Məhkəmə qərarları › İş №2-1(112)-5623/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5623/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5623/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (üçüncü şəxs “X6” MMC) qarşı “dəyişikliyin qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “X6” MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə dəyişikliyin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “X6” MMC üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, “X6” MMC-nin təsisçisi X5 onun etibarından və inamından sui-istifadə edərək onu aldatmış və həmin bu MMC-nin direktoru təyin etmişdir. Lakin o, ümumiyyətlə bir gün də olsa, faktiki olaraq bu MMC-nin direktoru vəzifəsini icra etməmiş, heç vaxt da bu MMC-nin yerləşdiyi binada hər hansı bir fəaliyyətlə məşğul olmamışdır. MMC-nin direktoru təyin olunandan təxminən 15 gün sonra icra məmuru tərəfindən onun barəsində "X6” MMC-nin "Helpers” MMC-yə olan 7855 manat borcuna görə onun barəsində məcburi gətirilmə barədə məhkəməyə təqdimat vermiş, lakin Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə bu təqdimat təmin edilməmişdir. O, belə bir problemin olduğunu bildikdən sonra aldandığını başa düşərək "X6” MMC-nin təsisçisi olan Vaqif Alıyevə öz kəskin iradını bildirmişdir. Bunun nəticəsində də xx.xx.2022-ci il tarixli qərar ilə təsisçi onu bu MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə müvafiq qərar qəbul etmişdir. Həmin qərarı müvafiq dəyişikliyin qeydə alınması barədə cavabdeh orqana göndərmişdir. Eyni zamanda o, özü də öz adından ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan qanunvericiliyin tələblərini pozaraq onu bu MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə dəyişikliyi qeydiyyata almaqdan imtina etmiş və əsas kimi “X6” MMC-nin yeni direktorunun təyin edilməməsini göstərmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində o, əlavə problemlərlə üzləşmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların ərizələri təmin edilmişdir. Bu qətnamədən apellyasiya şikayəti vermişdir. Yəni işin hallarından da görünür ki, cavabdehin hərəkətsizliyi nəticəsində əsassız olaraq onun barəsində qeyri-qanuni məhdudiyyətlər qoyulmuşdur. Bu isə bir vəkil kimi onun öz vəzifəsinin icra olunmasında çətinliklər yaradır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Cəmiyyətin direktoru təyin edilmişdir. Həmin qərar hüquqi şəxslərin dövlət reyestrini aparan quruma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün xx.xx.2022-ci il tarixdə dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. xx.xx.2022-ci il tarixdə direktor İddiaçı, yəni İddiaçı direktor (qanuni təmsilçi) vəzifəsindən azad edilməsi barədə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə **********691800 nömrəli cavab məktubu təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla qanuni təmsilçinin (direktorun) təyin edilməsi barədə qərarın ləğv edilməsi nəzərdə tutulsa da, sözügedən qərar qanunvericiliyin tələblərinə cavab vermir. X1 Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "X6" MMC-nin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni İddiaçının adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və təyin olunan yeni direktorun şəxsiyyət vəsiqəsinin surəti müvafiq ərizəyə əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında xx.xx.2004-cü il tarixli qərardan görünür ki, təsisçi X5 tərəfindən “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. MMC-nin nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin təsisçisi X4r. Nizamnamənin 9.1-ci bəndinə əsasən Cəmiyyətin ali idarə orqanı cəmiyyətin təsisçilərinin azı ildə bir dəfə çağırılan Ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir şəxs olduqda o, ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Nizamnamənin 9.2-ci bəndinə əsasən cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə qanunvericilikdə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir: -cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən Direktorun və baş mühasibin təyin edilməsi və geri çağırılması. İşdə olan "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X3 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 tutduğu vəzifəsindən azad edilmiş, İddiaçı "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmiş, dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi İddiaçı həvalə edilmişdir. "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X3 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı 2022-ci il tarixdə "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun təyin edilməsi barədə qərarı ləğv edilmiş, dövlət orqanlarında dəyişikliyin qeydiyyata keçirilməsi İddiaçı həvalə edilmişdir. İşdə olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4987/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilmiş, İddiaçı (doğulduğu tarix - xx xxxx 1970-ci il, doğulduğu yer - Azərbaycan, Şamaxı; Mərəzə K, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan ümumilikdə 186,97 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3646,48 manat, İşsizlikdən sığorta fonduna olan 145,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 297,14 manat məbləğində borc tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-179/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs İddiaçı Gülşirın oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4987/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə rədd edilmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “...Təqdim edilmiş sənədlərdən görünür ki, həmin sənədlərdə direktor qismində Lalə Rəcəblinin adı göstərilmiş və sənədlərin məhz elektron qaydada İddiaçı tərəfindən imzalanması müəyyən olunmur. Bununla yanaşı, yuxarıda da qeyd olunduğu kimi, İddiaçı MMC-nin direktoru təyin edilməsi haqqında qərar "xxxx" Biznes Konsaltinq MMC-nin 18 iyun 2022-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Bütün bu hallar birinci instansiya məhkəəsi tərəfindən nəzərə alınmamışdır... Hazırda müəssisənin büdcəyə müvafiq məbləğdə vergi borcunun olması faktı isə ərizənin təmin edilməsi üçün yeganə dəlil kimi əsas ola bilməz. Çünki həm ölkədən çıxışına məhdudiyyət qoyulması tələb olunan şəxsin direktorluqdan çıxarılması barədə müəssisənin qərarı mövcuddur, həm də ərizəçi Vergi Məcəlləsinin 65-ci maddəsində müəyyən edilən vergilər üzrə borcların alınması qaydasına riayət etdikdən sonra yeni ərizə ilə məhkəməyə müraciət edə bilər.” İşdən görünür ki, iddiaçı bu sənədlərə istinad edərək cavabdehə müraciət etmiş, onun “X6” MMC-nin direktoru kimi göstərilməsi barədə qeydin silinməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə görülmüş tədbirin ləğv edilməsini xahiş etmiş, cavabdeh isə rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə yeni rəhbərin (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsinin zəruri olduğunu bildirmiş, bununla da iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir və yuxarıda sadalanan sənədlərə istinad edərək onun “X6” MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə dəyişikliyin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - maddə 2.0.14. qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. - maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. - maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. - maddə 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. - maddə 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. - maddə 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. - maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda Məhkəmə qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı artıq "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru deyil, MMC-nin yeganə təsisçisi X3 xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının direktor təyin edilməsi barədə qərar ləğv edilmişdir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tənzimləyən 9-cu maddəsinin tələb etdiyi kimi, iddiaçı özünə münasibətdə “ərizədə baş vermiş dəyişikliyi” göstərmiş və “həmin dəyişikliyi təsdiq edən sənədləri” təqdim etmişdir. Məhkəmə qeyd edir ki, işin hazırkı halında iddiaçının yeni qanuni təmsilçinin qərarını, yeni direktorun şəxsiyyətini təsdiq edən sənədin surətini və yeni direktor ilə bağlı hər hansı sənədi təqdim etmək vəzifəsi olmamışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3-cü maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmış və dəyişikliyin dövlət qeydiyyatına alınmasından yalnız həmin hallarda imtina edilə bilməsi müəyyən olunmuşdur. İddiaçıya münasibətdə imtina üçün qanunda nəzərdə tutulan hallar mövcud olmamışdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1941/2022 saylı qərarı). Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilməsi barədə dəyişikliyin qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar