Məhkəmə qərarları › İş №2-1(112)-5590/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5590/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5590/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 (ünvan 1i ünvanında qediyyatda olan), Cavabdehin nümayəndəsi X5 (ünvan 2 ünvanında qediyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı “ödənilmiş məcburi sosial sığorta pulunun fərdi sosial sığorta hesabına köçürülməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyim “AJ CRANE" LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, əmək fəaliyyətinə xx.xx.1983-cü ildə başlayaraq hal-hazıradək işləyir. xx.xx.1999-cu ildən xx.xx.2008-ci ilədək “AJ CRANE” LTD şirkətində kran maşınçısı vəzifəsində işləmişdir. Lakin “AJ CRANE” LTD şirkəti İngiltərə krallığına məxsus olduğundan şirkət Azərbaycan Respublikasında işlərini bitirdikdən sonra 2008-ci ilin fevral ayından Azərbaycan Respublikası ərazisini tərk etmiş, lakin buna baxmayaraq şirkət tərəfindən işlədiyi aylar ərizində əmək haqı iddiaçının “X14” Azərbaycan QSC-də olan hesabına köçürülmüşdür. İddiaçı qeyd edir ki, “AJ CRANE” LTD şirkətində xx.xx.1999-cu ildən xx.xx.2008-ci ilədək işlədiyi müddət ərzində qanunla müəyyən edilmiş qaydada 2006-cı ilin yanvar ayının 1dən işdən azad olunduğu günədək, yəni xx.xx.2008-ci ilədək ona ödəniləcək sosial sığorta pulu işlədiyi müəssisə tərəfindən "DSMF-nin İri Sığortaedənlərlə İş Departamenti” indiki cavabdeh qurum Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına köçürülsə də, lakin həmin pullar iddiaçının fərdi sığorta hesabıma köçürülməmişdir. Təxminən 4 il əvvəl iddiaçı ilə birlikdə “AJ CRANE” LTD şirkətində kran maşinisti vəzifəsində işləmiş şəxslərdən X1, X2, X3 və X9 DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinə müraciət edərək hesablanmış sosial sığorta pulunun onların fərdi sığorta hesabına köçürülməsini xahiş etmişlər, lakin qeyd olunan qurum onlara imtina vermiş, həmin imtinadan adlarını göstərdiyim şəxslər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (İndiki Bakı İnzibati Məhkəməsinə) iddia ərizəsi ilə müraciət etmşlər və məhkəmə onların iddia ərizəsini təmin edərək xx.xx.2006-cı ildən xx.xx.2008-ci ildədək hesablanmış sığorta pullarının onların fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinə həvalə etmişdir və həmin qərarlar əsasında DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinin mütəxəsisləri əmək haqqı barədə X13 Azərbaycanda olan bank hesabında olan çıxarışlara əsasən yenidən hesablayaraq onlar üçün müəyyən edilmiş sosial sığorta pullarını onların fərdi sığorta hesablarına köçürmüşlər. İddiaçı qeyd edir ki, onun tərəfindən cavabdeh qurumdan əldə etdi arayışlardan da göründüyü kimi işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ondan tutulan vergi, sosial sığorta və s, ödənişləri tam olaraq hesablanmış və cavabdeh qurumun hesabına ödənilmiş, lakin cavabdeh qurum həmin pulları iddiaçının fərdi sığorta hesabıma köçürməmişdir. Həmin arayışa əsasən iddiaçının işlədiyi müddətlərdə, yəni xx.xx.2006-cı ildə m.d.s.s cəlb olunan gəlirlər ******* manat, 2007-ci ildə ******* manat və 2008-ci ildə isə 285436,8 manat təşkil etmişdir. Onun tərəfindən iddia ərizəsinə əlavə etdiyi sənədlərlə birlikdə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ərizə ilə müraciət edilərək xx.xx.2006-cı ildən xx.xx.2008-ci ildədək işlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən hesablanaraq DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinə köçürülmüş sosial sığorta pullarının “əmək haqqı barədə bank tərəfindən ona verilmiş çıxarışa müvafiq olaraq hesablanıb onun fərdi sığorta hesabına köçürülməsi və xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilədək hər il, aylar üzrə nə qədər pul vəsaitinin köçürülməsi barədə iddiaçıya rəsmi məlumat verilməsini xahiş etmişdim. Cavabdeh qurumun nümayəndələri tərəfindən bir neçə dəfə ona telefonla zəng edilərək xx.xx.2006-cı ildən xx.xx.2008-ci ildədək olan dövrlər ərzində işlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən hesablanaraq DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinə köçürüldüyünü, lakin həmin qurumun işçiləri tərəfindən “səhlənkarlıq" edildiyi üçün onun fərdi sığorta hesabıma köçürlmədiyini, həmin pulların onlar tərəfindən hesablanaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi üçün baş idarələrindən icazə verildiyi halda yenidən hesablanaraq həmin pulların onun fərdi hesabına köçürüləcəyini ona bildirmiş, lakin buna baxmayaraq Dövlət Vergi Xidmətindən ona rəsmi cavab verilərək sosial sığorta ödənişlərinin xx.xx.2019-cu ildən Dövlət Vergi Xidmətinə verildiyindən həmin tarixədək olan mübahisələrin həlli onların səlahiyyətində olmadığı bildirilmiş, cavabdeh qurum isə bu günədək iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə mülahizədə aşağıdakılar qeyd edilmişdir: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə əlaqədar bildiririlir ki, mübahisələndirilən dövrdə qüvvədə olmuş "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək, həmçinin hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək isə sığortaedənin vəzifəsidir. Eyni zamanda, bu Qanunun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Qanunun 13.1-ci maddəsinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Qanunun 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir, əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Bildirilir ki, sığortaolunanların fərdi uçotunun aparılması qaydaları “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Qanunun 3cü maddəsinə əsasən, sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması fərdi uçotun əsas prinsiplərindəndir. Qanunun 4-cü maddəsində qeyd edilir ki, fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (sığortaçı) aparır. Bu sahədə göstərilən xidmətlər elektron olduğu halda da, sığortaçının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 5-ci maddəsində sığortaolunanın fərdi uçot məlumatlarına əlavə edilməli məlumatlar sadalanır. Sığorta stajının hər ayı üçün məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin sığortaedən tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği bu məlumatlar sırasındadır. Məlumat üçün bildirilir ki, iddiaçının ərizəsində qeyd etdiyi məcburi dövlət sosial sığortasına cəlb olunan məbləğlər sığortaolunanın gəlirləri deyil, sığortaedənin həmin dövrdə işləyən bütün işçilərinə görə ödədiyi əməkhaqlarının ümumi məbləğidir. Əlavə olaraq bildirilir ki, sığortaedən, “AJ Crane” LTD (VÖEN: **********) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Hesabat) altsistemində “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilmədiyi üçün şirkətdə çalışan sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları onların fərdi şəxsi hesablarında əks olunmamışdır. Sığortaedən tərəfindən qeyd olunan hesabatların təqdim olunacağı təqdirdə sığortaolunan İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması təmin olunacaqdır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə dair münasibət bildirərək, sığorta olunan olaraq “AJ CRANE” LTD şirkəti tərəfindən sığotaolunan şirkətin işçilər barədə sığorta edənə 2006-cı ildən 2008-ci ilədək şirkətin Azərbaycan Respublikasında fəaliyyəti müddətində pulların köçürülməsini göstərsə də, sığortaolunan tərəfindən sığorta edilənin hər bir işçi üçün müəyyən edilmiş məbləğlə bağlı hər ay (B3) “fərdi sığorta hesabatı” verilmədiyini və 2008-ci ildən “AJ CRANE” LTD şirkəti Azərbaycan Respublikasında fəaliyyətini dayandığından onlardan göstərilən hallarla bağlı hesabat tələb edə bilməyəcəklərini əsas gətirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya məxsus ИТ№1257523 saylı əmək kitabçasından göründüyü kimi, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2008-ci ilədək “AJ CRANE” LTD şrkətində kran maşınçısı vəzifəsində işləmişdir. İddiaçı tərəfindən ilk öncə hazırki tələbi ilə bağlı inzibati orqana müraciət edilsə də, sonuncu tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. Tərəflərin verdiyi izahatlara əsasən qeyd edilir ki, “AJ CRANE” LTD şirkətinin Azərbaycan Respublikasında fəaliyyəti 2008-ci ilədək olmuş və 2008-ci ildən sonra onun fəaliyyəti dayandırılaraq Azərbaycan Respublikasını tərk etmişdir. İddia ərizəsinə əlavə edilmiş “X14” ASC-dən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci ilədək “AJ CRANE” LTD şirkətindən aldığı əmək haqqı barədə hesabdan çıxarışdan görünüdüyü kimi, “AJ CRANE" LTD şirkəti tərəfindən 2006-cı ilin yanvar ayından 2008-ci ilin yanvar ayınadək iddiaçı üçün müəyyən edilmiş əmək haqqı onun bank hesabına köçürülmüş və iddiaçı onun üçün müəyyən edilmiş əmək haqqını almışdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 18 fevral 1997-ci il tarixli sərəcamı ilə təsdiq edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 14-cü maddəsinə əsasən Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Həmin Qanunun 9-cu maddəsinin sığortaedənin vəzifələri bölümündə qeyd edilir ki, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək, könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığortaçının hüquqları, özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək isə vəzifəsidir. İstinad olunan Qanunun tələblərinə əsasən sığorta edən olaraq cavabdeh qurum tərəfindən sığorta olunan “AJ CRANE” LTD şirkətindən hesabatları hər ay tələb etmək onların hüquq və vəzifəsi olduğu halda onlar işçilərlərin fərdi sığorta hesabatını (B3) hesabatını tələb etməmişlər. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı: seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin İ bəndinə əsasən sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək hər bir vətəndaşın hüququdur. Həmin Məcəllənin 304.1-ci maddəsinə əsasən Sosial sığorta -müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə on'arın itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, iddiaçının 2006-2008-ci illər ərzidə işlədiyi “AJ CRANE” LTD şrkəti tərəfindən ödənilmiş sosial sığorta pulunun hesablanaraq müəyyən edilmiş məbləğin sığortaolunan olaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi cavabdeh qurumun hüquq vəzifələrinə aid olduğundan iddiaçının 2006-2008-ci ilərdə “AJ CRANE” LTD şrkətində işlədiyi müddət ərzində ödənilmiş sosial sığorta pulunun sığorta olunan olaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hərəkət və hərəkətsizliyi qanunsuz hesab edilsin, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq fərdi sığorta hesabına köçürülməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar