Məhkəmə qərarları › İş №2-1(112)-5627/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5627/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5627/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, müraciətinə pensiya hüququnu təsdiq edən bütün sənədləri əlavə etmişdir. Cavabdeh tərəfindən **********2 saylı xx.xx.2022-ci il tarixli güzəştli şərtlərlə əmək pensiyasının təyinatından imtina edilməsi haqqında cavab məktubu verilmişdir. İmtina məktubunda cavabdeh qeyd etmişdir ki, onun tərəfindən təqdim edilən sənədlər əsasında müəyyən edilmişdir ki, onun güzəştli iş stajı cəmi 06 il 09 ay 26 gün təşkil edir. Cavabdeh orqanın imtina məktubunda xx.xx.2004-xx.xx.2011-ci il tarixləri arasında olan dövr Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 nömrəli sexinin dəmiryolu istismarı sahəsində qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd edilmişdir və həmin sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin siyahısında qeyd olunan dəmiryol nəqliyyatı sahəsinə aid olmadığına görə həmin dövr zərərli staj olaraq nəzərə alınmır. Cavabdeh orqana təqdim edilmiş MT-İ ******* və 005563 nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək 25 ildən artıq ümumi stajı var. Həmin ümumi stajın dövründən təqdim edilmiş arxiv arayışlarına əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (06 il 09 ay 27 gün) "xxxx" QSC-nin Bakı yük stansiyasında qatar tərtibçisi vəzifəsində çalışmışdır. Tutduğu vəzifə və çalışdığı iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında qeyd olunan siyahının 21.4-cü bəndinə uyğun olması faktını təsdiq edən "xxxx" QSC-nin 202047 saylı, xx.xx.2022-ci il tarixli arayışı cavabdeh orqana təqdim edilmiş və məhkəməyə qoşma sənəd olaraq təqdim edilmişdir. xx.xx.2004-cü il tarixdə "xxxx" QSCdən işdən azad olandan sonra, xx.xx.2004-xx.xx.2011-ci il tarixlərdə (06 il 10 ay 05 gün) Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 nömrəli sexinin dəmiryolu istismarı sahəsində qatar tərtibatçısı vəzifəsində çalışmışdır. Tutduğu vəzifə və çalışdığı iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında qeyd olunan siyahının 21.4-cü bəndinə uyğun olması faktını təsdiq edən xx.xx.2022-ci il tarixli arxiv arayışı cavabdeh orqana təqdim edilmiş və məhkəməyə qoşma sənəd olaraq təqdim edilmişdir. Qeyd olunan sənədlərə əsasən müəyyən olunur ki, onun faktiki olaraq xx.xx.1998-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 13 il 08 ay güzəştli iş stajı var və bu faktı iş yerindən təqim edilən arxiv arayışı ilə təsdiq edir. Ümumi iş stajı ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı bir nöqsan tapılmadığına baxmayaraq, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il (08 ay 18 gün) tarixədək vətən uğrunda Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə görə həmin dövr faktiki olaraq ikiyə vurularaq 01 il 05 ay stajına hesablanmalıdır. Döyüşlərdə iştirak etdiyini hərbi biletinin surətinin 7-ci səhifəsindəki qeyd ilə təsdiq edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqanın xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubu ilə iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olması səbəbi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 06 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.2022-ci il tarixdə (60 yaş) pensiya yaşına çatmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq, öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixii 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı (21.4) yarımbəndində qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı inzibati orqana təqdim etdiyi sənədlərdə xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövr ərzində Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 nömrəli sexinin dəmiryolu istismarı sahəsində qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə qeyd olunan Qərarla təsdiq olunmuş siyahı üzrə müəyyən edilən dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Qeyd etmək zəruridir ki, İddiaçı güzəştli iş stajı 12 il 06 aydan az, yəni 06 il 09 ay 26 gün təşkil edir. Belə ki, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrü əhatə edir. Məhz bu səbəblərə görə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 06 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 01-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq, öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı (21.4) yarımbəndində qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.2004-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun Avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 №-li sexinin dəmiryolu istismarı sahəsində qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə qeyd olunan Qərarla təsdiq olunmuş Siyahı üzrə müəyyən edilən dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 06 aydan az (06 il 09 ay 26 gün (xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İT-İ seriyalı ******* saylı xx.xx.1992-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə AZ.DY 13 saylı yolunun Yevlax distansiyasında 139 saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən yol montyoru vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984cü il tarixdə 27 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən Yevlax stansiyasının 13 saylı distansiyasından köçürülürək AZ.DY Stepanakert st. köməkçi tərtibçisi təyin edilmişdir. xx.xx.1991-ci il tarixdə 169 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Əsgəran st. üzrə növbətçi vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci il tarixdə 506 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən tərtibçi vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə 847 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən Ağdam stansiyasına siqnalçı vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə 847 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən AZ.DY Ağdam stansiyasında Əsgəran Gəncə stansiyasından siqnalçı keçirilmişdir. xx.xx.1992-ci il tarixdə 19 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən AZ.DY Ağdam stansiyasında PNS vəzifəsinə keçirilmişdir. xx.xx.1992ci il tarixdə 209 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən öz xahişi ilə AZ.DY Ağdam st. PNS vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə 151 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən Azərbaycan dövlət DY-nun Bakı Yük stansiyası növbətçi – strelka postuna təcrübəçi olaraq qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdə 172 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən strelka postuna növbətçi müstəqil işinə icazə verilmişdir. xx.xx.1997-ci il tarixdə 179 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən tərtibatçının köməkçisi üzrə təcrübəçisi keçirilmişdir. xx.xx.1997-ci il tarixdə 236 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən tərtibatçının köməkçisi üzrə müstəqil işə keçirilmişdir. xx.xx.1998-ci il tarixdə 33 saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən tərtibatçının köməkçisi üzrə təcrübəçisi keçirilmişdir. xx.xx.2004-cü il tarixdə 205 saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə 8-12/207 saylı xx.xx.2004-cü il tarixli sərəncama əsasən Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun Avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 №-li sexinin dəmir yolunun istismarı üzrə sahədə qatar tərtibatçısı peşəsinə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdə 12-k saylı xx.xx.2012-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ikinci qrup əlil kimi təqaüdə çıxdığına görə əmək müqaviləsi ləğv edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya təqdim edilmiş 202047 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən, o, həqiqətən "xxxx" QSC-nin Bakı yük stansiyasında xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək qatar tərtibçisi peşəsində çalışmışdır. Bu peşə üzrə müvafiq dövr ərzində İddiaçı iş stajı 06 il 09 ay 27 gün təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”sında nəzərdə tutulmuşdur (21.4-cü bənd). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vərəmli pasiyentin xəstəlik tarixindən TQS seriyalı 027/2 saylı xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, o, xx.xx.2004-cü il tarixdə 8-12/207 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən avtomobil və dəmir yolu nəqliyyatı üzrə 15 №-li sexin dəmir yolunun istismarı üzrə sahədə qatar tərtibatçısı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarın “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bölməsinə əsasən zərərli iş şəraitində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 2-ci qrup əlil kimi təqaüdə çıxması ilə əlaqədar xx.xx.2012-ci il tarixdə (Əmr 12K) əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Belə ki, X1 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmişdir. (29 iyun 2022-ci il tarixdə qüvvəyə minib.) Həmin maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçı "xxxx" QSC-nin Bakı yük stansiyasında xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək qatar tərtibçisi peşəsində çalışmışdır. Bu peşə üzrə müvafiq dövr ərzində İddiaçı iş stajı 06 il 09 ay 27 gün təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”sında nəzərdə tutulmuşdur (21.4-cü bənd). xx.xx.2004-cü il tarixdə 8-12/207 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən avtomobil və dəmir yolu nəqliyyatı üzrə 15 №-li sexin dəmir yolunun istismarı üzrə sahədə qatar tərtibatçısı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarın “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bölməsinə əsasən zərərli iş şəraitində işləmişdir. İddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 13 il 08 ay 02 gün təşkil edir. Qeyd edilən hal iş yerindən arayışlarla da təsdiqlənmişdir. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1983-xx.xx.1992-ci, xx.xx.1997xx.xx.2004-cü xx.xx.2004-xx.xx.2011-ci illərdə işləmişdir. İddiaçının əmək kitabçasına əsasən xx.xx.2022-ci il tarixə stajı (hərbi xidmətdə olduğu müddət istisna olmaqla) 23 il 09 ay 03 gün, əmək şəraiti zərərli və ağır olan işlərdə stajı ən azı 12 il 06 aydır (13 il 02 ay 23 gün). Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hərbi biletinin surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illər ərzində (01 il 10 ay 05 gün) hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il (08 ay 18 gün) tarixədək vətən uğrunda Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il (08 ay 18 gün) tarixədək vətən uğrunda Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə görə həmin dövr faktiki olaraq ikiyə vurularaq 01 il 05 ay 06 gün stajına hesablanmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı hazırda (xx.xx.2022-ci il tarixdən) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinə əsasən yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa) və yaş (60 yaş). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununundan: 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia təmin edilməli, iddiaçının xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar