Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5596/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 06.01.2021-ci il tarixli **********4 nömrəli və 22.02.2021-ci il tarixli **********1 nömrəli imtina məktublarında göstərmişdir ki, iddiaçıya məxsus 15 fevral 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 12.08.2020-ci il tarixli 59-18/04 nömrəli arayışında 01.03.1984-06.05.1995-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının yığıcı çilingər şagirdi və yığıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının işlədiyi vəzifələrin sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metallurgiya (12) bölməsində nəzərdə tutulmadığı, həmçinin 01.01.1992-31.12.1992-ci il, 01.06.1993-06.05.1995-ci il tarixləri arasındakı dövrlər ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC-nin 02.12.2020-ci il tarixli Aktı ilə təsdiq edilmiş, bu səbəbdən iddiaçının güzəştli iş stajının olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı 08.04.2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 24.05.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbinin “11.12.2018-ci il tarixdən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin 24.05.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Komvol Kombinatının Hamarlayıcı sexinə hamarlayıcı şagirdi kimi daxil olaraq, 02.10.1981-ci ildən əmək fəaliyyətinə başlamış, 20.12.1983-cü il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 01.03.1984-cü ildən 06.05.1995-ci ilədək “Azərelektromaş" İB-də, indiki "xxxx" ASC-də işləmiş, 07.05.1995-ci il tarixdən 02.01.1997-ci il tarixədək "xxxx" ASC-də xadimə, 02.01.1997-ci il tarixdən 01.04.1999-cu il tarixədək "xxxx" ASC-də fəhlə vəzifəsində çalışmışdır. 02.04.2012-ci ildən 25.12.2014-cü ilədək Ekpedisiyanın Texniki Xidmət Sahəsində fəhlə vəzifəsində çalışmışdır və zərərli iş şəraitində 13 il 10 ay xüsusi iş stajı mövcuddur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddiaçıya ünvanlanmış imtina məktubundakı dəlillərə istinad etmiş, buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirməklə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (qadınlar üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:
1. 55 yaşının tamam olması;
2. azı 20 il sığorta stajına malik olması;
3. 20 il sığorta stajının azı 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;
4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). Məhkəmə sadalanan tələblərin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuş, onun 55 yaşı 11.12.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus 10.10.1981-ci il tarixdə yazılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 05.10.1981-19.09.1994-cü il tarixlərdə 42 nömrəli texniki peşə məktəbində bufetçi, 26.09.1995-09.02.1998-ci illərdə “Xalq üçün mallar” Dövlət Konserni Bakı 4 nömrəli ayaqqabı fabrikinin 2 nömrəli sexində şagird işləmişdir. İşdə olan iddiaçıya məxsus 15.02.1982-ci il tarixdə yazılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 05.10.1981-20.12.1983-cü illərdə Bakı Komvol Kombinatında hamarlayıcı şagirdi və hamarlayıcı işləmiş, 01.03.1984-cü ildə “Azərelektromaş” İB-də 4 saylı avtomatik ştamplama dəmirçi sexində yığıcı çilingər şagirdi işinə qəbul edilmiş, 16.07.1984-cü ildə yığıcı-çilingər vəzifəsinə keçirilmiş, 06.05.1995-ci ildə 32 nömrəli ixtisaslaşdırılmış tikinti idarəsinə köçürmə yolu ilə Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. 07.05.1995-ci ildə 32 nömrəli ixtisaslaşdırılmış tikinti idarəsinə yataqxanaya xadimə vəzifəsinə işə qəbul edilmiş, 01.04.1999-cu ildə işdən azad edilmişdir. İddiaçı 02.04.2012-25.12.2014-cü illərdə Ekspedisiyanın Texniki xidmət sahəsinə çöl işlərinə çıxmaqla 3-cü dərəcə fəhlə peşəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İşdə olan əmək kitabçalarına əsasən iddiaçı 10.10.1981-ci ildən 09.02.1998-ci ilədək iki müəssisədə eyni zamanda işlədiyindən üst-üstə düşən dövrlər təkrar olaraq iş stajı kimi nəzərə alına bilməz və həmin müddətlərdən biri, iddiaçının seçiminə əsasən "xxxx" ASC-də işlədiyi müddət sığorta stajı kimi hesablanır. Belə olan halda aydın olur ki, iddiaçının 55 yaşının tamam olduğu 11.12.2018-ci il tarixə 20 il 2 ay 25 gün ümumi sığorta stajı olmuşdur. Lakin işdə olan "xxxx" ASC-nin 22.04.2021-ci il tarixli 125/08 nömrəli məktubundan görünür ki, İddiaçı 01.03.1984-cü ildən (Əmr 132/28.02.1984-cü il) 06.05.1995-ci ilədək “Azərelektromaş” EİB-də, indiki "xxxx" ASC-də işləmişdir. İddiaçı aşağıda göstərilən tarixlərdə analıq məzuniyyətlərində olmuşdur: əmək haqqı qismən ödənilən məzuniyyət - 15.08.1988 - 19.02.1989; əmək haqqı ödənilməyən məzuniyyət - 20.02.1989-19.08.1989 - Əmr 535/21.05.1988. əmək haqqı qismən ödənilən məzuniyyət - 18.09.1989-24.01.1991; əmək haqqı ödənilməyən məzuniyyət - 25.01.1991-22.04.1991 - Əmr 225/ 12.03.1991. əmək haqqı qismən ödənilən məzuniyyət - 26.08.1991 - 22.12.1992; əmək haqqı ödənilməyən məzuniyyət - 23.12.1992 - 20.07.1993 - Əmr 613/ 11.08.1992. İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq 24.09.1994-cü il tarixindən 24.03.1995-ci il tarixinədək 6 ay müddətində əmək haqqı saxlanılmayan məzuniyyətdə olmuşdur. Beləliklə, sadalanan hallardan görünür ki, iddiaçının 55 yaşının tamam olduğu 11.12.2018-ci il tarixə 20 il 2 ay 25 gün ümumi sığorta stajı olsa da, o, bu müddətin 1 il 9 ay 27 gün müddətində ödənişsiz məzuniyyətdə olmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alındıqda onun ümumi iş stajı 20 ildən çox, ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il 6 ay 28 gün) təşkil edir. Məhkəmə qeyd edir ki, məzuniyyətin adından da göründüyü kimi bu dövrdə iddiaçı ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyini üçün zəruri olan 20 illik ümumi sığorta stajı tələbini ödəmir. İddiaçının xüsusi sığorta stajına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İşdə olan iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən verilmiş 12.08.2020-ci il tarixli 59- 18/04 saylı izahlı arayışdan görünür ki, iddiaçı «Azərelektromaş» İB-də, indiki "xxxx" ASCdə, 01.03.1984-cü ildən (əmr 139/28.02.1984-cü il) 16.07.1984-cü ilədək (Prot.67/4-13 17.07.1984-cü il) zavodun 4 saylı avtomatik ştamplama dəmirçi sexində yığıcı çilingər şagirdi, 16.07.1984-cü ildən (prot. 67/4-13 17.07.1984-cü il) 06.05.1995-ci ilədək (Əmr 23/06.05.1995) isə yığıcı vəzifəsində işləmişdir. Yığıcı elektrik mühərriklərinin stator nüvələrinin hazırlanması üçün Yaponiya istehsalı olan «Aida» preslərində, ştamplanmış polad vərəqələrin xüsusi şablonlara yığılması və kipləşdirici halqalarla bərkidir. Yığıcının iş yerinin pasportuna əsasən onun iş yerində səsin təziqi 95,0- 98,0 d BA olmuşdur ki, bu da normadan 15-18 d BA çoxdur. Göstərilən faktor iş gününün 90 %-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Zərərli iş şəraitinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. 2-ci siyahı ilə pensiya almaq hüququ vardır. Cavabdeh iddiaçının işlədiyi həmin müddəti güzəştli iş stajı kimi qəbul etməmiş, bu zaman Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının işlədiyi vəzifələrin sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya (12) bölməsində nəzərdə tutulmadığına, qeyd olunan faktların "xxxx" ASC-nin 02.12.2020-ci il tarixli Aktı ilə təsdiq edilməsinə istinad etmişdir. Belə ki, işdə olan 02.12.2020-ci il tarixli aktdan görünür ki, həmin akt cavabdehin nümayəndələri və "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi tərəfindən tərtib edilmiş, aktda iddiaçının işlədiyi yığıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsində (12-ci bölmə) nəzərdə tutulmadığı qeyd olunmuşdur. Məsələnin dəqiqləşdirilməsi məqsədilə məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq "xxxx" ASC tərəfindən 29.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş 26.07.2021-ci il tarixli 125/15 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı işlədiyi peşənin (yəni yığıcı peşəsinin) deyil, onun iş yerinin zərərli olması barədə (iş yerində səsin təzyiqi 950-980 d BA) məlumat verilmişdir. Yığıcı elektrik mühərriklərinin stator nüvələrinin hazırlanması üçün Yaponiya istehsalı olan “Aida” preslərində, ştamplanmış polad vərəqləri xüsusi şablonlara yığır və kipləşdirici halqalara bərkidir. “Yeni BEMZ" ASC tərəfindən verilən izahlı arayışda yığıcı peşəsi haqqında və iş yeri haqqında məlumat verilmişdir. DSMF-nin xüsusi şərtlərlə təyinat idarəsi İddiaçı “Yeni BEMZ" ASC tərəfindən verilən izahlı arayışda göstərilən faktorları məqbul saymamış və ona verilmiş arayışda yuxarıda adı çəkilən 12 nömrəli siyahıda göstərilən 12-ci maddə “Metallurgiya istehsalı” maddə 3.3, bənd a sətir 19-un iş yerinə deyil, ştamplayıcı dəmirçi peşəsinə aid olduğunu göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısında yığıcı peşəsinin zərərli sahə kimi göstərilməməsini qeyd etmişdir. Həmçinin "xxxx" ASC-nin 22.04.2021-ci il tarixli 125/08 nömrəli arayışında yığıcının iş yerində səsin təzyiqi 95,0-98,0 d BA olduğuna görə iddiaçıya iş yerinin zərərli olduğu barədə arayış verildiyi, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsindən gələn yoxlamanın İddiaçı analıq məzuniyyətlərində olması əsası ilə zərərli iş stajının olmaması barədə aktın tərtib edildiyi bildirilmişdir. Beləliklə, sadalananlardan görünür ki, iddiaçının işlədiyi müəssisə iddiaçının peşəsinin deyil, işlədiyi iş yerinin zərərli olmasına istinad edərək güzəştli arayış vermiş, bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci bölməsi - “Metallurgiya istehsalı”nın 3.3-cü bəndinin “a” yarımbəndi üzrə 19-cu abzasa istinad etmişdir, hansı ki, həmin abzasda “ştamplayıcı dəmirçilər” peşəsi nəzərdə tutulmuşdur. Halbuki işdən görünür ki, iddiaçı həmin peşə üzrə deyil, 4 saylı avtomatik ştamplama dəmirçi sexində yığıcı peşəsi üzrə işləmişdir. "xxxx" ASC də iddiaçının işlədiyi peşənin deyil, iş yerinin zərərli olmasına istinad etmiş, həmin müəssisənin səlahiyyətli şəxsi iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olmamasına dair tərtib edilmiş müvafiq aktı imzalamışdır. Digər tərəfdən "xxxx" ASC məhkəməyə və cavabdehə təqdim etdiyi izahlı arayışda həmin vəzifənin 2-ci siyahıya uyğun pensiya almaq hüququ verdiyini təsbit etsə də, istinad etdiyi kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda istinad etdiyi kod yığıcı deyil, ştamplayıcı dəmirçilər peşəsinə aid olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan peşə ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz. Digər tərəfdən, həmin peşə üzrə dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi staj kimi qəbul edilsə belə, iddiaçı ona pensiya təyini üçün zəruri olan 10 il xüsusi sığorta stajı tələbini ödəmir. Çünki iddiaçı "xxxx" ASC-də 11 il 2 ay 6 gün ümumi sığorta stajına malik olmuş, həmin dövrdə 1 il 9 ay 27 gün müddətində ödənişsiz məzuniyyətdə olmuşdur. Ödənişsiz məzuniyyət dövrü sığorta stajına daxil edilmədiyindən iddiaçının zərərli şəraitdə işlədiyini iddia etdiyi müddət də 10 il deyil, cəmi 9 il 4 ay 9 gün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova