Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5620/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Elə həmin ildə də Cavabdeh tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Onun doğumu qeydə alınarkən atalıq müəyyən edilməyib və atası barədə məlumatlar anasının verdiyi şifahi məlumat əsasında qeydə alınıb. Anası onun yeganə valideynidir. X1 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olub, o, xx.xx.2012-ci il tarixdə Bakı şəhərində vəfat edib. Anası vəfat edəndə şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onun ölümü dövlət qeydiyyatına alınmayıb. Anası əvvəllər ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olub. xx.xx.1994-cü il tarixdə anası ünvan 2 ünvanına köçüb və xx.xx.1994-cü il tarixdə həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınıb. 1998-ci ildə həmin evi satdığı üçün xx.xx.1998-ci ildə Bakı şəhəri Suraxanı rayon Xalq Məhkəməsinin qərarı ilə anası həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarıblar. Daha sonra anası yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün ünvan olmadığından heç bir ünvana yaşayış yeri üzrə qeydiyyata düşə bilməyib. Sonradan anası SSRİ nümunəli pasportunu itirib və vəfat edənə qədər onun şəxsiyyətini təsdiq edən sənədi olmayıb. 1998-ci ildə ünvan 4 ünvanındakı mənzili satdıqdan sonra Mərdəkan qəsəbəsində kirayə evə köçdüvə uzun müddət orada müxtəlif ünvanlarda kirayədə yaşadılar. Hazırda iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Fakel" düşərgəsi adlanan ünvanda yaşayır. 1999-cu ildə Bakı şəhəri (Buzovna qəsəbəsi) Sanatoriya tipli 13 nömrəli internat məktəbinin birinci sinfinə getmiş, 2003-cü ildə həmin məktəbin 4-cü sinfini bitirmiş, daha sonra təhsilini davam etdirməmişdir. İnternat məktəbini tərk edən zaman doğum haqqında şəhadətnaməm orada qaldı. Bir müddət sonra doğum haqqında şəhadətnaməni almaq üçün həmin məktəbə müraciət etdikdə dedilər ki, arxiv sənədləri yandığı üçün doğum haqqında şəhadətnamə də həmin sənədlərin içində yanıb. Həmin vaxt doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməsi üçün anası aidiyyəti orqana müraciət etmədi. 2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşı X4 ilə ailə qurmuşdur. Onların ailə münasibətlərindən bir qızı (xx.xx.2020-ci il tarixdə X6) doğulub. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nə onunla nikaha daxil ola bilmiş, nə də qızının atalığı müəyyən edilib. Hazırda onun 32 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunması zərurəti yaranmışdır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini xahiş etdi. Cavabdeh müraciətinə xx.xx.2022-ci il tarixli, 05/16-468 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “Bakı şəhəri Sabunçu rayon qediyyat şöbəsində mövcud olan 157 saylı, xx.xx.1990-cı il tarixli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına nümayəndə göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim edilmişdir. Yazılı münasibət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən, “Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığı götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə,təkrar şəhadətnamələr verilə bilər”. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir”. Yuxarıda qeyd olunanlara əsasən şəxsiyyət vəsiqənin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra müvafiq şəhadətnamə ilə təmin olunacaqdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2022-ci il tarixli imtina məktubu; - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədinin notarial qaydada təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/472 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surəti; - Cavabdeh tərəfinən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş doğum akt qeydinin surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 9.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina və etiraz məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən, “Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığı götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına,tərbiyə,müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə,təkrar şəhadətnamələr verilə bilər”. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir”. Yuxarıda qeyd olunanlara əsasən şəxsiyyət vəsiqənin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra müvafiq şəhadətnamə ilə təmin olunacaqdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Tələbin hüquqi əsasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003- cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları” təşkil edir. Həmin Qaydaların: - 9.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; - 9.7-ci bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu imtinanı mübahisələndirərkən, iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında” şəhadətnaməni təqdim etməlidir. Lakin sonuncunun internat məktəbinin arxivində yanaraq məhv olması onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. Beləliklə, iddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilməsini xahiş etmişdir. Belə ki, iddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə “Doğum haqqında” qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı olmamış, bilavasitə iddiaçının təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmənin qiymətləndirməsi bilavasitə Qaydalarda nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənəd” anlayışına iddiaçının istinad etdiyi sənədin aid olubolmaması ilə aparılmalıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı bilavasitə “Himayə sənədi” əsasında həmin inzibati orqan tərəfindən qeydiyyata alınmışdır. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. İddianın təmin edilməli olduğu həmçinin ondan irəli gəlir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Qediyyat şöbəsi xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə iddiaçının doğum akt qeydini təqdim etmişdir. Həmin 517 saylı, xx.xx.1990-cı il tarixli akt qeydindən görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İsmayılov Nizami, anası isə X2r. Beləliklə, iddiaçının barəsində əvvəllər aparılmış doğum akt qeydi mövcuddur. Ona görə də, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə uyğun doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya himayə sənədi verilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması, iddiaçı barəsində əvvəllər aparılmış doğum akt qeydi mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Qediyyat şöbəsində mövcud olan 157 saylı, xx.xx.1990-cı il tarixli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Qediyyat şöbəsində mövcud olan 157 saylı, xx.xx.1990cı il tarixli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev