Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5614/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzi 200 000 (iki yüz min) manat təyin edilərək onun xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-ci il 18 sentyabr tarixində X4 ilə ailə quraraq rəsmi nikahı qeydə alınmışdır. Nikahdan iki övladı doğulmuşdur. Uşaqlar halhazırda yetkinlik yaşına çatmışlar. Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllədə yerləşən 1 saylı evin 39-cu mənzilin üzərinə verilmiş Suraxanı RİH-nin 04 dekabr 1998-ci il tarixli, 2127 N-li sərəncamına əsasən (yaşayışa yararlı) yardımçı təsərrüfat otağının (bundan sonra - mübahisəli tikili) ər-arvad münasibətində olduğu vaxt şəxsi hesabına inşa etmiş və istifadə, sahiblik etmişdir. 1999-cu ildən 53 saylı mənzil komunal istismar sahəsinə, 2004cü ildən Cavabdeh ilə torpaq icarə müqaviləsi əsasında ödənişlər etmiş və əmlak 2008-ci ilin iyun ayına qədər onun istifadəsində olmuşdur. xx.xx.2006-cı il tarixdə nikah rəsmi olaraq pozulmuşdur. 2008-ci ilin əvvəlində o, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə birgə nikah dövründə əldə olunmuş avtomobil, mənzil və təsərrüfat otağının birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi, ayrılması iddia tələbi ilə cavabdeh keçmiş həyat yoldaşı Ramiz Mustafayevə qarşı müraciət etmişdir. Cavabdeh ona qarşı mülkiyyətdəki mənzildə payların müəyyən olunması və hərracda satılması yolu ilə payların bölgüsünə dair qarşılıqlı iddia ərizəsilə müraciət etmişdir. 2(010)-628/2008 nömrəli iş üzrə 09 yanvar 2009-cu il tarixli qətnamə ilə adı çəkilən məhkəmə onun iddiasını təmin etmədən, qarşılıqlı iddianı qismən təmin etmişdir. Onun adına üç otaqlı mənzildə 1/4 payı müəyyən etmişdir. Həmin qətnamə onun və cavabdehin apellyasiya şikayətləri əsasında 2(103)-4376/2009 nömrəli iş üzrə 10 noyabr 2009-cu il tarixli qətnamə ilə ləğv olunmuşdur. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İlkin və qarşılıqlı iddialar qismən təmin olunmuşdur. Onun və cavabdeh arasında “VAZ - 21074” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 və mənzillərinin 1/2 hissəsi üzərində bərabər paylar müəyyən olunmuşdur. Qalan hissədə iddiaları təmin olunmamışdır. Onun iddiası birgə vasait hesabına tikilmiş təsərrüfat otağı tələbinə dair hissədə qərardadla baxılmamış saxlanılmışdır. O, qətnamə və qərardadla tanış olduqda məhkəmə baxışında araşdırılmayan “iş materiallarından görünür ki, Suraxanı rayon Cavabdeh tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, i/k-8 saylı məktuba əsasən Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 1, mənzil 39-da yaşayan X3 məxsus 24 kv.m-lik mövcud qaraj üçün torpaq icarə müqaviləsi xx.xx.2007-ci il tarixli etibarnamə əsasında xx.xx.2007-ci il tarixində C.Qurbanov küçəsi, 95/63 ünvanda yaşayan X5 ilə bağlanmış və icarə haqqı həmin şəxs tərəfindən vaxtlı-vaxtında ödənilir. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam ilə qaraj X1 adına rəsmiləşdirilmişdir.” Göründüyü kimi Cavabdeh səlahiyyətli şəxsləri sorğulara yalan məlumatlar verərək, şəxsi maraqları qarşılığında qulluq səlahiyyətlərini aşaraq, sövdələşmə nəticəsində əmlakının özgəninkiləşdirilməsinə nail olmuşdurlar. Ona böyük məbləğdə zərər dəymişdir. 1998-ci ildə yaşayışa yararlı yardımçı təsərrüfat otağının tukintisinə xərclədiyi 5000 (beş min) ABŞ dolları məbləğində vəsait, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər, habelə hüququ pozulmasaydı, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən, yaranan maddi real zərər, əldən çıxmış faydadan və mənəvi zərərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Milli Arxiv fondu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən bələdiyyənin qərarları, sərəncamları, iclas protokolları və digər sənədləri kargüzarlığı başa çatdığı ildən sonrakı ildən sonra 5 il bələdiyyə orqanında saxlandıqdan sonra dövlət arxivinə təhvil verilməlidir. Vətəndaşlardan daxil olan şəxsi xarakterli ərizə, təklif və şikayətlər, daxil olan və göndərilən sənədlərin qeydiyyat kitabları 5 il, sərəncamın verilməsi üçün əsas olmayan müqavilələr (xidmət, icarə və s.) müqavilənin müddəti bitdikdən sonra 5 il saxlanılır. Ondan sonra dövlət arxiv təşkilatı ilə razılaşdırılmış akt əsasında məhv edilir. Eləcə də “Milli arxiv fondu haqqında” Qanunun 10-cu maddəsinə uyğun olaraq kargüzarlığı başa çatmış sənədlər dövlət arxivinə təhvil verildiyi üçün sorğuda qeyd olunan məsələ ilə əlaqədar bələdiyyədə məlumat yoxdur. Odur ki, vətəndaş Şoşanova (Mustafayeva) Emma Ələkbər qızı tikilmiş yardımçı təsərrüfat otağının (qarajla) əlaqədar etibarnaməni bələdiyyədən tələb etməsi tam əsassızdır. Mövcud qanunvericiliyə, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının bələdiyyələrə verdiyi səlahiyyətlərə əsasən bələdiyyə ərazisində fiziki şəxslərin istifadə etdiyi torpaq sahəsinə görə ödənişi (torpaqdan istifadə haqqı) yerli bələdiyyə büdcəsinə ödənilməlidir. Göründüyü kimi bələdiyyə tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib və bələdiyyəyə qarşı iddia tam əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh 24 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud qanunvericiliyə, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının bələdiyyələrə verdiyi səlahiyyətlərə əsasən bələdiyyə ərazisində fiziki şəxslərin istifadə etdiyi torpaq sahəsinə görə ödəniş (torpaqdan istifadə haqqı) yerli bələdiyyə büdcəsinə ödənilməlidir. Suraxanı rayon İcra Hakimiyyətinin 2127 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə tikilmiş yardımçı təsərrüfat otağı (qaraj) keçmiş həyat yoldaşı olmuş X6 tərəfindən etibarnamə əsasında X1 istifadəsinə verilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin 77 saylı xx.xx.2009-cu il tarixli sərəncamı ilə qaraj İ.Ə.Şahverdiyevin adına sənədləşdirilmişdir. Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən bələdiyyənin qərarları, sərəncamları, iclas protokolları və digər sənədləri kargüzarlığın başa çatdığı ildən sonrakı ildən sonra 5 il bələdiyyə orqanında saxlandıqdan sonra dövlət arxivinə təhvil verilməlidir. Vətəndaşlardan daxil olan şəxsi xarakterli ərizə, təklif və şikayətlər, daxil olan və göndərilən sənədlərin qeydiyyat kitabları 5 il, sərəncamın verilməsi üçün əsas olmayan müqavilələr (xidmət, icarə və s.) müqavilənin müddəti bitdikdən sonra 5 il saxlanılır. Odur ki, yardımçı təsərrüfat otağı ilə (qarajla) əlaqədar eitbarnaməni bələdiyyədən tələb etməsi tam əsassızdır. Qanunvericiliyə uyğun olaraq qarajı sərəncamla (etibarnamə ilə) istifadə edən şəxs vergiyə cəlb edilmişdir. Göründüyü kimi bələdiyyə tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib, müraciətində tikilinin ailədaxili mübahisə obyekti olduğu açıq aydın qeyd etmiş və bələdiyyəyə qarşı təzminat tələbi tam əsassız və böhran xarakterlidir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı 27 iyul 2022-ci il tarixli məktubla X6 barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il, 2127 saylı və X5 barədə xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamların təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə olunmuş Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısının 2127 nömrəli, 04 dekabr 1998-ci il tarixli sərəncamın surətindən görünür ki, Qaraçuxur qəsəbəsi, 4042-60-cı kvartal, ev 1, mənzil 39-da yaşayan vət.X3 yaşadığı evin yanında 3mx4m ölçüdə yardımçı təsərrüfat otağının tikintisinə icazə verilmişdir; Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 77 nömrəli, 17 mart 2009-cu il tarixli Sərəncamının surətindən görünür ki, Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən, sahəsi 33,00 k.m. olan daş qaraj Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 95, mənzil 63 ünvanda yaşayan vətəndaş X2 adına sənədləşdirilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı ərizəsində cavabdehin X5 ilə bağladığı, qarajın yerləşdiyi sahənin istifadəyə verilməsinə dair müqavilələrə istinad edərək, səlahiyyəti olmadığı halda bələdiyyənin həmin müqavilələri bağlamaqla ona maddi və mənəvi zərər vurmasını qeyd etsə də, həmin müqavilələri mübahisələndirməmişdir. Sözügedən müqavilələrin etibarsız olub-olmaması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, əqdlərin bağlanması mülki hüquq münasibətlərində meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Həmçinin məhkəmə araşdırması zamanı arxiv nüsxəsi məhkməyə təqdim edilmiş, Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən, sahəsi 33,00 kv.m. olan qarajın X1 adına sənədləşdirilməsinə dair Bakı şəhəri Suraxcanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 nömrəli sərəncamı da iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, yəni həm sözügedən müqavilələr, həm də sərəncam qanuni qüvvəsini saxladığı halda, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması barədə iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5614/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5614/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver