Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5626/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin (bundan sonra – cavabdeh və ya bələdiyyə) 251 №-li, xx.xx.2005-ci il tarixli Sərəncamı ilə Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 700 m2 torpaq sahəsi İddiaçı (bundan sonra – iddiaçı) ayrılmışdır. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt bağlanmış və həmin akta əsasən iddiaçı bələdiyyənin hesabına ******* manat ödəmiş və buna dair bələdiyyə tərəfindən Seriya ƏXZ 936652 №-li, xx.xx.2005-ci il tarixli kassa mədaxil orderi verilmişdir. İddiaçı bələdiyyə tərəfindən ona yarılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı Bakı İnzbati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-150/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə iddia ətləbi rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-150/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Məhkəmələrin iş üzrə iddia tələbinin rədd edilməsi ilə bağlı qənaəti belə olmuşdur ki, “...məhkəmə icraatında iddiaçı tərəf torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Cavabdeh 30 dekabr 2005-ci il tarixli 251 nömrəli sərəncamını təqdim etmişdir. Lakin işdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, həmin qərarla ayrılan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaqlardandır. Bundan başqa, torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşməsi də təsdiqini tapır. Məhkəmə işin bu xüsusatı ilə bağlı mütəxəssis rəyinin əsassız olması barədə əlavə hal müəyyən edilmədiyindən, belə qənaətə gəlir ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi sahə kimi Cavabdeh tərəfindən ayrıldığından, sözügedən hüquq müəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və onun əsasında torpaq sahəsinə hüququn qeydiyyatından «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq imtina olunmasında cavabdeh inzibati orqan haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olması ilə yanaşı neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə diqqətə çəkir ki, İddiaçı ayrılan torpaq sahəsi ilə bağlı aidiyyəti qurumdan rəy alınmaması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edirlər. Odur ki, məhkəmənin qənaətinə görə müvafiq "rəyin alınmaması” iddiaçının iradəsindən asılı olmyan hal kimi onun torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina əsası olaraq çıxış edə bilməz. Bundan başqa, Buzovna Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin ayrılması barədə qərar deyil, sərəncam qəbul olunmuşdur. Bu xüsusatda mahiyyətcə eyni məsələni əhatə etdiyindən formal xarakterli hal kimi qəbul olunmalıdır. Bununla belə məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ yaranmır və təqdim etdiyi sənədlər torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ola bilməz”. İddiaçı ona yeni torpaq sahəsi ayrılması və ya bu mümkün olmadıqda kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…hal-hazırda Buzovna Bələdiyyəsinin balansında torpaq sahəsi yoxdur. Buzovna Bələdiyyəsinin balansında torpaq sahəsi ayrılan zaman Sizə 700m2 torpaq sahəsi ayrılacaqdır.” İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona 700 kv.m torpaq sahəsinə görə 120.000 manat kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası onu qane etmədiyindən on görə cavabdehdən 120.000 manat kompensasiya tələb etmək qərarına gəlib. Cavabdehin etirazları: Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı məktubda bildirmişdir ki, iddiaçıya xx.xx.2005-ci il tarixli 251 nömrəli sərəncamla Buzovna qəsəbəsi ərəzisində 700 kv.m fərdi yaşayış evinin tikilməsi üçün ayrılmışdır. xx.xx.2005-ci il tarixli 251 nömrəli sərəncamda da göstərildiyi kimi Torpaq sahəsi ayrılarkən naturada vətəndaşa təqdim olunmuş və iddiaçı ayrılmış torpaq sahəsində hər hansı bir tikinti işləri görmüşdürsə Azərbaycan Respublikası Torpaq Məcəlləsi və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 24-cü maddəsinə riayət etməklə tikinti işləri aparmalı olmuşdur. İddiaçıya 2005-ci ildən torpaq sahəsi ayrılmasına baxmayaraq həmin vaxtdan etibarən sahədə heç bir tikinti işləri görməmiş və həmin ərəfələrdə sahənin sənədləşdirilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət etməmişdir. İddiaçı tərəfindən sahədə heç bir tikinti işləri aparmaması ilə əlaqədar tərəfimizdən həmin sahəyə baxış keçirilmiş və fotoşəkillər çəkilərək məktuba əlavə olunmuşdur. Azərbaycan Respublikasının «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun (160-11Q xx.xx.2001-ci il tarixli qanun, maddə 2) tələblərinə uyğun olaraq Bələdiyyələrin yerləşdiyi inzibati ərazi üzrə torpaqlar Bələdiyyə mülkiyyətində sayılması nəzərə alınaraq bələdiyyələr tərəfindən torpaq sahələri ayrılmış lakin sonradan Bakı şəhər Bələdiyyələrinə mülkiyyət sənədləri verilmədiyindən vətəndaşlara ayrılmış torpaq sahələrin sənədləşdirilməsində çətinliklər yaranmışdır. Bundan əlavə bələdiyyələr yarandığı tarixdən hal-hazırki müddətə qədər Azərbaycan Respublikası Qanunvericiliyində və Torpaq Məcəlləsində bir çox dəyişiklər olmuş və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 oktyabr tarixli fərmanı və 2007-ci il 23 noyabr tarixli sərəncamına əsasən 2007-ci ilin dekabr ayının 1-dən etibarən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vəsitəsi ilə əldə olunması göstərilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçıya Buzovna Bələdiyyəsinin 251 №-li, xx.xx.2005-ci il tarixli Sərəncamı ilə Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 700 kvadrat metr torpaq sahəsi ayrımışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddia qaldırmış, lakin qanuni qüvvəsini almış məhkəmə qərarları iddia tələbi rədd edilmişdir. İddia tələbini rədd edərkən məhkəmələr ona əsaslanmışdır ki, bələdiyyə tərədindən ayrılmış torpaq sahəsi bələdiyyənin deyil, dövlət mülkiyyətində olmuş, bələdiyyə tərəfindən verilən hüquqmüəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır. Eyni zamanda zamanda ayrılmış torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Hazırda iddiaçı cavabdehin qanunsuz qərarı (hərəkəti) nəticəsində ona dəymiş ziyana görə 120000 manat kompensasiya tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, hazırkı iddianın növü İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbidir. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığın müəyyən edilməsi üçün ilk addım iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən ibarətdir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. İddia tələbinin qanuni əsasını “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları təşkil edir. 89.1-ci maddənin tələbinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinin məzmunun dispozisiya şərtlərindən görünür ki, vurulmuş ziyana görə məsuliyyətin yaranması üçün ilk növbədə, inzibati orqanın qanunsuz qərarı və ya qanunsuz hərəkəti olmalıdır. Yalnız bundan sonra Mülki Məcəllənin vurulmuş ziyana görə məsuliyyət müəyyən edən normalarının tələbləri yoxlanıla bilər. Hazırkı işdə cavabdeh inzibati orqanın qanunsuz (hətda etibarsız) inzibati aktının qəbul edilməsi nəticəsində iddiaçıya ziyan dəyməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə sübuta yetirilmişdir. Belə ki, iddiaçının cavabdeh bələdiyyənin xx.xx.2005-ci il tarixli sərəncamına istinad edərək ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə iddia qaldırmış, lakin həmin iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi bələdiyyənin deyil, dövlətin mülkiyyətindədir. Bu faktı cavabdeh bələdiyyənin özü də, məhkəməyə göndərdiyi məktubda etiraf edərək Bakı şəhər Bələdiyyələrinə mülkiyyət sənədləri verilmədiyindən vətəndaşlara ayrılmış torpaq sahələrin sənədləşdirilməsində çətinliklər yarandığını bildirmişdir. Həmçinin həmin iş üzrə müəyyən edilmişdir ki, torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Göründüyü kimi, cavadeh bələdiyyə tərəfindən bələdiyyəyə məxsus olmayan, həmçinin neft kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin iddiaçıya ayrılması nəticəsində iddiaçı mülkiyyət hüququnu reallaşdırma bilməmiş, ona yrılmış torpaq sahəsinə hüququnu qeydə aldırmaqdan məhrum olmuşdur. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ... Qeyd edilən normanın dispozitiv şərtlərinin mövcud olması üçün ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyəyə məxsus olmalı, eyni zamanda torpaq sahəsinin ayrılmasına dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaqkadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). Baxılan işdə bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin bələdiyyənin deyil, dövlət mülkiyyətində olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə sübuta yetirildiyindən cavabdeh inzibati orqanın qanunsuz (etibarsız) inzibati aktı nəticəsində iddiaçıya ziyan dəyməsi mübahisəsizdir. Məhkəmə cavabdehin məhkəməyə göndərdiyi məktubda qeyd edilənlərə qiymət verərək bildirir ki, iddiaçı həmin torpaq sahəsində hər hansı tikinti işlərinin apara bilməsi üçün ilk növbədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd, yəni reyestrdən çıxarış almalı idi. Əks halda iddiaçı tərəfindən aparılacaq işlər və inşa edilmiş tikili özbaşına tikili olacaqdır. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Digər tərəfdən işin hallarından müəyyən edilir ki, torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Cavabdeh bələdiyyənin arqumentindən o nəticə hasil olur ki, iddiaçı neft kəmərinin mühafizə zonasında hər hansı tikili aparmalı idi. Odur ki, məhkəmə cavabdehin mövqeyini əsassız hesab edir. Məhkəmə kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, məhkəmənin xx.xx.2025ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekpertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli 3-16-16/2-9/1748/2025 №-li rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, ünvan 1 ünvanında yerləşən 7,0 sot torpaq sahəsinin orta bazar dəyəri təqribən 46200,00 manat (7,0*6600,00 man) məbləğində müəyyən edilir. Ekespert rəyi kifayət qədər əsaslandırılmış, analoji əmlaklarla bağlı müqayisəli təhqiqat aparılaraq rəy verilmişdir. İddiaçı tərəf həmin məbləğin az olması, əslində torpaq sahəsinin qiymətinin daha yüksək olmasını qeyd etsə də, bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, bu barədə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə isə, aparılmış ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxararaq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Baxılan işdə iddiaçının zərərə məruz qalması, cavabdehin qanunsuz (etibarsız) qərarı nəticəsində ona cavabdehin mülkiyyətində olmayan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş və neft kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin ayrılması sübuta yetirilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək ekspert rəyində göstərilən məbləğdə, yəni 46200,00 (qırx altı min iki yüz manat sıfır qəpik) manat kompensasiya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. 46200 (qırx altı min iki yüz manat) manat kompensasiya Buzovna Bələdiyyəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat Buzovna Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesanına ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov