Məhkəmə qərarları › İş №2-1(112)-5591/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5591/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5591/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Xarici İşlər Nazirliyinə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xarici İşlər Nazirliyinə qarşı əmrlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin 29 iyun 2018-ci il tarixli sərəncamı ilə işdən azad edilmişdir. Lakin, mövcud sənədləşmə materialı-əmrlər, əmək kitabçası, son haqq-hesab ona verilməmişdir. İşdən çıxma barədə məlumat məndə şifahi olmuş, daha sonra isə məktubla dəqiqləşdirilmişdir. Əmrin qəbulu onunla bağlı olmuşdur ki, 30 aprel tarixdə səfir cənab Azər Xudiyev xarici ezamiyyətdən geri çağrılma barədə ərizə verilməsini tələb etdi. Lakin, iddiaçı buna etiraz etmişdir. Lakin, səfir işlədiyi yerə onu bu səbəbdən buraxmamışdır. Bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət edildi. Səfir tərəfindən Nazirliyə yanlış məzmunlu məktub nəticəsində 07 iyun 2018-ci il tarixli 866 nömrəli əmr qəbul edilərək 08 iyun 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilərək geri çağrılmış, daha sonra isə növbəti bir 29 iyun 2018-ci il tarixli əmrlə qulluğa xitam verilmişdir. Lakin, həmin əmrlər əsaslandırılmamış, xidmətlə bir araya sığmayan hərəkətlərin nə barədə olması qeyd edilməmişdir. Halbuki, tərəfindən hər hansı pozuntu yerinə yetirilməmişdir. Əmək kitabçası ona 21 oktyabr 2022-ci il tarixədək təqdim edilməmişdir. Əmrlərin əsli və son haqq-hesab isə verilməmişdir. Odur ki, hər iki əmr ləğv edilməli, işə bərpa edilmə və ezamiyyə edilmə barədə qərar qəbul edilməlidir. Eyni zamanda iddiaçı vəsatət təqdim edərək əmrlərdən şikayətlə bağlı ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia müddətinin ötürülməsi üzrlü səbəblərlə bağlıdır. Belə ki, əmrlər, son haqq-hesab, əmək kitabçası ona təqdim edilməmişdir. Təkrar müraciətlərdən sonra 2020-ci il 18 dekabr tarixli məktubla ona məlumat verilmiş, lakin yenə də əmrlər təqdim edilməmişdir. Bundan sonra işə bərpa barədə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, iddia ərizəsi və ona əlavə edilən sənədlər mediasiya ilə bağlı geri qaytarılmış, mediasiya barədə sənədləşmə aparılmış, bu arada qəbul edilib dinlənilmiş, əmək kitabçası ona 21 oktyabr 2022-c il tarixdə təqdim edilmiş, lakin əmrlərin əsli və son haqq-hesab ona təqdim edilməmişdir. Bundan sonra mediasiyaya müraciət edilmiş, mediasiyada cavabdehin nümayəndəsi iştirak etmədikdən sonra arayış alınaraq məhkəməyə təqdim edilmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən isə 07 dekabr 2022ci il tarixli qərardadla işə inzibati qaydada baxılmalı olması səbəbindən iddia ərizəsi geri qaytarılmışdır. Göründüyü kimi əmrlərdən şikayət vermə müddətinin ötürülməsi ondan asılı olmayan səbəblərlə bağlı olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia müddətinin bərpası barədə ərizə və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: 08 aprel 2015-ci il tarixli əmrdən görünür ki, iddiaçıının 2015-ci ilin avqust ayının 3dən attaşe vəzifəsinə təyin edilməsi və ezam göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadından görünür ki, iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilərək inzibati məhkəməyə müraciət edilməsi hüquqi iddiaçıya izah edilmişdir. Cavabdehin 07 iyun 2018-ci il tarixli əmrindən görünür ki, iddiaçı 2018-ci ilin 08 iyun tarixindən tutduğu vəzifədən azad edilərək geri çağrılmışdır. Cavabdehin 29 iyun 2018-ci il tarixli əmrindən isə görünür ki, iddiaçının diplomatik xidmət orqanlarında qulluğuna 2018-ci ilin iyun ayının 8-dən xitam verilmişdir. ərizə və arayışdan görünür ki, iddiaçı mediatorun təyin edilməsi barədə müraciət etmiş, bununla bağlı mediasiya prosesində cavabdeh iştirak etməmişdir. 05 dekabr 2018-ci il tarixli ərizədən görünür ki, iddiaçı 07 iyun 2018-ci il tarixli 866 nömrəli əmrə istinad edərək tutduğu vəzifədən azad edilərək geri çağrıldığını, lakin müvafiq ödənişlərin edilmədiyini bildirərək bu barədə cavabdehə müraciət etmişdir. 24 avqust 2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı tutduğu vəzifədən azad edilməsinin qanunsu sayılaraq cavabdehdən yenidən xarici işlər sahəsində fəaliyyət göstərməsini xahiş etmişdir. İddiaçının üst quruma daxil olmuş 17 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, əsassız olaraq vəzifəsindən azad edildiyini və buna dair tutduğu vəzifəyə bərpa edilməsinə köməklik edilməsini xahiş etmişdir. Həmin məktuba, eləcə də üst qurumlara iddiaçının müraciətlərinə cavab olaraq verilmiş 18 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, onun 1088 nömrəli 29 iyun 2018-ci il tarixli əmrlə qulluğa xitam verildiyi diqqətinə çatdırılmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati aktın mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişiklik edilməsi) İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırki işin faktiki hallarından görünür ki, mübahisələndirilən əmrlərin rəsmi daşıyıcı vasitəsi ilə iddiaçıya hansı tarixdə təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin, məhkəmə araşdırılması zamanı və iddiaçının özünün yazdığı ərizələrdən, müraciətlərindən və ona cavab məktublarından müəyyən edilir ki, iddiaçı həmin əmrlərdən qəbul etdiyi vaxtdan, Beləliklə Məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı vaxtdan olduğu müddətdə başlamış, lakin iddiaçı həmin inzibati aktıın mübahisələndirilməsi ilə bağlı 11 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. Qeyd olunmalıdır ki, iddiaçı müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Qüvvədə olan qanunvericilikdə əks olunan normalarda nəzərdə tutulmuş müddət prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan əmrlərdən iddiaçı ən azından 2020ci ilin avqust ayından rəsmi qaydada məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə əmrlərin mövcudluğundan, yəni müddətin buraxılmasından xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (iddiaçının) məsuliyyət sferasına aid edilməlidir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, doğrudur ki, inzibati münasibətləri tənzimləyən İPM-nin müddəalarında prosessual müddətin bərpa edilməsi barədə ərizənin mümkünlüyü ilə bağlı norma nəzərdə tutulmamışdır. Lakin nəzərə alınmalıdır ki, necə ki yeni açılmış hallar ilə bağlı ərizələrdə olduğu kimi həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizələrdə də eyni yanaşma tətbiq olunmalı, mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-312/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir.” Göründüyü kimi kassasiya instansiya məhkəməsinin ərizənin mümkünlüyü ilə bağlı məsələlərdə formalaşmış mövqeyi məhz o istiqamətdə olmuşdur ki, əgər ərizə qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunmaqla verilməmişdirsə, bu zaman ərizə mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, yeni açılmış hallar ilə bağlı ərizəsi olub-olmamasından asılı olmayaraq, ümumiyyətlə müddət məhdudiyyət ilə bağlı ərizələrin qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunması şərti yerinə yetirilməmişdirsə, prosessual qənaət prinsipindən irəli gələrək həmin ərizənin mümkün sayılması qənaətinə gəlinməlidir. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Beləliklə Məhkəmə hesab edir ki, qanunvericilikdə müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi şərti müəyyən olunduğundan və iddiaçı həmin müddəti ötürdüyündən, onun tərəfindən təqdim olunmuş müddətin bərpası barədə ərizə mümkün sayılmamalıdır. Qeyd olunmalıdır ki, əmrlərin ləğv edilməsi hissəsində iddia mümkün sayılmadığından onun hüquqi nəticəsi kimi işə bərpa edilmə və ezam edilmə hissələrində də iddianın mümkünlüyündən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, vəsatət (ərizə) və iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) mümkün sayılmasın. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar