Məhkəmə qərarları › İş №2-1(112)-5621/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5621/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5621/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) Cavabdehin nümayəndəsi və vəkili X1 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştıi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtdan yəni, 10.01.2021-ci ildən pensiyanın hesablaması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı”nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, xx.xx.1966-cı ildə Yardımlı rayonu, Yolocaq kəndində anadan olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ƏƏSMN-nin Yanında DSMF Xüsusi şərtlərlə Təyinat İdarəsinə müraciət edərək sənədlərini təqdim etmişdir. Təqdim etdiyi sənədləri araşdırıldıqdan sonra 10.03.2021-ci il tarixli **********6 nömrəli məktubla xahişinə imtina cavabı verilmişdir. Həmin məktubda qeyd edilir, "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 il həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-ci il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşlarınpensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b ” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların yaşa görə pensiya hüququ vardır. İdarəyə təqdim etdiyiniz 12 noyabr 1984-cü il tarixli İT-l-0861361 nömrəli əmək kitabçanızda qeyd olunanlara əsasən 21.10.1983-05.01.2021-ci il tarixlər arasındakı dövr ərzində işlədiyiniz vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulmamışdır. İddiaçı hesab edir ki, ƏƏSMN-nin Yanında DSMF Xüsusi şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli **********6 nömrəli məktub əsassızdır. 21.10.1983-cü ildə verilmiş arayışa əsasən Azərbaycan SSR Yardımlı rayonu, Yolocaq kəndində olan Jdanov adına sovxozda əmək fəaliyyətinə başlamış və 12 il, 2 ay günlük əmək stajı olmuşdur. 01.12.1997-22.09.1999-cu illərdə X4 Distansiyasında TTÇ-16 yol mantyoru işəmişdir. 22.09.1999-01.12.2001-ci illərdə X4 Stansiyasında İİ dərəcədən İİİ dərəcəyə keçirilmişdir. 01.12.2001-07.06.2002-ci illərdə Saatlı 8 saylı Yol Xidməti Distansiyasının Qaragünə Məntəqəsində 3-cü dərəcəli yol mantyoru; 01.07.2002- 10.06.2009-cu illərdə 1 saylı Muğan Məntəqəsində 3-cü dərəcəli yol mantyoru; 10.06.2009- 01.03.2010-cu illərdə 12 saylı Şirvan Məntəqəsində 3-cü dərəcəli yol mantyoru; 01.03.2010- 01.07.2010-cu illərdə "xxxx" QSC-nin 6 nömrəli müəssisəsinin X7 yol mantyoru; 11.02.2016- 01.07.2015-ci illərdə X5 yol mantyoru; 11.02.2016-02.04.2018-ci illərdə 8 nömrəli X6 5 saylı Baş Şirvan Yol Məntəqəsində fəhlə; 02.04.2018-05.01.2021-cı illərdə X3 Təmir-Tikinti İdarəsində yol fəhləsi. Uzun illər ağır şəraitdə yolların istismarı və təmiri işlərində çalışmışdır. Sənədlərin toplanılması ilə əlaqədar əvvəllər işlədiyi idarə, müəssisə və təşkilatlara sorğular göndərilmiş, lakin cavablar təqdim edilməmişdir. Sorğulara cavab gəldiyi təqdirdə məhkəmə iclasında təqdim olunacaqdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiası etirazla qarşılanılır. İddiaçı iddia edir ki, 10 yanvar 2021-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi/güzəştli iş stajı toplamışdır. Ona görə də, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ona 55 yaşının tamam olduğu 10 yanvar 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi Filialın 10.03.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubu onunla əsaslandırılıb ki, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Filialın imtinası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə əsaslanmaqla qanunidir. Belə ki, İddiaçı 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajını toplamadığı işin mübahisəsiz halıdır. Dolayısı ilə, İddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunnun 9.8-ci maddəsinin tətbiqi istisna edilir. İddiaçı, xx xxxxxx 1966-cı il təvəllüdlüdür. Göründüyü kimi, İddiaçının pensiya hüququnun yaranıb-yaranmadığı ƏPQ-nin 9.1-ci maddəsinə (01 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyada) əsasən müəyyənləşdirilməlidir. Həmin maddəyə görə, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə görə, pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göründüyü kimi, İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 3 şərt məcmu halında mövcud olmadığından onun tələbi əsaslı deyildir. Filialın imtinası həm də “Əmək pensiyaları haqqında” Qanunun 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Qanunnun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 47.800 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin İddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 26.198,57 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarına əlavə edilmiş -iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 10 yanvar 1960-cı il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 21.10.1983-cü il tarixdə başlamış, 21.10.1983-cü il trixdən 05.12.1995-ci il tarixinədək 1 nömrəli briqadada fəhlə, 01.12.1997-ci il tarixdən 22.09.1999-cu ill tarixədək X4 Distansiyasında TTÇ-16 yol mantyoru, 22.09.1999-c il tarixdən 01.12.2001-ci il trixədək X4 Stansiyasında 2-ci və 3cü dərəcəli yol montyoru, 01.12.2001-ci il tarixdən 07.06.2002-ci il tarixədək illərdə Saatlı 8 saylı Yol Xidməti Distansiyasının Qaragünə Məntəqəsində 3-cü dərəcəli yol mantyoru; 01.07.2002- 10.06.2009-cu illərdə 1 saylı Muğan Məntəqəsində 3-cü dərəcəli yol mantyoru, 10.06.2009-cu il tarixdən 01.03.2010-cu il tarixədək 12 saylı Şirvan Məntəqəsində 3-cü dərəcəli yol mantyoru; 01.07.2010-cu il tarixdən 01.07.2015-cu il tarixədək "xxxx" QSC-nin 6 nömrəli müəssisəsinin X5 yol mantyoru, 11.02.2016-cı il tarixdən 15.04.2018-ci il tarixədək X5 yol mantyoru; 11.02.2016-cı il tarixdən 02.04.2018-ci il tarixədək 8 nömrəli X6 5 saylı Baş Şirvan Yol Məntəqəsində fəhlə; 02.04.2018-05.01.2021-cı il tarixədək X3 Təmir-Tikinti İdarəsində yol fəhləsi vəzifəsində çalışmışdır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı, 10.03.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə ərizəsinə baxılmış, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu, “Əmək pensiyaları haqqında” Qanunun 1.0 8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhes olduğu, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 47800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 26198,57 manat təşkil etdiyi, qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, o cümlədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləğin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanının mümkün olduğu bildirilmişdir. -"xxxx" QSC-nin 21 saylı, 04 fevral 2021-ci il tarixi arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Dəmir Yolu Saatlı yol distansiyasında 01.12.1997-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 01.12.1997-ci il tarixdən (əmr №156; 01.12.1997 ) 2 dərəcəli yol mantyoru işinə qəbul edilmişdir, 22.09.1999-cu il tarixdən (əmr №32 22.09.1999) 3-cü dərəcəli yol mantyoru işinə qəbul edilmiş, 01.12.2001-cı il tarixdən (əmr №89; 29.11.2001) Azərb DDY rəisinin 165/N saylı əmrinə əsasən ərazi bölgüsü ilə əlaqədar Qara-Günə məntəqəsi Saatlı yol distansiyasına verildiyi üçün işdən azad edilmiş, 01.12.2001-cı il tarixdən (əmr № 48 03.12.2001) Qara-Günə məntəqəsinə 3-cü dərəcəli yol mantyoru işinə qəbul edilmiş, 07.06.002-ci il tarixdən (əmr №31; 07.06.2002 ) Şəxsi ərizəsi əsasında işdən azad edilmiş, 01.07.2002-ci il tarixdən (əmr №98; 01.07.2002 ) 3-cü dərəcəli yol mantyoru işinə qəbul edilmiş, 10.06.2009-cu il tarixdən (əmr № 43 10.06.2009) Qaragünə məntəqəsinə 3 dərəcəli yol mantyoru işinə keçirilmiş, 01.07.2010-cu il tarixdən (əmr № 17; 01.03.2010) 12 saylı Şirvan məntəqəsinə 3-cü dərəcəli yol mantyoru işinə keçirilmiş, 01.07.2010-cu il tarixdən (əmr № 95/k ;01.07.2010) ərazi bölgüsü dəyişdirilməsi ilə əlaqadar İD 6 nömrəli Müəssisənin Saatlı yol sahəsinə keçirilmiş, 01.07.2015-ci il tarixdən (əmr № 2T3; 30.06.2015) müqavilə müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmiş, 11.02.2016-cı il tarixdən (əmr № 38: 11.02.2016) 8 nömrəli Saatlı yol sahəasinə 5 saylı Baş Şirvan məntəqəsinə fəhlə işinə qəbul edilmiş, 30.03.2018-ci il tarixdən (əmr№ 31 :28.03.2018 ) əmək müqaviləsinin başa çatması ilə əlaqədar işdən azad edilmişdir. Arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarında təsdiq olunmuş güzəştli şərtlərə görə pensiya hüququna görə istehsalat işçilərinin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.4 bəndinə əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin yol mantyorları güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malik olduğu qeyd edilmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış olan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür və onun pensiya almaq hüququ yarandığı, yəni 10.01.2021-ci il tarixə (55 yaşı tamam olan tarixə) ümumi iş stajı 25 ildən çox təşkil etdiyi işin mübahisələndirilməyən halıdır. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçının fərdi sığorta hesabında toplanılmış pensiya kapitalının pensiya təminatına imkan verib-vermədiyi müəyyən olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Qanunvericiliyin tələbi baxımından 55 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, onlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan Qanunun tələbi mövcud münasibətlərə tətbiq edilməklə müəyyən edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının 01.01.2006-ci il tarixə qədər əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının toplamadığı əsası ilə məhkəmə tərəfindən ona 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbinin dəqiqləşdirilməsi təklif edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar yaş və işlədiyi zərərli iş peşəsi ilə bağlı uyğunsuzluğu olmasa belə, yəni iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23.01.2007-ci il 12 saylı Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısının Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər adı ilə qeyd olunan 21.4-cü bəndində nəzərdə tutulan magistral dəmir yolunun əlaqə şəbəkəsinin yol mantyorları peşəsinə uyğun olsa da, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı aşağı olduğundan, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qüvvədə olan qanunvericiliyin tələblərini mövcud münasibətə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşı qadınlar üçün 1 iyul 2020 – 30 iyun 2021 illər üçün (62 yaş) tamam olur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 40.800 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının pensiya yaşını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 62 yaş – 55 yaş=7 x 12= 84 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 228 ay x 200 manat (minimum pensiya məbləği) = 45.600 manat. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 45.600 manat təşkil etməli olduğu təqdirdə, onun qeydə alınmış pensiya kapitalı cəmi 26.198,57 manat təşkil etmişdir. Bu hal isə birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən 3 şərtdən (yaş, staj və zəruri pensiya kapitalı) biri - zəruri sığorta kapitalının olması hissəsində ödənilməmişdir. Məhkəmə cavabdeh tərəfindən verilən həm imtina, həm də iddiaya etirazda qeyd edildiyi kimi iddiaçının fərdi hesabının sığorta hissəsində 47.800 manat məbləğində pensia kapitalının olmasına dair fikrinə münasibət bidirərək qeyd edir ki, həmin hissə məhkəmə tərəfindən araşdırılaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 45.600 manat təşkil etməli olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. İddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya pensiya təyin edilməsinin mümkün olmamasının qanunauyğunluğu sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin “Əmək pensiyaları haqqında” Qanunvericiliyinin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmək pensiyasının minimum fərdi sığorta hesabı üzrə pensiya kapitalının artırılması məqsədilə xüsusi hesab vasitəsilə əlavə vəsaiti ödəmək hüququna malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar