Məhkəmə qərarları › İş №2-1(112)-56/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-56/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-56/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər Xətai Rayon Xətai Bələdiyyəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinə müraciət edərək icarə müqaviləsi əsasında ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən 2.200 (iki min iki yüz) kv.m torpaq sahəsində yerləşən avtodayanacaq sahəsinə dair qanunsuz verilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 97 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən 2.200 (iki min iki yüz) kv.m torpaq sahəsi Xətai rayon Xətai Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 02 mart 2005-ci il tarixli “Torpaq sahələrinin icarəyə verilməsi haqqında 07/52 nömrəli icarə müqaviləsinə” əsasən iddiaçıya verilmişdir. 09 noyabr 2005-ci il tarixli Xətai rayon Bələdiyyəsinin sədrinin sərəncamı ilə həmin torpaq sahəsi avtodayanacaq kimi istifadə edilməsi məqsədilə uzun müddətli (99il) olmaqla iddiaçının icarəsinə verilmişdir. İddiaçı həmin tarixdən torpaq sahəsini təyinatı üzrə istifadə etməkdədir. 17 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə başçısının müavini və nümayəndələri traktor və digər texnikalar ilə rəsmi xəbərdarlıq edilmədən torpaq sahəsinə daxil olub tikili və qarajları özbaşına olaraq uçurub dağıtmış, iddiaçıları qanunu torpaq sahəsindən qovmuş, yerlərini zəbt etmişdirlər. Əmlakın məhvindən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının 97 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamının ksero sürəti iddiaçıya təqdim olunmuş, bu torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən X2 əməkdaşlarına yaşayış binasının tikintisi üçün ayrıldığı bildirilmişdir. İddiaçı ilə Bələdiyyə arasında torpaq sahəsinin verilməsinə dair icarə müqaviləsi və sərəncamı vardır. İddiaçı hesab edir ki, Xətai Rayon İcra Hakimiyyətinin hərəkətləri tam qanunsuz və özbaşınalıqdır. Məhkəmə tərəfindən icra hakimiyyətinin özbaşınalıqdan çəkindirilməsinə dair qərar qəbul edilməlidir.

3. Bakı Şəhər Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən təqdim olunmuş xx.xx.2005-ci il tarixli “avtomobil dayanacağının torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi haqqında” sənəddən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən 2.200 (iki min iki yüz) kv.m torpaq sahəsi vətəndaş İddiaçı ilə Xətai Bələdiyyəsi arasında uzun müddətli (99 il) icarə müqaviləsi bağlanmışdır.

4. Xətai Rayon Xətai Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 07/52 nömrəli, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən 2.200 (iki min iki yüz) kv.m torpaq sahəsi “icarəçi” İddiaçı müvəqqəti istifadə üçün icarəsinə verilmişdir.

5. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının X2 əməkdaşlarına yaşayış binasının tikintisi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli sərəncamından görünür ki, X2 əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisi üçün Xətai rayonu, Gəncə prospekti 67 saylı yaşayış binasının şimal hissəsində yerləşən 0,41 ha torpaq sahəsi Akademiyanın daimi istifadəsinə verilmişdir.

6. Məhkəmənin hazırkı işi üzrə 19 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Xətai rayon Xətai Bələdiyyəsinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası üçüncü şəxs qismində işə cəlb edilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinin 01 mart 2019-cu il tarixli, 7-296/1 nömrəli məktubuna əlavə etdiyi plana uyğun olaraq Xətai rayonu, Gəncə prospekti 67 saylı yaşayış binasının şimal hissəsində yerləşən 0,41 ha torpaq sahəsinin yaşayış binalarının tikintisi məqsədi ilə X3 ayrılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda torpaq sahəsinin ayrılması barədə müvafiq qərar qəbul edilənə qədər Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinin sifarişçinin vəsaiti hesabına yerquruluşu qaydasında hüdudlarının yerdə (naturada) və xəritədə müəyyən edilməsinin zəruriliyi bildirilmişdir.

8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən torpaq sahəsinin ayrılması barədə sənədə əsasən yerquruluşu işləri aparılan zaman ərazinin dövlət mülkiyyətində olmasına baxmayaraq ayrılması nəzərdə tutulan torpaq sahəsinin 0,22 hektar hissəsinin Xətai rayonu, Xətai bələdiyyəsinin 09 noyabr 2005-ci il tarixli, 65/115a saylı qərarına əsasən avtomobil dayanacağı kimi istifadə olunduğu müəyyən edilmişdir.

9. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 14 mart 2019-cu il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 01 mart 2019-cu il tarixli, 7-296/1 nömrəli məktubuna əlavə etdiyi plana uyğun olaraq Xətai rayonu, Gəncə prospekti 67 saylı yaşayış binasının şimal hissəsində yerləşən 0,41 ha torpaq sahəsinin yaşayış binalarının tikintisi məqsədi ilə X3 ayrılmasına etiraz etmədiyini bildirmişdir.

10. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir.

11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) 02 mart 2005-ci il tarixli 07/52 nömrəli Torpaq sahələrinin icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən icarəçi İddiaçı icarəyə verilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən ümumi sahəsi 2.200 kv.m olan torpaq sahəsinin dövlət mülkiyyəti və ya bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilsin. 2) Qeyd olunan torpaq sahəsinin koordinatları müəyyən edilsin və həmin torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 97 nömrəli Sərəncamı ilə Azərbaycan X2 əməkdaşlarına yaşayış binasının tikintisi üçün Azərbaycan X2 daimi istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşürmü? Ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır.

12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 04 avqust 2020-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən torpaq sahəsinə ekspertin iştirakı ilə baxış keçirilməsi (baxışın vaxtını ekspertlə əvvəlcədən razılaşdırılmaqla), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim olunmasını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsininn mütəxəssis rəyinin təqdim olunmasını xahiş etmişdir.

13. Məhkəmənin tədqiqat obyektinə baxışda mütəxəssisin iştirakının təmin edilməsi və mütəxəssis rəyinin verilməsi barədə 24 avqust 2020-ci il tarixli məktubuna müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş arayışda bildirilmişdir ki, müraciətdə qeyd edilən tarixdə əraziyə baxış keçirilib, iddia edilən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür, iş üzrə iddia edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, sxem və sair) rəsmi surətdə təqdim edilməməsi səbəbindən əlavə münasibət bildirilməsi mümkün olmamışdır.

14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ünvanlanmış 25 yanvar 2021-ci il tarixli, 10/1736 nömrəli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsininn mütəxəssislərinin rəyinin təqdim olunması, həmçinin tədqiqat obyektinə baxışın keçirilməsi zəruri olduğundan bu barədə 04 avqust 2020-ci il tarixli vəsatət göndərilmişdir. Tədqiqat obyektinə baxışın keçirilməsi xx.xx.2020ci il tarixə təyin olunmuşdur. Lakin baxışdan 1 aydan çox müddət keçməsinə baxmayaraq hər-hansı bir sənəd (mütəxəssis rəyi) təqdim edilməmişdir. Beləliklə ekspert vəsatəti təmin edilmədiyi üçün xx.xx.2021-ci il tarixdə ekspertizanın aparılmasından imtina edilmişdir.

15. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.

16. Məhkəmənin əvvəlki iclasında iştirak edən üçüncü şəxs Azərbaycan X2 nümayəndəsi bildirdi ki, qeyd edilən ərazidə Azərbaycan X2 əməkdaşları üçün artıq bina inşa edilmişdir.

17. Cavabdehin nümayəndəsi şifahi məhkəmə dinləmələrində (məhkəmə baxışı iclasında) iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

18. İddianın növü sərəncamın ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

21. İddiaçı tərəfindən bildirilən ərazidə Xətai rayonu, Gəncə prospekti 67 saylı yaşayış binasının şimal hissəsində çoxmərtəbəli yaşayış binası inşa olunduğu işin mübahisəsiz halıdır.

22. Məhkəmə qeyd edir ki, Azərbaycan X2 maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal (“İnzibati icraat haqqında” qanunun 67.6-cı maddəsinə əsasən) məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir.

23. Digər tərəfdən sərəncamın ləğvi ilə torpaq sahəsinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmadığından sərəncamın ləğv edilməsi nəzəri və xəyali hüquqları təmin etmiş olar, odur ki, iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquq müdafiə vasitəsi hesab edilə bilməz.

24. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

25. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

26. X4 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X4 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

27. Məhkəmə hesab edir ki, konkret halda iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının zərər vurmuş şəxsə qarşı əsaslandırılmış şəkildə kompensasiya tələbi irəli sürməklə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar