Məhkəmə qərarları › İş №2-1(112)-5619/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5619/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5619/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğulduğu gündən və hazırda da ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvana olan pasport qeydiyyatının bərpa edilməsi cavabdeh Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, o yaşayış sahəsinə qanunla istifadə hüququ olan və doğulduğu gündən bu günə kimi yaşadığı, ünvan 1 ünvanından ona məlum olmayan səbəblərə görə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmış və sonradan da inzibati binaya olan həmin qeydiyyatı da silinib və hazırda şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş vəziyyətdədir ki, buda onun bir Azərbaycan vətəndaşı olaraq hüquqlarını həyata keçirməyini demək olar ki, tam mənada məhdudlaşdırıb. şərh olunanlardan çıxış edərək də bildirilmişdir ki, Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin iddiaçının, ünvan 1 ünvana olan pasport qeydiyyatını heç bir əsas olmadan inzibati binanın yerləşdiyi ünvana dəyişdirməsi, daha sonra da həmin ünvandan da silməsi tamamilə qanunsuz əməliyyatdır və tələb edilmişdir ki, onun daimi yaşayış yeri olan, eləcə də doğulduğu gündən yaşadığı, hazırda da ailəsi ilə birlikdə yaşadığım ünvan 4 ünvana olan pasport qeydiyyatının bərpası təmin olunsun. Əks təqdirdə qarşılaşdığı qanunsuzluqdan müdafiə olunmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq. Poçtla 13 noyabr 2023-cü il tarixdən ünvanladığı müraciətinə bu günə kimi hər hansı münasibət bildirilməyib. Pasport qeydiyyatı əmlaka hər-hansı pay hüququ vermir və bu yalnız dövlət, cəmiyyət və sair qarşısında vəzifələrinin icra olunması, hüquqlarımızın və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaradılmasıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan respublikası Konstitusiyasının 28-ci maddəsinin İll-hissəsinin tələbinə görə- Azərbaycan Respublikasının ərazisində olan hər kəs özünə yaşayış yerini seçməkdə azaddır. Bu sadalananlar isə bizə belə deməyə əsas verir ki, cavabdeh orqanın tələbimizdən imtinası qanunsuz hərəkət və hərəkətsizlikdir.

3. Azərbaycan Respublikası vətəndaşının qeydiyyatının yoxlanılması barədə rəy iş materiallarına əlavə edilmişdir.

4. Şifahi məhkəmə dinləmələri (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (əri) iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədə işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

7. İddia ərizəsindən və təqdim edilmiş sənədlərdən qeyd edilən evin etibarlı ünvanını və hüquqmüəyyənedici sənədlərini müəyyən etmək mümkün olmadığından məhkəmə iddiaçıya hüquqi yardım göstərilməsini mümkün hesab etmir.

8. CMS-AZEMİS məlumat axtarış sistemindən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8, inzibati binada yaşayış yeri üzrə qeydiyyatdadır.

9. Odur ki, iddianın mümkün sayılmaması iddiaçı üçün əlverişsiz nəticələr yaratmır.

10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

11. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar