Məhkəmə qərarları › İş №2-1(112)-5601/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5601/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5601/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Teymur Rauf oğlu İsmayılovun katibliyi, İddiaçı X2,cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiаçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “iddiaçının 2007, 2008 və 2009-cu illər üçün Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş məbləğinin yenidən hesablanaraq şəxsi hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “iddiaçının 2007, 2008 və 2009-cu illər üçün Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş məbləğinin yenidən hesablanaraq şəxsi hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X2 ərizəsində göstərmişdir ki, o, xx.xx.1958-ci ildə Qusar şəhərində anadan olmuşdur.1978-ci il avqust ayında Leytinant Şmidt adına maşınqayırma zavodunda işə başlamış və 2010 –cu ilin yanvar ayına kimi həmin zavodda çalışmışdır.Sonralar zavodun adı dəyişdirilərək Səttərxan adına maşınqayırma zavodu adlandırılmışdır.Hal-hazırda zavodun adı Bakı maşınqayırma zavodu ASC kimi qeydiyyatdan keçmişdir. 01.01.2006-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yaradılmış və hər bir fərdin hesabına ümumi əmək haqqının 25%-i (22%-i işəgötürən tərəfindən, 3%-i isə işçi tərəfindən) qədər pul köçürülməlidir. Belə ki, 2006-cı il üçün qanunauyğun köçürülmüş,lakin 2007, 2008 və 2009-cu illər üçün 7-8% arasında hesablanaraq pul köçürülmüşdür. X2 tərəfindən 04.02.2020-ci ildə məktubla cavabdehə müraciət edilsədə bugünə kimi bir cavab alınmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi “iddia ərizəsinə dair etirazı”nda bildirmişdir ki, iddia tələbi inzibati mübahisə olmadığından Bakı İnzibati Məhkəməsində baxılmalı deyil, mülki iddia kimi aidiyyatı üzrə ümumi rayon məhkəməsində baxılmalıdır. Belə ki, "xxxx" ASC inzibati orqan olmadığından sözügedən iddia tələbi inzibati mübahisə ola bilməz. Bundan əlavə iddia ərizəsində qeyd olunan 2007, 2008, 2009-cu illərdə ödənilməli olan ümumi əmək haqqının 25 % qədər məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilmişdir. Bügünkü gün üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işçilərə görə ödənilməli olan borcu yoxdur. Həmin ödəniş Cəmiyyət tərəfindən ödənildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən müəyyən olunaraq hər bir işçiyə bölünərək şəxsi hesablarına köçürülür. İddiaçı isə mübahisəni həll etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu cavabdeh qismində məhkəməyə cəlb etmək əvəzinə "xxxx" ASC-ni bu mübahisə üzrə cavabdeh qismində cəlb etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçını və cavabdehih nümayəndəsini dinləyərək, hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.” Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)... Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia əzizəsindən göründüyü kimi iddiaçının tələbi "xxxx" ASC tərəfindən 2007, 2008, 2009-cu illərdə iddiaçının əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqları üzrə məbləğlərin DSMF-yə köçürülməsinə məcbur edilməsindən ibarətdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə əmək hüquq münasibətlərdən irəli gələn mübahisədir. Halbuki yuxarıda sadalanan qanunvericilik normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda "xxxx" ASCinzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdeh "xxxx" ASCinzibati orqan deyildir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1cavabdeh "xxxx" ASCyə qarşı “iddiaçının 2007, 2008 və 2009-cu illər üçün Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş məbləğinin yenidən hesablanaraq şəxsi hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 80-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “iddiaçının 2007, 2008 və 2009-cu illər üçün Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş məbləğinin yenidən hesablanaraq şəxsi hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar