Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5626/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının X3rşı (3-cü şəxs: Qərbi Kaspi Universiteti) “əmrin verilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Hüseynova cavabdeh Azərbaycan Respublikasının X3rşı oğlu X2 ali təhsil müəssisəsinə qəbulu haqqında əmrin verilməsi və aidiyyəti üzrə qəbul olunduğu “Qərbi Kaspi” Universitetinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının X5nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə Qərbi Kaspi Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiaçının əsl iddiaçı X4 ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 aprel 2005-ci il təvəllüdlü X4 2022/2023cü tədris ilində İİ ixtisas qrupu üzrə 167.2 bal toplayaraq ödənişli əsaslarla əyani şöbə, azərbaycan bölməsi üzrə “Qərbi Kaspi” Universitetinin “Turizm bələdçiliyi” ixtisasına qəbul olunmuşdur. Azərbaycan Respublikasının X5 tərəfindən 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul zamanı hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyentin 02 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən 12 sentyabr 2022-ci il tarixində "xxxx" ASC vasitəsilə hazırki iş üzrə üçüncü şəxs - oğlum H.Həşimovun qəbul olduğu “Qərbi Kaspi” Universitetinin bank hesabına 2000 (iki min) AZN ödəniş edib {mədaxil qəbzinin surəti əlavə edilir), həmin tarixdə adıçəkilən Universitetə sənədlər təqdim olunmuş və “Bakalavr hazırlığı” Müqaviləsi bağlanmışdır. Lakin, H.Həşimov Universitet tərəfindən qeydiyyat zamanı səhvən elektron sistemdə “imtina etdi" kimi qeydiyyatdan keçirilmişdir. Bu səbəbdən də cavabdeh AR X5 tərəfindən iddiaçı barəsində qəbul haqqında əmr “Qərbi Kaspi” Universitetinə göndərilməmişdir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikasının X5 tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: SMS çıxarışdan görünür ki 186674 X4 (HESİMOV HUSEYN FAİQ) 157375 kodlu ixtisasa qəbul olunmuşdur. Bakalavr hazırlığı müqaviləsindən görünür ki, Qərbi Kaspi Universiteti ilə X4 və onun qanuni nümayəndəsi İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti, tələbə tərəfindən seçilmiş ixtisas üzrə təhsil qanunvericiliyin tələblərinə uyğun olaraq ali təhsilli mütəxəssis hazırlamaqla əlaqədar universitet və tələbə arasında yaranan münasibətlərdir. Qəbzlərin surətindən görünür ki, İddiaçı X1 təhsili ilə bağlı təhsil haqqını Qərbi Kaspi Universitetinə ödəmişdir. Azərbaycan Respublikası X5 tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, cavabdeh müraciətə baxmış və cavab olaraq bildirmişdir ki, 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul zamanı hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyet 02 sentyabr 12:00-dan 12 sentyabr saat 23:59-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməli idi. Abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bununla bağlı onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməmişdir. Hazırda 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul kampaniyası başa çatması və tədris ilinin başlanılması ilə bağlı müraicətin təmin olunması mümkün deyil. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun: 1.0.1. abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs; 22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarının: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir. 1.2. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5- 3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X5 (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. 2.1. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurur və özləri təsdiq edirlər. 4.1. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır. 4.2. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. 4.3. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər. 6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X5 publik hüquqi şəxsin Nizamnaməsinin: 1.1. Azərbaycan Respublikasının X5 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 2013-cü il 12 noyabr tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi haqqında inzibati reqlamentin: 3.2.1. sorğunun formalaşdırılması: - İnternetdən istifadə edildikdə - istifadəçi xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsi və şifri (şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və ya FİN) müvafiq sahələrə daxil edir. - Qısa mesajdan istifadə edildikdə - istifadəçi imtahan və müsabiqənin nəticələrini öyrənmək üçün iş nömrəsini qısa mesaj vasitəsilə 7727 nömrəsinə, ixtisas koduna görə isə ixtisasın adını öyrənmək üçün ixtisas kodunu qısa mesaj vasitəsilə 7737 nömrəsinə göndərir. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin pillələri və səviyyələri müəyyən edilmişdir ki, onlardan biri də bakalavr pilləsidir. Bu təhsil pilləsi ali təhsilin növlərindən biri olmaqla, yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığının həyata keçirilməsində mühüm rol oynayır. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını, ərizənin qəbul edilməsi, qəbul imtahanı, ixstisas seçimi, müsabiqənin keçirilməsi mexanizmini müəyyən etmişdir ki, bu sahədə abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının X5 tərəfindən həyata keçirilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunu tənzimləyən Qaydalar uğur qazanmış abituriyentin ixtisas seçimindən sonraki mərhələdə 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə sənədlərin təqdim edilməsini və qeydiyyatdan keçməsini nəzərdə tutmuş, abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsini isə onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi şərtləndirmişdir. Bəhs edilən qanunvericiliyin müddəalarını hazırki işin faktiki halları ilə birgə qiymət verdikdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ali təhsil müəssisəsinə qəbul olunması barədə əmrin verilməməsi və müvafiq ali təhsil müəssisəsinə göndərilməməsi qanunivericiliyin tələblərinə ziddir. Belə ki, iddiaçı imtahan və müsabiqənin nəticələrini öyrənmək üçün iş nömrəsini qısa mesaj vasitəsilə 7727 nömrəsinə göndərmiş, müvafiq sms xəbərdarlıq nəticəsində onun 157375 kodlu ixtisasa qəbul olunmasından məlumatlı olmuşdur. Daha sonra o müvafiq sənədlər ilə qəbul olunduğu ali təhsil müəssisəsinə müraciət etmiş, onunla (qanuni nümayəndə vasitəsi ilə) Qərbi Kaspi Universiteti arasında bakalavr hazırlığı müqaviləsi bağlanılmış, bununla da iddiaçı və üçüncü şəxs arasında universitet və tələbə münasibətləri yaranmışdır. Cavabdeh iddia edir ki, iddiaçı 02 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməli olduğu halda, bunu etməmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçı uğur qazandığı ali təhsil müəssisəsinə 12 sentyabr 2022-ci il tarixdə müraciət etmiş, onun qanuni nümayəndəsi ilə ali təhsil müəssisəsi arasında müqavilə bağlanmış, iddiaçı və üçüncü şəxs arasında tələbə və universitet münasibətləri yaranmış, müvafiq təhsil haqqı məhz həmin gündə ödənilmişdir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, iddiaçının adının eletron qeydiyyat sistemində qeydiyyatdan keçmiş şəxs bölməsində olmaması şəxsin iradə ifadəsindən asılı olmayan bir hal olmuşdur. Belə ki, məhkəmə araşdırılması müəyyən olunmuşdur ki, iddiaçının ali təhsil müəssisəsi ilə bakalavr hazırlıq müqaviləsi bağlanıldıqdan və müvafiq ödəniş edildikdən sonra, elektron qeydiyyat aparılmış, lakin Universitet tərəfindən texniki səhvə yol verilərək, qeydiyyatın aparılmasından imtina olunmuşdur. Belə ki, elektron qaydada aparılan qeydiyyat zamanı təsdiq etmə hissəsi əvəzinə qeydiyyatın imtina hissəsi elektron vasitədə sıxılaraq, nəticədə iddiaçının iradə ifadəsini əks etdirməyən hal baş vermişdir ki, məhkəmə hesab edir ki, texniki xarakterli yanlışlıq konstitision hüququn realizəsinə mane olmamalıdır. Belə ki, 12 sentyab 2022-ci il tarixdə, yəni qeydiyyat hərəkətləri edilməli olduğu vaxtdan sonrakı tarixə bağlanılmış müqavilə, iddiaçı və üçüncü şəxs arasında təhsil sahəsi ilə bağlı münasibətlər müəyyən edir ki, qeydiyyat zamanı formal yanlışlığa yol verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarına riayət olunduğu və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni 02 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək (10 gün) aralıqda müraciət olunduğu halda, ali təhsil müəssisəsi tərəfindən qeydiyyatın aparılması zamanı texniki səhvə yol verildiyi müəyyən olunmuş, bununla da iddiaçının elektron sistemdə qeydiyyat ilə bağlı məlumatı aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, yaranmış bu vəziyyət iddiaçının hər hansı təqsirli hərəkəti nəticəsində meydana gəlmədiyindən və onun bu texniki səhv ilə əlaqəsi olmadığından, onun qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində müəyyən etməsi və onunla müqavilə bağlanılması hazırki vəziyyəti iddiaçının xeyrinə dəyişir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında göstərilən hallar formal xarakter daşıdığından, iddiaçının irəli sürdüyü tələb əsaslı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 ali təhsil müəssisəsinə qəbulu haqqında əmrin verilməsi və aidiyyəti üzrə qəbul olunduğu “Qərbi Kaspi” Universitetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının X5nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5626/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5626/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver