Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-56/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçı Zamanov Ədalət Rəhman oğlunun, üçüncü şəxs "xxxx" ASC-nin vəkili X3, üçüncü şəxs "xxxx" firmasının nümayəndəsi Bəşirov Asif Bəşir oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1 Musa oğlunun, Zamanov Ədalət Rəhman oğlunun, İddiaçı3 Nadir oğlunun, Hüseynov Anar Allahverən oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestr məlumatlarına düzəlişlərin aparılması öhdəliyinin qoyulması barədə iddia tələbi üzrə inzibati işə üçüncü şəxs qismində "xxxx" firması, "xxxx" ASC, Əliyeva Kəmalə Cavanşir qızı, Məmmədov Nəriman Rəhman oğlu, Bəşirov Roman Loğman oğlu,Talıbov Rauf Əli oğlu cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Musa oğlu, Zamanov Ədalət Rəhman oğlu, İddiaçı3 Nadir oğlu, Hüseynov Anar Allahverən oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən və "xxxx" firmasının mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində **********79- 06302 reyestr nömrəsi ilə qeydiyyata alınmış binanın tərkibindən X9 aid olan 223,57 kv.m. sahənin, İddiaçı2 aid olan 85 kv.m. sahənin, İddiaçı3 aid olan 72 kv.m. sahənin və İddiaçı4 aid olan 72 kv.m. sahənin çıxarılmaqla reyestr məlumatlarında düzəlişlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, müxtəlif tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda "xxxx" firması tərəfindən ticarət mərkəzi məqsədilə inşa olunmaqda olan tikilidən bağladıqları müqavilə əsasında dəyəri tam ödənilməklə aşağıda qeyd olunan sahələri əldə etmişlər: X13 ilə bağlanmış 26.11.2009-cu il tarixli müqaviləyə və müqaviləyə əlavə olunmuş 06.05.2013-cü il tarixli əlavə razılaşmaya əsasən obyektin 2-ci və 3-cü mərtəbələrində cəmi 223,57 kv.m. sahə; İddiaçı2 ilə bağlanmış 02.09.2009-cu il tarixli müqaviləyə əsasən obyektin 2-ci mərtəbəsində yerləşən və sahəsi 85 kv.m. olan 3 nömrəli mağaza; İddiaçı3 ilə bağlanmış 08.07.2009-cu il tarixli müqaviləyə əsasən obyektin 1-ci mərtəbəsində yerləşən və sahəsi 72 kv.m. olan 12C nömrəli mağaza; İddiaçı4 ilə bağlanmış 08.07.2009-cu il tarixli müqaviləyə əsasən obyektin 1-ci mərtəbəsində sahəsi 72 kv.m. olan 8 nömrəli mağaza. Bundan sonra "xxxx" firması inşa etdiyi tikiliyə dair hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, mərtəbəliliyi 5 və zirzəmi, ümumi sahəsi 16100,1 kv.m. əsas sahəsi 1643,1 kv.m. və hüquq sahibi tam şəkildə "xxxx" firması olmaqla sözügedən tikili dövlət qeydiyyatına alınmış və bu barədə arayış verilmişdir. Qeyri-yaşayış binasının müəyyən hissəsinin iddiaçılara məxsus olmasına baxmayaraq tikilinin səhvən tam pay sahibi "xxxx" firması olmaqla reyestrdə qeydiyyata alınması iddiaçıların mənafelərinə ziddir və əmlak hüquqlarını pozur. İddiaçılar hesab edirlər ki, məsələ araşdırılmalı və reyestrdə müvafiq düzəlişlər aparılmalıdır.Qeyd olunan bina iş üzrə üçüncü şəxslər "xxxx" firması və "xxxx" ASC arasında bağlanmış 04.10.2013-cü il tarixli və daha sonra isə təkrar olaraq 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə təmin edilmiş öhdəliklər "xxxx" firması tərəfindən pozulduğuna görə isə "xxxx" ASC kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda mübahisə üzrə məhkəmə prosesi davam etməkdədir. İddiaçılar hesab edirlər ki, reyestrin məzmununun dəqiqliyi məhkəmə qaydasında araşdırılmalı və mübahisə olunan məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Həm "xxxx" firması və həm də "xxxx" ASC obyektə dair oradan pay əldə etmiş şəxslər barədə məlumatlı olmuş və bununla da reyestrdəki qeydin qeyri-dəqiq olduğunu bilmişlər. Nəhayət dövlət reyestrində müvafiq düzəlişlərin aparılması barədə cavabdehə 17.01.2019-cu il tarixdə rəsmi qaydada müraciət edilsə də müraciətə heç bir cavab verilməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın təqdim edilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən sərəncam icra edilməmiş və iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs "xxxx" ASC iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, "xxxx" firması tərəfindən "xxxx" ASC-yə qarşı müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia qaldıraraq tərəflər arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. "xxxx" ASC tərəfindən də "xxxx" firmasına qarşı borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia qaldıraraq, "xxxx" firmasından cəmi 19,400,119.08 ABŞ dollarının və 26.05.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati Məhkəməsinin 15.07.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" firmasının iddiası təmin edilməmiş, bankın qarşılıqlı iddiası təmin edilmişdir. Həmin qətnamədən "xxxx" firması apellyasiya şikayəti verimiş, sonradan həmin qətnamədən maraqlarına toxunulan şəxs kimi Ağa-zadə Afət Rəşid qızı və Hacıyeva Könül Rəşid qızı da apellyasiya şikayətləri vermişlər, həmin şikayətlər mümkün hesab edilərək həmin şəxslər işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişlər. Daha sonra qeyd edilən fiziki şəxslər "xxxx" ASC-yə və "xxxx" firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ipoteka predmetinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv metr və 24,6 kv metrdən ibarət olan sahələrinin ipotekası hissəsində etibarsız hesab edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 05.04.2017-ci il tarixli, 2(103)-14/2017 nömrəli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 38473.04 manat məbləğində müəyyən edilməsi, Bankın qarşılıqlı iddiasının tələblərinin ipoteka predmetinin hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Bankın xeyrinə tutulması hissəsində rədd edilməsi; 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3-cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m. olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.10.2017-ci il tarixli, 2-2(102)-366/17 nömrəli qərarı ilə "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin qərarından "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 18.07.2018-ci il tarixli qərarı ilə "xxxx" firmasının "xxxx" ASC-yə qarşı kredit və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18.10.2017-ci il tarixli, 2-2(102)-366/17 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmiş və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31.10.2018-ci il tarixli, 13-2(102)-1(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.10.2017-ci il tarixli, 2- 2(102)-366/17 nömrəli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 05.04.2017ci il tarixli, 2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli, 2-2(103)-6/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-zadə Afət Rəşid qızının və X10 apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15.07.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Ağa-zadə Afət Rəşid qızının "xxxx" firması ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, eləcə də digər üçüncü şəxs X10 "xxxx" firması ilə "xxxx" Bank ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.07.2019-cu il tarixli, 2-2(102)-285/2019 nömrəli qərarı ilə "xxxx" firması və üçüncü şəxs Ağa-zadə Afət Rəşid qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli, 2- 2(103)-6/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" firması tərəfindən analoji dəlillərə istinad edilməklə Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.07.2019-cu il tarixli, 2-2(102)-285/2019 nömrəli qərarı ilə "xxxx" firmasının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli, 2- 2(103)-6/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" firmasına müxtəlif məbləğlər ödəməklə həmin binada qeyri-yaşayış sahələri əldə etdiklərini iddia edən digər şəxslərin də iddiaları qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə rədd edilmiş, əmlakın bütövlükdə ”XalqBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsinin qanuniliyi təsdiq edilmişdir. X2 "xxxx" firmasına qarşı 28.07.2009-cu il tarixli müqavilə əsasında həmin firmaya ödədiyi 128000 manat məbləğində pul vəsaitinin əvəzi kimi ünvan 1 ünvandakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m. olan 7 nömrəli dükanın istismara tam hazır vəziyyətdə onun istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin "xxxx" firmasına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1786/2017 nömrəli, 28.04.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(103)-804/2021 nömrəli qətnaməsi ilə "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1786/2017 nömrəli, 28.04.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2-2(102)- 5501/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2- 2(103)-804/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə qərarda Ali Məhkəmə öz qərarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 18.07.2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. Bundan əlavə, İddiaçı4 da "xxxx" firmasına qarşı analoji iddia ilə məhkəməyə müraciət edərək sahəsi 72 kv.m. olan 8 nömrəli dükanın onun istifadə və sahibliyinə verilməsi və həmin obyekt üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiasını yuxarıdakı işdə qeyd edilən dəlillərə istinad etməklə əsaslandırmağa cəhd etmişdir. Həmin iş üzrə də Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-797/2018 nömrəli, 21.02.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 72 kv.m. olan 8 nömrəli mağazanın cavabdeh "xxxx" firması tərəfindən iddiaçının sahiblik və istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.02.2021-ci il tarixli, 2(103)-1069/2021 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Nərimanov rayon məhkəməsinin 2(005)-797/2018 nömrəli, 21.02.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-2(102)-3216/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 01.02.2021ci il tarixli, 2-2(103)-1069/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə qərarda Ali Məhkəmə öz qərarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 18.07.2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. "xxxx" firmasının mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində **********79-06302 reyestr nömrəsi ilə qeydiyyata alınmış binanın tərkibindən iddiaçıların iddia etdiyi sahələrin çıxarılması tələbi də tamamilə əsassızdır, nə hazırki iş üzrə iddiaçılar, nə də hər hansı digər şəxs "xxxx" ASC-nin ipotekasında olan binanın hər hansı hissəsinə dair hüquq əldə etdiyini iddia edə bilməz. Belə ki, "xxxx" ASC ilə "xxxx" firması arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 5.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilənin 3.1-ci bəndində göstərilən qeyriyaşayış binasının təmir, tikinti və quraşdırma işləri başa çatandan sonra mümkün olan ən qısa müddətdə, lakin 90 təqvim günündən gec olmayaraq ipoteka predmetinin tərkibinə daxil olan torpaq sahəsini və onun üzərində inşa edilməklə tikintisi başa çatdırılmış qeyriyaşayış binasını vahid əmlak obyekti kimi dövlət reyestrində qeydə aldırmaqla və kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təminat qismində qeyd edilən vahid əmlak obyektinə dair ipoteka saxlayanın ipoteka hüququnun qanunvericilikdə müəyyənləşdirilən qaydada rəsmiləşdirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Sonrakı ipoteka müqaviləsinin istinad edilən müddəasından da göründüyü kimi, həmin binanın yalnız beş mərtəbəsi deyil, inşası başa çatdıqdan sonra vahid əmlak obyekti kimi bütövlikdə ipoteka qoyulmuşdur və bu barədə tərəflərin aydın iradə ifadəsi olmuşdur. Üçüncü şəxs "xxxx" ASC qeyd edilənlərə əsasən iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Məhkəmə iclasında iddiaçı Zamanov Ədalət Rəhman oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin vəkili X11 üçüncü şəxsin etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs "xxxx" firmasının nümayəndəsi X18 məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçılar İddiaçı1 Musa oğlu, İddiaçı3 Nadir oğlu, Hüseynov Anar Allahverən oğlu, habelə cavabdeh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə qeyd edilən iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçıların iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 08.07.2015-ci il tarixli “Sonrakı ipoteka müqaviləsi”nə əsasən həmin müqavilə üçüncü şəxslər “Mars-M“ firması və "xxxx" ASC arasında bağlanmışdır, "xxxx" firması ona ayrılan kreditin təminatı kimi Bakı şəhəri, S.Vurğun küçəsi,120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilən zirzəmi və 5 mərtəbədən ibarət olan ümumi sahəsi 16100,5 kv metr, əsas sahəsi 16043,1 kv metr olan qeyri yaşayış binasını ipoteka qoymuşdur. 02.09.2009-cu il tarixli müqaviləyə əsasən Zamanov Ədalət Rəhman oğlu “Mars- M“ firmasının ünvan 3 ünvanda inşa etdiyi binada sahəsi 85 kv metr olan 3 nömrəli mağazanı satın almışdır. 08.07.2009-cu il tarixli alqı-satqı, investisiya müqaviləsinə əsasən həmin binada sahəsi 72 kv metr təşkil edən 12C nömrəli mağazanı İddiaçı3 Nadir oğlu satın almışdır, 08.07.2009-cu il tarixli alqı-satqı, investisiya müqaviləsinə əsasən həmin binada sahəsi 72 kv metr təşkil edən 8 nömrəli mağazanı İddiaçı4 satın almışdır, İddiaçı1 Musqa oğlu 26.11.2009-cu il tarixli müqaviləyə əssən həmin binada 98,57 kv metr sahəsi olan mağazanı satın almışdır. Cavabdehin 15.02.2019-cu il tarixli imtina məktubuna əsasən iddiaçıların ünvan 3 ünvanda inşa etdiyi binasının daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınmasına dair muraciətlərinə baxılmış və bildirilmişdir ki, sözügedən əmlaka dair ərizəçilərin adına notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş: “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış”a əsasən hüquq sahibi "xxxx" firmasının adına qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 16100,5 kv metr olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvandakı daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ qeydə alınmışdır; "xxxx" firmasının cavabdehə ünvanlanmış 04.12.2010-cu il tarixli, 39 nömrəli məktubuna əsasən həmin firma Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanda yerləşən və tikilməkdə olan qeyri-yaşayış binasının qabaqcadan qeydiyyatının aparılmasını cavabdehdən xahiş etmişdir; Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, 09.07.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən "xxxx" firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli və ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanda 0,2704 ha torpaq sahəsi 16.06.2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə "xxxx" firmasının adına qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən "xxxx" firması ünvan 3 ünvanda yerləşən "xxxx" X21 Müəssisəsinin əmlakının mülkiyyətçisidir; “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” haqqında 12.10.2009-cu il tarixli, 2308 nömrəli müqaviləyə əsasən "xxxx" firması Bakı şəhəri, Vurğun küçəsi,120 ünvanda 2704 kv metr torpaq sahəsini satın almışdır; Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri S.Vurğun küçəsində 0,19426 ha torpaq sahəsində yerləşən 120 nömrəli binada 1627,3 kv metr ümumi, 374,4 kv metr əsas, 1252,9 kv. metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13.03.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2048/2019 nömrəli, 18.04.2019-cu il tarixli qətnaməsinə əsasən ünvan 5 ünvanda ”Mars-M” firmasına məxsus obyektin 2-ci və 3-cü mərtəbələrindəki ümumi sahəsi 223.57 kv metr olan 12 saylı mağazanın İddiaçı1 istifadəsinə və sahibliyinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.11.2021-ci il tarixli, 10/3687 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən "xxxx" firmasnın mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində 00701300 0379-06302 nömrə ilə qeydə alınmış qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 20684,9 kv metr təşkil etdiyi müəyyən olunur. Həmin qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş baxış zamanı iddiaçıların təqdim etdikləri 7,5x12,0 metr ölçüdə üç mərtəbəli tikilinin hər mərtəbəsi 90 kv. metr olmaqla ümumi sahəsi 270 kv metr təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyriyaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında təlimat”ın 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə qabaqcadan qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayış verilir (2 nömrəli əlavə). Həmin Təlimatın 1.4-cü bəndinə əsasən, bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə qabaqcadan dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış verilir (3 nömrəli əlavə). “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Frespublikası Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlər sırasında "xxxx" firmasının hüquqlarının qabaqcadan qeydiyyatı üçün təqdim edilmiş sənədlər sırasında “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsində sadalanan sənədlər mövcuddur, yəni cavabdeh tərəfindən hüquqların qabaqcadan qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə riayət edilmişdir. İddiaçıların qabaqcadan hüququn dövlət qeydiyyatı haqqında arayışda qeyd edilən əmlakdakı qeyri-yaşayış sahələrini satın almalarına dair müqavilə bağlamaqlarına və həmin qeyri-yaşayış sahələri üzərində hüquq əldə etmələrinə gəldikdə isə məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarında ifadə olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır.” Habelə qeyd edilən qərarda göstərilmişdir ki, “Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.”. Həmin qərarda qeyd edilmişdir ki, “Əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.” Habelə Azərbaycan Respublikasının Ali Məhkəməsinin (102)-5501/2021 nömrəli, 04.11.2021-ci il tarixli (iddiaçı X1 cavabdeh "xxxx" Firmasına qarşı 28 iyul 2009-cu il tarixli müqavilə əsasında ünvan 7 ünvandakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı dükana görə ödədiyi 112.500 ABŞ dolların və 10.000 manat məbləğində pul vəsaitin, həmin məbləğə bu illər ərzində hesablanmış bank faiz dərəcəsinin, 70.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" firmasından alınıb ona verilməsi barədə), 2(102)-3216/2021 nömrəli, 03.08.2021-ci il tarixli (İddiaçı4 cavabdeh "xxxx" Firmasına qarşı 08.07.2009-cu il tarixli, M/HA 07/09 saylı müqaviləyə əsasən ünvan 7 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m. olan 8 saylı dükanın onun istifadə və sahibliyinə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun tanınması barədə iş üzrə) qərarlarında da ifadə olunan mövqeyinə əsasən əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur, həmin mövqe əsas götürülməklə həm iddiaçı Məmmədova Ruhiyyət Əksəriyyət qızının, həm də iddiaçı Hüseynov Anar Allahverən oğlunun iddiaları rədd edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC ilə "xxxx" firması arasında imzalanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 5.1.2-ci bəndində "xxxx" firmasını bu müqavilənin 3.1-ci bəndinə göstərilən qeyri-yaşayış binasının təmir, tikinti və quraşdırma işləri başa çatandan sonra mümkün olan ən qısa müddətdə, lakin 90 təqvim günündən gec olmayaraq ipoteka predmetinin tərkibinə daxil olan torpaq sahəsini və onun üzərində inşa edilməklə tikintisi başa çatdırılmış qeyriyaşayış binasını vahid əmlak obyekti kimi dövlət reyestrində qeydə aldırmaqla və kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təminat qismində qeyd edilən vahid əmlak obyektinə dair ipoteka saxlayanın ipoteka hüququnun qanunvericilikdə müəyyənləşdirilən qaydada rəsmiləşdirilməsinin təmin etmək öhdəliyi nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Həmin Qanunun 11.6-cı maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Həmin Qanunun 11.7-ci maddəsinə əsasən ipoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun. Göründüyü kimi "xxxx" ASC ilə "xxxx" firması arasında ipoteka predmeti olan tikili kimi ünvan 3 ünavnda yerləşən binanın yalnız beş mərtəbəsi deyil, inşası başa çatdıqdan sonra vahid əmlak obyekti kimi bütövlikdə ipoteka qoyulmuşdur və bu barədə tərəflərin aydın iradə ifadəsi olmuşdur. Odur ki, tikili üzərində qabaqcadan qeydiyyatda tikilinin ümumi sahəsinin 16100,5 kv metr olması, aparılan ekspertizanın nəticələrinə əsasən isə hazırda həmin tikilinin sahəsinin 20684,9 kv metr təşkil etməsi iddiaçıların iddiasının təmin edilməsi üçün əsas ola bilməz. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 Musa oğlunun, Zamanov Ədalət Rəhman oğlunun, İddiaçı3 Nadir oğlunun, Hüseynov Anar Allahverən oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 8 ünvanda yerləşən və "xxxx" firmasının mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində **********79-06302 reyestr nömrəsi ilə qeydiyyata alınmış binanın tərkibindən X9 aid olan 223,57 kv.m. sahənin, İddiaçı2 aid olan 85 kv.m. sahənin, İddiaçı3 aid olan 72 kv.m. sahənin və İddiaçı4 aid olan 72 kv.m. sahənin çıxarılmaqla reyestr məlumatlarında düzəlişlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. İddia təmin olunmadığı üçün iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xərcləri iddiaçılara aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçılar İddiaçı1 Musa oğlunun, Zamanov Ədalət Rəhman oğlunun, İddiaçı3 Nadir oğlunun, Hüseynov Anar Allahverən oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 8 ünvanda yerləşən və "xxxx" firmasının mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində **********79-06302 reyestr nömrəsi ilə qeydiyyata alınmış binanın tərkibindən X9 aid olan 223,57 kv.m. sahənin, İddiaçı2 aid olan 85 kv.m. sahənin, İddiaçı3 aid olan 72 kv.m. sahənin və İddiaçı4 aid olan 72 kv.m. sahənin çıxarılmaqla reyestr məlumatlarında düzəlişlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. İddiaçılar İddiaçı1 Musa oğlundan, Zamanov Ədalət Rəhman oğlundan, İddiaçı3 Nadir oğlundan, Hüseynov Anar Allahverən oğlundan müştərək qaydada aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Adı: X6, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-56/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-56/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver