Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5607/2023 14.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mənə “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1981-ci il tarixdən halhazıradək Akademik M.A.Topçubaşov adına X6 damar Cərrahlığı şöbəsində ürək-damar cərrahı kimi çalışır. X5 zamanı Hərbi hospitallarda damar cərrahlığı ixtisası üzrə mütəxəssislər olmadığı üçün müxtəlif vaxtlarda dəfələrlə cəbhə bölgələrinə-Ağdərə, Ağcabədi, Kəlbəcər, Ağdam, Fizuliyə ezam olunmuş və damar cərrahı kimi döyüşlərdə yaralanmış əsgərlərə cərrahı yardım göstərmiş, həkim kimi əlindən gələni etmişdir. Sonrakı illərdə iddiaçıya müharibə veteranı vəsiqəsi verilmişdir və o veteranlara şamil edilən imtiyazlardan istifadə etmişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmayan səbəblərdən veteranlıq statusu ləğv edilmişdir. Müharibə Veteranlarına diqqətin artırılıması ilə bağlı cənab Prezidentin Sərəncamından ruhlanaraq iddiaçı veteran statusunun bərpa edilməsinə dair ərizə ilə əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Müraciət etmişdir. Oradan iddiaçıya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyini məsləhət bilmişlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdikdə isə xahişi təmin edilməmiş və xx.xx.2022-ci il tarixli H/3172 saylı məktubla həmin qurumdan cavabı almışdır ki, aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməlidir. Daha sonra xx.xx.2022-ci il tarixdə müvafiq xahişlə Müdafiə Nazirliyinə müraciət etsə də bu genədək həmin qurumdan heç bir cavab almamışdır. Müharibə gedişində iddiaçının döyüş bölgələrinə hospitallara ezam olunmağı rəsmi əmrlərə əsasən olmuşdur. Bununla bağlı işlədiyi, Akademik M.A.Topçubaşov adına X7 verdiyi xx.xx.2022-ci il tarixli arayışda həqiqətən xx.xx.1993-cü ildə Ağdərə rayon hərbi hospitalına ezam olunduğu təsdiq edilmiş, 2002-ci ildə baş vermiş yanğın nəticəsində digər ezam sənədlərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində habelə Laçın, (Qutadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən sənədlərlə birgə hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edlildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Aəzıbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə, komissiyanın xx.xx.2023-cü il tarixli 4/3- 3253 nömrəli məktubundan da göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmamışdır Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Hazırki iddiada veteran adının verilməsi məsələsi Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyanın səlahiyyətlərinə aid olmadığından, cavabdehin məktubunda iddiaçıya izah olunub ki, digər qoşun növlərində xidmət etdiyi üçün həmin qurumun müvafiq Komissiyasına müraciət etməlidir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göslərən “Veteran adlarının və müvafiq vəsigələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Züİfiqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1949-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Akademik M.A.Topçubaşov adına X10 X11 xx.xx.2022-ci il tarixli, 75 nömrəli arayışından görünür ki, M.A.Topçubaşov adına X8 PHŞdə xx.xx.1981-ci il tarixindən Damar cərrahlığı şöbəsində həkim ürək-damar cərrahı kimi çalışan İddiaçı ona görə ki, o həqiqətən xx.xx.1993-cü ildə Ağdərə rayon hərbi hospitalına 10 günlük ezam olunub. 2002-ci il tarixində yanğın baş verdiyi üçün digər ezam sənədlərini təqdim etmək mümkün deyil. Məhkəmənin sorğusuna cavab olaraq Akademik M.A.Topçubaşov adına X10 X11 xx.xx.2023-cü il tarixli, 73 nömrəli məktubunda bildirilmişdir ki, həkim ürək-damar cərrahı vəzifəsində çalışan İddiaçı 1992 və 1993 cü illərdə Ağcəbədi, Ağdərə rayonlarında hərbi hospitallarda ezamiyyətdə olmuşdur. Ezamiyyə olunması barədə əmrlərin sürəti məktuba əlavə olunur. Mərkəzdə yanğın zamanı ezamiyyə cədvəlləri, ezamiyyət vərəqləri məhv olmuşdur. Həmin məktuba əlavə edilmiş M.A.Topçubaşov adına Elmi-Tədqiqat Kliniki və X1 xx.xx.1993-cü il tarixli, 13 nömrəli əmrindən görünür ki, dördüncü sırada İddiaçı adı damar cərrahlığı şöbəsinin həkim cərrahı 22 yanvar 1993-cü ildən Ağdərə rayonuna hərbi hospitala 10 günlük ezamiyyətə göndərilmişdir. Əsas: Ezamiyyət cədvəli. Həmin məktuba əlavə edilmiş M.A.Topçubaşov adına Elmi-Tədqiqat Kliniki və X1 xx.xx.1992-ci il tarixli, 182 nömrəli əmrindən görünür ki, birinci sırada İddiaçı adı qandamar cərrahlığı şöbəsinin həkim cərrahı 1992-ci ilin sentyabr ayının 22-dən Ağcəbədi rayonuna 5 günlük ezamiyyətə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-1948 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 22 №-li nizami hissə üzrə əmrindən Arxiv Çıxarışını ünvanınıza göndəririk. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Həmin məktubla göndərilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 22 nömrəli əmrindən görünür ki, İddiaçı Topçubaşov adına İN-n həkim cərrah 10 gün müddətinə Ağdərəyə ezam olunduğu üçün yemək və yatacaqla təmin edilsin. Qeyd: Əmr olduğu kimi köçürülmüşdür. Əmrdə atasının adı yazılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, H/3172 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və mülki şəxslərə "Müharibə veteranı" vəsiqəsi (o cümlədən onun dublikatı) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən verilir. Bu qərara əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq aidiyyəti dövlət orqanlarının yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar müvafiq sənədlərlə aidiyyəti dövlət orqanına müraciət etməyiniz məqsədəuyğundur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-170 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən Azərbaycan Resblikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya oqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq Qurum tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparıian döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının əfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hərbi qulluqçu statusuna malik olmadığınıza görə Sizə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyaya müraciət etməyiniz məqsədəuyğundur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Məhkəmə iddianın mümkünlük məsələsinə, o cümlədən cavabdehin etirazda qeyd etdiyi veteran adının verilməsi məsələsinin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyanın səlahiyyətlərinə aid olmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 2-ci hissəsinin 4cü abzasına əsasən Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İş materiallarında olan ezam əmrlərindən görünür ki, iddiaçı Ağdərə rayon hərbi hospitalına ezam olunmuşdur. Hərbi hospitallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olduğundan, bununla da mülki şəxsin ezam olunduğu yer Müdafiə Nazirliyi olduğundan müharibə veteranı adı və vəsiqəsi Müdafiə Nazirliyi tərəfindən verilməlidir. Beləliklə, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi müharibə veteranı statusunun verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli imtinasından sonra xx.xx.2023-cü il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə görə Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Sadalanan normalardan görünür ki, Əsasnaməyə görə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: -döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Qeyd edilən kateqoriya şəxslərə münasibətdə döyüş əməliyyatlarında iştirak aşağıdakı sənədlər əsasında müəyyən edilə bilər: -yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda); -hərbi biletlərdə qeydlər edilibsə (yalnız müvafiq əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda); -ezam olunma barədə əmrlər; -xəsarət alma haqqında arayışlar. Hazırkı iş üzrə iddiaçı İ Qarabağ müharibəsi zamanı Ağdərə, Ağdam, Kəlbəcər, Fizuli və Ağcabədi bölgələrinə ezam olunduğunu və damar cərrahı kimi döyüşlərdə yaralanmış əsgərlərə cərrahi yardım göstərdiyini iddia edərək məhkəmədən ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İş üzrə əldə edilmiş sübutlardan müəyyən olunu ki, iddiaçı M.A.Topçubaşov adına Elmi-Tədqiqat Kliniki və X1 damar cərrahlığı şöbəsinin həkim cərrahı olmaqla İnstitutun xx.xx.1993-cü il tarixli, 13 nömrəli əmri ilə 22 yanvar 1993-cü ildən Ağdərə rayonuna hərbi hospitala 10 günlük ezamiyyətə göndərilmişdir. Eyni zamanda Müdafiə Nazirliyinin arxiv sənədlərindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 22 nömrəli əmri ilə İddiaçı Topçubaşov adına İN-n həkim cərrah 10 gün müddətinə Ağdərəyə ezam olunduğu üçün yemək və yatacaqla təmin edilmişdir. Hazırkı halda iddiaçının mülki şəxs kimi döyüş təminatı ilə bağlı Ağdərə rayonunda yerləşən hərbi hospitala 10 günlük tibbi yardım göstərmək məqsədi ilə ezam olunduğu, onun ezam olunduğu Müdafiə Nazirliyinin hərbi hissə rəhbərliyi tərəfindən təminata götürüldüyü öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, “Döyüş təminatı ilə bağlı tədbirlərin görülməsi” müddəası bilavasitə döyüş əməliyyatları aparan heyətin döyüş imkanlarının reallaşdırılmasının təmin edilməsi, döyüş əməliyyatları zamanı minimal itkilərlə baş tutmasının təmin edilməsinə yönəlmiş tədbirləri, o cümlədən, silahlanma, hərbi texnika ilə təmin edilməsində iştirak, müvafiq tibbi yardımın təşkili, kəşfiyyat, mühəndis təminatı və s. kimi kompleks tədbirləri əhatə edir ki, bunlardan biri də məhz döyüşən ordunun tərkibində yaralanmış və tibbi yardıma ehtiyacı olan heyətə döyüş əməliyyatları gedən bölgədə (hazırkı iş üzrə Ağdərə rayonu) tibbi yardım göstərməklə onların yenidən döyüşə göndərilməni təmin etməkdir. İş üzrə təqdim edilmiş ezam əmrləri, arayış və hərbi hissə əmri belə bir təminatın yerinə yetirilməsində iddiaçının iştirakını sübut etmək üçün kifyət edir. Cavabdehin iddiaya etirazında qeyd etdiyi iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün şəxsin xidmət keçməsi, bunun üçün hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması tələb olunduğu halda iddiaçının belə bir sənədlərə sahib olmaması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisələndirilməyən halı iddiaçının hərbi qulluqçu olmamasıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinə görə Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Göründüyü kimi iddiaçı hərbi quluqçu deyil, mülki şəxsdir və o mülki şəxs (həkim cərrah kimi) tibbi təminatla əlaqəli hərbi hissəyə ezam olunmuşdur. Odur ki, hərbi qulluqçu olmayan şəsə münaisbətdə cavabdehin istinad etdiyi sənədlər- hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasına dair təsdiqedici sənədin təqdim edilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilir. Odur ki, iddia tələbi təmin edilməli, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5607/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5607/2023
14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver