsi imkanı qanunvericilikdə bir mənalı olaraq göstərilmişdir. Belə ki, qanunvericilik dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaqların alınması ilə bağlı mübahisələrdə vətəndaşa seçim etmək hüququ vermişdir ki, bu hüquq qarşılığında şəxs öz seçimi əsasında alan orqana kompensasiya və ya köçürülməsinin təmin edilməsini tələb edə bilər. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Lakin, burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və maraqlarının qorunması ilə nəticələnir. Bundan başqa qeyd olunmalıdır ki, mövcud qanunvericilik normaları daşınmaz əmlak üzərində hüquqların (o cümlədən, mülkiyyət hüququnun) qeydiyyatı üçün əsasların sırasına mənzil-tikinti kooperativi binasında yaşayış və ya qeyri-yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını (müvafiq pay haqqı tam ödənilməklə) da aid etmişdir. Bu isə o deməkdir ki, yaşayış və ya qeyriyaşayış sahəsinə pay haqqını ödəməklə barəsində MTK üzvlərinin müvafiq qərarı olan şəxs həmin əmlakın mülkiyyətçisidir. Hazırkı işin halları üzrə də İddiaçı "xxxx" MTK-ya ünvan 1 ünvanındakı (həmin küçənin A.Cəlilov küçəsi ilə kəsişməsində) binada yerləşən 54 kv.m qeyri-yaşayış sahəsinə (qaraja) görə 140.000 manat pay haqqını ödədiyindən və onun MTK üzvlüyünə qəbulu barədə qurumun Ümumi yığıncağı müvafiq qərar qəbul etdiyindən, o, həmin əmlakın mülkiyyətçisi sayılır. Məhkəmə vurğulayır ki, 54 kv.m ölçüdə həmin daşınmaz əmlakın (qarajın) müvafiq binada yerləşməsi MTK-nın verdiyi sənədlərdə, o cümlədən layihədə də təsdiqini tapır, cavbdeh təşkilat isə, qeyri-yaşayış sahəsinin mövcud olmadığını iddia etsə də, nə təqdim olunmuş sənədlərin mötəbərliyinin təkzibinə, nə də ümumiyyətlə qarajın mövcud olmamasına dair hər hansı tutarlı sübut təqdim etməmiş, yalnız mülahizə irəli etmişdir. Məhkəmə vurğulayır ki, iddiaçının müvafiq binadakı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmasa da, həmin sahəyə dair legitim gözləntisi olmuş, bu hüququn yaranmasına əsas kimi isə, onun «Daşınmaz əmlakların dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərə malik olması çıxış edir ki, nəticə etibarı ilə iddiaçı sökülmüş qaraja görə kompensasiya tələb etmək hüququna malik olur. Bundan başqa, qeyd olunmalıdır ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun müddəaları və «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsinin tələbləri baxmından müvafiq qeyri-ya.ayış sahəsinə (qaraja) görə ağlabatan qiymət olaraq iddiaçıya həmin binadakı digər qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə ödənilmiş məbləğə uyğun olaraq hər kv.m üçün 2.500 manat məbləğində kompensasiya ödənilməlidir. Həmin qiymət cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında əksini tapmışdır. Lakin iddiaçı iddiasında yuxarıda qeyd olunan (hər kv.m-ə görə 2.500 manat) məbləğdən artıq miqdarda kompensasiya ödənilməsini tələb edir ki, məhkəmə tələbi bu həcmdə əsaslı saymır. Nəzərə alınmalıdır ki, mülki dövriyyədə ayrıı-ayrı dövrlərdə eyni daşınmaz əmlakla bağlı dəyər meyarlarının dəyişməsi mümkündür və bu səbəbdən də hazırkı işin hallarına uyğun olaraq söküntü ilə əlaqədar digər analoji əmlak mülkiyyətçilərinə ödənilmiş kompensasiya məbləğinin əsas götürülməsi daha adekvat və ədalətli qiymətləndirilir. Odur ki, məhkəmənin qənaətinə görə iddia qismən əsaslıdır və iddiaçıya ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən 54 kv.m qarajın sökülməsinə görə 135.000 manat (54 kv.m x 2.500 manat) məbləğində kompensasiya məbləğinin ödəniməsi məqsədəuyğundur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə İPM-in 52 və 68-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən 54 kv.m qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsinə görə 135.000 manat məbləğində kompensasiya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 68-69, 73, 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən 54 kv.m qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsinə görə 135.000 manat məbləğində kompensasiya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5587/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5587/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver