Məhkəmə qərarları › İş №2-1(112)-5606/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5606/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5606/2020 21.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır),üçüncü şəxsin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin baş hüquqşünası) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı üçüncü şəxs qismində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti cəlb edilməklə diplomun verilməsi tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ali təhsil haqqında diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini bitirmişdir, lakin 1 ildir ki, diplomunu ala bilmir. O, həmin universitetdə təhsil alan zaman heç bir problemi olmamışdır, vaxtlı-vaxtında ödənişləri də etmişdir. Odur ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil almasına baxmayaraq ona ali təhsil haqqında diplom verilmədiyi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyindən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq məhkəmə sərəncamı icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Ç.Nəcəfov çıxış edərək göstərmişdir ki, İddiaçı xx.xx.2016-cı ildə 03 saylı əmrlə Rusiya Federasiyasının “xxxxxxxxxxxxxxxx“ İnstitutundan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüş, Universitetin keçmiş rəhbərliyi tərəfindən İddiaçı Təhsil Nazirliyinin 1996-cı ildə təsdiq etdiyi və Ədliyyə Nazirliyində qeydə alınmış əsasnamənin tələbləri gözlənilməklə universitetin tələbələri sırasına daxil edilmişdir. İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Maliyyə” ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Lakin cavabdeh tərəfindən Universitetə diplom blankları verilmədiyi üçün iddiaçıya Universitetin diplomunun verilməsi mümkün olmamışdır. Üçüncü şəxsin nümayəndəsi çıxışının sonunda göstərilənlərə əsasən iddiaçıya diplom verilməsi barədə iddiasına Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin heç bir etirazının olmadığını bildirmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddiaçını, üçüncü şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Rusiya Federasiyasının “xxxxxxxxxxxxxxxx” İnstitutunun D/FE-01-5678 №-li, 2015-ci il tarixli arayışına əsasən iddiaçı 2015-ci ildə X1 və Hüquq İnstitutuna əyani şöbəyə “İqtisadiyyat – 08.0100.62” istiqaməti üzrə daxil olmuşdur. Rusiya Federasiyasının “xxxxxxxxxxxxxxxx” İnstitutunun xx.xx.2016-cı il tarixli əmrindən çıxarışa əsasən iddiaçı başqa ali təhsil müəssisəsinə keçirilməsi ilə bağlı institutdan xaric edilmişdir. Rusiya Federasiyasının “xxxxxxxxxxxxxxxx” İnstitutunun xx.xx.2016-cı il tarixli, 123 №-li arayışına əsasən iddiaçı həmin institutda qəbul sınaqlarından keçməklə 2015-ci ildən 2016cı ilə qədər əyani şəkildə iqtisadiyyat istiqaməti üzrə maliyyə və kredit ixtisası üzrə təhsil almışdır. X3 və təhsil sahəsində nəzarət üzrə Federal Xidmətinin 1456 №-li, xx.xx.2015-ci il tarixli lisenziyasına əsasən həmin lisenziya “xxxxxxxxxxxxxxxx” X7 Müəssisəsinə təhsil fəaliyyətinin həyata keçirilməsi üçün verilmişdir, həmin lisenziyanın 1.1 №-li əlavəsinə əsasən qeyd edilən ali təhsil müəssisəsinə başqa ixtisaslar ilə yanaşı iqtisadiyyat sahəsində ali təhsil səviyyəsində peşə təhsili vermək hüququ verilmişdir. Rusiya Federasiyasının Elm və təhsil sahəsində nəzarət üzrə Federal Xidmətinin verdiyi 1349 №-li, xx.xx.2015-ci il tarixli “Dövlət akkreditasiyası haqqında şəhadətnamə”yə əsasən həmin şəhadətnamə “xxxxxxxxxxxxxxxx” X7 Müəssisəsinə təhsil sahəsində fəaliyyət göstərilməsi üçün verilmişdir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 03 №-li, xx.xx.2016-cı il tarixli əmrindən çıxarışa əsasən iddiaçı MDB ölkəsinin Universitetinin tələbəsi olaraq təhsil haqqını ödəməklə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür. K21016/05 №-li tələbə biletinə əsasən iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetin 2016-cı ildə daxil olmuşdur. “Ödənişli əsaslarla tələbələrin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil alması haqqında” 130 №-i, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti arasında ödənişli əsaslarla müvafiq təhsil proqramları əsasında iddiaçının ali təhsilli mütəxəssis kimi hazırlanması barədə razılıq əldə edilmişdir Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin möhürü ilə təsdiq edilmiş arayışlara əsasən İddiaçı xx.xx.2017-ci ildə 1800 manat, xx.xx.2019-cu ildə 1500 manat, xx.xx.2017-ci ildə 1400 manat,xx.xx.2019-cu ildə 1400 manat, xx.xx.2018-ci ildə 1400 manat təhsil haqlarını ödəmişdir. xx.xx.2018-ci il tarixli “Əmrahbank”ın qəbzinə əsasən iddiaçı 1400 manat təhsil haqqını bank vasitəsilə ödəmişdir, xx.xx.2017-ci il tarixli “Dəmirbank”ın qəbzinə əsasən iddiaçı 1190 manat imtahandan kəsr pulunu Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ödəmişdir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin k21016/05 №-li qiymət kitabçasına əsasən iddiaçı həmin universitetin maliyyə ixtisası üzrə əyani şöbəsində xx.xx.2016-cı ildən təhsil almağa başlamışdır. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin kursdan-kursa keçmə əmrlərindən çıxarışlara əsasən iddiaçı 63 №-li, xx.xx.2017-ci il tarixli əmrlə İİ-İİİ kursa, 47 №li,xx.xx.2018-ci il tarixli əmrlə İİİ-İV kursa keçirilmişdir. Cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən fəaliyyəti qanunsuz hesab edilmiş Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında və “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində İddiaçı hər hansı ali və orta ixtisas təhsili müəssisəsində təhsil alması barədə məlumat aşkar edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-267/2019 №-li iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı cavabdehin fəaliyyətinin qanunsuz sayılması və əmrin icrasının cavabdehə həvalə edilməsi barədə iddiası qismən təmin olunmuş, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupun yaradılması barədə xx.xx.2017-ci il tarixli, 16 №-li əmrinin icra edilməsi öhdəliyi həmin cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir, həmin işə baxılan zaman məhkəmə qətnamədə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin müvafiq qaydada qeydiyyatdan keçmiş və icazə (lisenziya) almış təhsil müəssisəsi kimi fəaliyyət göstərdiyini qeyd edərək cavabdehin fəaliyyətinin qanunsuz sayılması üçün heç bir əsas olmadığı nəticəsinə gəlmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx xxxxxx 2017-ci il tarixli, 16 №-li əmri aşağıdakı məzmunda olmuşdur: Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə müvafiq tərkibdə işçi qrup yaradılsın; işçi qrupa tapşırılsın ki, universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala və ixtisasına uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə almaqla digər təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim etsin; Təhsil Nazirliyindən alınmış diplom və akademik arayış blanklarının saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini araşdırsın, istifadə olunmamış blankların nazirliyə qaytarılmasını təmin etsin; akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlasın; tələbələri və onların valideyinlərini qəbul edib, onlara müvafiq izahatlar versin; 2016-2017-ci tədris ilində “Təfəkkür” Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara universitet tərəfindən diplom verilməsini təmin etsin; “Təfəkkül” Universitetindən təhsillə bağlı aşağıdakı sənədləri nazirliyin arxivinə vermək üçün təhvil alsın: universiteti bitirmiş, xaric olunmuş və təhsilini yarımçıq qalmış tələbələrin şəxsi işləri, tələbələrin ali məktəbə qəbul edilmələri, kursdan-kursa keçirilmələri, xaric olunmaları, akademik məzuniyyət verilməsi barədə əmrləri, imtahan-məğbul cədvəlləri, tələbələrin şəxsi vərəqələri, dərs jurnalları, doldurulmuş akademik arayış və diplom blankları, diplom blanklarının alınması, verilməsi və qeydiyyat jurnalları; “Təfəkkül” Universitetinin fəaliyyəti dayandırılanadək zəruri əlaqələndirmə işlərini həyata keçirsin. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-2(103)-456/2019 №-li iş üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-267/2019 №-li iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən verilən apellyasiya şikayəti təmin edilməmişdir, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(102)-497/2019 №-li qərarı ilə təmin edilməmişdir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 3/57 №-li məktubuna əsasən İddiaçı xx.xx.2016-cı il tarixli, 03 №-li əmrlə X1 və hüquq institutunun maliyyə və kredit ixtisasından Elm və Təhsil Mərkəzi “Təfəkkül” Unuversitetinin maliyyə ixtisası üzrə əyani şöbənin İİ kursuna köçürülmüşdür. İddiaçı 2019-cu ildə həmin universitetin İV kurs əyani şöbəsini bitirmişdir. Oxuduğu müddətdə təhsil haqqını tam ödəmiş və heç bir akademik borcu olmamışdır. Lakin, İddiaçı köçürüldüyü vaxt Təhsil nazirliyinin razılıq məktubunun olmaması səbəbindən diplom ala bilməmişdir. Bu məzunların müraciətinə Təhsil Nazirliyinin cavabında Elm və Təhsil Mərkəzi “Təfəkkül” Unuversitetinin qanunsuz fəaliyyət göstərilməsi barədə göstərilənlərə gəldikdə isə nazirliyin universitetin fəaliyyətinin qanunsuz sayılması tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(82)-267/2019 №-li qətnaməsində müəyyən edilmişdir ki, iddanın “Universitetin fəaliyyətinin qanunsuz sayılması” hissəsində buna heç bir əsas olmamışdır, odur ki, iddia həmin hissədə əsassız olduğu üçün rədd edilmişdir. Nəzərə alınmalıdır ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Unuversiteti müvafiq qaydada qeydiyyatdan keçmiş və icazə (lisenziya) almış təhsil müəsissəsi kimi fəaliyyət göstərmişdir. Bütün məhkəmə instansiyalarında universitetin fəaliyyətinin qanunvericiliyə uyğun olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarını və Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, 01-11-522/15 №-li təlimat məktubunu nəzərə alaraq X4 diplom verilməsini Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 2015-ci ildə Rusiya Federaqsiyasının qanunvericiliyinə uyğun şəkildə akkreditasiya olunmuş və Rusiya Federasiyasının qanunları ilə müəyyən edlmiş lisenziyaya malik olan Rusiya Federasiyasının ali təhsil məktəbinin əyani şöbəsinə qəbul olunmuş, həmin təhsil müəssisəsinin ikinci kursundan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti ilə bağlanmış müqavilə əsasında ödənişli əsaslarla həmin təhsil müəssisəsində təhsil almış və təhsilini başa vurmuşdur, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil alan zaman qiymət kitabçasına və tələbə biletinə malik olmuşdur, eyni zamanda imtahan kəsrləri olduğu üçün ödənişlər də etmişdir.Yəni iddiaçı həqiqətən də fəaliyyəti qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qanuni hesab edilmiş Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbəsi olmuşdur. Lakin təhsilini başa vurmasına baxmayaraq Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən iddiaçıya ali təhsil haqqında diplom verilməmişdir, bunun səbəbi isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx xxxxxx 2017-ci il tarixli, 16 №-li əmri ilə ali təhsil haqqında diplom blanklarının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təhvil verilməsi olmuşdur, belə ki, həmin əmrin icrası öhdəliyi Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin üzərinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qoyulmuşdur. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdur. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİ hissəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasnın 42-ci maddəsinin İ hissəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prosedurudur. Həmin Qanunun 1.0.32-ci maddəsinə əsasən lisenziya - təhsil fəaliyyətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən rəsmi sənəddir. Həmin Qanunun 1.0.47-ci maddəsinə əsasən təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrıseçkiliyə yol verilməməsinə təminat verir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: 22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 22.2.2. magistratura (rezidentura); 22.2.3. doktorantura (adyunktura). Həmin Qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən təhsil alanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən Nazirliyin əsas vəzifələrinə aiddir: 7.1. Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək; 7.2. Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək; 7.3. təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək; 7.4. vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq; Həmin Əsasnamənin 8.26-cı bəndinə əsasən Nazirliyin funksiyalarına mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyən etmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək, vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq aid edilmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşin faktiki hallarına əsasən iddiaçı dövlət lisenziyası verlimiş və akkreditasiyadan keçmiş ali təhsil müəssisəsinə daxil olmuş, həmin ali təhsil müəssisəsindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyəti qanuni hesab edilmiş Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüş, həmin ali təhsil müəssisəsində ödənişli əsaslarla təhsil almış, təhsil haqlarını ödəmiş, təhsil müəssisəsini bitirmişdir, lakin məhz cavabdehin verdiyi əmr əsasında diplom blanklarının Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə verilməməsi nəticəsində iddiaçıya həmin ali təhsil müəssisəsinin maliyyə ixtisası üzrə əyani şöbəsini bitirməsi haqqında diplom verilməmiş, bununla da o, aldığı peşə təhsilinə uyğun əmək fəaliyyəti göstərmək hüququndan və s.bu kimi Azərabycan Respublikasının Konsitutiyasında təsbit edilmiş fundamental hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Belə olan halda məhkəmənin gəldiyi nəticəyə görə iddiaçıya ali təhsilini başa vurmasına baxmayaraq ali təhsil haqqında sənədin (diplomun) verilməməsi cavabdehin verdiyi əmrlə bağlı olduğundan və cavabdeh məhz təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək funksiyası həvalə edilmiş dövlət orqanı olduğuna görə iddiaçının aldığı ali təhsil uyğun diplomla təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində aldığı ali təhsilə uyğun ixtisası üzrə əyani şöbəsini bitirməsi haqqında sənəd (diplom) ilə təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı (Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində aldığı) ali təhsil haqqında sənəd (diplom) ilə təmin edilməsi vəzifəsicavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar