Məhkəmə qərarları › İş №2-1(112)-5617/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5617/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5617/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi ev 52; ixtisası: orta təhsil; iş yeri: işləmir), cavabdehin nümayəndəsi X3 (ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə qarşı “əvvəlki 3 il üçün müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 1992-ci ildən 2017-ci ilədək müavinətin hesablanılaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nin əsl cavabdeh “Cavabdeh” ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sabiq əsgəri olaraq xx.xx.1992-ci il tarixdə Silahlı Qüvvələrin Baş X1 cərrahiyyə bölməsində stasionar müayinə və müalicədə olmuşdur. Qeyd olunanlara əsasən ona Müdafiə Nazirliynin Şəxsi Heyət Baş idarəsi tərəfindən müharibə veteranları üçün xx xxxxxx 2017-ci il tarixdə M/V 059660 N-li vəsiqə verilmişdir. 1992-ci ildə hospitalda stasionar müayinə və müalicədə olduğu təqdirdə ona təqaüd 1992-ci ildən yox 2017-ci ildən hesablanmışdır. 1992-ci ildən 2017-ci ilədək isə o, ümumiyyətlə təqaüd almamışdır. 1992-ci ildən 2017-ci ilədək ödəniləsi təqaüdün neçə manat təşkil edilməsi və təqaüdün hansı səbəbdən ödənilməməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixli **********1 N-li məktubla bildirmişlər ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə görə müharibə veteranı adlarının verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə müəyyən edilir və veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Şəxsin müharibə veteranı olub-olmamasının müəyyən edilməsi ona müvafiq komissiyanın rəyinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin, yəni veteran statusunu, o cümlədən müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə elmək hüququnu təsdiq edən sənədin verilməsi ilə təsdiq edilir. Bu sənəd verildiyi tarixdən müddətsiz olaraq Azərbaycan Respublikası ərazisində qüvvədə hesab olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən müavinət təyin edilmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə, veteranlara verilən müavinətin növü "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda isə sadəcə “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Sosial müavinətlər haqqında qanunvericilik “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi" şərtini gətirir. Müvafiq icra hakimiyyəti orqanı isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” olaraq müəyyən edir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İşə baxan məhkəmələr adı çəkilən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da aşağıda qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. xx.xx.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (xx xxx 1995-ci il tarixli 1029 nömrəli, xx xxxx 1995-ci il tarixli 1067 nömrəli və xx xxxxxx 2001 -ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11,07.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən (AR NK-nin xx xxxx 2006-cı il tarixli 174 nömrəli Qərarı ilə əlavə edilib), veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının tələb etdiyi tarixdən müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktlarınhüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qanunvericiliyin istinad olunan müddəalarına əsasən məhz müharibə veteranı vəsiqəsinin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinə əsasən müraciət etdiyi gündən müavinət təyin olunduğuna görə, iddiaçı əvvəlki üç ildə sözügedən müavinəti almaq hüququ yaranmadığı halda həmin illər üçün müavinət tələb edə bilməz. Məhkəmə zamanı cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş M/V seriyalı 059660 nömrəli Vəsiqə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, sosial müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Beləliklə, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2017-ci il tarixdə təqdim edilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2017-ci il tarixdə verilməsi onun “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi hissəsində təmin, qalan hissəsədə isə təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar