Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5621/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi ev 10 "a" saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
3. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən 330 kv.metr torpaq sahəsi üzərində İddiaçı Burhanoviçin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rüblük hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdr.
4. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 83 nömrəli sərəncamına əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi ev 10 "a" saylı fərdi yaşayış evinin yerləşdiyi 350 kv.metr torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə Bələdiyyə ilə aralarında "Torpaqların alqı-satqısına dair" Akt bağlanmış və torpaq sahəsinin dəyərini təşkil edən 7.280.000 manat məbləğində pul tərəfindən bələdiyyənin hesabına keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 354 nömrəli sərəncamına əsasən o, M.Ə.Rəsulzadə adına qəsəbə, A.Nemətulla küçəsində yerləşən 10 "a" nömrəli özbaşına tikilmiş yaşayış evinə pasport qeydiyyatına götürülmüşdür və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 689 nömrəli arayışından görünür ki, xx.xx.1997-ci il tarixdən həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1997-ci ildən bu günə kimi həmin fərdi yaşayış evində yaşayır və 2005-ci ildən torpaq üzrə vergiləri daimi ödəyir. İstifadəsində olan fərdi yaşayış evi üzərindəki mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlərlə birlikdə xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etdi, lakin müraciətinə heç bir cavab verilmədi və hər hansı prosessual hərəkətlər həyata keçirilmədi. Bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən cavabdeh inzibati orqana müraciət etdi. Hesab edir ki, cavabdeh inzibati orqan öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən yayınmaqla onun mülkiyyət hüquqlarını pozur. Qeyd edilən sənədləri ərizəsinə əlavə edərək torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır və müraciəti təmin edilməli idi. Müraciətinin təmin edilməməsi onu mülkiyyət hüququnu məhdudlaşdırır.
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş “Torpaqların alqı-satqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Qeyd olunanlarla yanaşı torpaq sahəsi sənəd üzrə 350 kv.m qeyd olunsa da faktiki 330 kv.m təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
8. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarxili, 83 nömrəli qərarına əsasən
1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi, ev 10 «a»da pasport qeydiyyatında olan vətəndaş İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2005-ci il tarixli rəyinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən 10 «a» saylı fərdi yaşayış evinin yerləşdiyi 350 kv.m. torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq vətəndaş İddiaçı mülkiyyətinə verilsin (hər kv.m üçün 20800 manat ödəmək şərtilə).
2. Qərarın icrası qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyənin icra aparatına tapşırılsın.
12. Torpaq sahəsinin alqı-satqısına dair akta əsasən
1. Bu akta görə İddiaçı tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə xx.xx.2005-ci ildə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində 350 kv.m torpaq sahəsi satılmışdır.
2. Bunun müqavilində İddiaçı tərəfindən M.Ə.Rəsulzadə Bələdiyyəsinin xəzinəsinə (bankına) ******* manat haqq ödənilmişdir.
13. BYB 225673 nömrəli kassa mədaxil orderinin qəbzinin surətinə əsasən alqı-satqı müqaviləsi üçün ******* (yeddi milyon iki yüz səksən min) manat ödənilmişdir.
14. Dövlət Arxivinin Bakı Filialı məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarxili, 83 nömrəli qərarı, Torpaq sahəsinin alqı-satqısına dair aktı, torpaq sahənin situasiya planının təsdiq olunmuş surətlərini təqdim etmişdir.
15. AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarxili, 83 nömrəli qərarı X1 qeydiyyatdan keçməmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi məhkəməyə ünvünladığı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2005-ci ii tarixli, 83 sayiı qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yaşadığı 10a saylı fərdi yaşayış evinin yerləşdiyi 350 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Qərar hazırda qüvvədədir. Bununla belə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı adına torpaq sahəsinin ayrılması barədə qəbul olunmuş xx.xx.2005-ci il tarixli, 83 saylı qərarın və eləcə də həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə gəlincə isə bildiririk ki, sözügedən qərar və onun qəbul edilməsinə əsas olan sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi saxlanmalı sənəd olaraq mühafizə olunması üçün Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sənədlərin təsdiq edilmiş surətlərinin əldə edilməsi məqsədilə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
16. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 350 kv.m, faktiki 330 kv.m-dir. Ərazidə ümumi sahəsi 361.4 kv.m, 2 mərtəbəli fərdi yaşayış evi mövcuddur.
17. İş materiallarına əlavə edilmiş situasiya planından görünür ki, İddiaçı ayrılan sahənin situasiya planı bələdiyyə tərəfindən təsdiq edilmişdir.
IV. Məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
20. Məhkəmənin hazırkı iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.
21. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 350 kv.m. torpaq sahəsinin mövqeyi müvafiq ərazinin xəritəsindən çıxarışda təsdiqlənmişdir; - 350 kv.m. torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli 83 nömrəli qərar əsasında 350 kv.m torpaq sahəsinin Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt bağlanmış və torpaq sahəsinin müəyyən edilmiş dəyəri əvvəlcədən ödənilmişdir (qəbz № 225673); - Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilən 02/261 nömrəli məktubdan görünür ki, həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir.
22. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının: ...Konstitusiya Məhkəməsinin Plenumu inzibati ədliyyənin bəzi xüsusiyyətlərini qeyd etməyi zəruri hesab edir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri). Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir...
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
24. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
25. Eyni zamanda məhkəmə cavabdehin etirazın digər əsası kimi göstərdiyi yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsi, torpaq sahəsi sənəd üzrə 350 kv.m qeyd olunsa da, faktiki 330 kv.m təşkil etməsinə münasibətdə qeyd edir ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur və faktiki olaraq 330 kv.m iddiaçının istifadəsindədir. Torpaq ayırma sənədi ilə 350 kv.m. torpaq sahəsi ayrılmış, torpaq sahəsinin cizgisi bələdiyyə tərəfindən təsdiq edilmişdir. Həmin cizginin arxiv nüsxəsi aşkar edilmiş, elektron kadastr baza çıxarışına (ortofoto) əsasən cizgi ilə eynilik təşkil edir. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə müraciət edərək məhz 330 kv.m torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
26. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.
28. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
29. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
30. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
31. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
32. Məhkəmə qeyd edir ki, cavabdehin etirazda göstərdiyi torpaq sahəsinin bələdiyyə ərazisi olmaması ilə bağlı tərəfindən hər hansı sübüt təqdim edilə bilinmədi.
33. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
34. Yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
1. Q Ə R A R A A L D İ :
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 330 kv.metr torpaq sahəsi üzərində İddiaçı Burhanoviçin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva