Məhkəmə qərarları › İş №2-1(112)-56/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-56/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-56/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X2 nümayəndəsi və vəkili X12 iştirakı ilə, iddiaçı X2 cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X15 cəlb olunmaqla) qarşı “torpaq sahəsinin naturada müəyyən edilməklə cizgi planın tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı X9 cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə X2 adına ayrılmış Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 №-li sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsi anası X3 ayrılmışdır. Anası vəfat etdikdən sonra Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə bu torpaq sahəsi onun adına keçirilmişdir. Lakin torpaq sahəsinin dəqiq yerinin müəyyən olunması sərəncamla birlikdə cizgi planı təqdim edilmədiyi üçün mümkün olmamışdır. Buna görə də ona məxsus torpaqdan istifadə faktiki olaraq mümkün deyildir. Çünki Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahə ümumi ünvan olmaqla, təxminən 1.0 ha ərazini əhatə edir və müxtəlif şəxslərə buradan fərqli ölçülərdə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ünvanı eyni adlandırıldığı üçün müxtəlif şəxslərə müxtəlif ölçülərdə ayrılan torpaq sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq tərəflərindən cavabdehə müraciət olunmuş, cavabdehin xx.xx.2020-ci il tarixli, C66-091 saylı cavab məktubu ilə bildirilmişdir ki, “RİH-in sənədləri 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı fılialına təhvil verildiyindən aidiyyəti üzrə müraciət olunmasını tövsiyə edirlər”. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli, P196 saylı cavab məktubunda isə qeyd edilmişdir ki, müvafıq sərəncama cizgi əlavə edilməmişdir. Göründüyü kimi müvafiq dövlət orqanlarından torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etməyə imkan verən cizginin əldə olunması mümkün olmamışdır. Onun anasına torpağın 1998-ci ildə ayrılmasını nəzərə alaraq, həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29cu maddəsinə əsasən müvafıq rayon, şəhər xalq deputatları soveti tərəfındən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Bütün bu maddələrdən göründüyü kimi torpağın ayrılması ilə yanaşı torpağın dəqiq yerinin müəyyən edilməsi də müvafıq icra hakimiyyətinin öhdəliyində olmuşdur. Lakin bu halda cavabdeh iddiaçıya torpağın dəqiq yerini müəyyən edən hər hansı yerləşmə cizgisi təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3267/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə İddiaçı adına ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)-865/2022 saylı qərardadı ilə X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)-865/2022 saylı qərardadı ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətiin qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3267/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardadda bildirilmişdir ki, işin birinci instansiya icraatı iddiaçı tərəfindən cizginin tərtib edilməsinin tələb edildiyi torpaq sahəsində başqa digər şəxslərin adına sərəncamların, cizgilərin verilməsi, dövlət qeydiyyatının aparılıb-aparılmaması, hazırkı mübahisənin digər şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunulub-toxunulmadığı müəyyən edilməli, toxunduğu təqdirdə həmin şəxslər üçüncü şəxs qismində icraata cəlb edilməli, torpaq sahəsinə tərəflərin, üçüncü şəxsin və mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilməklə, zərurət yarandıqda ekspertiza təyin etməklə iddia tələbinə qiymət verilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış C66-091 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə yerləşən 1200,00 torpaq sahəsinin iki ayrı sərəncamla eyni ünvanda vətəndaş İddiaçı və vətəndaş Dostəliyeva (qızlıq soyadı İsmayılova) Lalə Əhməd qızına ayrıldığından, həmin torpaq sahəsinin üst-üstə düşüb düşməməmsinə aydınlıq gətirilməsinə və ayrılmış torpaq sahəsinə dair ayrıc aktının verilməsinə köməklik göstərilməsi haqqında müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 155 saylı sərəncamı ilə Suraxanı RİHBnın xx.xx.1998-ci il tarixli, 973 saylı sərəncamında dəyişiklik edilərək Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə anası X3 ayrılmış 1200,0 kv.m torpaq sahəsi İddiaçı adına dəyişdirilmişdir. Bildirilmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən təqribən 1,0 ha ərazini əhatə edən torpaq sahəsinin 1998-ci ildə bir necə hissəyə müxtəlif ölçülərlə bölünərək Suraxanı RİHB-nın müvafiq sərəncamları ilə ünvan olaraq “73 nömrəli mağazanın qarşısındakı sahə” göstərilməklə vətəndaşlara (o cümlədən X3 -1200,0 kv.m və X11 -900,0 kv.m) ayrıldığı, eləcə də sözügedən torpaq sahəsinin 1998-ci ildə Suraxanı RİHB-nın iki ayrı sərəncamı ilə iki şəxsə ayrılması faktı öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, RİH-in sənədləri 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən və sözügedən torpaq sahəsi ilə bağlı vətəndaş Dostiyeva (qızlıq soyadı İsmayılova) Lalə Əhməd qızı ilə aralarında mübahisə predmeti olan məsələlərin həllinin qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə qaydasında mümkünlüyünü nəzərə alaraq aidiyyəti üzrə müraciət olunmasını tövsiyə edilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-00626-2021 №-li, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 1998-ci il tarixli, 973 nömrəli “Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 7, mənzil 22-də yaşayan X3 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sərəncama əsasən X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə 1200 (min iki yüz) kv.m torpaq sahəsinin ayrılmasına, E.Qazıbəyova ayrılmış sahədə 185-000-111S №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə, kürsülüyün 2 m müəyyən edilməsinə, mütəxəssis S.Məmmədzadənin sahənin ölçülərinin naturada təyin etməsinə sərəncam verilmişdir. -Həmin məktuba əlavə edilmiş Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 nömrəli “Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan vətəndaş İddiaçı Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək anası X5 qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200,00 (min iki yüz) kv.m. torpaq sahəsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətəndaş X7 xx.xx.2004-cü il tarixdə vəfat etmişdır (ölum haqqında xx.xx.2004-cü il tarixli, AZ № 028012 şəhadətnamənin surəti əlavə olunmuşdur). Qeyd olunanlara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 №-li sərəncamının 1-ci bəndinin quvvədən duşmuş hesab edilməsi, Qaraçuxur qəsəbəsı, 4048-cı məhəllə 73 №-li mağazanın qarşısındakı sahədə ayrılmış 1200,00 (min iki yuz) kv.m torpaq sahəsınin vətəndaş İddiaçı adına dəyişdirilməsi, sərəncamın qalan bəndlərınin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 1/7 №-li, xx.xx.2021-ci il tarixli, 1/545 №-li, xx.xx.2021-ci il tarixli, 1/808 №-li, xx.xx.2021-ci il tarixli və 1/1165 №-li, xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli, 973 saylı sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı ərazidən 1200 kv.m torpaq sahəsi X3 ayrılmışdır. X8 vəfat etdikdən sonra sözügedən torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 155 saylı sərəncamı ilə mərhumun qızı, bu iş üzrə İddiaçı adına dəyişdirilmişdir. Qanunverciliyin tələblərinə uyğun olaraq vətəndaşlara həmin dövrdə torpaq sahəsi ayrılarkən plan-sxemin verilməsi RİH tərəfindən təmin edildiyindən və həmin dövrü o cümlədən 1998-ci ili əhatə edən sənədlər RİH-də saxlanılmadığından vətəndaşa, bu iş üzrə iddiaçıya Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etməsi tövsiyə olunmuşdur. -Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 1/983 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən 900,0 kvm. torpaq sahəsinin X11 ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi haqqında məktuba Suraxanı rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, rayon İcra Hakimiyyətinin 2008-ci il də daxil olmaqla sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sorğununun cavablandırlması imkanları xaricindədir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-03229-2021 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumatın əldə olunması imkan xaricindədir. Müvafiq sorğu əsasında: -Dostuyeva (İsmayılova) Lalə Əhməd qızına Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən torpaq sahəsi ilə bağlı çıxarışın verilibverilməməsi barədə məlumatların, ümumiyyətlə qeyd edilən ünvanda yerləşən torpaq sahəsi ilə bağlı hansı şəxslərə çıxarışın verilməsi barədə məlumatların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən; -Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən 1,0 ha ərazi ilə bağlı X1 və Dostiyeva (İsmayılova) Lalə Əhməd qızından başqa hansı şəxslərə sərəncamların, cizgilərin verilməsi barədə məlumatların, eyni zamanda Dostiyeva (İsmayılova) Lalə Əhməd qızına verilmiş sərəncamın və cizginin surətlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından; -Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən 1,0 ha ərazi ilə bağlı X1 və Dostiyeva (İsmayılova) Lalə Əhməd qızından başqa hansı şəxslərə sərəncamların, cizgilərin verilməsi barədə məlumatların, eyni zamanda Dostiyeva (İsmayılova) Lalə Əhməd qızına verilmiş sərəncamın və cizginin surətlərinin göndərilməsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən sorğu əsasında göndərilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********38 №-li cavab məktubunda qeyd edilmişdir ki, “Dostuyeva (İsmayılova) Lalə Əhməd qızının adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir.” Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-01146-2022 saylı, 01 mart 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumatın əldə olunması imkan xaricindədir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-865/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alınaraq, mübahisəli Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı ərazidə yerləşən 1200 kv.m torpaq sahəsinə dair başqa şəxslərin adına sərəncam, cizgi verilib-verilmədiyi, verildiyi təqdirdə həmin şəxslər barədə məlumatların, habelə, göstərilən ərazinin dövlət qeydiyyatına alınması barədə məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh Suraxanı RİH-ə və DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmişdir. Suraxanı RİH-in xx.xx.2022-ci il tarixli, 1/2435 saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən təqribən 1,0 hektar ərazini əhatə edən torpaq sahəsinin 1998-ci ildə bir neçə hissəyə müxtəlif ölçülərlə bölünərək Suraxanı RİHB-nın müvafiq sərəncamları ilə ünvan olaraq "73 nömrəli mağazanın qarşısındakı sahə” göstərilməklə vətəndaşlara (o cümlədən X3 -1200,0 kv.m və X11 -900,0 kv.m) ayrıldığı müəyyən edilmiş, eləcə də həmin ərazidə eyni torpaq sahəsinin iki ayrı sərəncamla iki şəxsə ayrılması faktı olmamışdır. Vətəndaş İddiaçı tərəfindən surəti təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 155 saylı sərəncamı ilə Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli 973 saylı sərəncamında dəyişiklik edilərək Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə X3 ayrılmış 1200,0 kv.m torpaq sahəsi qızı İddiaçı adına dəyişdirilmişdir. Eyni zamanda bildirilmişdir ki, RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sorğunuya qeyd edilən məsələ ilə bağlı məlumatların təqdim edilməsi imkan xaricindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı ərazidə yerləşən 1200 kv.m torpaq sahəsinin X2 adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd olunan torpaq sahəsinə dair ətraflı və dəqiq məlumat (koordinat göstəriciləri) təqdim edildiyi halda sorğuya yenidən baxıla bilər. Həmçinin mübahisəli torpaq sahəsinə DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə yerində baxış keçirilmiş, lakin ərazi daş hasarla əhatə olunduğundan sahəyə daxil olmaq mümkün olmamış, torpaq sahəsinin cizgisi mövcud olmadığından iddiaolunan torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 19 iyun 2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, cavabdeh inzibati orqanın əməkdaşları, iddiaçını vəkili və məhkəmə tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərkən giriş qapısının bağlı olduğundan torpaq sahəsinin kordinatları çöldən mişar daş hasara əsasən müəyyən edilərək idarənin elektron baza məlumatlarında baxılması üçün əlavə edilmiş, sözügedən torpaq sahəsinin faktiki ölçüsünün 1220.0 kv.metr, hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.metr olduğu, torpaq sahəsinin dörd tərəfdən mişar daşla hasarlandığı, torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış (mağaza) tikilisinin olduğu müəyyən edilmişdir. Məhkəməyə texniki kömək göstərilərək rəy verilməsi zərurəti yarandığından MPM-in 207.1-ci maddəsinə əsaən mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və aşağıdakı suallar qoyulmuşdur: 1.Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 155 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin. 2. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1290 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə İsmayılova (Dostuyeva) Lalə Əhməd qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin. 3. Göstərilən torpaq sahələrinin yerləşdiyi ərazi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısına uyğun gəlirmi? 4. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədən X4 ayrılmış 1200 kv.m torpaq sahəsi ilə İsmayılova (Dostuyeva) Lalə Əhməd qızına həmin ərazidən ayrılmış 900 kv.m torpaq sahəsi üst-üstə düşürmü? Düşdüyü halda hansı hissədə və ölçüdə düşməsi müəyyən edilsin. DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, sahə 73 nömrəli mağazanın qarşısında yerləşir. Sahənin giriş qapısı bağlı olduğundan, torpaq sahəsi hasarın çölündən göstərilmişdir. Hazırkı müraciət ilə bağlı yenidən tərəflər ilə əlaqə saxlanıldı, torpaq sahəsinin giriş qapısının bağlı olduğu bildirildi. Sözgedən torpaq sahəsinə dair cizgi təqdim edilmədiyindən vahid elektron kadstr məkumatlarına əsasən sənədin göstərilən sahəyə aid olub-olmamasını habelə üst-üstə düşmə halını müəyyənləşdirmək mümkün deyildir. Sahənin qeydiyyatı ilə bağlı məlumat yoxdur. Göstərilən hallarla əlaqədar məhkəmə iş üzrə ekspertiza təyin edilməsinə zərurət görməmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 1998-ci il tarixli, 973 nömrəli sərəncamı əsasında X6 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındaki sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. X6 ayrılmış sahədə 185-000- 111C №-li bir tipli lahiyə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. X7 vəfat etdiyindən Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 nömrəli sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 №-li sərəncamına dəyişiklik edilmiş, həmin sərəncamın 1-ci bəndi quvvədən duşmuş hesab edilmiş, Qaraçuxur qəsəbəsı, 4048-cı məhəllə 73 №-li mağazanın qarşısındakı sahədə ayrılmış 1200,00 (min iki yuz) kv.m torpaq sahəsı İddiaçı adına dəyişdirilmişdir. Qeyd olunan sərəncamlara ayrılmış torpaq sahəsinin cizgi planı əlavə edilməmişdir. Hazırda İddiaçı sərəncamla ayrılmış torpaq sahəsinin naturada müəyyən edilməklə cizgi planın tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh sənədlərin arxivdə olmasını əsas gətirərək müraciəti təmin etməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; .... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ..... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, torpaq sahəsi ayrılan və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. İşin məhkəmə araşdırması ilə iddiaçıya ayrılmış torpaq sahəsinin digər şəxslərə verilməsi barədə başqa sərəncamların, cizginin, dövlət reyestrində qeydiyyatının mövcudluğu həmçinin, iddiaolunan torpaq sahəsinin üçüncü şəxs L.Dostuyevaya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi, yaxud başqa şəxslərin hüquqlarına toxunması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunmasının cavabdehin öhdəliyinə aid edilməsini nəzərə alır və qeyd edir ki, hazırda iddiaçı öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə onun adına verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Bu baxımdan, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. İnzibati aktın ləğv edilməsi, etibarsız sayılması, qüvvədən düşməsi ilə bağlı isə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını isə təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsassız sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə İddiaçı adına ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi : İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə İddiaçı adına ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar