Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5610/2023 25.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı X12, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı X12 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X6) qarşı “nikahın qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı Ali Hosaini Ghulami (bundan sonra – İddiaçı) və X6 ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) müraciət edərək, nikahlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. Cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X2 nikahının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, X15 xx.xx.1977-ci il tarixində Əfqanıstan Respublikasında doğulub və artıq uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşayır. O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qeydiyyata alınmış və ona X9, həmçinin də AR Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. O, daha öncə Azərbaycan Respublikasında X4 qızı ilə nikaha daxil olmuş və onların dövlət qeydiyyatına alınmış nikahı 08 may 2014-cü il tarixində ("Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabı"nda qeyd edilməklə) pozulmuşdur. Bu barədə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 27 yanvar 2016-cı il tarixində AZ-İ 222112 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bundan bir müddət sonra isə o, xx.xx.1984-cü il təvəllüdlü X6 ilə faktiki nikaha daxil olmuş və həmin nikahdan onların xx.xx.2018-ci il tarixli X1 və xx.xx.2020-ci il tarixli X3 adlı övladları doğulmuşdur. Hər iki uşağın doğum haqqında şəhadətnaməsində ata kimi X15, ana kimi X6 qeyd olunmuşdur. X15 Cavabdehnə ərizə ilə müraciət edərək X6 ilə nikahının qeydə alınmasını xahiş etmişdir. Müraciət xx.xx.2022-ci il tarixində qeydiyyat şöbəsi tərəfindən qəbul edilmişdir. Müraciəti ilə əlaqədar olaraq Qeydiyyat şöbəsi tərəfindən onunla əlaqə saxlanılaraq onun subay olmağı ilə bağlı arayış tələb edilmişdir. Həmin məsələ ilə bağlı o, Əfqanıstan İslam Respublikasının Bakıdakı Səfirliyinə müraciət etsə də, qeyd olunan arayışı əldə etmək mümkün olmamışdır. Belə ki, səfirlikdən ona bildirmişlər ki, Əfqanıstanda 2021-ci ilin avqustundan etibarən yaranmış məlum yeni siyasi, inzibati-hərbi vəziyyətlə əlaqədar olaraq səfirliklərin fəaliyyətində durğunluq yaranmışdır. Əfqanıstanın bir çox ölkədə, o cümlədən, Azərbaycan Respublikasındakı səfirliyi uzun müddət idi ki, öz fəaliyyətlərini dayandırmışdır. Yalnız bu yaxınlarda səfirlik fəaliyyətini qismən bərpa etmişdir. Təəssüf ki, hazırda həmin xidmətlərə subaylıq barədə arayışın verilməsi daxil deyil. Bundan sonra o, qeydiyyat şöbəsinə bu barədə məlumat versə də bugünədək cavabdeh onların nikahını qeydə almamış, ümumiyyətlə, müraciətlə bağlı heç bir rəsmi cavab verməmişdir. O, Azərbaycan Respublikasında qeydə alınan ilk nikahı pozulduqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməmiş, həmçinin Azərbaycan Respublikası ərazisində də başqa nikaha daxil olmamışdır. Belə olan halda onun Azərbaycan Respublikasından kənarda nikaha daxil olması mümkün deyil. O, BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qaçqın olaraq qeydiyyata alınmış X7 malik olan şəxsdir. Onun şəxsiyyətini təsdiq edən sənəd məhz həmin X5. Bununla yanaşı iddiaçıya AR Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir və həmin vəsiqə də cavabdehə təqdim edilmişdir. Qanunvericilik qaçqın statusunda olan şəxslərə müəyyən müstəsna hüquqlar təsbit etmişdir ki, bunlardan biri də onların şəxsiyyətinin qaçqın vəsiqəsi ilə müəyyən edilməsi, həmçinin hər hansı hüquqdan istifadə etməsi üçün onların müraciət edə bilmədikləri xarici dövlətin hakimiyyət orqanlarının köməyinin tələb olunduğu hallarda bununla bağlı qaçqınlara öz ərazisində yer vermiş Razılığa gələn Dövlətlərin müəyyən tədbirlər görməli və kömək göstərməli olmasıdır. Belə olan halda iddiaçının müraciətinin bugünədək icra edilməməsi tamamilə əsassızdır. Cavabdeh iddiaya yazılı münasibətində iddiaçının iddiasına etiraz etdiyini və işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia nikahın qeydə alınması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, 13 iyun 2009-cu il tarixli, 1333 nömrəli nikah haqqında akt qeydindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X17 Rza ilə xx.xx.1983-cü il təvəllüdlü Rəhimova (Hüseyni-Qulami) Elnarə Elsevər qızı nikaha daxil olmuşlar və bununla bağlı AZ-İ seriyalı, ******* nömrəli şəhadətnamə təqdim edilmişdir. Mingəçevir şəhər qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli, 4200 7 0090 nömrəli nikahın pozulması haqqında akt qeydindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-128/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən X18 ilə Rəhimova (Hüseyni-Qulami) Elnarə Elsevər qızının nikahları pozulmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəlüdlü X12 xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İddiaçı hazırda onunla X2 nikahının qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: - maddə 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. - maddə .5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. - maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. - maddə 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.. - maddə 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. -maddə 146.2. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən: - Bənd 1.3. Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ailə Məcəlləsinin 146-157-ci maddələrinin tələbləri nəzərə alınmaqla aparılır. - Bənd 3.1. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir. - Bənd 3.2. Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə şəxsən yazılı ərizə verirlər. - Bənd 3.3. Ərizədə nikahın bağlanmasına mane olan halların - nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir. - Bənd 3.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır. - Bənd 3.5. Ərizəni qəbul etmiş Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-birinin tibbi müayinəsinin nəticəsi və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Ərizənin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. İstinad olunan normalardan görünür ki, qanunverici nikaha daxil olmaq istəyən şəxslərin, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə nikahın bağlanmasını təsbit edir, bir şərtlə ki, Ailə Məcəlləsinin 11 və 12-ci maddəsinin tələbləri nəzərə alınsın. Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına yol verilməyən hallar sadalanmışdır ki, bu hallardan biri başqası ilə nikahda olan şəxsin yenidən nikaha daxil olmaq üçün müraciət etməsidir. Nikaha daxil olmaq üçün müraciət edən Azərbaycan Respublikasının vərəndaşlarına münasibətdə onun başqası ilə nikahda olub olmamasının yoxlanılması nikahı qeydə alan inzibati orqan tərəfindən həyata keçirilir. Çünki nikah həmin orqan tərəfindən qeydə alındığından şəxsin pozulmamış başqa bir nikahının olub olmamasını müəyyən etmək də həmin inzibati orqanın səlahiyətindədir. Lakin əcnəbilərə münasibət bu halı sübut etmək vəzifəsi şəxsin üzərinə qoyulur. Məhz buna görədir ki, qanunverici evlənmək arzusunda olan əcnəbilərdən vətəndaşı olduqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edir. Burada məqsəd nikaha daxil olmaq istəyən şəxsə münasibətdə Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinin mövcudluğunun yoxlanılmasıdır. İşdən görünür ki, iddiaçı üçüncü şəxslə birlikdə nikaha daxil olmaq üçün ərizə ilə cavabdehə müraciət etsə də, vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayışı təqdim etməmişdir. İddia ərizəsində iddiaçı bu halı hazırda ölkəsində olan qeyri-sabit vəziyyətlə izah etsə də, məhkəmə iclasında ölkəsinin Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən bir şəxsə yalnız bir dəfə ailə vəziyyəti haqqında arayış verildiyinin bildirilməsi ilə əsaslandırmış, lakin məhkəməyə nə vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanına etdiyi müraciəti, nə də ona verilən cavabı təqdim etməmiş, bununla da arzu etdiyi aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı tələbinin əsası kimi daha əvvəl Azərbaycan Respublikasında nikaha daxil olması, daha sonra həmin nikahı pozulduqdan sonra ölkə ərazisini tərk etməməsi ilə əsaslandırır. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səadət Sarayının (Bakı Nikah Evi) xx.xx.2022-ci tarixli cavab məktubunda qeyd etmişdkir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın 11-12-ci hissələrinə və həmin Təlimata 15 nömrəli əlavə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) və “Asan xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturası”na əsasən nikaha daxil olmaq haqqında ərizələr və ərizələrə əlavə edilən digər sənədlər qeydiyyat şöbəsinin arxivində 5 il saxlanıldıqdan sonra ekspert komissiyası tərəfindən tərtib olunmuş akt əsasında məhv edilir. Qeyd olunanlar nəzərə alaraq 2009-cu ilin nikah haqqında ərizələri şöbənin arxivində saxlanılmır. Göründüyü kimi, iddiaçının daha əvvəl nikaha daxil olarkən ailə vəziyyəti haqqında arayış təqdim etməsi müəyyən edilmir. Digər tərəfdən, iddiaçının həmin vaxt belə bir arayış təqdim etməsi güman olunsa belə, qanunvericiliyə əsasən onun qüvvədə olma müddəti 6 aydır. İddiaçının ölkəni tərk etməməsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu hal qanunvericiliklə təqdim edilməsi zəruri olan sənədin verilməməsi üçün əsas kimi çıxış edə bilməz. Çünki qanunverici şəxsin ailə vəziyyətinin müəyyənləşdirilməsi üçün təqdim edilməsi zəruri olan sənədi konkret olaraq təsbit etmiş, bu sənəd qismində səlahiyyətli orqan tərəfindən verilən arayışı müəyyən etmişdir, hansı ki, həmin sənəd həmçinin müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olmadığından cavabdehin hərəkəti qanunsuz sayıla və iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5610/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5610/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver