Məhkəmə qərarları › İş №2-1(112)-560/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-560/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-560/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçıların nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 224.3 kv.m olan 2 saylı mənzil İddiaçı3, ümumi sahəsi 224.3 kv.m olan 11 saylı mənzil İddiaçı2, ümumi sahəsi 160.1 kv.m olan 6 saylı mənzil İddiaçı1 və ümumi sahəsi 224.3 kv.m olan 8 saylı mənzil İddiaçı4 mülkiyyətindədir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra – iddiaçılar) xx.xx.2021-ci il tarixdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli, seriya RX ******* saylı çıxarışın və 11/883 nömrəli texniki pasportun qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyini nəzərə alaraq həmin çıxarışı və texniki pasportun ləğv edib, qanunvericiliyin tələblərinə uyğun şəkildə yenidən qeydiyyata alınmasını xahiş etmişlər. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********99 nömrəli məktubla iddiaçıların tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli, seriya RX ******* saylı çıxarışın və 1 1/883 nömrəli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıların nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin verdiyi xx/xx/2017-ci il tarixli, seriya RX ******* saylı çıxarışın, xx/xx/2016-cı il tarixində verilmiş seriya RX ******* saylı çıxarışın, xx/xx/2016-cı il tarixində verilmiş seriya RX ******* saylı çıxarışın, xx/xx/2017-ci il tarixində verilmiş seriya RX ******* saylı çıxarışın və 11/883 nömrəli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən məqsəduyğun hesab edilmədiyindən iddia tələbinin dəyişdirilməsi qəbul edilməmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi çoxmərtəbəli yaşayış binasında yaşayırlar. Binanın ilk 2 mərtəbəsi qeyri-yaşayış sahəsi, qalan 6 mərtəbə isə yaşayış sahəsidir. Binada cəmi 16 mənzil mövcuddur. Binanın ikinci mərtəbəsində olan qeyri-yaşayış sahəsi X5 məxsusdur. Binanın ilkin vəziyyətində X5 məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxışı yaşayış mənzillərinə gediş-gəliş sahəsindən deyil, başqa yerdən olmuşdur. Sonradan blokdan həmin qeyriyaşayış sahəsinə qapı açılmış və sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş və liftin qarşısındakı 20 kv/m-dən ibarət sahə qeyri-yaşayış sahəsinin tərkibinə birləşdirilərək onun mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin liftin qarşısındakı 20 kv/mdən ibarət sahə ilə birlikdə X5 məxsus olması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli, seriya RX ******* saylı çıxarışı və 11/883 nömrəli texniki pasportu mövcuddur. Həmin texniki pasportun sonuncu səhifəsində texniki pasportun hazırlanmasına əsas olmuş şənədlər kimi xx.xx.2016-cı il tarixli, ******* nömrəli Dövlət Reyestrindən çıxarış və eyni tarixli 11/2096 saylı texniki pasport göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli, seriya RX ******* saylı çıxarışı və 11/883 nömrəli texniki pasportu qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, həm qeyri-yaşayış sahəsinin giriş-çıxış yolu düzgün müəyyən olunmamış, həm də 2-ci mərtəbədə liftin qarşısındakı ümumi istifadə üçün nəzərdə tutulmuş 20 kv/m sahədən ibarət holl qanunsuz olaraq X3 mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 29 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində X5 məxsus 200 kv.m qeyri-yaşayış sahəsindən ümumi istifadədə olan liftin qarşısında yerləşən sahəyə mövcud giriş-çıxış qapısının açılması və həmin giriş-çıxış yerindən istifadə "İnşaat Norma və Qaydaları” 2.09.01,89*-un "Qeyri yaşayış mərtəbələri" 1.38* bəndinin tələblərinə uyğun deyildir. Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 29 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində X4 adına verilmiş texniki pasportda liftin qarşısında yerləşən 20 kv.m sahənin (holl) Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə görə ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. X3 adına verilmiş texniki pasportda liftin qarşısında yerləşən 20 kv.m sahənin (holl) bağlanması, xüsusi mülkiyyət kimi istifadəsi Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış binasında yaşayan şəxslərin, qonşuların hüquqlarının və qanuni mənafelərinin yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji baxımdan həyala keçirilməsinə maneə törədir. X5 məxsus 200 kv.m qeyri-yaşayış sahəsi yerləşən mərtəbədə liftin qarşısının bağlanması ümumi istifadədə olan şaxtalara, liftə və digər kommunikasiya xətlərinə nəzarət Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 4-cü bəndində “Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyinə dair tələblərə" uyğun deyildir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncu şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxsə dair çıxarış və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan: - 2015-ci il tarixli ünvan 2 ünvanında yerləşən X10 məxsus 8 mərtəbəli fərdi yaşayış evinin layihəsindən görünür ki, binanın 2-ci mərtəbəsində boş sahə 470,6 kv.metr (180 kv.metr və 290,6 kv.metr olmaqla), holl 23,6 kv.metr, ümumi pilləkən 15,8 kv.metr olmuşdur. - xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X12 xx.xx.2016-cı il tarixli çıxarışa əsasən mülkiyyətində olan 2-ci mərtəbədəki cəmi 203.6 kv.metr qeyri yaşayış sahəsini (1 nömrəli otaq 180 kv.metr, 2 nömrəli otaq 23,6 kv.metr) X8 bağışlamışdır. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 203.6 kv.m olan qeyri-yaşayış sahəsinə X7 mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona xx.xx.2016-cı il tarixdə çıxarış verilmişdir. - AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X11 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 203.6 kv.m olan qeyri-yaşayış sahəsinin 200 kv.m hissəsini alıcı X1. - RX seriyalı, ******* nömrəli xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 203.6 kv.m olan qeyri-yaşayış sahəsinin 200 kv.m hissəsi üçüncü şəxs X3, 3,6 kv.m hissəsi X7 paylı mülkiyyətində olmuşdur. - xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, X11 ünvan 4 ünvanında yerləşən ona aid olan 3.6 kv.m qeyri-yaşayış sahəsindən 1.1 kv.m-in ümumi istifadə sahəsinə verilməsinə, ona aid olan sahənin azalaraq 2.5 kv.m olmasına və həmin sahəyə reyestrdən çıxarış verilməsinə etiraz etməmiş, qeyri-yaşayış sahəsinin bölgü-sxemi tərtib edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, üçüncü şəxs X6 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 2.5 kv.m olan qeyri-yaşayış sahəsinə dair tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, üçüncü şəxs X3 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinə dair tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Həmçinin, qeyri-yaşayış sahəsinə dair X3 adına xx.xx.2017-ci il tarixli 11/883 nömrəli texniki pasport tərtib edilmişdir. 11/883 nömrəli texniki pasportdan görünür ki, bina 2015-ci il tarixdə tikilmişdir, 8 mərtəbəlidir və müvafiq qeyri-yaşayış sahəsi 2-ci mərtəbədə yerləşir. Əsas sahəsi 180 kv.m, köməkçi sahəsi (holl) 20 kv.m-dən ibarətdir. İddiaçılar hazırda Yeryomenko küçəsi 29, 2-ci mərtəbə, qapı 1 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinə dair üçüncü şəxsin adına aparılmış qeydə əsasən verilmiş xx.xx.2017-ci il tarixli çıxarşın və 11/883 nömrəli texniki pasportun ləğv edilməsini xahiş edir, bu zaman qeyri-yaşayış sahəsinin giriş-çıxış yolunun düzgün müəyyən olunmamasına və ümumi istifadə üçün nəzərdə tutulmuş 20 kv.metr sahənin üçüncü şəxsin mülkiyyətinə verilməsinə istinad edirlər. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 7.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. İşin yuxarıda sadalanan hallarından görünür ki, 180 kv.metr 1 nömrəli və 20 kv.metr 2 nömrəli otaq olmaqla, cəmi 200 kv.metr qeyri yaşayış sahəsi üçüncü şəxs X.Şixəliyevadan əvvəl keçmiş mülkiyyəçi X24 məxsus olmuş və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, üçüncü şəxs isə həmin əmlakı X20 almışdır. Cavabdeh yuxarıda istinad olunan normanın tələbinə əsasən notariat qaydasında təsdiq edilmiş həmin müqavilə əsasında üçüncü şəxsin hüququnu qeydə almış, bu zaman hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Eyni zaman o da qeyd edilməlidir ki, iddiaçıların mübahisələndirdikləri 20 kv.metr (ilk əvvək 23.6 kv.metr) sahə X23 əvvəl isə X25 mülkiyyətində olmuş, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış, o isə xx.xx.2016-cı il tarixdə X24 bağışlamışdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, mübahisəli sahəyə dair ilkin qeydiyyat xx.xx.2016-cı il tarixli çıxarışa əsasən X25 adına qeydə alınmış və həmin qeydiyyat iddiaçılar tərəfindən mübahisələndirilməmişdir, belə olan halda alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsin adına aparılan qeydiyyat və bunun əsasında verilən çıxarışın ləğv olunması üçün əsas yoxdur. Bundan başqa, 29 saylı fərdi yaşayış evinin layihəsindən görünür ki, digər mərtəbələrdə mübahisələndirilən sahə ümumi dəhliz kimi qeyd olunsa da, 2-ci mərtəbədə həmin sahə Holl kimi qeyd olunmuş, həmin mərtəbədə cəmi 470,6 kv.metr olmaqla, birinin sahəsi 180 kv.metr, digərinin sahəsi 290,6 kv.metr olan iki boş sahə mövcud olmuşdur. İşdən görünür ki, iddiaçıların heç biri həmin mərtəbədəki digər qeyri-yaşayış sahəsinin mülkiyyətçisi deyildir. Belə olan halda, layihədə ümumi sahə kimi göstərilməyən 20 kv.metr sahənin üçüncü şəxsin mülkiyyətində olmasının iddiaçıların hər hansı bir hüququnu pozması iş materialları ilə müəyyən edilmir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar çıxarışı mübahisələndirərkən iddia ərizəsində üçüncü şəxsin qeyri-yaşayış sahəsində yenidənqurma etməklə yeni qapı oyuğu açmasına istinad etmişlər. Lakin şəxsin özünə məxsus əmlakda yenidən qurma və ya yenidən planlaşdırma etməsi onun mülkiyyət hüququnun qeydiyyatının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Baxılan iddia inzibati aktın ləğvi ilə bağlı olmasa da, məhkəmə hesab edir ki, cavavbdehin üçüncü şəxsin xeyrinə apardığı qeydin ləğv edilməsində ibarət hazırkı iddiaya da oxşar yanaşma tətbiq edilməlidir. Hazırkı halda həmin qeydin qanunazidd olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, onun əsasında verilmiş çıxarışın və texniki pasportun ləğvi üçün də əsas yoxdur, buna görə də iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar