Məhkəmə qərarları › İş №2-1(112)-5624/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5624/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5624/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə Niyazlı Gülay Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə qarşı (X5, X2, X3, X4 üçüncü şəxs olduğu) yaşayış sahəsindən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması barədə iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə qarşı X5, X2, X3 və X4 ünvan 1 ünvanında qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Hüseyn Seyidzadə küçəsi, ev 18A ünvanında yerləşən 48 nömrəli mənzil xx.xx.2015-ci il tarixdə notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Bundan sonra 2019-cu ildə iddiaçının qardaşı X5 öz mənzilini satdığından və heç bir yerə qeydiyyata düşə bilmədiklərindən ailəsi ilə birlikdə müvəqqəti olaraq iddiaçının mənzilinə qeydiyyata düşmüşlər. Sonradan onlar Türkiyə Respublikasına köçmüş, hazırda da orada işləyir və yaşayırlar. Lakin qardaşı və onun ailəsi formal olaraq iddiaçının mənzilində qeydiyyatda qalmışlar. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirtməkdə məhdudiyyət yaradır, həmçinin iddiaçı kommunal xidmətlərə görə əlavə ödənişlər etmək məcburiyyətində qalır. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsi tərəfindən iddiaya dair münasibət bildirilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun məzmunda izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki: - xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən “hədiyyə verən” X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzili “hədiyyə alan” İddiaçı mülkiyyətinə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzil xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mükiyyət növü üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, ünvan 2, mənzil 48 ünvanında İddiaçı başqa, X5, X2, X3, X7 qeydiyyatdadırlar. - Nəsimi rayon polis idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 082-46508K nömrəli məktubda iddiaçıya müraciətinin təmin edilməsinin mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubda ünvan 4 ünvanında yerləşən 48 nömrəli mənzilin İddiaçı adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu, həmçinin iş üzrə üçüncü şəxslərin istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən 33/716 №li xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, X1 dəfə xx.xx.2018-ci il tarixdə, X7, X2 və X3 isə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasından çıxmışdırlar. - Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon polis idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, iş üzrə üçüncü şəxslərin iddiaçıya məxsus mənzilə qeydiyyata alınmasına əsas olan sənədlər, “DİN-in sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında siyahının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli qərarına əsasən 5 il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı iş üzrə üçüncü şəxslərin İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzildə qeydiyyatda olmaları müəyyən olunsa da, onların həmin mənzildə əmlak, o cümlədən istifadə hüquqlarının olmaması, həmçinin həmin şəxslərin qeyd olunan mənzildə yaşamadığı, habelə 2018-ci ildən Azərbaycan Respubikasının ərazisini tərk etdikləri və həmin vaxtdan ölkə hüdudlarından kənarda yaşadıqları müəyyən olunmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun «şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması» adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Məhkəmənin qənaətinə görə konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onlar;n yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55 saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “...şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, 3-cü şəxslər X5, X2, X3 və X4 iddiaçıya məxsus mənzildə yaşamamaları, onların qeydiyyatının formal xarakter daşıması, həmin mənzildən istifadə hüquqlarının qeydiyyatdan keçməməsi iş materialları ilə öz təsdiqini tapdığından (əmlak hüquqlarının sahibi olmayan şəxs olması) və işin mübahisələndirilməyən halı olduğundan, hazırkı iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli, X5, X2, X3 və X4 ünvan 5 ünvanından qeydiyatdan çıxarılması Bakı şəhəri Nəsimi rayon polis idarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X5, X2, X3 və X4 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmaları Bakı şəhəri Nəsimi rayon polis idarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 9ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar