Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5617/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən, 25 kv. metrdən ibarət, ona məxsus qeyri-yaşayış sahəsinin Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, atası X11 məxsus Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən mağaza yolun genişləndirilməsi məqsədi ilə sökülmüş və əvəzində Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05.11.2014-cü il tarixli, 649 saylı Sərəncamı ilə Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş ticarət mərkəzində sahəsi 25 kv. metr olan mağaza verilmişdir. Sonradan atası Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin mağazanın onun adına sənədləşdirilməsini xahiş etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 30.12.2016-cı il tarixli, 456 saylı Sərəncamı ilə Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş ticarət mərkəzində sahəsi 25 kv. metr olan həmin mağaza ona verilmişdir. Bundan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədləri 01.12.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmiş, lakin adıçəkilən İdarənin 06.01.2022-ci il tarixli, **********25 №li məktubu ilə torpaq sənədinin olmaması və s. əsas gətirilərək, dövlət reyestrindən çıxarış verilməsindən imtina edilmişdir. Ona verilmiş qeyriyaşayış obyekti ayrıca tikili olmayıb ticarət mərkəzinin daxilində yerləşir və onlara məxsus mağaza dövlət tərəfindən söküldüyü üçün verilmişdir. Təbii olaraq həmin qeyri-yaşayış sahəsinin ayrılıqda torpaq sahəsi ola da bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ilə bağlı **********32 №li 15 mart 2022-ci il tarixli yazılı münasibətində (etiraz) göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, 01.12.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən qeyriyaşayış sahəsinin qeyri-yaşayış binasının bir hissəsində yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8ci maddəsinə uyğun qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə və qeyri-yaşayış binasına dair sənədlər ərizəyə əlavə edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********25 saylı, 06.01.2022-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək, cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə zidd olduğunun, belə ki, iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ticarət mərkəzinin daxilində mövcud olmaqla, eyni hüquqmüəyyənedici sənədlərə malik olan digər qeyri-yaşayış sahələrinin xüsusi mülkiyyət hüquqları ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müxtəlif fiziki şəxslərin adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların verildiyinin nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 izahatında iddianı qəbul etmədiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən edilir ki, xx.xx.1994-cü ildə Tovuz rayonu, Hacılar kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14.03.2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 036451 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 ilə X7 14.03.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin mart ayının 14-cü günündə 647 nömrə ilə qeyd aparılmışdır. Nikahdan sonra arvada Tağıyeva soyadı verilmişdir. “Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli 649 saylı sərəncamında dəyişiklik edilməsi barədə” Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 30.12.2016-cı il tarixli 456 saylı sərəncamından müəyyən olunur ki, vətəndaş X3 Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, Fətəliyev küçəsində inşa edilmiş ticarət mərkəzində ona yeni mağazanın ayrılmasına dair Sabunçu RİH başçısı tərəfindən verilmiş 05 noyabr 2014-cü il tarixli 649 saylı sərəncamın qızı X5 adına dəyişdirilməsini xahiş etmişdir.Təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, X11 məxsus Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşdiyi mağaza yolun genişləndirilməsi məqsədi ilə sökülmüş, ona Sabunçu RİH başçısının 05 noyabr 2014-cü il tarixli 649 saylı sərəncamı ilə M.Fətəliyev küçəsində inşa edilmiş yeni ticarət mərkəzində 25,0 kv. metr mağaza verilmişdir. X7 ərizə ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 649 saylı 05 noyabr 2014-cü il tarixli sərəncamın onun adına dəyişdirilməsi və həmin sərəncamla yaranan bütün hüquq və öhdəliklərin ona aid edilməsinə dair yeni sərəncam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən aşağıda göstərilənlər qərara alınmışdır: - Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən Q.M.Babayevə məxsus mağazanın əvəzinə M.Fətəliyev küçəsində inşa edilmiş ticarət mərkəzində ona yeni mağazanın verilməsinə dair Sabunçu RİH başçısının 649 saylı 05 noyabr 2014-cü sərəncamı X5 adına verilmiş hesab edilsin. - Sabunçu RİH başçısı tərəfindən verilmiş 649 saylı 05 noyabr 2014-cü il tarixli Sərəncamla yaranmış bütün hüquq və öhdəliklər X6 aid edilsin. - R.Q.Babayevanın adına mağazanın yeni layihəsi təsdiq edilsin. X1 əsasında Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosu tərəfindən hazırlanmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 9-mətəbəli 72 saylı yaşayış binasının qarşısında yerləşən mövcud A- tikilisi 1, mərtəbəli ticarət mərkəzinin cərgələrində yerləşən qeyri-yaşayış obyektinin memarlıq planlaşdırılmasının eskiz həllindən müəyyən olunur ki, X6 məxsus 25.0 kv. metr ticarət obyektinin eskiz layihəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 30.12.2016-cı il tarixdə təsdiq olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda Qəbul Komissiyası”nın 28 noyabr 2014-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Qəbul komissiyası tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1172 saylı 31.05.2013-cü il tarixli rəyi ilə obyektin tikintisi üçün ayrılmış torpaq sahəsində inşa edilmiş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən qeyri-yaşayış obyektində Ticarət Cərgəsində inşa edilmiş vətəndaş X11 məxsus 25.0 kv. metr qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi qərara alınmışdır. İddiaçının hazırkı tələblə bağlı 01.12.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, sonuncu tərəfindən verilmiş, **********25 №li 06.01.2022-ci il tarixli cavab bildirişində göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən qeyri-yaşayış sahəsinin qeyri-yaşayış binasının bir hissəsində yerləşdiyi müəyyən edilmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun qeriyaşayış binasının yeriəşdiyi torpaq sanəsinə və qeyri-yaşayış binasına dair sənədlər əlavə edilməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-01726-2022 saylı, 04.04.2022-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 19.04.2022-ci il tarixli 1/646 saylı məktubları ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 05.11.2014-cü il tarixli 649 saylı Sərəncamının surətindən müəyyən olunur ki, vətəndaş X3 Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən ona məxsus mağazanın söküldüyünü nəzərə alaraq, Fətəliyev küçəsində inşa edilmiş yeni ticarət mərkəzində ona yer ayrılmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31.05.2013-cü il tarixli 18/03-8/1172 saylı razılıq məktubu və təsdiq edilmiş layihəsi əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli 507 saylı sərəncamı ilə Bakıxanov qəsəbəsi, Mehmandarov, Fətəliyev, Sülh və Gənclik küçələrində yerləşən ticarət obyektlərinin köçürülməsi məqsədi ilə Fətəliyev küçəsində yeni ticarət mərkəzi inşa edilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 12 mart 2014-cü il tarixli 135 saylı sərəncamı ilə ticarət obyektlərinin köçürülməsinə dair komissiya yaradılmışdır. Yaradılmış komissiyanın Q.M.Babayevə məxsus mağazanın köçürülməsi barədə 05.11.2014-cü il tarixli aktı var. Komissiyanın aktından görünür ki, X8 Bakıxanov qəsəbəsi, Gənclik küçəsində sahəsi 27,0 kv. metr olan sənədsiz mağazası olmuşdur. X11 məxsus qeyd edilən mağazanın abadlıq işlərinin aparılması və həmin küçədə yolun genişləndirilməsi məqsədi ilə köçürülməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla sərəncamla aşağıda göstərilənlər qərara alınmışdır: - Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən X11 məxsus mağazanın sökülməsi təmin edilsin. - Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş yeni ticrət mərkəzində sahəsi 25,0 kv. metr olan mağaza Q.M.Babayevin istifadəsinə verilsin. - Ticarət mərkəzində Q.M.Babayevə ayrılmış mağazanın eskiz layihəsi təsdiq edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********90 nömrəli 19.04.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən qeyri-yaşayış binasında mövcud olan qeyri-yaşayış sahələri ilə bağlı ətraflı və dəqiq məlumat (əmlakların nömrələri, koordinatları və digər əhəmiyyət kəsb edən məlumatlar) təqdim edildiyi halda sorğuya yenidən baxılacaqdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 05.11.2014-cü il tarixli 649 saylı Sərəncamı ilə Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən X11 məxsus mağazanın sökülməsinin təmin edilməsi, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş yeni ticrət mərkəzində sahəsi 25,0 kv. metr olan mağazanın Q.M.Babayevin istifadəsinə verilməsi, ticarət mərkəzində Q.M.Babayevə ayrılmış mağazanın eskiz layihəsinin təsdiq edilməsi qərara alınmış, daha sonra “Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli 649 saylı sərəncamında dəyişiklik edilməsi barədə” Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 30.12.2016-cı il tarixli 456 saylı sərəncamı ilə Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən Q.M.Babayevə məxsus mağazanın əvəzinə M.Fətəliyev küçəsində inşa edilmiş ticarət mərkəzində ona yeni mağazanın verilməsinə dair Sabunçu RİH başçısının 649 saylı 05 noyabr 2014-cü sərəncamının Babayeva (hazırda Tağıyeva) Rəqsanə Qəzənfər qızının adına verilmiş hesab edilməsi, Sabunçu RİH başçısı tərəfindən verilmiş 649 saylı 05 noyabr 2014-cü il tarixli Sərəncamla yaranmış bütün hüquq və öhdəliklərin X6 aid edilməs, R.Q.Babayevanın adına mağazanın yeni layihəsinin təsdiq edilməsi qərara alınmışdır. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq istifadəsində və sahibliyində olan daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Məhkəmə cavabdehin imtinada və etirazda qey etdiyi dəlillərini əsassız hesab edir. Belə ki, işin araşdırılan hallarından da müəyyən olunur ki, iddiaçıya məxsus hazırda Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi 25.0 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/1172 saylı 31.05.2013-cü il tarixli rəyi ilə obyektin tikintisi üçün ayrılmış torpaq sahəsində inşa edilmiş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən qeyriyaşayış obyektində Ticarət Cərgəsində inşa edilmişdir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli 649 saylı sərəncamında dəyişiklik edilməsi barədə” Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 30.12.2016-cı il tarixli 456 saylı sərəncamı ilə Babayeva (Tağıyeva) Rəqsanə Qəzənfər qızına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən, 25 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli 649 saylı sərəncamında dəyişiklik edilməsi barədə” Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 30.12.2016-cı il tarixli 456 saylı sərəncamı ilə Babayeva (Tağıyeva) Rəqsanə Qəzənfər qızına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən, 25 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5617/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5617/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver