Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5594/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 4 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2019-cu il tarixli, 181 nömrəli sərəncamından çıxarışa əsasən Xətai rayonu, X.Məmmədov küçəsi 4 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyekti mövcud vəziyyətində onun adına keçirilmişdir. Qeyd edilən qeyri-yaşayış obyekti Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Qeyri-yaşayış sahəsinə aid sənədlərini toplayıb çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdehə 01 fevral 2021-ci il tarixli və 22 fevral 2021-ci il tarixlərində müraciət etsə də, heç bir rəsmi cavab verilməmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə 18.01.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən qeyri-yaşayış binasına və torpaq sahəsinə dair “Daşınmaz əmlakkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tututlmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binası yol kənarı yaşıllıq olan ərazidə yerləşmişdir. Bu barədə iddiaçıya **********89 saylı, 16.03.2021-ci il tarixli məktub ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ərizədən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir (həmin halı cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında da təsdiq etmişdir). İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 27 avqust 2021-ci il tarixli, BA03899-2021 nömrəli məktubla təqdim edilən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 21.11.2014-cü il tarixli, 317 saylı sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə sərəncamda adları göstərilən vətəndaşlar müraciət edərək, uzun müddət istifadələrində olan mövcud məntəqələrin onların adlarına sənədləşmələrini xahiş etmişlər. Həmin Sərəncamın 1.2-ci bəndinə əsasən X.Məmmədov küçəsində, 4 saylı binanın yaxınlığında, cizgidə göstərilən ərazidə tikilmiş mövcud 50 kv.m ölçüdə məntəqənin X2 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin sərəncamın verilməsinə əsas olmuş sənəd X2 ərizəsi olmuşdur. İşdə olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı tərəfindən X3 ünvanlanmış 9-101 nömrəli,12.05.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 4-də, ofis binasının qarşısında yerləşən yüngül konstruksiyadan ibarət tikilinin yenidən qurulması haqqında ərizəsinə Xətai rayon İcra Hakimiyyəti tərəfindən baxılaraq bildirilmişdir ki, ofis binasının tərkibinə daxil olan ümumilikdə 290.0 kv.m sahənin yenidən qurma və abadlıq işlərinin aparılmasına, mövcud layihə əsasıda tikilməsinə Xətai rayon İcra Hakimiyyəti etiraz etmir. Təqdim etdiyi layihəyə uyğun olaraq yenidənqurma işləri aparılarkən, binanın konstruktiv elementlərinə, yolun və binanın memarlığına xələl gətirilməməlidir. İşdə olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 181 nömrəli, 05.09.2019-cu il tarixli “Mövcud qeyri-yaşayış obyektinin addan-ada keçirilməsi haqqında” Sərəncamından görünür ki, Xətai rayon İcra Hakimiyyətinə İddiaçı müraciət edərək, Xətai RİHB-nın 317 saylı, 21.11.2014-cü il tarixli sərəncamı ilə X3 ayrılmış Xətai rayonu, X.Məmmədov küçsi 4 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin razılaşmaya əsasən (36 saylı Notariat Kontorunun 7E-4476 saylı, 11.07.2019-cu il trarixli ərizəsi) onun adına keçirilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməni rəhbər tutaraq, Sərəncamın 1-ci bəndinə əsasən Xətai rayonu, X.Məmmədov küçəsi, 4 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyekti mövcud istifadə vəziyyətində İddiaçı adına keçirilmiş, 2-ci bəndinə əsasən Xətai rayon İcra Hakimiyyəti başçısının 317 saylı, 21.11.2014-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab edilmiş, 3-cü bəndinə əsasən qeyri-yaşayış obyektinin eskiz layihəsinin rayon memarı ilə razılaşdırılması və tikintialtı sahədə mühəndis kommunikasiyaları aşkar edilərsə müvafiq xidmət sahələrinin şərtləri daxilində qorunması və ya köçürülməsi İddiaçı həvalə edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş AAAF Construction tərəfindən tərtib edilərək, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinə təqdim edilmiş layihədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4 saylı binanın yaxınlığında yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma həlli 2019-cu il tarixdə tərtib edilmişdir. İşdə olan “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 668 saylı, 05 avqust 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, icarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi İddiaçı arasında Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05.08.2021-ci il tarixli,124 nömrəli sərəncamı əsasında ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 305.4 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında istifadəyə qəbul edilir. Məhkəmə cavabdehin etirazında əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: İlk öncə cavabdeh etiraz ərizəsinin birinci hissəsində göstərmişdir ki, sözügedən qeyri-yaşayış binasına və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Etirazda göstərilən cavabdehin həmin mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi hazır tikili kimi ilk öncə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 317 nömrəli, 21.11.2014cü il tarixli sərəncamına əsasən X3 ayrılmış, sonradan X2 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 4-də, ofis binasının qarşısında yerləşən yüngül konstruksiyadan ibarət tikilinin yenidən qurulması barədə müraciəti nəzərə alınaraq, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 9-101 nömrəli, 12.05.2017-ci il tarixli məktubuna əsasən ofis binasının tərkibinə daxil olan ümumilikdə 290.0 kv.m sahənin yenidən qurma və abadlq işlərinin aparılmasına, mövcud layihə əsasında tikilməsinə Xətai rayon İcra Hakimiyyəti razılır vermişdir. Sonradan İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, Xətai RİHB-nın 317 saylı, 21.11.2014-cü il tarixli sərəncamı ilə X3 ayrılmış Xətai rayonu, X.Məmmədov küçəsi 4 saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış obyektinin razılaşmaya əsasən (36 saylı Notariat Kontorunun 7E-4476 saylı, 11.07.2019-cu il tarixli ərizəsi) onun adına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 181 saylı, 05.09.2019-cu il tarixli “Mövcud qeyri-yaşayış obyektinin addan-ada keçirilməsi haqqında” sərəncamına əsasən Xətai rayonu, X.Məmmədov küçəsi 4 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyekti mövcud istifadə vəziyyətində İddiaçı adına keçirilmişdir. İddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin layihəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər mövcuddur. Məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmamasına və qeyri-yaşayış binasının yol kənarı yaşıllıq olan ərazidə yerləşməsi dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 668 nömrəli, 05 avqust 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 305.4 kv.m torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya icarəyə verilmişdir. Cavabdeh məhkəmə araşdırması zamanı qeyri-yaşayış binasının yol kənarı yaşıllıq olan ərazidə yerləşməsini təsdiq edəcək, müayinə aktı, səlahiyyətli orqanın rəyi və s. təqdim etməmişdir. Bundan əlavə, iş materiallarında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair iddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə mövcuddur. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən arqumentlər əsassızdır və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsindən imtina üçün əsas kimi götürülə bilməz. İddiaçıya ayrılmış mübahisəli qeyri-yaşayış sahəsinin ilk öncə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 317 nömrəli, 21.11.2014-cü il tarixli sərəncamı ilə X3 hazır tikili kimi ayrılmasını (sərəncamdan müəyyən edilmişdir ki, həmin tikili X2 uzun müddət istifadəsində olmuşdur) nəzərə alaraq, məhkəmə belə qənatə gəlir ki, tərəflər arasındakı hazırki mübahisədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinin müddəaları nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci maddəsinə əsasən, 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda) və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 4 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5594/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5594/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver