Məhkəmə qərarları › İş №2-1(112)-5611/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5611/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5611/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar X12 Mohammad və İddiaçı2, iddiaçının vəkili Nümayəndə iştirakları ilə, iddiaçılar X12 Mohammad və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın qeydə alınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X12 Mohammad və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək nikahlarının qeydə alınması öhdəliyinin Nərimanov rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 Mohammad xx.xx.1979-cu il tarixində Əfqanıstan Respublikasında doğulub və artıq uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşayır. O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qeydiyyata alınmış və ona X6, həmçinin də AR Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X11, prospekti, ev 106, mənzil 144 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmaqla Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. X12 Mohammad daha öncə Azərbaycan Respublikasında X5 ilə nikaha daxil olub və onların dövlət qeydiyyatına alınmış nikahı Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 26 iyul 2017-ci il tarixində ("Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabı"nda qeyd edilməklə) pozulmuşdur. Bu barədə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 12 noyabr 2021-ci il tarixində AZ-İ 395268 saylı X3 Şəhadətnamə verilmişdir. Bundan bir müddət sonra isə X12 Mohammad xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 ilə faktiki nikaha daxil olmuş və hazırda birlikdə yaşayırlar. Yuxarıda göstərilənləri nəzərə alaraq X12 Mohammad Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək İddiaçı2 ilə nikahının qeydə alınmasını xahiş etmişdir. Müraciət xx.xx.2022-ci il tarixində qeydiyyat şöbəsi tərəfindən qəbul edilmişdir. Müraciətlə əlaqədar olaraq Qeydiyyat şöbəsi tərəfindən iddiaçı ilə əlaqə saxlanılaraq subay olması ilə bağlı arayış tələb etmişlər. Həmin məsələ ilə bağlı iddiaçı Əfqanıstan İslam Respublikasının Bakıdakı səfirliyinə müraciət etsə də, qeyd olunan arayışı əldə etmək mümkün olmamışdır. Belə ki, səfirlikdən ona bildirmişlər ki, Əfqanıstanda 2021-ci ilin avqustundan etibarən yaranmış məlum yeni siyasi, inzibati-hərbi vəziyyətlə əlaqədar olaraq səfirliklərin fəaliyyətində durğunluq yaranmışdır. Əfqanıstanın bir çox ölkədə, o cümlədən, Azərbaycan Respublikasındakı səfirliyi uzun müddət idi ki, öz fəaliyyətlərini dayandırmışdı. Yalnız bu yaxınlarda səfirlik fəaliyyətini qismən bərpa edib. Lakin hazırda həmin xidmətlərə subaylıq barədə arayışın verilməsi daxil deyil. Bundan sonra iddiaçı tərəf qeydiyyat şöbəsinə bu barədə məlumat versə də, bugünədək cavabdeh Nərimanov rayon Qeydiyyat Şöbəsi onların nikahını qeydə almamış, ümumiyyətlə müraciətlə bağlı onlara heç bir rəsmi cavab verməmişdir. X12 Mohammadin Azərbaycan Respublikasında qeydə alınan ilk nikahı pozulduqdan sonra o, Azərbaycan Respublikasının ərazisini tərk etməmiş, həmçinin Azərbaycan Respublikası ərazisində də başqa nikaha daxil olmamışdır. Belə olan halda X12 Mohammadin Azərbaycan Respublikasından kənarda nikaha daxil olması mümkün deyil. X12 Mohammad BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qaçqın olaraq qeydiyyata alınmış X4 malik olan şəxsdir. Onun şəxsiyyətini təsdiq edən sənəd məhz həmin X2. Bununla yanaşı iddiaçıya AR Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi də verilmişdir və həmin vəsiqə də cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddianın mahiyyətinə münsibət bildirmədən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə etdi və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçılar X12 Mohammad və İddiaçı2 nikahlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. -MYİ seriyalı, 587953 №-li Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, iddiaçıya AR Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi verilmişdir. - xx.xx.2021-ci il tarixli, 395268 №-li X3 şəhadətnamənin surətindən görünür ki, X12 Mohammad ilə X5 arasında nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur. - Məhkəmənin sorğusuna cavab olaraq Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, mövcud məsələ ilə bağlı vətəndaş şöbəyə müraciət etmişdir. Lakin ailə vəziyyətinə dair (forma 14) arayışını təqdim edə bilmədiyi üçün iddiaçının ərizəsi icra edilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 21 mart 1979-cu il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı X12 Mohammad-a (pasport nömrəsi: P********) sonuncu dəfə 25 may 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında ("xxxx" MMC-nin rəhbəri kimi) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Əcnəbi 27 iyul 2022-ci il tarixdə qeydiyyatda olduğu ünvanı dəyişmək məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, onun icazə vəsiqəsi yenidən rəsmiləşdirilmiş və ona Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 106, mənzil 144 ünvanına qeydiyyata alınmaqla 28 iyul 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək MYİ 587953 nömrəli vəsiqə verilmişdir. X12 Mohammad, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş ***-*******2 nömrəli himayə vəsiqəsi əsasında xx.xx.2022-ci il tarixdən 01 iyun 2025-ci ilədək Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. -Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, X12 X7 ilə X1 nikahı xx.xx.2010-cu il tarixdə 1658 saylı aktla Bakı nikah evi tərəfindən qeydə alınmışdır. Həmin məktuba əlavə edilmiş X3 akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X13 Mohammad ilə xx.xx.1987-ci il təvəllüdlü X5 arasında nikah Yasamal Rayon Məhkəməsinin 2(004)-5989/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı əsasında pozulmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 120 №-li arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X10 xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəza müddətini çəkmiş və 17 saylı CÇM-dən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın 11-12-ci hissələrinə və həmin Təlimata 15 №-li əlavə-“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) və “Asan xidmət" mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturasına əsasən nikaha daxil olmaq haqqında ərizələr və ərizələrə əlavə edilən digər sənədlər qeydiyyat şöbəsinin arxivində 5 il saxlanıldıqdan sonra ekspert komissiyası tərəfindən tərtib olunmuş akt əsasında məhv edilir. Bildirilir ki, 2010-cu ilin nikah haqqında ərizələri şöbənin arxivində saxlanılmır. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Əfqanıstan vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü X12 Mohammadin xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət xx.xx.2014 Çıxış xx.xx.2014 Giriş Məhkəmə gəldiyi nəticəni aşağıdakı qanunvericilik normaları ilə əsaslandırır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin İİ hissəsinə görə, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 2.4-cü maddəsinə əsasən nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. İşin faktiki hallarından görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı olan iddiaçı - X12 Mohammad xx.xx.2010-cu il tarixində Azərbaycan Respublikası vətəndaşı – X5 ilə nikaha daxil olmuş və onların nikahı vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında dövlət qeydiyyatına alınmışdır. Yasamal Rayon Məhkəməsinin qərarı ilə iddiaçı və həyat yoldaşı arasında nikah xx.xx.2017-ci il tarixində pozulmuşdur, bundan sonra iddiaçı Azərbaycan Respublikası vətəndaşı İddiaçı2 ilə nikahının qeydiyyata alınması barədə cavabdeh Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək nikahlarının qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının ailə vəziyyəti haqqında arayış təqdim etməməsi əsası ilə nikahı qeydiyyata almaqdan imtina etmişdir. İddiaçılar cavabdehin imtinası ilə razılaşmır və hesab edirlər ki, iddiaçı X12 Mohammad nikahı pozulduqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməmiş, həmçinin Azərbaycan Respublikasında başqa nikaha daxil olmamışdır. Eyni zamanda Əfqanıstan İslam Respublikasındakı mövcud vəziyyət tələb olunan arayışı təqdim etməyə imkan vermir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.4cü bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır. Göründüyü kimi, əcnəbilərin Azərbaycan Respublikasında nikahının dövlət qeydiyyatına alınması üçün onların vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayışın təqdim edilməsi ilə şərtləndirilmişdir. Məhkəmə iddiaçıların dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı X12 Mohammad Azərbaycan Respublikasındakı nikahına xitam verildikdən sonra Azərbaycan Respublikasının hüdudlarını tərk etməsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin izahatları ilə İddiaçı1 Mohamadın xx.xx.2014-xx.xx.2014-cü illərdə ölkə ərazisindən kənara çıxması və həmin dövrdə Əfqanıstan İslam Respublikasına getməsi müəyyən edilmişdir. Belə olan halda iddiaçının qeyd olunan dövrdə həmin ölkədə başqa nikaha daxil olması istisna edilmədiyindən onun mənsub olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayışın cavabdeh inzibati orqana təqdim edilməsinə zərurət vardır. Məhkəmə məsələyə həm də bu cür yanaşır ki, hazırkı halda iddiaçı tərəfindən sözügedən arayış təqdim edilmədən onun Azərbaycan Respublikasında nikahının dövlət qeydiyyatına alınması ilə iddiaçının nikahda olması ehtimal edilən digər şəxsin maraqlarına toxunula bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı ailə vəziyyəti haqqında tələb olunan arayışı Əfqanıstan İslam Respublikasına getmədən, həmin ölkənin Azərbaycan Respublikasındakı, yaxud başqa ölkələrdəki diplomatik nümayəndəliklərindən əldə edə bilərdi. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, hazırkı tələblə bağlı cavabdehin imtinası qanunsuz olmadığından iddia tələbi təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar