Məhkəmə qərarları › İş №2-1(112)-5588/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5588/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5588/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “soyad sonluğunun dəyişdirilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinin uşaq qrafasında, Nigah haqqında akt qeydinin qadın və kişi qrafasında və övladlarının doğum haqqında akt qeydinin ata qrafasında “Rəhimov” soyadının sonluğunun “bəyli” soyad sonluğu ilə əvəz etmək və “Rəhimbəyli” soyadına dəyişdirmək hüququ verən qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı soyadının Rəhimovdan Rəhimbəyliyə dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının vətəndaşı, 1960-cı il fevralın 14-də Gəncə şəhərində anadan olmuşdur. X3 atasının və babasının soyadı Rəhimbəyov olmuşdur. Lakin Sovet dövründə mövcud olan qadağalara görə babası atasının soyadını “Rəhimbəyov” kimi deyil, “Rəhimov” kimi qeyd etdirmişdir. Babasının soyadının Rəhimbəyov olduğunu və bu faktı özündə əks etdirən 05 mart 1920ci il tarixli mülk alqı-satqı müqaviləsində Gəncə şəhər notariusu tərəfindən babasının atası alıcı kimi Süleyman bəy Ağabəy oğlu Rəhimbəyov kimi göstərilmişdir. “Rəhimov” soyadının sonluğunun “bəyli” soyad sonluğu ilə əvəz edilməsi ilə bağlı AR Ədliyyə Nazirliyinin (Bakı şəhəri) Nizami rayon qeydiyyat şöbəsinə verdiyi ərizəyə 02.04.2021-ci il tarixli 05Q-486/15 saylı məktubla imtina cavabı verilmişdir. Əmisi oğlu –Rəhimbəyli (Rəhimov) Rafiq Ürfət oğlu, “Rəhimov” soyadının sonluğunun “bəyli” olaraq dəyişdirilməsi ilə bağlı 2002-ci il 5 iyun tarixində Gəncə şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə iddianı təmin etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 06 dekabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - 02.03.2017-ci il tarixdə Bak-Nizami RPİ tərəfindən verilmiş Seriya AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdən Gəncə şəhərində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyun 2002-ci il tarixli 2-471 2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X7 26 may 1960-cı il tarixli 1-İE 982415 №-li doğum haqqında şəhadətnaməsində / 1924 №-li doğum qeydində / soyadının “Rəhimov” kimi qeyd edilməsinin düzgün hesab olunmaması və ona Gəncə şəhər Nikah evində soyadını “Rəhimbəyov” və ya “Rəhimbəyli” soyadına dəyişdirmək hüququnun verilməsi qət edilmişdir. - 16.07.2010-cu il tarixdə Bakı-Binəqədi RPİ tərəfindən verilmiş Seriya AZE 07006319 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X8 03.05.1960-cı il tarixdə Gəncə şəhərində doğulmuş, ünvan 3 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 17 sentyabr 2021-ci il tarixli TA-00465-2021 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət X5 şəhəri üzrə Səfər abad küçəsinin 1859-cu ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: Həsən bəy Rəhim bəy oğlu - 33 yaş. Onun qardaşı: Ağabəy Rəhim bəy oğlu-29 yaş. Həsən bəy Rəhim bəy oğlunun qardaşı və ya bacısı oğlanları: İsmayıl bəy – 8 yaş; İbrahim bəy -5 yaş. Həsən bəy ailənin mənşəyi haqqında Yelizavetpol şəhərinin məmur və bəyləri tərəfindən verilən və Yelizavetpol Polisi tərəfindən təsdiq edilən 19 noyabr 1849-cu il, 2692 saylı şəhadətnamənin surətini təqdim etdi (sənəddə olduğu kimi). - Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 02.04.2021-ci il tarixli 05Q-486/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.05.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na və Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, ”lü”)”–”zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.Yuxarıda qeyd edilən qanunvericiliyin müddəlarına əsasən “-bəyli” soyad sonluğuna əvəz edilməsi nəzərdə tutulmadığından xahişinin təmin edilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Məhkəmə sorğusuna cavab məktubları: - X2 Reyestri Xidmətinin 03.05.2021-ci il tarixli 05/2-3492/13 nömrəli məktubundan görünür ki, N.Rəhimovun ölümü haqqında akt qeydi nəzərdən keçirilərkən onun 26.09.1928-ci ildə doğulduğu məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin 1-ci bəndinə əsasən X2 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və X2 reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Vətəndaşlıq vəziyyətinə dair akt qeydləri X2 reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivində 1945-ci ildən saxlanılır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 27.08.2021-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhərində fəaliyyət göstərən dövlət notariat ofislərində 1920-ci ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. - Azərbaycan Respublikası X11 filialının 30 avqust 2021-ci il tarixli 928(269)/3 nömrəli məktubundan görünür ki, X11 Filialında mühafizə olunan 1920-ci il üzrə mövcud notarius müqavilələri yoxlanılmış, alıcı X1 adı qeyd olunan notarius müqaviləsi aşkar olunmamışdır. Bu səbəbdən sorğunun cavablandırılması mümkün olmadı. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı soyadının “Rəhimov”-dan “Rəhimbəyliy”ə dəyişdirilməsini xahiş edir, bunu onunla əsaslandırır ki, babasının soyadı Rəhimbəyov olmuşdur. Cavabdeh inzibati orqanın imtina əsası qanunvericiliyin müddəalarına əsasən “bəyli” soyad sonluğuna əvəz edilməsinin nəzərdə tutulmaması ilə bağlıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə X2 qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə isə X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. X2 qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci tarixli 79 nömrəli Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçının atası X13 olmuş, babası Süleyman bəy Ağabəy oğlu Rəhimbəyov olmuşdur. İddiaçı atasının soyadının dəyişdirildiyini bildirir və bunu təsdiq edən dolayı sübut kimi qeyd edir ki, 05 mart 1920-ci il tarixli mülk alqı-satqı müqaviləsində Gəncə şəhər notariusu tərəfindən babasının atası alıcı kimi Süleyman bəy Ağabəy oğlu Rəhimbəyov kimi göstərilmişdir. Göründüyü kimi, iddiaçının babasının atasının soyadı “Rəhimbəyov” kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, hazırda iddiaçının atasının soyadının Rəhimov olması onun konstitusion hüquqlarının pozulmasına səbəb ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyə görə 18 yaşı tamam olmuş hər bir şəxs müvafiq hallar istisna olmaqla, soyadın seçimində sərbəstdir və bu, onun istəyindən asılıdır. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı 18 yaşı tamam olmuş şəxs kimi soyadının birinci dəfə dəyişdirilməsi hüququna malik olduğundan (dəyişikliyin ilkin olmaması barədə tərəflər bildirməmişlər), qanunvericiliklə müəyyən edilmiş və soyadın dəyişməsini istisna edən hallar (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmə, götürülməmiş və ya ödənilməmiş məhkumluq, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi halları) ona münasibətdə mövcud olmadığından, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 9.1-ci bəndində qeyd edilir ki, ”X2 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X2 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə” (X2 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı soyadının “Rəhimov”dan “Rəhimbəyli”yə dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar