Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5608/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «su təchizatına görə hesablanmış borcun silinməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «su təchizatına görə hesablanmış borcun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil 1994-cü ildən iddiaçılara verilmişdir. Onlar həmin vaxtdan 2019-cu ilədək qeyd edilən mənzildə yaşamışlar. 2019-cu ildə iddiaçılardan biri (İddiaçı1) səhhəti pisləşdiyndən, həm müalicə almaq məqsədilə, həm də birlikdə yaşamaq üçün Bakıda yaşayan oğlunun (digər iddiaçının) yanına köçmüş və hal-hazırda da Bakı şəhərində birlikdə yaşayırlar. ünvan 2 ünvanında yerləşən 4 saylı mənzildə 2019-cu ildən bu günədək heç vaxt orada, yaşayış olmayıb və hər-hansı bir kommunal xidmətdən istifadə olunmamışdır. Buna baxmayaraq, Cavabdeh ASC mənzildə heç kimin yaşamadığı və sudan istifadə etmədiyi halda, həmin mənzilə görə, aylıq 3 manat su təhcizatı və çirkab suların axıdılması üçün pul vəsaiti hesablanmış və 2019-ci ildən indiyədək 97,18 manat borc yaranmışdır. Halbuki, 2019-cu ildən ümumiyyətlə həmin mənzildə yaşayış olmamış və sudan istifadə edilməmişdir. Eyni zamanda, mənzildə yaşayış olmadığı üçün elektrikdən və qazdan da istifadə olunmamışdır. İstifadə edilmədiyi halda, 2019-cu ildən hazıradək suya görə yazılan borcların silinməsi ilə bağlı Cavabdeh ASC-ə ünvanlanmış birinci rəsmi müraciətə cavab olaraq bildirilmişdir ki, illik işığın sırfıyyatı ilə bağlı olan sənəd təqdim ediləcəyi halda, işə yenidən baxıla bilər. Bundan sonra iddiaçılar yenidən 3 saylı “ASAN Kommunal”a müraciət edərək, qeyd edilən sərfıyyatla bağlı məlum sənədi ərizəyə əlavə etməklə, Cavabdeh ASC-yə təqdim etmişlər. Bu müraciətdən sonra da yenidən cavab olaraq bildirilmişdir ki, qeyd edilən müddət ərzində yaşadıqları mənzildə kiçik həcmdə elektrik axını baş verdiyindən, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, yığılmış əsassız borcun silinməsinin həyata keçirilməsi mümkün deyildir. Cavabdeh ASC-nin cavab məktubunda qeyd etdiyi mənzildə kiçik həcmdə olan elektrik axımının baş verməsinin səbəbi mənzilin giriş qapısına quraşdırılmış özü yanıb-sönən elektrik lampası olmuşdur. Bundan sonra, Cavabdeh ASC-ə ünvanlanmış təkrar müraciətə cavab olaraq, qurumdan verilən 21 dekabr 2022-ci il tarixli 01/4/01-7/6/17923 nömrəli cavab məktubunda yaranmış borcun ödənilməsi və ya aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Belə olan halda, iddiaçılar məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə və İPM-in 2, 33, 68, 69-cu maddələrinı əsaslanaraq, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzildə su təchizatına görə yazılmış 97,18 manat əsassız borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı2 gəlmişdir, cavabdeh tərəf və digər iddiaçı isə gəlməmişlər. Məhkəmə İPM-in 30.4, 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, onların iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə görə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə görə STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 7.2-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qaydalara 1 nömrəli əlavədə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilənin nümunəsi göstərimişdir. Sənədin 5.3-cü bəndində nəzərdə tutulur ki, tərəflər arasında sudan istifadə və kanalizasiya xidmətinə görə mübahisəli məsələlər yarandıqda, mübahisə aidiyyətı üzrə məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Cavabdeh ASC-nin hazırkı İddiaçı2 müvafiq müraciətinə cavab olaraq ona ünvanlanmış 21 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, . . . Bərdə şəhəri, H.Əliyev prospekti, 112/v ünvanında yerləşən 4 saylı mənzilin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün 1 may 2012-ci il tarixdə 36281433 nömrəli müqavilə bağlanaraq **********640 saylı abonent kodu açılmışdır. Müqavilə baölanan tarixdən hesabat ailə tərkibi 2 nəfər olmaqla aparılmışdır. Ərizəçi (İddiaçı2) tərəfindən 11 sentyabr 2021-ci il tarixdə təqdim edilmiş müvafiq sənədlərə əsasən ailə tərkibi 1 nəfər olmaqla elektron abonent bazada dəyişiklik edilmişdir. Göründüyü kimi, Bərdə şəhəri, H.Əliyev prospekti, 112 saylı evin 4 saylı mənzilinin su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı kimi iddiaçı (İddiaçı1) ilə su təchizatı və kanalizasiya müəssisəsi kimi Cavabdeh ASC-nin müvafiq strukruru arasında 1 may 2012-ci il tarixdə müqavilə bağlanmışdır. Belə olan halda, həmin mənzilə münasibətdə su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə yaranmış borcun mübahisələndirilməsi üzrə məsələlər tərəflər arasındakı müqavilədən irəli gəlmiş olur və tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 13 və 14-cü bəndlərində aşağıdakılar qeyd olunur: - (13-cü bənd) Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24 – 26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır; - (14-cü bənd) Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndində qeyd olunur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5608/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5608/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver