Məhkəmə qərarları › İş №2-1(112)-5613/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5613/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5613/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən ehtiyata buraxılmışdır və ona həmin tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda ona yaşa görə əmək pensiyası ödənilir. xx.xx.2014-cü il tarixdə ona 10 saylı TSEK tərəfindən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəb əlaqəsi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. 2015-ci il tarixdə isə əlilliyim təkrarən təsdiqlənmişdir. xx.xx.2016-cı il tarixdə isə təkrar müayinə zamanı əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmiş və bu dəfə Azərbaycan Respublikası Əmək və ƏSMN-nin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyası üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2014-cü il tarixdən hesablanaraq ona ödənilməsi üçün cavabdehə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilmişdir. Qanunun 19.1.7.2-ci maddəsinin tələbləri iddiaçıya şamil edilə bilməz, ona görə ki, iddiaçının pensiya təminatı onu sonuncu tutduğu vəzifədən, daha doğrusu təminat xərcliyindən götürülür ki, bu da öz növbəsində Qanunun 1.0.5-ci maddəsi ilə tənzimlənir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Sabirabad şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER-TSE-01 063577 №-li TSEK-də müayinə aktından görünür İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik təyin olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli məlumatından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. - İddiaçıya məxsus ZE**********4 saylı pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MN Seriyalı, ZE-56398 №-li hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinə əsasən İddiaçı Əlikram oğluna xx.xx.2004-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2015-ci ildən pensiyası yenidən hesablanaraq pensiya məbləği 556,29 manat müəyyən edilmişdir. - İdarənin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020ci il tarixli, **********1 nömrəli məktubdan görünür ki, ona x xxxx 2004-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq x xxxxxx 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Əmək pensiyası sonrakı artımlar nəzərə alınmaqla x xxxxxxxx 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən idarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 600,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavə - 149,20 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 959,20 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 29 il 1 ay 1 gün xidmət müddətinə uyğun olaraq - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (9 il) hər ili üçün 3 faiz tətbiq edilməklə (9x3) təminat xərcliyinin 27 faizi olmaqla ümumilikdə təminat xərcliyi (959,20 manat) 82 faizi - 786,55 manat məbləğində əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabınına köçürülür. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: əmək pensiyasının sığorta hissəsinə əlavələr; qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Ona sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 786,55 manat məbləğində müəyyən edilmişdir: - əmək pensiyanısının sığorta hissəsi-183,23 manat; -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavəsi-77,00 manat; -qulluq stajına görə əmək pensiya əlavəsi -526,32 manatdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək”pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial”sığortaolunanların”onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə”əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.3-ci maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası; - 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: sığorta hissəsindən; yığım hissəsindən. - 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. - 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. - 19.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7-ci maddəsində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanması üçün iki şərt tələb olunur: 1) yaşa görə əmək pensiyasının alınması; 2) müharibə ilə əlaqədar əlilliyi olan şəxslər (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Əlikram oğluna xx.xx.2004-cü il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası, xx.xx.2016-cı il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinin tətbiq edilməsi üçün bütün şərtlər mövcud olduğundan ona həmin normada nəzərdə tutulmuş əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavə hesablanmasında cavabdeh inzibati orqanın imtinası qanunun tələblərinə uyğun olmamışdır. Cavabdeh imtina məktubunda iddiaçının əmək pensiyasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavənin hesablanmasını qeyd etsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdeh tərəfindən imtina məktubunda iddiaçıya x xxxx 2004-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edildiyi, əmək pensiyası sonrakı artımlar nəzərə alınmaqla x xxxxxxxx 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən idarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 600,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavə - 149,20 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 959,20 manat təşkil etdiyi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 29 il 1 ay 1 gün xidmət müddətinə uyğun olaraq - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (9 il) hər ili üçün 3 faiz tətbiq edilməklə (9x3) təminat xərcliyinin 27 faizi olmaqla ümumilikdə təminat xərcliyi (959,20 manat) 82 faizi - 786,55 manat məbləğində əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabınına köçürüldüyü qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının əmək pensiyasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavə hesablanmamışdır. Məhkəmə iddia tələbinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilsə də, qeyd olunan əlavənin hesablanmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli Qanununa əsasən xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilərək qeyd olunan əlavə xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinə xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq 77 manat məbləğində əlavənin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinə xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq 77 manat məbləğində əlavənin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 X4 X6 həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. ” Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar