Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5620/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddiası üzrə inzibati işə 29 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı 1980-cı ildən əmək fəaliyyəti ilə məşğul olmuş, əmək fəaliyyətinin böyük bir qismi isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş siyahıya əsasən zərərli peşə hesab edilən - kran maşisinisti ilə əlaqədar olmuşdur. Qeyd olunan əsasla bağlı olaraq cavabdeh pensiya qurumuna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etsə də, müraciəti təmin edilməmişdir. Müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, onun güzəştli iş stajı yoxdur. İddiaçı hesab edir ki, uzun müddət işlədiyi kran maşisinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (2010100a — 13788 - avtomobil kranlarının maşinistləri, 2010100a — 13790 - kran maşinistləri (krançılar) eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər - kran maşinistləri (krançılar)) nəzərdə tutulmuşdur. Belə olan halda hesab olunur ki, cavabdehin imtinası əsasları qanunsuzdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 20 noyabr 2024-cü il tarixli 37 №-li arayışda onun "xxxx" ASC-də Qəlibləmə və Armatur sexlərində zərərli işdə işlədiyi qeyd olunsa da, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda hansı vəzifəyə uyqun olub-olmaması və digər nüanslar qeyd edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının güzəştli iş stajı yoxdur və ümumi iş stajı isə mübahisələndirilmir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığı: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh pensiya qurumunun imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. -Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Diplomun surətindən görünür ki, iddiaçı 1980-ci ildə Bakı şəhəri 54 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1983-cü ildə bitirmişdir. -Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək orduda xidmət etmişdir. -Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı X6 Zavodunda kran maşinisti; xx.xx.2003-cü il tarixdən xx.xx.2008-cı il tarixədək “Yolnəqliyyatservis” Departamenti “X3” MMC-də krançı, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-nin 66 saylı X4 kran maşinisti, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-də kran maşinisti, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək kran maşinisti, xx.xx.2015-ci il tarixdə "xxxx" QSC-yə kran maşinisiti qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə çilingər-briqadir keçirilmişdir. Hal-hazırda həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olur. -"xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə “Bakı Dəmir Beton- 8 ASC-yə (əvvəlki 8 saylı X6 zavoduna) kran maşinisti peşəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixində işdən azad olunmuşdur. xx.xx.1985-ci il tarixində yenidən "xxxx" ASC-yə (əvvəllər 8 saylı X6 zavoduna) kran maşinisti peşəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2010-cu il tarixində yenidən "xxxx" ASC-yə kran maşinisti peşəsi nə işə qəbul edilmiş,xx.xx.2013-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixdə növbəti dəfə “X8-8” ASC-yə kran maşinisti peşəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə isə işdən azad edilmişdir. İddiaçının işlədiyi illər və kran maşinisti peşəsi üzrə yerinə yetirdiyi əmək funksiyasının xarakteri göstərilməklə xx.xx.2024-cü il tarixli, 37 saylı arayış təqdim olunmuşdur. İddiaçının əmək funksiyaları: a) İşə başlamazdan əvvəl kranın işlək vəziyyətdə olub-olmamasını nəzərdən keçirmək; b) Xüsusi iş geyimindən istifadə etmək; c)Buxarda qurudulmuş istehsal olunan məmulatların ilməkçinin kranın qarmağımı məmulatların ilməklərinə keçirməsinə əmin olduqdan, həmin sahədə işçilərin olmadı¬ğını nəzərə alıb, məmulatları yuxarıya qaldıraraq ayrılmış sahəyə endirmək; ç) İstehsal prosesində xüsusi ilə diqqətli olaraq beton vannasının qəliblərə tökülməsini, prosesin tam bitməsini gözləmək və ilməkçinin kranın qarmağına məmulatların ilmək lərini keçirdikdən və işçilərin tamamilə kənara çəkilməsinə əmin olduqdan sonra məmulatları yuxarı qaldırmaq və qurudulması üçün nəzərdə tutulan sahəyə apararaq endirmək; d ) İstehsal prosesi bitdikdən sonra kran vasitəsi ilə sahənin təmizlənməsi üçün istehsalat işçilərinin “yuxarı”(“vira”) və “aşağı”(“mayna”) işarələrinə diqqətlə əməl edərək zəruri işləri yerinə yetirmək,eyni zamanda işçilərin texniki təhlükəsizliyini nəzərə almaq; e) Kran işlək vəziyyətdə olarkən ( irəli və ya geriyə hərəkət etdirərkən ) rels xəttinin tam təhlükəsizliyinə, yaxınlıqda işçilərin olub - olmamasına yüksək həssaslıqla yanaşmaq; İddiaçı yüksək hündürlüyü olan kranı Qəlibləmə, Armatur sexlərində (örtülü sexlər) idarə edərək yuxarıda qeyd olunan əmək funksiyasını istehsal prosesi zamanı yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik sərf etməklə icra etmişdir. -"xxxx" QSC tərəfindən verilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı "xxxx" QSC-nin Birləşmiş emalatxanalarının Mexaniki çilingər sahəsinə xx.xx.2015-ci il tarixindən 5-ci dərəcəli kran maşinisti peşəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində 12 % zərərli əmək şəraiti ilə mexanilki yığma işləri üzrə 6-cı dərəcəli çilingər-briqadir peşəsinə keçirilmişdir. Hal-hazırda həmin peşədə işləyir. İddiaçı zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 11 ay 04 gün (on bir ay dörd gün) təşkil edir. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı "xxxx" QSC-nin Birləşmiş emalatxanalarının Mexaniki çilingər sahəsinə xx.xx.2015-ci il tarixindən 5-ci dərəcəli kran maşinisti peşəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində 12 % zərərli əmək şəraiti ilə mexanilki yığma işləri üzrə 6-cı dərəcəli çilingər-briqadir peşəsinə keçirilmişdir. Hal-hazırda həmin peşədə işləyir. Qeyd: Vəzifə təlimatına uyğun olaraq kran maşinistipeşəsinin xüsusiyyəti və funksiyaları taraların, yüktutucu tərtibatların və kanatın istismara yararlığının təyin edilməsi, təyin olunmuş siqnallar və çatılayıcı (yükü qoşan) ilə siqnal mübadiləsi qaydasını, işlədiyi sahədə təmir olunan qovşaqların qaldırıb endirmə və nəqli əməliyyatlarının texnoloji ardıcıllığını nəzərə aralaq növbə zamanı körpülü kranın tam yoxlanılması, müvafiq jurnallarda qeydlərlə tanış olaraq hərəkət hissələri, onların əyləcləri, kran mexanizmləri, boşalmış birləşmələrin bərkidilməsi və mexanizmlərin yığılması və s. işlərdən ibarətdir. Xüsusi zərərli əmək şəraitində aparılmır. Eyni zamanda vəzifə təlimatı üzrə mexaniki yığma işləri üzrə çilingər-briqadir peşəsinin xüsusiyyəti və funksiyaları mürəkkəb konfiqurasiyalı detal, qovşaq və məmulatların çilingər emalı, müxtəlif profilli hissələrin qızdırılaraq əyilməsi, çilingər emalı və tamamlanması, şablonların düzəldilməsi, əl işini yüngülləşdirən tərtibatların hazırlanması, müxtəlif qabaritli qeyri-standart avadanlıqların yığılması, konduktor və digər ləvazimatların hazırlanması, boru kəmərlərinin quraşdırılması və s. işlərdən ibarətdir. Xüsusi zərərli əmək şəraitində aparılmır. Mexaniki yığma işləri üzrə çilingər-briqadir sadalanan işlərdən əlavə əsas işindən ayrılmadan briqadaya rəhbərlik edir, tabeçiliyində olan hər bir işçiyə cavabdehlik daşıyır. İddiaçı çalışdığı peşələr əmək şəraiti, xüsusiyyəti və funksiyalarına görə xüsusi zərərli olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq maddəsində əksini tapmamışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarına əsasən, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun 1.4.1-cü bəndinə əsasən, Qanunun güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər adlanan 9-cu maddəsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2024-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağldır. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı güzəştli iş stajına dair "xxxx" ASC tərəfindən verilmiş arayışda onun Qəlibləmə və Armatur sexlərində zərərli işdə işlədiyi qeyd olunsa da, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda hansı vəzifəyə uyqun olub-olmaması və digər nüanslar qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin təqdim etdiyi arqumentlərə əsasən, iddiaçının işlədiyi kran maşinisti peşəsi güzəştli pensiya hüququ verən sahəyə aid olması təsdiqini tapmışdır. Məhkəmə, əmək funksiyalarının məzmununu nəzərdən keçirərək qeyd edir ki, iddiaçının 1995-ci ildən əvvəlki dövrü və 1995-ci ildən sonra müəyyən edilmiş dövrlərdə peşə fəaliyyətini yerinə yetirdiyi (1995-2002-ci ildə ödənişsiz məzuniyyətdə olduğu müddət istisna olmaqla) müddət ərzində işlədiyi müəssisə tərəfindən təqdim edilmiş məlumatlar əsasında, iddiaçının tutduğu vəzifənin funksional xüsusiyyətləri zərərli əmək şəraiti ilə əlaqədar olaraq, onun yüksək fiziki və zehni yük altına düşməsinə səbəb olmuşdur. Həmin məlumatların təhlili nəticəsində müəyyən olunur ki, kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarının 3-cü maddəsində göstərilən "Metallurgiya istehsalatı" bölməsində təsdiq edilən peşələrlə uyğunluq təşkil edir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bu yönümdədir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmalı və nəzərə almalıdır. Bu xüsusat inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən də irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı məhkəməyə təqdim olunan arayışdakı və cavab məktubundakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin faktiki olaraq yerinə yetirdiyi funksiyalar və istehsalat şəraitinin xüsusiyyətləri hüquqi baxımdan əsaslı şəkildə qiymətləndirilməlidir. Bu baxımdan, iddiaçının fəaliyyəti, işlədiyi müəssisənin metallurgiya sektoru ilə əlaqəli olması və peşənin zərərli təsiri ilə əlaqədar olaraq, güzəştli pensiya hüququ üçün tələb olunan iş stajı şərtinin yerinə yetirildiyini göstərir. Beləliklə, iddiaçının 12 il 6 ay müddətində yaranmış güzəştli iş stajı, onun işlədiyi metallurgiya istehsalatı sahəsi və kran maşinisti vəzifəsi ilə uyğunlaşdırılaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına uyğun şəkildə qiymətləndirilmişdir. Bu hal, iddiaçının güzəştli pensiya hüququnu təmin etmək üçün tələb olunan şərtlərin tam şəkildə yerinə yetirildiyini göstərir. Odur ki, iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyi kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda nəzərdə tutulduğundan, onun 12 il 06 aydan artıq güzəştli iş stajı yaranmış olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2024cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5620/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5620/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver