Məhkəmə qərarları › İş №2-1(112)-5599/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5599/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5599/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 15.02.1982-ci il tarixində Bakı şəhərində anadan olması barədə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində 27.02.1982-ci il tarixində tərtib olunmuş 206 nömrəli doğum haqqında akt qeydi əsasında ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 15.02.1982-ci il tarixində Bakı şəhərində anadan olmuş və doğumu Sabunçu rayon qeydiyyat şöbəsində 27.02.1982-ci il il tarixli, 206 nömrəli doğum haqqında akt qeydi ilə qeydə alınmışdır. Onun atası X9 və anası X1 o, uşaq olanda vəfat etmişdir. X3 01.06.1980-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi var. Onun bacısı X8 06.04.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, şəxsiyyət vəsiqəsi mövcuddur. O, doğum haqqında şəhadətnaməsini itirmişdir. Məktəbə getməmişdir. Ona bacısı baxmışdır. Bu günədək o, şəxsiyyət vəsiqəsi almamışdır. O, şəxsiyyət vəsiqəsi almaq üçün ASAN Xidmət Mərkəzinə müraciət etmiş, lakin ilk öncə qeydiyyat şöbəsinə müraciət edərək təkrar şəhadətnamə almalı olduğunu bildirmişlər. Doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etsə də, bu dəfə də şəxsiyyət vəsiqəsi olmadığından ona təkrar doğum haqqında şəhadətnamə verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Zəminə onun doğma bacısıdır. Zəminənin doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin itirmişdir. Zəminə məktəbə getməmişdir. Zəminə doğum haqqında şəhadətnaməsini itirmişdir, bu günə qədər tapa bilməmişdir, təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün də şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Zəminə onun qonşusudur. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu günədək o, şəxsiyyət vəsiqəsi ala bilmir. O, təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 01.04.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin- özünü İddiaçı kimi təqdim edən şəxsin Sabunçu rayon Qeydiyyat şöbəsində doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə, təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra vətəndaş müvafiq şəhadətnamə ilə təmin olunacaqdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 06.04.1979-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AZE seriyalı 15016741 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 01.06.1980-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan AZE seriyalı 14267388 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 25.06.1979-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsi tərəfindən tərtib edilmiş 25.08.20201-ci il tarixli aktdan görünür ki, Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsinin rəisi, polis mayoru Ülvi Hümbətov, Qeydiyyat məsələləri bölməsinin baş inspektoru, polis mayoru Firdovsi Məmmədovun, 06.04.1979-cu il təvəllüdlü X4 (ş.v AA2206297) iştirakı ilə hazırki aktı tərtib etmişlər ki, həqiqətən şəkildəki şəxsin 15.02.1982-ci il təvəllüdlü İddiaçı məxsus olduğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.05.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 18.05.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.05.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi Sizin 08.04.2021-ci il tarixli 2-1(112)-5599/2021 saylı məktubunuza cavab olaraq bildirir ki, vətəndaş- özünü İddiaçı kimi təqdim edən şəxs qeydiyyat şöbəsinə doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir və imtina məktubu ilə müraciətinə cavab verilmişdir. Məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə, təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsidir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra vətəndaş müvafiq şəhadətnamə ilə təmin olunacaqdır. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 28.07.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus 27.02.1982-ci il tarixli 206 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.02.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X9, milliyyəti azərbaycanlı, anası isə X2, milliyyəti azərbaycanlı qeyd edilmişdir. Şəhadətnamə verilmişdir – seriya İİİ-JQ, №374368). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.08.2021-ci il tarixli məktubdan görünür ki, sorğu edilən 15.02.1982-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.11.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur; 1.12-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir; 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir; 9.9-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O, təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 28.07.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus 27.02.1982-ci il tarixli 206 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.02.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X9, milliyyəti azərbaycanlı, anası isə X2, milliyyəti azərbaycanlı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.11.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu, onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmədiyini və şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilmədiyini təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur, o, doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Onun şəxsiyyət vəsiqəsinin olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar