Məhkəmə qərarları › İş №2-1(112)-5594/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5594/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5594/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X6, X12, X3 və X11 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X8, X12, X1 və X4 onun mülkiyyətndə olan ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yuxarıda göstərilən ünvanda həyat yoldaşı 1993-cü il təvəllüdlü X2 və övladları 2014-cü il təvəllüdlü İsmayılzadə Zeynəb və 2020-ci il təvəllüdlü İsmayılzadə İlayda ilə birlikdə yaşayırlar. Həmin yaşadığı evdə X6, X12, X1 və X11 pasport qeydiyyatında qalmışlar. Halbuki, həmin şəxslər göstərilən ünvanda qeydiyyatda olsalar da, 10 ildən çoxdur ki, yaşamırlar və onun yaşadığı həmin evə heç bir aidiyyətləri yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, onun yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. X8, X12, X1 və X11 həmin yaşayış sahəsində yaşamırlar. Ona görə də, hesab edir ki, onların qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qeyd edir ki, tərəfindən cavabdehə müraciət edilsə də, sonuncu tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5594/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X8, X12, X1 və X11 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və 3-cü şəxslər isə gəlməmişlər. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədləri (mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd) mövcud deyildir. - İddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC tərəfindən X7 adına tərtib edilmiş Daşınmaz Əmlakın Qiymətləndirmə rəyi təqdim edilmişdir ki, həmin rəy də, hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Bİnəqədi qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan vətəndaşların qeydiyyatları üçün nəzərdə tutulmuş ev kitabına, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş “şəxsiyyət vəsiqəsi məlumatları”-na, eləcə də, məhkəmə tərəfindən cavabdeh inzibati orqana göndərilmiş sorğuya cavab olaraq daxil olmuş məktublara əsasən müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzvləri mübahisəli ünvana 2015-ci ildən sonra qeydiyyata alınmalarına baxmayaraq, qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslər 2007-ci il tarixdən qeydiyyatda olmuşlar. Göründüyü kimi, iddiaçının mübahisəli ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud olmayıb, qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslər də, sözügedən ünvanda ondan daha əvvəl qeydiyyatda olmaqla, iddiaçının müvafiq razılıq ərizəsi əsasında qeydiyyata alınmamışlar. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı sözügedən ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənədi və üçüncü şəxslərə yaşayış sahəsi verməsi barədə razılıq ərizəsi olmadığından, onun üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X5 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar