Məhkəmə qərarları › İş №2-1(112)-5627/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5627/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5627/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Suraxanı RİH) qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində qeyd edir ki, ünvan 1 mənzili 54 ünvanında yerləşən sahəsi 30,05 kv.m olan 2 otağından ibarət xidməti mənzil xx xxxx 1984-cü il tarixli, 000390 №-li order əsasında atası X3 Bakı Kanalizasiya İdarəsində çilingər-mexanik vəzifəsində işlədiyinə görə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə X4 həmin mənzildən istifadə hüququnu itirmişdir. Bundan sonra mənzilin kirayə müqaviləsi ilə onun (iddiaçının) adına keçirilməsinə dair Bakı şəhəri Suraxanı RİH başçısı tərəfindən x xxx 2020-ci il tarixli 58 nömrəli sərəncam verilmiş və Suraxanı Rayon MKTB ilə onun arasında xx xxx 2020-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Kirayə müqaviləsi bağladıqdan sonra kommunal müqavilələr onun adına rəsmiləşdirilmişdir. O, hazırda həmin mənzildə anası X1, arvadı X5, övladları X10, X11 və X12 ilə birlikdə yaşayır. Mülkiyyətində olan həmin mənzilə dair dövlət reyestrindən çıxarış alınması üçün dövlət rüsumunu ödəməklə, müvafiq sənədlərlə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi x xxxxx 2020-ci il tarixli (xx xxxx 2020-ci il tarixdə təqdim olunmuşdur) bildirişlə ərizənin icrasının mümkünsüz olduğu qeyd edilmiş və məsələnin həllindən imtina olunmuşdur. Cavabdehin verdiyi imtina bildirişi əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Belə ki, imtina bildirişində qeyd olunur ki, Bakı şəhəri Suraxanı RİH tərəfindən verilmiş 58 saylı x xxx 2020-ci il tarixli sərəncamda mənzilin xidməti mənzillər siyahısından çıxarılıb daimi verilməsi barədə məlumat yoxdur. Bundan əlavə, məktubda «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 6-cı maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15-ci maddəsinə istinad edilərək ərizəmin icrasından imtina edilmişdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən xidməti mənzillərin özəlləşdirilməsi zamanı xidməti mənzilin daimi verilməsi ilə bağlı hər hansı tələb mövcud olmadığından, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubu əsassızdır. Hesab olunur ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş heç bir hüquq normalarına əsaslanmadan verilmişdir, halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. O (iddiaçı), qanunvericilikdə göstərilən sənədləri (order, mənzil kirayə müqaviləsi və sərəncam) təqdim etsə də, əsassız olaraq formal məzmunlu imtina verməklə pnun hüquqları pozulmuşdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 9.2, 15-ci maddələrinə, AR Mənzil Məcəlləsinin 146.1ci maddəsinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 8, 9-cu maddələrinə, İPM-in 33, 38.2, 73.1-ci maddələrinə, AR Mülki Məcəlləsinin 139, 139-1-ci maddələrinə əsaslanaraq, ünvan 3, mənzil 54 ünvanında yerləşən 30,05 kv.m yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” x xxxx 2020-ci il tarixli bildirişdə aşağıdakılar qeyd olunmuşdur: - ünvan 3 ünvanında yerləşən 54 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı x xxxx 2020-ci il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar bildirilir ki, təqdim edilmiş Bakı şəhəri Suraxanı RİH-in 58 saylı x xxx 2020-ci il tarixli sərəncamında mənzilin xidməti mənzillər siyahısından çıxarılıb daimi verilməsi barədə məlumat yoxdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləvcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasında imtina edilir. Üçüncü şəxs Bakı şəhəri Suraxanı RİH-in məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı Suraxanı RİH-ə ərizə ilə müraciət edərək qeydiyyatda olmaqla yaşadığı mənzilin kirayə müqaviləsinin öz adına bağlanılmasını xahiş etmişdir və Suraxanı RİH başçısının xx xxx 2020-ci il tarixli 58 nömrəli sərəncamı ilə Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 23 saylı evin 54 saylı mənzilinin kirayə müqaviləsi İddiaçı adına dəyişdirilmişdir. Dövlət reyestrində sözügedən mənzilin qeydiyyata alınması DƏDRX 1 saylı Bakı Ərazi idarəsinin səlahiyyətlərinə aid olduğundan, Suraxanı RİH-ə qarşı iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmişlər, üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 təmsil etdiyi qurumun imtinasının qanuni olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 23 saylı evin 54 saylı mənzili xx xxxx 1984-cü il tarixli 000390 nömrəli order əsasında iddiaçının atası X3 ayrılmışdır. Sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2881/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə X2 sözügedən mənzilə istifadə hüququ itirilmiş sayılmışdır. Bundan sonra Bakı şəhəri Suraxanı RİH başçısınin x xxx 2020-ci il tarixli 58 nömrəli sərəncamı ilə həmin mənzilə dair kirayə müqaviləsi iddiaçı X7 adına dəyişdirilmiş və o, mənzilin kirayəçisi hesab olunmuşdur. İddiaçı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh mənzilin “xidməti mənzil” statusunun dəyişdirilmədiyini əsas gətirərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Məhkəmə sadalalan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 23 saylı evin 54 saylı mənzili ona dair ilkin orderə əsasən “xidməti mənzil” statusunda olduğundan və bu qəbildən olan mənzillərin özəlləşdirilməsinə qanunla yol verilmədiyindən, iddiaçının söüzgedən mənzilə mülkiyyət hüququ yaranmır və bu səbəbdən də cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15.1.1-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Suraxanı RİH) qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Suraxanı RİH) qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar