Məhkəmə qərarları › İş №2-1(112)-5607/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5607/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5607/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxs: X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. ünvan 1-də yerləşən 6 saylı mənzil xx.xx.2018-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə xx.xx.1977-ci il təvəllüdlü X4 qeydiyyatdadır.

3. İddiaçı ərizə ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki həmin mənzildən orada qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh 078-34436M-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyəti daxilində olmadığından pasport qeydiyyatında olan X1 qeydiyyatdan çıxarılması mümkün deyil. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.

5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 iddiaçıya məxsus ünvan 1, 6 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 (bundan sonra - üçüncü şəxs) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 23 yanvar 2018-ci il tarixdə X4 ilə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1, 6 nömrəli mənzili almışdır. Həmin mənzil üzərində mülkiyyət hüququ iddiaçıya məxsusdur. Dörd ildən artıqdır ki, mənzil üzərində mülkiyyət hüququnun iddiaçıya məxsus olmasına baxmayaraq X4 həmin evdən qeydiyyatdan çıxmaq istəmir. İddiaçıya məxsus mənzildə kənar şəxslərin pasport qeydiyyatında olması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur.

8. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya yazılı münasibətini məhkəməyə təqdim edərək imtina məktubunda qeyd olunanları təkrarlamışdır.

9. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 11.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

12. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

14. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Hazırkı iddia üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

17. İddia həm də əsaslıdır. Çünki işdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli alqısatqı müqaviləsinə əsasən X4 ünvan 1-də yerləşən ümumi sahəsi 28.9 kv.m olan 6 saylı mənzili İddiaçıya satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi, müqavilənin 13-cü bəndinə əsasən isə satıcı xx.xx.2018-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

18. ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır.

19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil X1 adına qeydiyyatdan keçmişdir, lakin 51 saylı DNK-nın 4Ə-83 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir.

20. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3577/2021 saylı qərarından görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 ünvanından olan mənzilindən çıxarılması, son kirayə haqqını ödədiyi 2018-ci ilin sentyabr ayından iş üzrə yekun məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla, kirayə haqqının hesablanaraq ödənilməsi, həmçinin bu günə qədər mənzilindən qanunsuz istifadə nəticəsində ona vurmuş olduğu mənəvi ziyana görə 10000 manat məbləğin, həmçinin 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)- 1914/2020 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, X1 ünvan 1, 6 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)- 1914/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)-1596/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X4 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3577/2021 saylı qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)- 1596/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarından sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)- 1914/2020 nömrəli qətnaməsi icraya yönəldilmiş, Bakı şəhəri Nərimanov rayonu İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1914/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X1 ünvan 1, 6 saylı mənzildən çıxarıldığından və icra sənədi icra olunduğundan həmin icra sənədi üzrə icraata xitam verilmişdir.

22. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 27-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmiş vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, habelə, qeydiyyata almaqdan əsassız imtina edən, qeydiyyata almaq üçün vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmayan sənədlər tələb edən, qeydiyyata almaqda süründürməçiliyə yol verən və ya digər qeydiyyata alma və qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları (öz səlahiyyətləri daxilində Cavabdeh və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

24. İşin yuxarıda sadalanan hallardan aydın olur ki, hazırkı iş üzrə üçüncü şəxs olan Sevda Məmmədova mübahisəli mənzilin mülkiyyətçisi olmuş, o həmin mənzili xx.xx.2018ci il tarixdə iddiaçıya satmış və xx.xx.2018-ci il tarixədək mənzildən qeydiyyatdan çıxamağı öhdəsinə götürmüşdür. Həmin müqavilə hazırda qüvvədədir. Habelə üçüncü şəxsin ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icra olunaraq S.Məmmədova həmin ünvandan çıxarılmışdır.

25. Göründüyü kimi, hazırkı iş üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin beşinci abzasında nəzərə tutulmuş hal - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxsin yaşayış sahəsindən çıxarılması halı mövcuddur.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, “...Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. ... Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.”

27. Beləliklə, müəyyən olunur ki, mövcud qanunvericilik müvafiq inzibati orqanın şəxsin qeydiyyatdan çıxarılması halını konkret tənzimləməklə yanaşı, qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən təqsirli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və ya cinayət məsuliyyəti daşımalarını da təsbit etmişdir.

28. İş üzrə sadalanan qanunvericilik normasına, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında onun mülkiyyətində olan mənzildən çıxarılan üçüncü şəxsin formal xarakter daşıyan qeydiyyatına xitam verilməsini tələb etməkdə haqlı olmuş, cavabdeh qanunvericiliyə əsasən iddiaçının tələbini təmin etməli olduğu halda bunu etməmiş, iddiaçıya imtina cavabı verərək onun hüquqlarını və qanunla qorunan mənafeyini pozmuşdur.

29. Buna görə də məhkəmə hesab edir ki, həmin imtina qanunsuz hesab edilməli və iddia tələbi təmin edilərək X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən qeydiyyatdan çıxarılmalıdır.

30. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. xx.xx.1977-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar