Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-559/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləəc” bağ massivində icarəsində olan 2500 kv.m torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləəc’' bağ massivində yerləşən 2500 kv.m torpaq sahəsi iddiaçıya icarəyə verilmiş və Maştağa Bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsi bağlanılmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində iki ədəd fərdi yaşayış evləri inşa edilməsi üçün qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatı qaydasında eskiz layihəsi hazırlamış və layihəyə uyğun fərdi yaşayış evlərinin tikintisinə başlamışdır. Tikinti davam edərkən Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək tikinti işlərinin dayandırılması barədə qətnamə qəbul etdilməsini xahiş etmişdir. Lakin Sabunçu rayon Məhkəməsi tərəfindən iddianın rədd edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləəc” bağ massivi ünvanında icarəyə götürülən torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar aparılan inşaat işlərinə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz müdaxilənin qadağan edilməsi barədə xx.xx.2022-ci il tarixli, 2(008)-2521/2022 saylı qətnamə qəbul edilmişdir. Bundan sonra iddiaçı inşaat işlərini davam etdirməyi başa çatdırmışdır. Bundan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədlər xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq iddiaçının ərizəsini icra etməmiş və bununla bağlı heç bir məlumat verməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, fərdi yaşayış evləri və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********61 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, qanunvericiliyə müvafiq olaraq torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı qərar təqdim edilməmişdir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi bələdiyyə ərazisi deyil, dövlət mülkiyyətindədir. Sözügedən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 285 saylı sərəncamı əsasında "xxxx" MMC adına hazırlanmış yerquruluşu planında göstərilən ərazi ilə üst-üstə düşür. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı müəyyən olmuşdur ki, fərdi yaşayış evləri yaşayışa yararsız vəziyyətdədir və ümumi sahəsi faktiki olaraq 0.49 ha təşkil edir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş məktuba əsasən bildirilmişdir ki, fərdi yaşayış evləri və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
8. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2521/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivi ünvanında icarəyə götürdüyü torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar aparılan inşaat işlərinə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz müdaxilə qadağan edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivi ərazisində yerləşən 2500 kv.m torpaq sahəsi İddiaçı qanuni istifadəsində olduğundan və onun tərəfindən orada inşa edilmiş fərdi yaşayış evlərinə Sabunçu Rayon icra Hakimiyyəti tərəfindən qanunsuz müdaxilə yolverilməzdir.
9. X6 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivi ünvanında yerləşən İddiaçı Vahid oğluna məxsus fərdi yaşayış evlərinin Memarlıq və Planlaşdırma həlli tərtib edilmişdir.
10. 27 sentyabr 2006-cı il tarixli torpağın icarə müqaviləsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi ilə İddiaçı Vahid oğlu arasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivi ərazisində yerləşən 2500 kv.m torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır.
11. "xxxx" MMC tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləəc” bağ massivi ünvanında “X8 and Residences” istirahət kompleksində yerləşən İddiaçı icarəsində olan torpaq sahəsində İddiaçı tərəfindən öz vəsaiti hesabına inşa edilmiş 2 ədəd üçmərtəbəli fərdi yaşayış evlərinin və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və reyestrdən çıxarış verilməsinə etiraz etməmişdir.
12. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 01 avqust 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləəc” bağ massivi ünvanında icarəsində olan torpaq sahəsində öz vəsaiti hesabına inşa etdirdiyi 2 ikimərtəbəli və 2 birmərtəbəli fərdi yaşayış evlərinin haqq tələb etmədən "xxxx" MMC tərəfindən sökülərək həmin evlərin yerləşdiyi torpaq sahəsində "xxxx" MMC-yə məxsus “X8 and Residences” adlı istirahət kompleksinin konsepsiyasına uyğun bina inşa etdirilməsinə razılıq verir, "xxxx" MMC isə həmin ünvanda söküləcək fərdi yaşayış evlərinin arxa hissəsində yerləşən İddiaçı icarəsində olan torpaq sahəsində İddiaçı tərəfindən inşaa edilmiş 2 ədəd üçmərtəbəli fərdi yaşayış evlərinin hazırda və gələcəkdə heç bir haqq ödəmədən “X8 və Residences” adlı istirahət kompleksinin ümumi kommunikasiya xətlərinə (yol, su, qaz, elektrik, kanalizasiya xətləri və s.) qoşulmaqla “X8 and Residences” adlı istirahət kompleksinin daxilində qalmasına razılıq verir.
13. X4 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlar, o cümlədən ekspertiza tədqiqatına təqdim olunmuş məlumatlar və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 12 sentyabr 2006-cı tarixli “Torpaq icarə müqaviləsi”nə əsasən iddiaçının istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, “Ləəç” bağ massivində yerləşən 2500 kv.m torpaq sahəsinin Sabunçu qəsəbə İnzibati Ərazi Dairəsinin hüdudlarında yerləşməklə, həmin torpaq sahəsinin icarə müqaviləsinin bağlandığı dövrdə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən edilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
22. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair … - (8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; … Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir.
25. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
26. İş materiallarından görünür ki, faktiki fərdi yaşayış evləri iddiaçının qanuni əsaslarla icarəsində olan torpaq sahəsində inşa edilmişdir. Belə ki, həmin ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evlərinin Memarlıq və Planlaşdırma layihəsi tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, inşa olunmuş fərdi yaşayış evlərinə münasibətdə mülki məhkəmə icraatı çərçivəsində mübahisə olmuşdur ki, həmin mübahisə nəticəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləəç bağ massivi ünvanında iddiaçının icarəyə götürdüyü torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar aparılan inşaat işlərinə qanunsuz müdaxilənin edilməsi Sabunçu Rayon İcra Hakimiyyətinə qadağan edilmişdir. Göründüyü kimi fərdi yaşayış evlərinin inşası məlumatlandırma icraatı qaydasında qanuni və əsaslı şəkildə həyata keçirilmişdir.
27. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə fərdi yaşayış evlərinin inşa olunduğu torpaq sahəsinin yerquruluşu planına əsasən "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsidə hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki iddiaçı torpaq sahəsinə deyil, məhz torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını həyata keçirmək istəyir ki, həmin torpaq sahəsi bələdiyyə ilə onun arasında bağlanmış icarə müqaviləsi əsasında onun istifadəsində olmuşdur. Bu hal mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur.
28. Bundan başqa nəzərə alınmalıdır ki, fərdi yaşayış evləri inşa edilən torpaq sahəsi "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. "xxxx" MMC hazırki iddianın təmin edilməsində öz mövqeyini nümayiş etdirmiş, iddiaçı ilə arasında müqavilə bağlayaraq üzərinə öhdəlik götürmüşdür.
29. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilsə də, məhkəmə həmin imtinanı əsaslı hesab etmir. Belə ki, cavabdehin iddiaçının müraciətindən imtina üçün istinad etdiyi yuxarıda göstərilən arqumentlər formal olmaqla, iddiaçının hüquqlarını məhdudlaşdıran hal olmuşdur.
30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının sözügedən fərdi yaşayış evlərinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləəc” bağ massivində icarəsində olan 2500 kv.m torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evləri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva