Məhkəmə qərarları › İş №2-1(112)-5626/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5626/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5626/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV məbləğinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aldığı əmlakların dəyərini MMC-nin bank hesabına ƏDV ilə birlikdə, ona təqdim olunmuş bank rekvizitləri və müqavilə əsasında cari hesablaşma-hesablarına köçürtmə yolu ilə məbləğin ƏDV-sinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, “Alıcı” İddiaçı (Ş/V AZE ******** verilib ASAN 1 xx.xx.2015) Mənzil Alqı-Satqısına dair Müqavilə N° ÇP/1 -19-saylı 21 iyul 2022-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, onun nizamnaməsinə əsasən fəaliyyət göstərən direktoru (qanuni təmsilçisi) X2 tərəfindən, Bakı şəhəri ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 1-ci bina, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,73 kv.m olan 38 saylı mənzilin dəyəri 64 649.00 (Altmış dörd min altı yüz qırx doqquz ) AZN və həyat yoldaşı X3 (ŞA/ AA ******* verilib ASAN 1 xx.xx.2022) Mənzil Alqı-Satqısına dair Müqavilə NQ ÇP/3-15-saylı 05 sentyabr 2022-ci il tarixində, "xxxx" MMC tərəfindən Bakı şəhəri ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 3-cü bina, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70.4 kv.m olan 54 saylı mənzilin dəyəri 88 000.00 (Səksən səkkiz min) AZN, cəmi 2 mənzilin alınmasına əsasən 152 649.00 (Bir yüz əlli iki min altı yüz qırx doqquz) AZN dəyərində vəsait nağdsız qaydada Cəmiyyətin bank hesabına köçürmə yolu ilə ödəmişdir. Mənzilləri "xxxx" MMC-dən alarkən, Cəmiyyət tərəfindən ona yalnız bank rekvizitləri təqdim olunmuş və ödənişin Bank Respublikanın Nərimanov filialında olunacağı bildirilmişdir. İddiaçı öz növbəsində xx.xx.2022-ci il tarixində 64 649.00 Azn (38 saylı mənzil üçün), xx.xx.2022-ci il tarixində 8000 Azn beh olaraq (54 saylı mənzil üçün) və xx.xx.2022-ci il tarixində 80 000.00 Azn (54 saylı mənzil üçün) Cəmiyyət tərəfindən təqdim olunan bank hesabına nağdsız qaydada tam ödəmişdir. Yuxarıda qeyd olunan tarixlərdə mənzilləri alarkən, ona Cəmiyyət tərəfindən ödəniş etmək üçün bank rekvizitlərindən başqa digər heç bir sənədlər (hesab faktura, elektron-qaimə, ƏDV depozit hesabı) təqdim olunmamışdır. ƏDV-nin geri qaytarılması ilə bağlı Cəmiyyətin nümayəndəsi ilə danışıqlar aparan zaman ona bildirilmişdir ki, hər 2 mənzil üçün bank hesabına nağdsız qaydada ödədiyi tam məbləğin ƏDV-yə aid olan hissəsinidə Vergilər Nazirliyinə köçürərək öz hesabatında göstərmişlər Bu səbəbdən ƏDV-nin geri qaytarılması ilə bağlı vergi orqanlarına müraciət etməli olduğu bildirmişlər. Məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və QaydasTnın 5.1.2- ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Cəmiyyət tərəfindən ona ƏDV depozit hesabı və həmçinin elektron-qaimə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5626/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh "xxxx" MMC əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, İddiaçı “ƏDV məbləğinin geri qaytarılması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək əmlakın dəyərini MMC-nin bank hesabına ƏDV ilə birlikdə, ona təqdim olunmuş bank rekvizitləri və müqavilə əsasında cari hesablaşmahesablarına köçürtmə yolu ilə etdiyi (ödədiyi) 64649.00 AZN məbləğin 2958.51 AZN ƏDVsinin ona geri qaytarılması şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcılar X3 (FİN:2X8QHBW) və İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV- nin qaytarılmasına yol verilmir. Həmçinin qeyd etmək istəyirik ki, eyni predmetli inzibati iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 689/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında haqlı olaraq qeyd olunmuşdur ki, ödənişin düzgün aparılmamasında iddiaçının təqsirinin olmaması, yəni ona əmlakın dəyərinin satıcı "xxxx" MTK-nın bank hesabına, ƏDV məbləğini isə satıcının (‘AVANT Group” MTK-nın) ƏDV depozit hesabına ödəməli olduğu izah edilməməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, bu hal sübut olunarsa da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, əvvəla yuxarıda qeyd edildiyi kimi, fiziki şəxs tərəfindən ödəniş bu Qərarın 18-ci bəndində istinad olunan Qaydaların tələblərinə uyğun şəkildə aparılmamışdırsa, yəni yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) satıcının bank hesabına və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə ƏDV-nin qaytarılmasına yol verilmir. İkincisi ‘‘AVANT Group” MTK ilə iddiaçı arasında bağlanmış payçı müqavilələrində həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün ‘‘AVANT Group” MTK-nın ƏDV depozit hesabı qeyd edilmədiyi müəyyən olunur. Odur ki, göstərilən səbəblərdən, yəni MTK-nın alıcıya (hazırkı iddiaçıya) verginin depozitə ödənilməsi üçün depozit hesabı verməməsi, ƏDV məbləğinin ayrıca depozit hesaba ödənilməli olması izah edilməməsi ilə əlaqədar iddiaçı ona zərər dəydiyini hesab edirsə bu barədə "xxxx" MTK-ya qarşı aidiyyatı məhkəmədə iddia qaldırmaq hüququ izah olunur. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydalarının 5.1 -ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Qeyd olunan müddəalardan da görüldüyü kimi, iddiaçının qeyd etdiyi ödəniş forması qaydalarda nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddiaçının iddia tələbi təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -İddiaçı ilə “Çinar Park” arasında bağlanmış ÇP/1-19 nömrəli mənzil alqı-satqısına dair müqavilənin predmetində qeyd edilmişdir ki, 1.1. İcraçı", özü tərəfindən ünvan 2 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksini 1-ci bina, 7-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 49,73 kv. metr olan 38 saylı təmirsiz mənzilin tikintisini, mənzilin yerləşdiyi yaşayış binasının bünövrəsinin qoyulduqdan sonra hesablanmaqla 24 (iyirmi dörd) ay ərzində hazırkı müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb "Sifarişçi"-yə təhvil verməyi öhdəsinə götürür. 2.2. Mənzilin 1 kv.m sahəsinin dəyəri 1300,00 ( bir min üç yüz ) AZN olmaqla ümumi dəyəri 64649,00 (altmiş dörd min alti yüz qirx doqquz) AZN müəyyən edilir. 2.3. "Sifarişçi" tərəfindən bu müqavilənin 2.2.-bəndində qeyd olunan ümumi dəyərinin 64649,00 (altmiş dörd min alti yüz qirx doqquz) AZN tam ödənildi və borcu yoxdur. -xx.xx.2022-ci il tarixli CCRTOB**********062429 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “Çinar Park” mmc, hesab: **********, məbləğ: 64649.00, valyuta: AZN, məbləğ yazı ilə: altmiş dörd min alti yüz qirx doqquz manat , ödəyənin adı: İddiaçı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 oktyabr 2023-cü il tarixli, **********548800 nömrəli Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mənzilə görə qaytarılmalı olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Hazırkı iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğundur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixli qərarla müraciətin təminindən imtina edilmişdir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından görünür ki, İddiaçı ilə “Çinar Park” arasında bağlanmış xx.xx.2022ci il tarixli mənzil alqı-satqısına dair müqaviləsinə əsasən ünvan 2 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksini 1-ci bina, 7-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət 38 saylı mənzili satın almış, mənzilin ümumi dəyərini 64649,00 manat xx.xx.2022-ci ildə satıcı MTK-nın bank hesabına köçürmüşdür. İddiaçı hazırda həmin vəsait üzrə ƏDV-nin geri qaytarılmasını xahiş edir. Cavabdeh imtina qərarında müraciətin təmin edilməsini istisna edən hal kimi 2 əsasa istinad etmişdir: -1. İddiaçı mənzilin tam dəyəri ödənildiyi vaxtdan ƏDV-nin qaytarılması ilə bağlı 90 gündən sonra müraciət etmişdir; -2. İddiaçı mənzilin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödəmişdir. xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin maddənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın aşağıdakı bəndlərinə əsasən: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə. Sadalanan normalardan görünür ki, nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün şəxs portala müraciət daxil etməli, bu müraciəti yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq etməlidir, əks halda Qaydalara əsasən həmin müddət başa çatdıqdan sonra edilən müraciətlər üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. Analoji inzibati iş üzrə məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********083000 nömrəli məktubundan müəyyən olunur ki, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal (https://new.e- taxes.qov.az/eportal/az/loqin/) xx.xx.2023-cü il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləsinə əsasən mənzili satın almış və mənzilin dəyəri xx.xx.2022-ci il tarixdə ödəmişdir. İddiaçı ƏDV-nin qaytarılması barədə tələblə müvafiq portalın istifadəyə verildiyi, daha sonra isə bununla bağlı ictimaiyyətin məlumatlandırıldığı tarixdən 90 gün keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da Qaydalarda nəzərdə tutulan müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, Qaydalarda istinad olunan 90 günlük müddət kəsici müddətdir və həmin müddətin bitməsi şəxsin malik olduğu hüququn özünün xitamı ilə nəticələnir, həmin müddət dayandırıla, kəsilə və ya bərpa edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən, qanunla nəzərdə tutulmuş müddətlər xüsusi müddətlər olmaqla həmin müddətlərin bərpasına yol verilmədiyindən və Qaydaya əsasən prosessual müddətin ötürülməsi ƏDV-nin qaytarılmasından imtina üçün əsas təşkil etdiyindən, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. Qeyd edilən müddətlə bağlı hal iddia tələbinin təmin edilməməsi üçün ilkin əsasdır. Eyni zamanda müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, həm də Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini də göstərmişdir. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Göründüyü kimi ƏDV o zaman geri qaytarılır ki, həmin alğı-satqıda ƏDV ödənişi həyata keçirilsin. Yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini nağdsız qaydada ödəmiş şəxslər isə mənzilin dəyərindən ƏDV-nin qaytarılması üçün ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini təmin etməlidir. Qeyd edilən tələb, yəni ödənişin əsas məbləğinin satıcının bank hesabına, ƏDV-yə aid hissəsinin ƏDV hesabına ödənilməsinin təmin edilməsi bilavasitə alıcının məsuliyyətinə aid edilməsi istər yuxarıda adıçəkilən ƏDV-nin qaytarılması ilə bağlı qaydaların tələbindən, istərsə də iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin tələbindən irəli gəlir. Hazırkı işdən isə iddiaçının mənzilin dəyərinin həm ana məbləğinin, həm də ƏDV məbləğinin vahid hesaba-satıcının bank hesabına ödənildiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar