Məhkəmə qərarları › İş №2-1(112)-5623/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5623/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5623/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (arvadı) X1, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “xarici valyuta borcu üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək "xxxx" məhsul məsuliyyətli qeyri-bank təşkilatına Mərkəzi Kredit Reyestrinə düzgün məlumatların təqdim edilməsi öhdəliyinin qoyulması və ona Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Fərmanla müəyyən edilmiş qaydada kompensasiyya verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 04.02.2015-ci il tarixində "xxxx"dan 5000 ABŞ dolları, həmin ilin avqust ayının 26-da isə "Finka" Bankdan 3500 AZN və 3500 ABŞ dolları məbləqində kredit götürüb. 30.10.2017 il tarixində Bank of Baku-ya olan kredit borcunuz müvafiq dövrün məzənnəsinə uyğun olaraq (1$ -1.36 AZN) tam bağlayıb. "Finka" Bankdan götürdüyü kredit ödənişini 10 ay ödədikdən sonra, yaranmış maddi çətinliklərə görə sonadək ödəyə bilmədi. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanı ilə dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların,üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə,bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına 3 aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra o də www.fimsa.az saytına sorğu göndərdi və saytda gördü ki, onun adıma 3680 (üç min altı yüz səksən) manat kompensasiya təyin olunub. 19.06.2019-cu il tarixində o, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına Apellyasiya Komissiyasının 24913 saylı qərarı ilə ona kompensasiya verilməsindən imtina olundu. Müraciətinə cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının 28 sentyabr 2019-cu il tarixli elektron məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərinin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrə həqiqiliyinin və kredit valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zəruzət yaranmışdır, odur ki, məsələnin baxılması məqsədi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

3. Məhkəmənin 26.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdehlər "xxxx" MMM QBKT, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Cavabdeh3 ASC Azərbaycan Respublikası Mərkəzi Bankı ilə əvəz olunmuşdur.

4. Məhkəmənin 22.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin Cavabdeh3 ASC və "xxxx" MMM QBKT-də olan xarici valyuta borcu üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankı Apellyasiya Komissiyasının 16.06.2021-ci il tarixli 26-10465-2020 nömrəli qərarına əsasən bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciət üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil olmuş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrin fərqliliyinin və kreditin valyutasının məhkəmə qərarı ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

6. Cavabdeh tərəfindən iddiaya təqdim edilən iddiaya yazılı etirazda bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" QBKT MMC ilə 04.02.2015-ci il tarixdə 5.000 ABŞ dolları və 26.08.2015-ci il tarixdə 3.500 ABŞ dolları dəyərində kredit müqavilələrinin bağlanılması barədə qeydlər daxil edilmişdir. Lakin "xxxx" QBKT MMC tərəfindən qeyd edilən kreditlər müqavilələri barədə məlumatlar (kreditlər üzrə devalvasiya günlərinə (21.02.2015 və 21.12.2015-ci il tarixlərinə), habelə hazırki günə əsas kredit borcunun qalıqları, həmin qalıq məbləğin hansı valyutada ifadə olunması, baş vermiş devalvasiyalarla bağlı vətəndaşa hər hansı güzəştlərin edilib-edilməməsi) qeyri-dəqiq və ziddiyyətli qeydlərlə MKR və PK məlumat bazalarına daxil edildiyindən iddiaçının adına kompensasiya məbləği hesablanmamışdır.

7. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMM QBKT tərəfindən məhkəməyə bildirilmişdir ki, İddiaçı **********0560 saylı kredit müqaviləsi üzrə isə 21.12.2015-ci il tarixinə əsas borc üzrə 3148 manat; **********0985 saylı kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixinə əsas borc üzrə 3148 ABŞ dolları kredit borcu olmuşdur.

8. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh3 ASC tərəfindən məhkəyə təqdim edilmiş arayış və ssuda hesabından çıxarışa əsasən, İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 04.02.2015-ci il tarixli, MK35095İ49C saylı müqaviləyə əsasən devalvasiya tarixlərinə ssuda hesabı üzrə əsas borc məbləğləri aşağıdakı kimidir: 21.02.2015-ci il tarixə ssuda hesabı üzrə əsas borc 5000 ABŞ dolları. Ssuda hesabından çıxarışlar müvafiq qaydada təqdim edilmişdir.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi dəyişdirilmiş iddia tələbinə etiraz etməyərək iddia tələbinin iddiaçının adının xarici valyuta borcu üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi təmin edilməsinə etiraz etmədiyini bildirdi.

II. İddianın növü və mümkünlüyü

11. İddia tələbi siyahısına salınma vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

16. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən (bundan sonra - Fərman):

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

21. Beləliklə, məhkəmə müəyyən edir ki, 21.12.2015-ci il tarixinə əsas borc üzrə 3148 ABŞ dolları kredit borcu və 21.02.2015-ci il tarixə əsas borc üzrə 5000 ABŞ dolları borcu var. Odur ki, qeyd edilən Fərmana uyğun olaraq iddiaçının 1250 manat (5000 ABŞ dolları x 0,25 manat = 1250 manat) və 1888,8 manat (3148 ABŞ dolları x 0,6 manat = 1888,8 manat) olmaqla, cəmi 3138,8 manat kompensasiya hesablanması hüququ var.

22. Odur ki, məhkəmə iddiaçının “mövcud mülkiyyəti” və “qanuni gözləntisi” olduğu qənaətinə gəlir.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh3 ASC-də 21.02.2015-ci il tarixinə 5000 ABŞ dolları əsas borc və "xxxx" MMM QBKT-də 21.12.2015-ci il tarixinə 3148 ABŞ dolları əsas borc üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar