Məhkəmə qərarları › İş №2-1(112)-562/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-562/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-562/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “iddiaçı tərəfindən ödənilmiş ƏDV-nin geri qaytarılmasına dair rəyin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beynəlxalq lizinq müqavilələrində nəzərdə tutulmuş lizinq obyektlərinin (avtomobillərin) Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq əlavə dəyər vergisindən azad idxal olunan vəsait qismində tanınaraq həmin vergilərdən azad edilməsi və nümayəndəsi olduğu şirkət tərəfindən ödənilmiş 29133,47 AZN məbləğində əlavə dəyər vergisinin iddiaçının xeyrinə tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilməsini və idxal olunmuş lizinq predmeti olan avtomobillər üçün iddiaçı tərəfindən ödənilmiş 29133,47 manat ƏDV-nin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ,iddia ərizəsinin əlavə dəyər vergisinə münasibətdə tələb hissəsini “ümumilikdə ödənilmiş 190 166,15 manat məbləğində əlavə dəyər vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsinin əlavə dəyər vergisinə münasibətdə tələb hissəsini “ümumilikdə ödənilmiş 190 166,15 manat məbləğində əlavə dəyər vergisinin qaytarılmasına dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” redaksiyasında qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülki qanunvericilikdə nəzərdə tutulmuş lizinq müqaviləsi üzrə xidmətlərin həyata keçirilməsi ilə bağlı fəaliyyət göstərən hüquqi şəxsdir. Müvafiq xidmətlərin həyata keçirilməsi üçün iddiaçı ilə “X1 Limited Liability Company” şirkəti arasında iddia ərizəsinə qoşma kimi əlavə edilən beynəlxalq lizinq müqavilələri bağlanılmışdır. Müqaviləyə əsasən lizinq verən “X1 Limited Liability Company” şirkəti iddiaçıya onun öz mülkiyyətində olan və lizinq alan tərəfindən bəyənilən seçilmiş nəqliyyat vasitələrini təqdim etməyi, iddiaçı tərəf isə öz növbəsində lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Ərizəyə qoşma kimi əlavə olunan beynəlxalq lizinq müqavilələrə əlavələrin məzmunundan məlum olduğu kimi, sıralamaya uyğun olaraq 2014, 2017, 2015, 2017, 2017, 2015, 2016, 2017 və 2013-cü illər buraxılış “BMW 5 Series”, “Honda Civic”, “Audi A4”, “Ford Fusion”, “Nissan Sentra”, “Ford Focus”, “Volkswagen Passat”, “X2”, “BMW 528” modellərində olan avtomobillər iddiaçı tərəfindən lizinq obyekti olan əsas vəsaitlər qismində ölkəyə idxal edilmişdir. Qeyd olunan lizinq obyektlərinin ölkəyə idxal olunması zamanı ƏDV-dən azad şəkildə gömrük rəsmiləşdirilməsinin aparılması məqsədilə müraciət edilmişdir. Dövlət Gömrük Komitəsi təqdim olunmuş sənədlər maneəçilik törətmiş və prosesin uzadılmasına çalışmışdır. Çoxsaylı şikayətlərdən sonra DGK-ya göndərilmiş məktuba cavab olaraq bildirilmişdir ki, lizinq müqaviləsi mütləq qaydada 3 tərəfli olmalıdır. Cavabdeh Vergi Məcəlləsində nəzərdə tutulmuş vergidən azad olma əsasını tətbiq etməmək barədə hərəkətsizliyinə davam etmiş, qanuni və əsaslı olmadan iddiaçıdan əlavə dəyər vergisinin ödənilməsi tələb olunmuşdur. Daha sonra, məktublarında Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin siyahısı”nın təsdiq edilməsi barədə 307 saylı, 5 sentyabr 2023-cü il tarixli qərarı qüvvəyə minmiş, Dövlət Gömrük Komitəsi həmin qərarın qüvvəyə minmə anına qədər, hərəkətsizliyinə davam etmiş, sözügedən qərar qüvvəyə mindikdə isə, Lizinq müqaviləsinin obyekti olan əsas vəsaitin idxalı zamanı 307 saylı qərara istinad edilməklə mənfi cavab verilmişdir. Belə ki, Dövlət Gömrük Komitəsi bu qərara istinad etməklə öz mövqeyini lizinq obyektlərinin həmin siyahıda öz əksini tapmaması, buna görə də əlavə dəyər vergisinə cəlb olunmalı olması kimi əsaslandırmışdır. Daha sonra iddiaçı tərəfindən qanunsuz və əsassız olaraq tələb edilən əlavə dəyər vergiləri digər gömrük ödənişləri ilə bərabər ödənilmiş və həmin avtomobillər bundan sonra ölkəyə gətirilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilmişdir. Bildirilmişdir ki, iddiaçı və ondan əvvəl digər şirkətlər tərəfindən idxal edilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən idxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərə aid edilib-edilməməsi ilə bağlı mübahisəli məsələlər artıq yeni qəbul edilmiş normativ hüquqi aktla - “İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 sentyabr 2024-cü il tarixli 383 nömrəli Qərarı ilə tənzimlənəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 sentyabr 2024-cü il tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş həmin Siyahıda nəqliyyat vasitələri öz əksini tapmadığından, bu qərarın onun qüvvəyə mindiyi tarixdən sonra idxal edilən nəqliyyat vasitələrinə şamil edilməsi və ağırlaşdırıcı hal kimi geriyə qüvvəsinin olmadığı məlum olduğundan qeyd olunan iş üzrə məhkəmə iclasında işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, o, ikitərəfli lizinq müqaviləsi ilə yanaşı lizinq verənlə satıcı (mal verən) arasında onun marağına uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsini də gömrük orqanlarına təqdim etməlidir. Tələb olunan sənədlər təqdim edildikdən sonra müraciətə baxılacaqdır. İddiaçının müraciətinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının müraciətdə qaldırılan məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23 avqust 2023-cü il tarixli, 3-33/2-015238/2023 nömrəli və 21 sentyabr 2023-cü il tarixli, 3-33/2-017052/2Q23 nömrəli məktubları ilə ona cavab verilmişdir. Bildirilmişdir ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 307 nömrəli Qərarı ilə “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı” təsdiq edilmişdir. Siyahı özündə ƏDV-dən azad olunan əsas vəsaitlərin siyahısını ehtiva edir. Məlumat üçün bildirilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli 21-İVKQ nömrəli Konstitusiya Qanununun 90-cı maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş nörmayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. İddiaçı ilə “X1 Limited Liability Company” (bundan sonra – lizinq verən) arasında bağlanmış 15 fevral 2023-cü il tarixli lizinq müqaviləsindən görünür ki, lizinq verən öz mülkiyyətində olan, iddiaçı tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində iddiaçıya müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, iddiaçı isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyektinin dəqiq təsviri həmçinin bu müqavilənin ayrılmaz hissəsi olan və Tərəflər arasında lizinq obyektinin təhvil-təslimi xarakterini daşıyan 1 saylı Əlavədə də göstərilmişdir. 1) xx.xx.2023-cü il tarixli, **********6029 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il istehsal tarixli “Nissan Sentra minik” avtomobili ölkəyə idxal edilmiş, 2292,72 manat ƏDV məbləği ödənilmişdir. 2) xx.xx.2023-cü il tarixli, **********6337 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il istehsal tarixli “Audi A4” minik avtomobili ölkəyə idxal edilmiş, 2943,29 manat ƏDV məbləği ödənilmişdir. 3) xx.xx.2023-cü il tarixli, **********6475 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il istehsal tarixli “BMW 528 Xİ” minik avtomobili ölkəyə idxal edilmiş, 4234,10 manat ƏDV məbləği ödənilmişdir. 4) xx.xx.2023-cü il tarixli, **********6727 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il istehsal tarixli “FORD FUSİON” minik avtomobili ölkəyə idxal edilmiş, 2775,18 manat ƏDV məbləği ödənilmişdir. 5) xx.xx.2023-cü il tarixli, **********6815 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il istehsal tarixli “X2” minik avtomobili ölkəyə idxal edilmiş, 5213,94 manat ƏDV məbləği ödənilmişdir. 6) xx.xx.2023-cü il tarixli, **********6936 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2013-cü il istehsal tarixli “BMW 528 Xİ” minik avtomobili ölkəyə idxal edilmiş, 4081,10 manat ƏDV məbləği ödənilmişdir. 7) xx.xx.2023-cü il tarixli, **********7299 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il istehsal tarixli “HONDA CİVİC” minik avtomobili ölkəyə idxal edilmiş, 3161,16 manat ƏDV məbləği ödənilmişdir. 8) xx.xx.2023-cü il tarixli, **********7341 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il istehsal tarixli “VOLKSWAGEN PASSAT” minik avtomobili ölkəyə idxal edilmiş, 2618,14 manat ƏDV məbləği ödənilmişdir. 9) xx.xx.2023-cü il tarixli, **********7381 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il istehsal tarixli “FORD FOCUS” minik avtomobili ölkəyə idxal edilmiş, 1813,84 manat ƏDV məbləği ödənilmişdir. 10) xx.xx.2023-cü il tarixli, **********1103 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il istehsal tarixli “AUDİ A6” minik avtomobili ölkəyə idxal edilmiş, 3616,49 manat ƏDV məbləği ödənilmişdir. 11) xx.xx.2023-cü il tarixli, **********1173 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il istehsal tarixli “CADİLLAC ATS” minik avtomobili ölkəyə idxal edilmiş, 2643,34 manat ƏDV məbləği ödənilmişdir. 12) xx.xx.2023-cü il tarixli, **********1211 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il istehsal tarixli “HONDA CİVİC” minik avtomobili ölkəyə idxal edilmiş, 2518,78 manat ƏDV məbləği ödənilmişdir. 13) xx.xx.2023-cü il tarixli, **********1252 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il istehsal tarixli “HONDA CİVİC” minik avtomobili ölkəyə idxal edilmiş, 2518,78 manat ƏDV məbləği ödənilmişdir. 14) xx.xx.2023-cü il tarixli, **********1386 nömrəli Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il istehsal tarixli “BMW 328 İ” minik avtomobili ölkəyə idxal edilmiş, 3622,10 manat ƏDV məbləği ödənilmişdir. İddiaçının xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək apardığı əməliyyatlar barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron portalından çıxarış iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək ölkəyə idxal etdiyi avtomobillərə görə cəmi 44052,95 manat, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək ölkəyə idxal etdiyi avtomobillərə görə cəmi 146113,19 manat ƏDV ödəmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində idxal olunmuş lizinq predmeti olan avtomobillər üçün iddiaçı tərəfindən ödənilmiş ƏDV-nin geri qaytarılmasına dair rəyin verilməsini xahiş edir. İddia tələbi mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (159.1.). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalından ƏDV tutulmur. Həmin Məcəllənin 164.1.60-cı maddəsində göstərilmişdir ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalından ƏDV tutulmur. Vergi Məcəlləsinin qeyd edilən 164.1.25 və 164.1.60-cı maddələrinin məzmunundan görünür ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin, həmçinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalından ƏDV tutulmur. Həmin normalara əsasən qanunverici həm idxalı ƏDV-dən azad olan lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin, həm də idxalı ƏDV-dən azad olan ümumilikdə əsas vəsaitlərin siyahısının tərtib edilməsini müvafiq icra hakimiyyəti orqanına səlahiyyətinə buraxmışdır. Mübahisəyə qiymət verilməsi üçün öncə “əsas vəsaitlər” anlayışına Vergi Məcəlləsinin müddəalarına əsasən aydınlıq gətirilməlidir. Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Vergi Məcəlləsinin 114.2-ci maddəsinə əsasən torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur: 114.2.1. elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər; 114.2.2. məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar); 114.2.3. heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları; 114.2.4. istismar vaxtı çatmayan çoxillik əkmələr; 114.2.5. kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları); 114.2.6. tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda; 114.2.7. konservasiya edilmiş əsas vəsaitlər; 114.2.8. ümumi istifadədə olan avtomobil yolları; 114.2.9. ümumi istifadədə olan parklardakı avadanlıqlar; 114.2.10. istismara verilməmiş anbarda olan əsas vəsaitlər. Qeyd edilən hüquq normalarından göründüyü kimi Vergi Məcəlləsinin13.2.7-ci maddəsi istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, həmin Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivləri əsas vəsaitlər sırasına daxil etmişdir. Məcəllənin 114-cü maddəsində isə torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və həmin maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmayan aktivlər sırasına daxil edilmişdir. Həmin maddədə nəzərdə tutulmuş və amortizasiya olunmayan aktivlər arasında avtomobillər nəzərdə tutulmamışdır. Buradan müəyyən edilir ki, avtomobillər qanunvericiliyin tələblərinə əsasən “əsas vəsaitlər” sırasına daxil edilir. Eyni zamanda Vergi Məcəlləsinin 164.1.2-ci maddəsində maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər, 164.1.2-1-ci maddəsində isə ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi ƏDV-dən azad olunan əməliyyatlar kimi müəyyən edilmişdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinin xx.xx.2015-ci ildən qüvvədə olan redaksiyasında “lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı”nın ƏDV-dən azad edlməsi qeyd edilmişdir. Həmin maddəyə xx.xx.2023-cü il tarixli Qanunla edilən düzəlişə əsasən həmin maddəyə “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilmişdir. Qanunun həmin müddəasının isə maddədə nəzərdə tutulan siyahılarla eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 sentyabr 2024-cü il tarixli, 383 saylı Qərarına əsasən “İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahıda avtomobillər öz əksini tapmamışdır. Göründüyü kimi Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə edilən düzəliş və bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı xx.xx.2024-cü ildən qüvvəyə minmişdir. Həmin dövrə qədər isə lizinq müqaviləsinin obyekti olan bütün əsas vəsaitlərin idxalı ƏDV-dən azad olmuşdur. İddiaçının “X1 Limited Liability Company” ilə bağlanmış lizinq müqaviləsinə əsasən ölkəyə idxal etdiyi və iddia ərizəsində qeyd edilən avtomobillərin idxalını xx.xx.2023-cü ildən xx.xx.2024-cü il ilədək həyata keçirmişdir. Həmin dövrdə isə Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə edilmiş düzəliş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 sentyabr 2024-cü il tarixli, 383 saylı Qərarı qüvvədə olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir (87.1). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir (87.2). Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir (87.3). Göründüyü kimi iddiaçının “X1 Limited Liability Company” ilə bağlanmış lizinq müqaviləsinə əsasən apardığı əməliyatların aparıldığı dövrdə bütün əsas vəsaitlər ƏDVdən azad olmuşdur. Avtomobillər də vergi qanunvericiliyinə əsasən əsa vəsaitlər sırasına daxildir. Bu səbəbdən iddiaçıdan həmin avtomobillərin idxalı ilə bağlı ƏV tutulmalı deyildi. Buna baxmayaraq iddiaçıdan həmin avtomobillərlə bağlı 190 166,15 manat ƏDV tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 sentyabr 2024cü il tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş həmin Siyahıda nəqliyyat vasitələri öz əksini tapmamışdır. Lakin, bu qərarın onun qüvvəyə mindiyi tarixdən sonra idxal edilən nəqliyyat vasitələrinə şamil edilməsi iddiaçının vəziyyətinin ağırlaşdırılmasına səbəb olduğundan onun geriyə qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 190 166,15 manat ƏDV-nin geri qaytarılmasına dair rəyin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İdxal olunmuş lizinq predmeti olan avtomobillər üçün (xx.xx.2023-cü ildən xx.xx.2024-cü il ilədək) İddiaçı MMC tərəfindən ödənilmiş 190 166,15 manat əlavə dəyər vergisinin geri qaytarılmasına dair rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar