Məhkəmə qərarları › İş №2-1(112)-559/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-559/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-559/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsin əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və İPM-nin 8.1.4-cü maddəsinə əsasən cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki ərizəyə əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda 05 yanvar 1989-cu il tarixindən, 09 oktyabr 1991-ci il tarixədək Xatınbəyli kənd özünümüdafiə dəstəsinin tərkibində erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur. Xatınbəyli kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi Bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı da, sübut olmuşdur. Həmin ərizəyə əlavə edilmiş DİN – Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin arayışından görünür ki, onun heç bir məhkumluğu yoxdur. Nazirlər kabinetinin 1995-ci il 22 sentiyabr tarixli 216-№ li qərarına əsasən yerli İcra Hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), məsələn növbə çəkmə kitablarından arxiv post kitabı misal gətirmək olar. Bunula da, yerli icra hakimiyətində saxlanılan 1988-ci il fevraldan 09 oktyabr 1991-ci ilə kimi həmən kitablarda adı olan döyüşmüş insanlara müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bütün bunlara baxmayaraq son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin vasitəsi ilə sənədlər qaydasında göndərilsə də, əsassız olaraq imtina edilmişdir. Ancaq, hazırki ərizəyə əlavə edilmiş sübutlar təsdiq edir ki, o dövrdə ölkədə mövcud vəziyyət qaydasında olmadığından döyüş zonalarında kənd soveti sədrləri və kalxoz sovxoz rəhbərləri tərəfindən özünümüdafiə dəstələri yaradılaraq, erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında kənd camaatı tərəfindən postlar yaradılaraq ərazi bütövlüklərinin qorunması təşkil olunurdu. Ona görə də hesab edir ki, ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi cavadeh Azərbaycan Respublikası SHXÇDX-nə həvalə olunmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddiaya qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X2 tərəfindən verilmiş arxiv arayışından görünür ki, Dövlət X2nda saxlanılan Ağdam rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən, X4 Vilayətinin Ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücumların qarşısını almaq məqsədilə Xatınbəyli kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstələri yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabında İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X2 tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli arxiv arayışı özü-özlüyündə əsassızdır. Belə ki, Ağdam rayon İcra Hakimiyyəti həmin arayışın verilməsinə əsas kimi, “Xatınbəyli kənd sovetinin özününmüdafiə dəstəsinin post kitabı” göstərilmişdir. Hansı ki, bu kitabın (siyahı) heç bir rekvizit məlumatları mövcud deyil, kim tərəfindən tərtib edilməsi qeyd edilməyib və hər hansı vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq ediməmişdir. Qəbul olunmuş normalara əsasən, sənəd - aidiyyətini təsdiqləmək üçün rekvizitləri olan maddi informasiya daşıyıcısına yazılmış informasiyadır. Qeyd olunan siyahıların kim tərəfindən tərtib olunmasının qeyd edilməməsi, vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməməsi və rekvizit məlumatlarının olmaması bu sənədlərin (siyahıların) identifikasıya edilməsini mümkünsüz edir. Bu səbəbindən həmin siyahılar mötəbər hesab edilmə bilməz və “sənəd” kimi hüquqi qüvvəsi yoxdur. Beləliklə, Ağdam Rayon İcra Hakimiyyəti dolayısı ilə leqal olmayan “sənədləri” arxivə təhvil verməklə leqalaşdırmaq istəmiş məhkəməyə arxiv arayışı adı ilə təqdim olunmuşdur. (Həmin sənədlər arxivə 2017-ci ildən sonra təqdim edilmişdir) Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, hətta iddiaçının qeyd edildiyi kimi Qərvənd kənd sovetinin özününmüdafiə dəstəsinin “post kitabı”nda adının olması və həmin postlarda dayanması onun bilavasitə döyüşlərdə iştirak etməsi anlamına gəlməməlidir. Hesab edirlər ki, İddiaçı Ağdam rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş M- 7596 nömrəli, 19.10.2018-ci il tarixli arayışdan görünür ki, DİN-in Baş Əmliyyat və Statistik İnformasiya İdarəsində xx xxxx 1971-ci ildə Azərbaycan Respublikası, Ağdərə rayonunda anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. İşdə olan Ağdam rayon İcra Hakimiyyəti Arxivi tərəfindən verilmiş 20 iyun 2018-ci il tarixli, 11 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən Ağdam rayonu Xatınbəyli kənd özünümüdafiə dəstəsinin tərkibində, 05 yanvar 1989-cu il tarixdən, 09 oktyabr 1991-ci il tarixədək erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Arxiv arayışının verilməsinə əsas kimi, Xatınbəyli kənd soveti sədrinin 10 fevral 1988-ci ildə tərtib etdiyi Xatınbəyli kənd özünümüdafə dəstəsinin 02 nömrəli əmr kitabı, səhifə 03, sıra 02, 01 nömrəli döyüş postu göstərilmişdir. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 16.05.189-cu ildə hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 12.06.2019cu il tarixli, M-2008 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının “Müharibə veteranı” adı vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim etdiyi sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”nın 03.06.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki, toplanmış sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedcisi hüquqi sənədlər olmadığı üçün ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X2 tərəfindən iddiaçıya verilmiş 20 noyabr 2019-cu il tarixli arxiv arayışından görünür ki, Dövlət X2nda saxlanılan Ağdam rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Xatınbəyli kənd ərazi nümayəndəliyinin 10 fevral 1988-ci il tarixli, 02 nömrəli əmrinə əsasən X4 Vilayətinin Ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücumlarının qarşısını almaq məqsədi ilə Xatınbəyli kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstəsi yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adı 2-ci sırada qeyd olunmuşdur. Arxiv arayışına əsas kimi, Fond N 30, siyahı N. 2, Sax Vah:116 göstərilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş 10 oktyabr 1991-ci il tarixli, Sırxavənd kəndi üzrə özünümüdafiə dəstəsinin komandiri, Yeni-Qaralar kəndi özünümüdafiə dəstəsinin komandiri, Z.Manikli kəndi tərkibində Xatınbəyli kəndi üzrə özünümüdafiə dəstəsinin komandiri, Başgüneypəyə kənd tərkibində Ortapəyə əndi üzrə özünümüdafiə dəstəsinin komandiri, tərəfindən tərtib edilmiş aktdan görünür ki, həmin akt tərtib edilmişdir ondan ötrü ki, Azərbaycan Milli Ordusu yarandığına görə 1988-ci ilin fevral ayında yaradılmış Sırxabənd kəndi üzrə, Yeni- Qaralar kəndi üzrə, Manikli kəndi tərkibində Xatınbəyli kəndi üzrə Başgüneypəy kəndi tərkibində Ortapəyə kəndi üzrə özünümüdafiə dəstələri öz fəaliyyətini dayandırır. Fəaliyyəti dayanan zaman adları yuxarıda göstərilən özünümüdafiə dəstələrinin şəxsi heyəti aşağıdakı kimi olmuşdu: Xatınbəyli kəndi üzrə - İddiaçı. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X2 tərəfindən verilmiş 21 may 2021-ci il tarixli, 20 nömrəli arayışdan görünür ki, Filialda saxlanılan Ağdam rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Xatınbəyli kənd ərazi nümayəndəliyinin 10 fevral 1988-ci il tarixli, 02 nömrəli əmrinə əsasən, X4 Vilayətinin ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücumlarının qarşısını almaq məqəsi ilə Xatınbəyli kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstəsi yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adı 2-ci sırada qeyd olunmuşdur. 09.10.1991-ci ildə batalyonun fəaliyyəti dayandırılmışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı Rayon İcra Hakimiyyətinin onun 05 yanvar 1989-cu ildən, 09 oktyabr 1991-ci ilədək erməni quldurlarına qarşı Ağdam rayonunun Xatınbəyli kənd özünümüdafiə dəstəsinin üzvü kimi kənd müdafiəsində iştirak etməsi barədə arxiv arayışını, əsas olaraq Xatınbəyli kənd soveti sədrinin 10 fevral 1988-ci ildə tərtib etdiyi Xatınbəyli kənd özünümüdafiə dəstəsinin 02 №li əmr kitabına istinad etməklə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyinin sübut edildiyini bildirərək, cavabdehin imtinasını əsassız hesab edir. Lakin, məhkəmə həmin sənədləri iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyini təsdiq edən əsaslı sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yetərli sübut kimi qəbul edilə bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda adı keçən şəxsə müharibə veteranı adı döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubundan görünür ki, iddiaçının döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstənin tərkibində iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər əlavə edilməmişdir. Məhkəmə iddiaçının iddiasının əsasını təşkil edən Ağdam rayon İcra Hakimiyyətinin Arxiv Arayışına münasibət bildirərək qeyd edir ki, sözügedən arxiv arayışının verilməsinə əsas olan sənədlər məhkəmə araşdırması zamanı aidiyyəti orqanlardan tələb edilmiş və həmin arayışın verilməsinə əsas olan “Xatınbəyli kənd soveti sədrinin özününmüdafiə dəstəsinin 02 №li əmr kitabı” adı altında hər hansı rekvizit məlumatları olmayan, kim tərəfindən tərtib edilməsi bəlli olmayan, müvafiq vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməmiş siyahı göstərilmişdir ki, məhkəmə qeyd edilən siyahının mötəbər sübut kimi qiymətləndirilməməsi qənaətindədir. Hazırki halda göstərilən siyahı iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edilmədiyindən, siyahı iddiaçıya münasibətdə hər hansı hüquqi qüvvəyə malik deyildir. Həmin siyahıya əsaslanaraq ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar