Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5609/2023 30.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun cavabdeh Yasamal RPİ-nin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü il təvəllüdlü İddiaçı iki həddi buluğa çatmamış övladları və həyat yoldaşı ilə birlikdə Yeni ünvan 2 ünvanında kirayə yaşayırlar. O, 2009-cu ildə ailə qurmuşdur. Ailə qurandan sonra bir müddət qaynatasının evində yaşamışdır. Lakin səhətində yaranan problemlərlə bağlı hər-ay həkim qəbulunda olduğu üçün Bakıda yaşamağa məcbur olmuşdur. Hazırda da Yeni ünvan 3 ünvanında tanışının evində yaşayırlar. 2018-ci ildə atası X4 cavabdeh X2 qarşı “Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair” məhkəmədə iddia qaldırmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2 (056)- 542/2018 saylı qətnaməsinə əsasən X1 azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yaşayış qeydiyyatından çıxarılmaları üçün əsas olması qət edilmişdir. Bundan sonra yaşadığı Yasamal rayonunun Polis İdarəsinin İnzibati binasına övladları ilə birlikdə qeydiyyata düşmüşdürlər. Lakin 2022-ci ilin iyul ayından ona məlum olmayan səbəblərə görə onu və övladlarını vətəndaşlıq hüquqları pozularaq qeydiyyatda olduqları ünvandan çıxarmışdırlar. Sonradan övladlarını qeydiyyata salsalar da, onun hələ də rəsmi olaraq qeydiyyat ünvanı yoxdur. Buna görə Yasamal RPİ-nə rəsmi müraciət etmişdir. Ancaq Yasamal RPİ-nin xx.xx.2022-ci il tarixli, 091-73507K-3222 nömrəli cavab məktubunda deyilmişdir ki, Azərbaycan Respublikası DİN-nin G-40 saylı göstərişinə əsasən RPİ-nin inzibati binasına qeydiyyata alınması məsələsi dayandırılmışdır. Bundan sonra onlar ailəlikcə qorxu və stres içində yaşamışdırlarq. Çünki, o, bütün orqanların ağır zədələnməsi ilə ümumi sistem xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyinə görə 10 ildən artıqdır ki, daimi olaraq 3-6 ay aralığında Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalarda həm ambulator, həmdə stasionar müalicələr alırm. Dövlət tərəfindən imtiyazlı xəstələrə (mənə) verilən dərmanları da şəxsiyyət vəsiqəsi ilə alır. Bundan əlavə tibb müəsissəsinə də göndəriş alanda şəxsiyyət vəsiqəsi və əsas qeydiyyat ünvanı tələb olunur. Ancaq onun qeydiyyat ünvanı olmadığı üçün tamamilə mənəvi əzablar çəkir. Yasamal RPİ-nin cavab məktubunda da göstərilmişdir ki, mülkiyyətçinin razılığı əsasında yaxın qohumların yaşadığı ünvana qeydiyyata alınmanız məqsədə müvafiqdir. Onun heç-bir qohumu və tanışı ünvan 6i yoxdur. Halbuki, iki azyaşlı övladı da qeydiyyatda olduğu Yasamal rayonunda faktiki olaraq Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiıə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-53/2-21049/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müvafiq göstərişə əsasən qeydiyyatdan çıxarılmışdır. Eyni zamanda bildiririk ki, vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən qeydiyyata əsas verən sənədlərdən birini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi) və ya yaşayış sahəsi verən şəxsin ərizəsini digər zəruri sənədlərlə istənilən “Asan Xidmət” mərkəzindəki regional qrupuna təqdim etməklə yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********25 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-18395/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 13-də (Yasamal rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan) yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdən isə şəxsiyyət vəsiqəsi qeydiyyatdan çıxma ilə fəaliyyətsizləşdirilmişdir; xx.xx.2012-ci il təvəllüdlü X7 xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Sabirabad şəhəri, Şəhriyar küçəsi, döngə 2, ev 24-də,xx.xx.2018-ci il tarixdən hazıradək ünvan 13-də (Yasamal rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan); xx.xx.2010-cu il təvəllüdlü X8 xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Sabirabad şəhəri, Şəhriyar küçəsi, döngə 2, ev 24-də, xx.xx.2018-ci il tarixdən hazıradək ünvan 13-də (Yasamal rayon Polis yerləşdiyi ünvan); xx.xx.1985-ci il təvəllüdlü X6 xx.xx.2010-cu il tarixdən hazıradək ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-22133/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən hazıradək ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 091-73507K-3222 nömrəli məktubda bildirilmişdir ki, sizin Yasamai rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin G-40 saylı göstərişinə əsasən RPl-nin inzibati binasına qeydiyyata alınma məsələsi dayandırılmışdır. Eyni zamanda bildiririk ki, mülkiyyətçinin razılığı əsasında Sizin yaxın qohumlarınızın yaşadığı ünvana qeydiyyata alınmanız məqsədəmüvafiqdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin sadalanan hallarından görünür ki, iddiaçı iki azyaşlı övladları və həyat yoldaşı ilə birlikdə Yeni ünvan 2 ünvanında kirayə yaşadığını, Yasamal rayonunun Polis İdarəsinin İnzibati binasına qeydiyyata düşdüyü halda lakin 2022-ci ilin iyul ayından onun qeydiyyatda olduğu inzibati bina ünvanından çıxarıldığını əsas gətirərək Yasamal rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi-ünvan 13 ünvanı üzrə qeydiyyata alınmasını mübahisələdirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər -5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd -9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Prezidentinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanın: -2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. -2.3-cü bəndinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı Yasamal Rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etsə də, hazırda ünvan 10 ünvanında qeydiyyatdadır və həmin ünvandan qeydiyyatdan çıxarılmamışdır. Başqa sözlə, iddiaçının qanuni yaşayış yeri mövcuddur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmışdır. İddiaçıya münasibətdə hazırkı halda həmin əsaslardan hər hansı birinin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, iddiaçının ünvan 10 ünvanında qeydiyyatda olduğu və həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsaslar olmadığı halda onun rayon polis idarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması barədə tələbi əsassızdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5609/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5609/2023
30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver