Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-561/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul etdiyi 7 iyun 2021-ci il tarixli **********22 saylı qərara əsasən iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilmiş, 27 mart 2019-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək artıq ödənilmiş 206,05 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla DSMF-nin hesabına bərpa edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, 7 iyun 2021-ci il tarixli **********22 saylı qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərarda hansı səbəbdən 27 mart 2019-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək iddiaçıya artıq pensiyanın hesablanması, hesablamanın hansı qaydada aparılması, artıq pensiya ödənişi aparıldığı halda bunun hansı şəxsin səhvindən hesablanması barədə heç bir məlumat verilməmişdir. Bundan başqa, iddiaçıya artıq məbləğ hesablansa belə, həmin məbləğin onun əmək pensiyasından razılığı olmadan tutulmasını da qanunsuz hesab olunur. Yəni, cavabdeh məhkəmə qərarı olmadan öz üzərinə icra məmurunun səlahiyyətini götürərək iddia etdiyi məbləği onun razılığı olmadan əmək pensiyasından tutmaq barədə qərar qəbul etmişdir. Qərarın qəbulunda həm də «İnzibati icraat haqqında» Qanunun tələbləri və prisinpləri pozulmuşdur. Həmin qərar iddiaçının hüquqlarının pozulması ilə yanaşı, maddi vəziyətini də pisləşdirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 68-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 39-cu maddəsinə, İPM-in 8, 32, 33, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul etdiyi 7 iyun 2021-ci il tarixli **********22 saylı qərarının ləğv edilməsi, iddiaçının təhsil illəri nəzərə alınmaqla, ödənilməyən 7 il 3 ay məcburi siğortanın ödənilməsini pensiyanın baza hesabının düzgün hesablanması məhkəmədən xahiş olunur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 7 iyun 2021-ci il tarixli **********2 nömrəli qərarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 28 mart 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bundan sonra məhkəmə icraatının gedişində iddiaçı yenidən məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 7 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının 2006 – 2019-cu illər üzrə yığılmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 27 sentyabr 2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin onun müraciəti əsasında 27 sentyabr 2018-ci il tarixdə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı həm 27 sentyabr 2018-ci il tarixdə yaşa görə əmək pensiyasının 6 illik yenidən hesablanması zamanı, həm də 27 mart 2019-cu il tarixdə vətəndaşın işləməyən əmək pensiyaçısı kateqoriyasına keçərkən əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmışdır. Nəticədə 27 mart 2019-cu il tarixdən 1 iyul 2021-ci il tarixədək 206,05 manat artıq ödəmə müəyyən olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərlir ki, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Qanunun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (1 oktyabr 2016-cı il tarixə 110 manat müəyyən edilmişdir). Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı = 144 ay. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-cj il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. “«Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, iakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci İİ iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 1 iyul 2017-ci il tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, iddiaçının 27 mart 2019-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 1 aprel 2019-cu il tarixdən 1 avqust 2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 631,79 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmışdır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği 1 yanvar 2021-ci il tarixdən 334,33 manata çatdırılmışdır. İddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı səhvə yol verilərək 1 yanvar 2018-ci il tarixdən 1 oktyabr 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının həm 27 sentyabr 2018-ci il tarixdə yaşa görə əmək pensiyasının 6 illik yenidən hesablanması zamanı, həm də 27 mart 2019-cu il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi vaxt əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması səbəbindən əmək pensiyasının məbləğinin artıq ödənildiyi aşkar edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarı ilə vətəndaşa təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və yaşa görə əmək pensiyasının məbləği aşağıdakı qaydada yenidən hesablanmışdır. 27 sentyabr 2019-cu il tarixdən 1 yanvar 2020-ci il tarixədək 263,78 manat (hesablandıqdan sonra 257,39 manat), 1 yanvar 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək 307,57 manat (hesablandıqdan sonra 300.12 manat, 1 yanvar 2021-ci il tarixdən 342,63 manat (hesablandıqdan sonra 334,3 manat). Nəticədə 27 mart 2019-cu il tarixdən 1 iyul 2021-ci il tarixədək 206,05 manat artıq ödəmə müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 7 iyun 2021-ci il tarixli **********22 nömrəli qərarı ilə iddiaçının əmək pensiyasının məbləği dəyişdirilərək 334,33 manat müəyyən edilmişdir. «İnzibati İcraat haqqına» Qanunun 63.1-ci maddəsinə əsasən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 7 iyun 2021-ci il tarixli qərarı ilə 27 mart 2019-cu il tarixdən 1 iyul 2021-ci il tarixədək 206,05 manat artıq ödəmə hesablanmış və hər ay pensiya məbləğindən 41,21 manat tutulma aparılmışdır. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş 17 avqust 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı (1954-cü il təvəllüdlü) «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına (58 yaş 6 ay) çatdığı 27 sentyabr 2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası 1 yanvar 2006-cı il tarixədək 20 il 9 ay 04 gün ümumi iş stajına əsasən müəyyən edilmiş 6.253,92 manat pensiya kapitalı və 1 yanvar 2006-ci il tarixdən 1 fevral 2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1.092,69 manat pensiya kapitalı nəzərə alınmaqla 136,02 manat məbləğində hesablanmışdır. Sözügedən Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH + YH burada: P – pensiyanın əsas məbləği; SH – yaşa görə əmək pensiyasının sığorta hissəsi; YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir (qeyd edək ki, iddiaçının yığım hissəsində qeydə alınmış sosial sığorta haqqı yoxdur). Əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada PSK – sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144). «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınırdı. İddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 il 09 ay 04 gün ümumi iş stajına əsasən sığorta kapitalı aşağıda verilmiş qaydada hesablanmışdır: (20 il tam iş stajı x 170 manat) + (170 manat: 12 ay x 9 ay) + (170 : 12 ay : 30 gün x 04 gün) = 3.529,38 manat; 3.529,29 manatın 27 sentyabr 2012-ci il tarixədək indeksləşdirilmiş məbləği 6.253,92 manat təşkil edir. Həmçinin Qanunun 1.0.8,-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. İddiaçı 1 yanvar 2006-cı il tarixdən 1 fevral 2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 1.092,69 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajına əsasən müəyyən edilmiş 6.253,92 manat pensiya kapitalı və həmin tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin məbləği (PSK-6.237,73 + PSK – 1.092,69 = 7.346,61 : 144 = 51,02) 27sentyabr 2012-ci il tarixə 51,02 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyasının məbləği 27 sentyabr 2012-ci il tarixdən BH - 85.0 + SH - 51,02 = 136,02 manat təşkil etmişdir. Sonrakı illərdə iddiaçının pensiyasının məbləği illər üzrə «Əmək pensiyaları haqqında» Qanunun 29.1-ci maddəsinə və «Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» Sərəncəma uyğun olaraq artırılaraq 1 yanvar 2018ci il tarixdən aylıq 182,44 manat olmaqla ödənilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının 6 il işlədiyi üçün əmək pensiyasının yenidən hesablanmasına dair DSMF-nin keçmiş Xətai rayon şöbəsinə daxil olmuş 13 sentyabr 2018-ci il tarixli ərizəsinə əsasən onun əmək pensiyası 1 oktyabr 2012-ci il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.552,31 manat pensiya kapitalına əsasən 49,34 manat (3.552,31 : 72 = 49,34) artırılaraq 1 oktyabr 2018-ci il tarixindən 231,78 manata çatdırılmışdır. İddiaçının əmək pensiyası Qanunun 29.1-ci maddəsinin xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 3% indeksləşdirilərək 01.01,2019-cu il tarixindən 238,73 manata çatdırılmışdır. İddiaçının işdən azad olması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanmasına dair DSMF keçmiş Xətai rayon şöbəsinə daxil olmuş 1 aprel 2019-ci il tarixli ərizəsinə əsasən onun əmək pensiyası işdən azad olunduğu 27 mart 2019-cu il tarixdən yenidən hesablanmışdır. Lakin 1 oktyabr 2018-ci il tarixdən 1 may 2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının düzgün müəyyən edilməməsi səbəbindən iddiaçının əmək pensiyası səhvən 21,95 manat (PSK – 1.580,4 : 72 - 21,95) artırılaraq 260,68 manata çatdırılaraq ödənilmişdir. İddiaçının 5 may 2021-ci il tarixli ərizəsinə əsasən əmək pensiyası 1 yanvar 2006-cı il tarixədək təhsil illəri nəzərə alınmaqla 21 il 10 ay 06 gün ümumi iş stajına (PSK – 2019- cu il vəziyyətinə 8.763,84) və 1 yanvar 2006-cı il tarixdən pensiya yaşına çatdığı 27 sentyabr 2012-ci il tarixədək 2.146,24 manat pensiya kapitalına (2019-cu il vəziyyətinə 50%-lə), «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 il işlədiyi üçün 1 sentyabr 2012-ci il tarixdən 1 oktyabr 2018-ci il tarixədək 3.968,44 manat pensiya kapitalına (90%lə) və işdən azad olunduğu üçün 1 oktyabr 2018-ci il tarixdən 1 may 2019-cu il tarixədək 486,39 manat pensiya kapitalına (90%-lə) əsasən 27 mart 2019-cu il tarixdən yenidən hesablanaraq: 27 mart 2019-ci il tarixdən BH – 119,76 + SH – 60,86 (8.763,84 : 144) + SH - 14.90 (2.146,24 : 144) + SH - 55,12 (3.968,44 : 72) + 6,75 (486,39 : 72) = 257,39 manata, 1 yanvar 2020-ci il tarixdən 300,12 manata, 1 yanvar 2021-ci il tarixdən 334,33 manata çatdırılmışdır. Yenidən hesablanma nəticəsində vətəndaşa 27 mart 2019-cu il tarixdən 31 iyul 2021-ci il tarixədək 206,05 manat artıq ödənilmiş vəsait aşkar edilərək 1 avqust 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək hər ay 41,21 manat olmaqla əmək pensiyasından tutulmuşdur. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği 1 yanvar 2022-ci il tarixdən 345,70 manat, 1 yanvar 2023-ci il tarixdən 415,62 manat düzgün hesablanmaqla ödənişi davam etdirilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 7 iyun 2021ci il tarixli **********2 nömrəli qərarını mübahisələndirərək, həmin qərarın ləğv olunmasını, onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin birinci hissəsinə, yəni əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsinə münasibət bildirir. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, istər inzibati atın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı məhkəmə icraatı üzrə araşdırma zamanı məlum olur ki, adıçəkilən 7 iyun 2021-ci il tarixli **********2 nömrəli qərarın (əmək pensiyasının yenidən hesablanması barədə qərar) qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə «İnzibati icraat haqqında» Qanunun tələbləri nəzərə alınmamış, iddiaçının qərarların qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda əmək pensiyasının məbləğinin azaldılmaqla hesablanması barədə qərar qəbul edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, qəbul edilmiş qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, onun qəbul edilməsi üçün əsas olan məlumatların nədən ibarət olduğu müəyyən edilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə bir cümlə belə olsun qərarda qeyd edilməmişdir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın 7 iyun 2021-ci il tarixli **********2 nömrəli qərarı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 58-ci maddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bakı İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın qarşısında aşağıdakı suallar qoyulmaqla onun keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - İş materiallarına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiysının yenidən hesablanması düzgün aparılmışdırmı? - İş materiallarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiysının yenidən hesablanması düzgün aparılmışdırmı? - İddiaçı hal-hazırda ödənilməli olan pensiya məbləği nə qədər təşkil etməlidir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 30 iyun 2022-ci il tarixli məktubu ilə məhkəmənin göndərdiyi sənədlər ekspertiza aparılmadan geri qaytarılmışdır. Buna səbəb kimi “ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə vəsatətin təmin edilməməsi” göstərilmişdir. İş materialları məhkəməyə qaytarıldıqdan sonra Bakı İnzibati Mhkəməsinin 6 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında eyni məzmunlu (28 mart 2022-ci il tarixli qərardadda göstərilən) suallar qoyulmaqla onun keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 25 aprel 2023-cü il tarixli məktubu ilə Mərkəzinin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı daxil olmuşdur. Məlumatda bildirilmişdir ki, iş üzrə 6 fevral 2023-cü il tarixli qərardadla təyin edilmiş məhkəmə ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə məlumatların təqdim olunması barıdə məhkəməyə 17 mart 2023-cü il tarixli vəsatət göndərilmiş və vəsatətdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mütəxəssisinin əmək pensiyasının yenidən hesablanması iddiası üzrə tədqiqata cəlb olunması xahiş edilmişdir, lakin vəsatət təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hüquqi mövqeyi belədir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən onun müraciəti üzrə aparılan inzibati icraatda İddiaçı əmək pensiyası yenidən hesablanarkən pensiya məbləği digər elementlərlə yanaşı 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrdə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqları üzrə tutulmalar nəticəsində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla formalaşmalı, əmək pensiyası hesablanarkən təhsil illəri nəzərə alındığı təqdirdə bu hesablanma ona ətraflı izah edilməli, əks təqdirdə həmin müddət də nəzərə alınmalı və bütün bu hesablanmaların (o cümlədən onun düsturu) aparıılması icraatda iştirak edən şəxs kimi iddiaçıya aydın şəkildə bildirilməklə inzibati icraatın nəticəsi üzrə qərarda əks olunmalıdır. Məhkəmə xüsusilə diqqətə çəkir ki, qeyd olunan halların araşdırılması və qiymətləndirilməsi hazırkı məhkəmə baxışı çərçivəsində müvafiq tədbirlərlə, o cümlədən iddiaya qarşı yazılı etiraz, sorğuya cavab alınmaqla və s. (hətta məhkəmə ekspertizası keçirilməsi də nəticə verməmişdir) sonda mümkünsüz olmuşdur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 7 iyun 2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilməli və İddiaçı əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanması məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 7 iyun 2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilsin. İddiaçı əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanması məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-561/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-561/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver