Məhkəmə qərarları › İş №2-1(112)-5602/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5602/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5602/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı, cavabdeh - Suraxanı Rayon Polis İdarəsinə 3-cü şəxs -Suraxanı Rayonu İcra Hakimiyyəti qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs Suraxanı Rayonu İcra Hakimiyyəti) Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, 41 saylı evə qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı oğlu Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsindəki 41 saylı evdə uzun müddətdir ailə üzvüləri ilə birgə yaşayır. Bu barədə qonşular tərəfindən tərtib edilmiş aktda qeyd olunmuşdur. O, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsindəki 41 saylı evdə uzun müddət yaşadığını, həmin evdən uzun illər istidafə etməyini, qanunla müəyyən edilmiş hüquqlarından tam istifadə edərək evin kommunal xərclərin ödəməyini nəzərə alıb yaşadığı ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixli 096/170901220 saylı məktubla imtina cavabı verilərək müraciəti nəticəsiz qalmışdır. Mövcud qanunvericiliyə uyğun olaraq yaşadığı evə yaşayış hüququnun tanınması və yaşayış yeri üzrə qeydiyyata alınmaq məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramla iddiaçı X1 cəbhə bölgəsində olduğu nəzərə alınaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi xahiş edilmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarında olan, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1194 nömrəli Arayışa əsasən İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1195 nömrəli Arayışa əsasən İddiaçı ünvan 2 ünvanında qeydiyyatda heç kim yoxdur. İş materiallarından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti 1/1161 nömrəli xx.xx.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir: “Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 115 saylı arayışda İddiaçı ünvan 4 ünvanda mərhum X2 şifahi razılığına əsasən onunla birgə yaşamış və vəfat edən günədək təsərrüfatı birgə idarə etmişlər. İddiaçı hal-hazırda Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsindəki 41 saylı ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və qanunla müəyyən edilmiş hüquqlarından tam istifadə edərək sahiblik hüququnu həyata keçirir. İddiaçı sözügedən ünvanda uzun illər yaşadığını və sahiblik hüququnu həyata keçirdiyini nəzərə alaraq məsələnin qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilməsini məqsədə müvafiq hesab edirik.” İş materiallarından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyinin 115 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən İddiaçı həqiqətən X2 şifahi razılığı ilə onun vəfatına kimi (01.2020-ci il) Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi ev 41 ünvanında qeydiyyatsız yaşamış, ona qulluq etmiş və birgə təsərrüfatı idarə etmişlər. İddiaçı hal-hazırda da ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır və qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan evin, yəni ünvan 4 evinSuraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyinin balansında olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh Suraxanı Rayon Polis İdarəsi iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Aşağıdakı əsaslara görə məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Sözügedən Qanunun 9-cu maddəsinə əsasən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyinin) məlumatına əsasən yasayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Həmin qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin 14-cü maddəsinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ünvan 2 ünvanda uzun müddətdir yaşadığından, onun yaşadığı yer üzrə qeydiyyata alınması zəruri olduğundan və başqa yaşayış yeri olmadığından (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti yoxdur), yaşayış evi Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyinin balansında olması işin mübahisələndirilməyən halı olduğundan və Suraxanı Rayon İcra Hakimiyyəti iddiaçının həmin evə qeydiyyata alınmasına etiraz etmədiyindən (məhkəmənin mülahizəsinə buraxdığından), həmçinin qanunvericiliyə uyğun olaraq evə dair müvafiq sənədlər mövcud olduğundan (Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş və ünvan 2 ünvanına dair ev kitabının təsdiq edilmiş surəti), onun yaşadığı ünvana qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 2 ünvana qeydiyyata alınması öhdəliyi cavabdeh Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı ünvan 2 ünvana qeydiyyata alınması öhdəliyi cavabdeh Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar