Məhkəmə qərarları › İş №2-1(112)-562/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-562/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-562/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq, çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq, çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 22 dekabr 1997-ci il tarixli 1188 saylı sərəncam əsasında Binəqədi rayonu indiki X3 yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsi və onun üzərində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyesterdən Çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 22 dekabr 1997-ci il tarixli 1188 saylı Sərəncama uyğun olaraq fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsində inşa etdiyi evə və torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmasnı xahiş etmişdir. Bununla əlaqədar olaraq ondan tələb olunan bütün sənədlərin əslini, o cümlədən sərəncam, torpaq sahəsinin təsdiq olunmuş plan-cizgisi, arxiv çıxarışı, eskiz layihəsi, məlumatlandırma icraatı haqqında ərizəni təqdim etmişdir. Sənədlər ilkin qaydada Əmlak Xidmətləri Məkanında yoxlanılmış, həqiqiliyi təsdiq edilmiş, sonda əmlakın qeydə alınması ilə əlaqədar tələb olunan dövlət rüsumunu ödəmiş və iki həftə ərzində reystirdən çıxarışın veriləcəyi ona bildirilmişdir. Bununla bağlı iddiaçıya rəsmi sənəd təqdim edilmişdir. Sənədlərin hazır olması üçün ona verilmiş müddət bitdikdən sonra Əmlak Xidmətləri Məkanına müraciət etmişdir lakin ona bildirmişlər ki, sizin sənədiniz 14 oktyabr 2022-ci il tarixdə hazır olacaqdır. Bununla əlaqədar olaraq iddiaçıya qəbz verilmişdir. Həmin tarixdə yenidən müvafiq orqana müraciət etdiyi zaman iddiaçıya bildirmişlər ki, sizin 1997 -ci ildən istifadənizdə olan torpaq sahəsi və üzərində inşa edilmiş iki mərtəbəli yaşayış evinin qeydə alınmasından imtina edilmişdir. Bu barədə ona 14 oktyabr 2022-ci il tarixdə imtina məktubu verilmişdir. Həmin məktubda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir və fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, fərdi yaşayış evinin birinci mərtəbəsində nəzərdə tutulmuş sütun inşa edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən mənim istifadəmdə olan torpaq sahəsi və yaşayış evinin dövlət qeydiyyatına alınmasından verilmiş imtina əsassızdır, işin faktiki hallarına və təqdim olunmuş sənədlərə uyğun deyildir. Belə ki, 1997-ci ildə fərdi yaşayış evinin tikilməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinin verdiyi 22 dekabr 1997-ci il tarixli 1188 saylı sərəncamda və cavabdehə təqdim olunmuş arxiv sənədlərinin içərisində “Azəmeft” İstehsalat Birliyi “Binəqədineft” NQÇİ-nin 15 dekabr 1997-ci il tarixli İƏ 01-9/1172 saylı razılıq məktubu vardır. Həmin məktuba əsasən ona Sulutəpə ərazisindən bir pay torpaq sahəsinin ayrılmasına etiraz etmədikləri bildirilmişdir. Fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmış torpaq sahəsində heçbir neft buruğu yoxdur və olmamışdır. İddiaçı bildirmişdir ki, onun qonşuluğunda inşa edilmiş fərdi yaşayış evlərinə daşınmaz əmlakın qeydiyyata alınmasına dair çıxarışlar verilmişdir. 2000-ci ildən etibarən o, həmin evdə yaşayır, torpaq sahəsinin ona ayrıldığı vaxtdan etibarən hər il torpaq vergisi və əmlaka görə əmlak vergisi ödəyir. imtina məktubunda qeyd olunan birinci mərtəbədə sütunun olmaması fikrinə gəldikdə isə, iddiaçı qeyd etmişdir i, bu onun səhvi deyil, layihəni hazırlayan mühəndisin texniki səhvi olmuşdur. Belə ki, fərdi yaşayış evi inşa edilərkən (1997- 2000-ci illər) təsdiq edilmiş layihəsi olmamışdır. Birinci mərtəbədə giriş hissədə sütun nəzərdə tutlmamış və heç vaxt da olmamışdır. Bu sonradan layihəni hazırlayan mühəndisin texniki səhvi olmuşdur. Layihədə yol verilmiş texniki xəta aradan qaldırılmışdır. Bu barədə yeni layihə hazırlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3987/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-562/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 1188 saylı sərəncam əsasında fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600 kv.m torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildiriş məktubunda qeyd edilmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Bundan başqa, fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, fərdi yaşayış evinin birinci mərtəbəsində nəzərdə tutulmuş sütun inşa edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. -İş materiallarında olan, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997ci il tarixli 1188 nömrəli Sərəncamına əsasən İddiaçı Biləcəri qəsəbəsinin Sulu-təpə yaşayış massivində, fərdi yaşayış evi tikintisi məqsədi ilə 600 kv.m torpaq sahəsi ayrılmasına icazə verilmişdir. - İş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd etmişdir ki, müraciətinizdə qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, sözügedən torpaq sahəsinin cizgisi təsdiq edilərək, Sizə təqdim olunur. - İş materiallarında olan, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktub ilə İddiaçı barəsində Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 1188 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin sərəncamın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri 3(üç) vərəqdən ibarət göndərilmişdir. - İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx/xx/2023-cü il tarixli “Sənədlərin surətinin verilməsi barədə” məktub ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 2-ci döngə, ev 26, və ev 30B ünvanında yerləşən fərdi yaşayış evlərinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. -Təqdim edilmiş sənədlərdən görünür ki, 150164 nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Bakı şəhəri, Binəqədi rayonu. Xocəsən qəsəbəsi. Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 2-ci döngə, ev 30B ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evi və Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) Yaşayış məntəqələrinin torpaqları- xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Təqdim edilmiş sənədlərdən görünür ki, ******* nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış İlə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi. Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 2-ci döngə, ev 26 ünvanında yerləşən X2 məxsus fərdi yaşayış evi və torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Mütəxəssis rəyində” göstərilmişdir : Sual 1: İddia ərizəsində qeyd edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsində yerləşən torpaq sahəsinin yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin. Cavab: Bildiririk ki, göstərilən torpaq sahəsi faktiki olaraq 909.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 909.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X Y

1. 395263.87684476634.5645

2. 395296.63234476644.8039

3. 395303.42814476620.7453

4. 395267.10484476609.7201

5. 395265.43794476615.5145 Sual 2: İddia ərizəsində qeyd edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsində yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddirmi? Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Sual 3: İddia ərizəsində qeyd edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə uyğun inşa edilmişdirmi? Cavab: Bildiririk ki, qeyd olunan sualın cavablandırılması idarənin səlahiyyətləri xaricində olduğundan cavablandırmaq mümkün olmadı. -İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6305 saylı ekspert rəyinin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iddia ərizəsində qeyd edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə uyğun inşa olunduğu müəyyən edildiyi qeyd edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəuri sayır. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları və iş materiallarından müəyyən olunur ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 1188 nömrəli Sərəncamına əsasən İddiaçı Biləcəri qəsəbəsinin Sulu-təpə yaşayış massivində, fərdi yaşayış evi tikintisi məqsədi ilə 600 kv.m torpaq sahəsi ayrılmasına icazə verilmişdir. Ayrıİmış torpaq sahəsinin cizgisi təsdiq edilərək, iddiaçıya təqdim olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, istifadəsində olan torpaq sahəsi və yaşadığı evə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən ona bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinin hüdudları daxilində yerləşir. Bundan başqa, fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, fərdi yaşayış evinin birinci mərtəbəsində nəzərdə tutulmuş sütun inşa edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin imtinasından narazı qalan iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçının hazırkı inzibati iş üzrə hüquqi marağı qeyd edilən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Məhkəmə işin araşdırılmıası məqsədi ilə müvafiq sorğular vermiş və məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx/xx/2023-cü il tarixli “Sənədlərin surətinin verilməsi barədə” məktub ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 2-ci döngə, ev 26, və ev 30B ünvanında yerləşən fərdi yaşayış evlərinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 2-ci döngə, ev 30B və ev 26 ünvanında yerləşən fərdi yaşayış evlərinə və torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışlar verilmişdir. Belə ki, cavabdeh orqan eyni ərazidə və qonşu torpaq sahəsində yerləşən bağ evinə və torpaq sahəsinə digər şəxslərin hüquqlarını tanıdığı halda, iddiaçının müraciətinin icra edilməməsi üçün qeyd etdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, bununla da “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinin şərtlərini kobud şəkildə pozmuşdur. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və Məhkəmə qarşısında bərabərdir. Belə olan halda məhkəmənin qənaətinə əsasən cavabdehin imtinası qanuna zidd qiymətləndirilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmalıdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə və “İnzibati icraat haqqında” Qanunun hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə 12-ci maddəsinin tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Cavabdehin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir” imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin ünvanda yerləşən daşınmaz əmlaka dair digər şəxslərə verilmiş yuxarıda qeyd edilən çıxarışlarda torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları - xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə də iddiaçının istifadəsində olan torpaq sahəsi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 1188 nömrəli Sərəncamına əsasən ona verilmişdir. Bu zaman mülkiyyətə verilməyə əsas olan sənəd – inzibati akt Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamıdır. Həmin sərəncamda torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrıldığı qeyd edilmişdir. Qyed edilən torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq razılıq verilmişdirr. Belə ki, torpaq sahəsinin ayırlması ilə bağlı Sərrəncamda “Binəqədineft” NQÇİ-nin 01/1172 saylı, 15.12.97-ci il tarixli məktubla torpağın ayrılmasına etiraz edilmədiyi qeyd edilmişdir. Həmçinin həmin razılıq məktubunun dövlət arxiv nüsxəsi də mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal (həmin sahəyə dair heç bir iddia olmadığından) bu hal iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində və həmin torpaq sahəsi üzərində inşa etdiyi yaşayış sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh digər şəxslərin həmin ünvanda yerləşən (qonşu torpaq sahələrinin) torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahının: 2.7. Yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısında nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Bu sənədlər həm «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində, həm də Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan, hüququn yaranmasına səbəb olan əsaslardır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Məhkəmə qeyd edir ki, maddi hüquq normalarının tələbləri baxımından («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı əsasən) yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüquqlarının qeydə almasından imtinaya dair gətirdiyi dəlilləri (sübutları) yetərli və əsaslı deyil. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. ... 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. ... 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq inşa edildiyindən həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata almaqla müvafiq çıxarışın verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6305 saylı ekspert rəyinin tədqiqat hissəsində iddia ərizəsində qeyd edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə uyğun inşa olunduğu müəyyən edildiyi qeyd edilmişdir. Cavabdehin digər “fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, fərdi yaşayış evinin birinci mərtəbəsində nəzərdə tutulmuş sütun inşa edilməmişdir” imtina dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, qeyd edilən hal daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi əsaslarında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qanununun 15-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddənin 1,2,4-cü bəndləri). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 1188 saylı sərəncam əsasında fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600 kv.m torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 1188 saylı sərəncam əsasında fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600 kv.m torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar