Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5622/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli **********675300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı metal qırıntılarının toplanması ilə məşğul olmuşdur. Topladığı metal qırıntıları müxtəlif metal qəbulu məntəqələrinə akt əsasında təhvil vermişdir. Bir neçə müddət sonra ona məlum olmuşdur ki, vergi orqanı onun fərdi sahibkar kimi vergi orqanında qeydiyyata durmadığı və topdansatış fəaliyyəti ilə məşğul olduğu qənaətinə gələrək onun hər hansı müraciəti olmadan onu fərdi sahibkar kimi vergi orqanında qeydiyyata almış və xx.xx.2021-ci il tarixli **********675300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında ona 2020-ci il üzrə 2715,55 manat gəlir vergisi hesablamışdır. Cavabdehin iddiaçının müraciəti olmadan fərdi sahibkar kimi qeydiyyata alması ilə bağlı hərəkətləri və barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********675300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunsuz və əsassızdır. Normaların tələblərindən göründüyü kimi, vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Mövcud halda isə iddiaçı tərəfindən müvafiq vergi orqanına hər hansı ərizə təqdim edilməmişdir. Beləliklə, vergi orqanının onu vergi ödəyicisi kimi qeydiyyata alması tamamilə əsassızdır. Qanunvericiliyin normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, metal qırıntılarının təhvili ilə məşğul olan şəxslərin vergi ödəyicisi kimi qeydiyyata durmaq kimi bir öhdəliyi mövcud deyildir. Qeyd olunan şəxslərin gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur və verginin tutulması və büdcəyə ödənilməsində məsul şəxs həmin metal qırıntıları qəbul edən vergi ödəyicisi hesab edilir. Beləliklə vergi orqanın iddiaçıya 2020-ci il üzrə 2715,55 manat gəlir vergisi hesablaması əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktları üzrə 54311,0 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixli **********886300 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilmişdir. İddiaçı tərəfindən 5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə ilə müraciət edilmədiyindən, xx.xx.2021-ci il tarixdən məcburi qaydada vergi orqanında uçota alınmışdır. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 54311,0 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********282400 nömrəli məktub (poçt vasitəsi ilə) göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 2715,55 manat gəlir vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********501700 nömrəli qərar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi tərəfindən hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədən xx.xx.2021-ci il tarixdə 2020-ci il üzrə boş (göstəricisiz) Gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2021-ci il tarixli **********675300 nömrəli qərar qəbul olunmuşdur. Fərdi sahibkar tərəfindən vergi orqanının hesablamasından xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********397500 nömrəli) inzibati qaydada şikayət verilmiş və 22 dekabr 2021-ci il tarixli **********753800 nömrəli qərar ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməyərək vergi orqanının xx.xx.2021-ci il tarixli **********675300 nömrəli qərarı qüvvədə saxlanılmışdır. İnzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə 135,8 ton (ümumi dəyəri 40061,0 manat), "xxxx" QSC-yə (VÖEN: **********) isə xx.xx.2020-ci il tarixdə 7500 kq (ümumi dəyəri 14250,0 manat), cəmi dəyəri 54311,0 manat olmaqla malların alış aktı (elektron) ilə qara metal və sərt alüminium qırıntılarının təqdim edildiyi müəyyən edilmişdir. İnzibati araşdırma dövründə vergi ödəyicisinin işçi qüvvəsinin, nəqliyyat vasitəsinin, cəlb olunmuş nəqliyyat vasitəsinin və ya metal tullantılarının toplanması (tədarük edilməsi), daşınması üçün hər hansı resursların olması müəyyən edilməmişdir. İddiaçı "xxxx" QSC ilə apardığı qarşılıqlı əməliyyatlara dair “Metal tullantılarının qəbul edilməsi barədə ərizənin” surətini müraciətinə əlavə etmişdir. Həmçinin uçot baza məlumatlarına əsasən İddiaçı "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi əsasında “təsadüfi işlər üzrə ixtisassız fəhlə” vəzifəsində çalışdığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən yenidən xx.xx.2021-ci il tarixində 2020-ci il üzrə boş (göstəricisiz) dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2022-ci il tarixli **********257200 nömrəli qərar qəbul olunmuşdur. “İstehsalat və məişət tullantıları haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 12-2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur. Əlvan və qara metal qırıntılarının qəbulu ilə məşğul olan tədarükçülər əhalidən (vətəndaşlardan) kiçik həcmli partiyalarla malları qəbul edərkən həmin şəxslərə aparılan ödənişlərdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutur. Sahibkarlar tərəfindən həmin şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin FİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi vergi ödəyicisi kimi uçotda olmayan, təqdimetmə halı sahibkarlıq fəaliyyəti hesab edilməyən (xırda mal partiyası şəklində, mütəmadi xarakter daşımayan, az həcmdə və digər oxşar hallarla xarakterizə olunan) şəxslərə və onların təqdim etdiyi mallara münasibətdə tətbiq edilir. Eyni zamanda, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5622/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 14 yanvar 2022-ci il tarixli **********257200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsinə dair iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********675300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2020-ci ilin gəlir vergisi üzrə təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi məbləği 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 2.715,55 manat, əlavə hesablanmış vergi məbləği 2.715,55 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********753800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********675300 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********257200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2020-ci ilin gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 2.715,55 manat, əlavə hesablanmış vergi məbləği 2.715,55 manat təşkil edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarından yuxarı inzibati orqana şikayət vermiş, yuxarı inzibati orqanın inzibati şikayətin təmin edilməməsi barədə xx.xx.2021-ci il tarixli qərarından sonra xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının vergi orqanının qərarından yuxarı vergi orqanına inzibati şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini və sonradan cavabdeh orqan əvvəlki qərarını ləğv edərək xx.xx.2022-ci il tarixli qərar qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı mübahisə predmeti olan 14 yanvar 2022-ci il tarixli **********257200 saylı qərarını mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 (xx.xx.2021-ci ildən 5 faiz) faiz dərəcə ilə vergi tutulur (həmin dövrdə qüvvədə olan tələblərə görə). “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.5-ci maddəsinə görə vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: (-). 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə 135,8 ton (ümumi dəyəri 40061,0 manat), "xxxx" QSC-yə (VÖEN: **********) isə xx.xx.2020-ci il tarixdə 7500 kq (ümumi dəyəri 14250,0 manat), cəmi dəyəri 54311,0 manat olmaqla malların alış aktı (elektron) ilə qara metal və sərt alüminium qırıntıları satılmışdır. İnzibati orqan tərəfindən iddiaçının böyük mal partiyaları ilə metal tullantılarını təqdim etməsi, toplanmış metal tullantılarının qısa müddətdə yığılmasının əlavə resurslar işçi qüvvəsi, nəqliyyat vasitəsi olmadan mümkün olmaması, iddiaçının metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirdiyi üçün həmin şəxsin belə gəliri onun sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, müxtəlif növ qara və əlvan metal tullantısının təqdim edilməsi nəticəsində əldə etdiyi 54311,0 manat dəyərində malın təqdim edilməsinə görə 2.715,55 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir Cavabdehin mübahisələndirilən qərarının əsası ondan ibarətdir ki, iddiaçı tərəfindən qeyd edilən çəkidə metal tullantılarının toplanması mümkün deyil, o sahibkarlıq fəaliyyəti çərçivəsində fəaliyyət göstərmişdir Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. “Nağdsız hesablaşmalar haqqında” Qanunda vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt müəyyən edilməmişdir Bundan əlavə Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, iddiaçının metal qırıntılarını təqdim etdiyi hüquqi şəxslər ödəmə mənbəyində tutulan vergilər üzrə bəyannamələr vergi orqanına təqdim edilmiş və müvafiq bəyannamələrə əsasən Vergi Məcəlləsinin 101.6-cı maddəsi üzrə vergi ödəyicisi kimi orqanında uçotda olmayan fiziki şəxslərdən 2 faiz dərəcə ilə tutulan vergilər dövlət büdcəsinə ödənilmişdir. Göründüyü kimi, iddiaçı əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. (Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-927/2021 saylı, 2-1(102)-924/2022 saylı inzibati işlər üzrə qərarlarında ifadə olunmuşdur). “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticə oxşar işlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə də uyğundur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********257200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********257200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5622/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5622/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver