Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-560/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün müvafiq sorğunun göndərilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün müvafiq sorğunun göndərilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı şəxsiyyətinin müəyyənləşdirilməsi üçün onun şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnaməsinin Rusiya Federasiyası Çelyabinsk vilayəti Zlatoust şəhərindən istənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1948-ci ildə Rusiya Federasiyası Çelyabinsk Vilayəti, Zlatoust şəhərinddə anadan olmuşdur. 17 yaşından Azərbaycanda yaşayır. Şəxsiyyət vəsiqəsi heç vaxt olmayıb. 1 saylı Bakı “Asan xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə doğum haqqında şəhadətnaməsini istəmişlər. Doğum haqqında şəhadətnaməsini itirdiyinə görə təqdim edə bilməmişdir. xx.xx.2023-cü ildə Nəsimi rayon qeydiyyat şöbəsinə doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin, şəxsiyyətini təsdiq edən sənəd təqdim edə bilmədiyinə görə ona imtina verilmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı Qriqoryevnanın “ondan şəxsiyyəti təsdiq edən başqa sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun – 1948-ci ildə Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Zlatoust şəhərində doğulmuş İddiaçı Qriqoryevnanın – doğum faktının 1948ci ildə Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Zlatoust şəhər VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Rusiya Federasiyasının müvafiq qurumlarına sorğu göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 22.1.2023-cü il tarixli 3-16-5/8-T-15-1734/2023 nömrəli imtina məktubuna əsasən, iddiaçının müraciətinin təmin edilməsindən imtinaya əsas kimi şəxsiyyətini təsdiq edən sənədin olmamasına istinad edilmişdir.
8. BMT QAK Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ***- *******06 nömrəli himayə sənədinə əsasən xx.xx.1948-ci il təvəllüdlü Pronina Galina BMT QAK-ın mandatı altında olan şəxsdir.
9. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi dairəsi tərəfindən verilmiş 3-37/2-P-9333-xx-xx-12133/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, BMT QAK-ın himayəsində olan Pronina Galina (himayə sənədi № ***-*******06) Dövlət Miqrasiya Xidməti tərəfindən 07 noyabr 2024-cü il tarixindən 30 noyabr 2024-cü il tarixədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-5/8- 13-134/2024 nömrəli məktubla bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları elektron informasiya sistemində” xx.xx.2024-cü ilədək axtarış aparılmış və İddiaçı Qriqoryevnanın barəsində hər hansı akt qeydi aşkar edilməmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 18/2-5814/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, 1948-ci il təvəllüdlü İddiaçı Qriqoryevnanın Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir.
12. 41 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 157 nömrəli, xx.xx.2024-cü il tarixli forma 2 arayışına əsasən İddiaçı Qriqoryevna Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə döngəsi, ev 13-də uzun illərdir ki, qeydiyyatsız yaşayır.
13. ünvan 3 ünvanında qeydiyyatda olan X5, ünvan 4 ünvanında qeydiyyatda olan X1 və ünvan 5 ünvanında qeydiyyatda olan X2 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək bildirmişlər ki, İddiaçı Qriqoryevna Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə döngəsi, ev 13, mənzil 4; ünvan 4 ünvanında qeydiyyatsız yaşayır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, iddiaçının vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəsini aşağıdakılarla əsaslandır:
22. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi onun doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında şəhadətnamənin verilməsi məqsədilə Rusiya Federasiyasının müvafiq qurumlarına sorğu göndərilməsinə nail olmaqdır.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.8.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir.
30. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı hazırki tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından şəxsiyyətini təsdiq edən sənədin olmaması əsası ilə imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.
31. Belə ki, iddia tələbi ilə bağlı məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya məxsus doğum haqqında şəhadətnamənin əldə edilməsi məqsədilə Rusiya Federasiyasının müvafiq qurumlarına sorğu göndərilməsinin mümkün olubolmaması yoxlanılmalı, onun şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilib-edilməməsi məsələsinə qiymət verilməlidir. Bu istiqamətdə qiymətləndirmənin aparılması üçün məhkəmə aşağdaki qanunvericilik aktlarına istinad edir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir.
33. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi üçün maraqlı şəxs vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Bu zaman qaydaların 9.3-cü bəndində səciyyələnmiş məlumatlar ərizədə göstərilməli, ərizəçininn şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilməlidir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə vətəndaşın “şəxsiyyətini təsdiq edən sənəd” dedikdə vətəndaşın şəxsiyyət vəsiqəsi başa düşülür.
34. Bu cür yanaşma “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gəlir ki, həmin Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
35. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir.
36. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir.
37. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.
38. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir.
39. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir.
40. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq yoxlanılmalı və həmin sənəd iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyi halda, iddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamənin əldə edilməsi məqsədilə Rusiya Federasiyasına sorğu göndərilməsi tələbi üzrə nəticə verilməlidir”.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş ***-*******06 saylı himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır.
42. İddianın tələbinin qanuni olduğu həmçinin ondan irəli gəlir ki, cavabdeh tərəfindən doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin surəti təqdim olunmuşdur. Azərbaycan Respublikası Milli X3 Birliyinin iştirakçısı olan dövlətlərin “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə 01 sentyabr 1995-ci il tarixli 1098 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 1993-cü il yanvarın 22-də Minsk şəhərində bağladığı Konvensiyaya qoşulmuşdur.
43. Beləliklə, iddiaçı barəsində Rusiya Federasiyası Çelyabinsk vilayəti, Zlatoust VVAQ Şöbəsi tərəfindən əvvəllər aparılmış doğum haqqında akt qeydləri mövcud olduğu təqdirdə, “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” Minsk Konvensiyasına əsasən cavabdeh tərəfindən göndəriləcək sorğu əsasında iddiaçının həmin təkrar şəhadətnaməni almaq hüququ vardır.
44. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 69. maddəsini əsas gətirir və bildirir ki, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
45. «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikası Qanununun:
2. maddəsinin ikinci bəndinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir.
5. maddəsinin 8. bəndinə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və onlar üçün müəyyən olunmuş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasını tərk etməlidirlər.
46. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 5. maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar.
6. maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyataxtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər.
47. Nəzərə alınmalıdır ki, iddiaçının doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin olması onun həmin dövrdə doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin olmasına əsas verir. Hazırki vəziyyətdə doğum haqqında şəhadətnaməsinin olmaması hər bir halda şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç bir ayrı seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir.
48. Bundan başqa, məhkəmə vurğulamağı zəruri hesab edir ki, Ali məhkəmənin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə maraqlı şəxsin şəxsiyyətini müəyyən edən sənəd (şəxsiyyət vəsiqəsi) olmadığı halda, onun şəxsiyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilir. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1006/2019 saylı, xx.xx.2019-cu il tarixli)
49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
50. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisədə həm də bərabərlik prinsipi nəzərə alınmalıdır.
51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
52. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
53. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
54. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
55. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Qriqoryevnadan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona, 1948-ci ildə Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Zlatoust şəhərində anadan olmuş, İddiaçı Qriqoryevnaya doğum faktının qeydə alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Rusiya Federasiyasının müvafiq qurumlarına sorğu göndərilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva