Məhkəmə qərarları › İş №2-1(112)-5628/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5628/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5628/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsində yerləşən ev 128, 34 saylı ünvanda yerləşən 1 otaqlı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, yataqxana ev 128, 34 ünvanında yerləşən birotaqlı mənzil Bakı Komvol Kombinatının Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli iclasının 19 nömrəli protokolundan çıxarışa və xx.xx.1994-cü il tarixli Bakı Komvol Kombinatı tərəfindən verilmiş 12 saylı orderə əsasən iddiaçının mülkiyyətinə verilərək hal-hazırki günədək həmin mənzildə yaşayır. Mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi üçün cavabdehə müraciyyət etmişdir. Nərimanov rayonu, X6 küçəsi, ev 128 34 ünvanda yerləşən 1 otaqlı mənzilə iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi üçün cavabdehə ünvanladıgı 24 dekabr 2021-ci il tarixli **********26 saylı müraciətinə imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzilin iddiaçının adına qeydiyyata alınması üçün sərəncam, order və ya mənzi kirayəsi müqaviləsi təqdim edilməmişdir. Əslində isə iddiaçı müraciətinə mənzilin orderini əlavə etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının yaşadığı binada demək olar ki, sakinlərin yarısı çıxarış almışlar. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında bildirilmişdir ki, iddiaçının ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********26 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - xx.xx.1994-cü il tarixli Bakı Komvol Kombinatı tərəfindən verilmiş 12 saylı orderdə göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi ev 128, mənzil 34 ünvanında yerləşən yataqxananın 1 otaqlı mənzili iddiaçıya ayrılmışdır. - 114 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 519 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsində ev 128, mənzil 34 ünvanında yerləşən mənzildə Cəbrayıl rayonundan məcburi köçkün kimi yaşayır. - Bakı Komvol Kombinatının Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli iclasının 19 nömrəli protokolundan çıxarışda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsində 128 ünvanında yerləşən yataqxananınl 34 saylı mənzilinin kombinatın işçisi olan iddiaçıya verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3/79 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 11 ünvanında yerləşən yaşayış binası ünvan 12tı Birliyinin balansındadır və 114 saylı MKİS-nin xidməti ərazisinə düşür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********88 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 931 nömrəli sərəncamı ilə Xalq üçün X4 tabeliyində olmuş Bakı Komvol Kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2014-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əsas iş yeri Bakı Komvol Kombinatı olan işçilər barədə məlumatlar daxil edilməmişdir. - İddiaçıya aid İT seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, onun xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı Komvol Kombinatında toxucu peşəsində işlədiyi qeyd edilmişdir (işə qəbul qeydi müvafiq vəzifəli şəxsin imzası ilə təsdiq edilməmişdir). - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA- 02251-2022 saylı məktubundan görünür ki, Bakı Komvol Kombinatının Müdriyyəti və Həmkarlar ittifaqı Komitəsinin arxiv sənədləri, o cümlədən xx.xx.1994-cü il tarixli, 19 nömrəli protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 182 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 128 ünvanında yerləşən yataqxana binası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı Sərəncamı, eləcə də "xxxx" Səhmdar Cəmiyyətinin xx.xx.1999-cu il tarixli, 61/37 məktubuna əsasən 17 sentyabr 1999cu il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin balansından mövcud vəziyyətdə, əvəzsiz olaraq indiki 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərək 114 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə verilmişdir. Məktuba əlavə edilmiş xx.xx.1999-cu il tarixli aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 128 ünvanında yerləşən bina Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı birliyi tərəfindən təhvil alınmışdır. Orderi olan şəxslərin adlı siyahısında iddiaçının adı 2 sıra nömrəsi ilə göstərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İddiaçının tələbinin əsaslandığı hallara görə, cavabdehə müraciət edərək mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdə mənzilin onun adına qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri olmadığına istinad edərək hüququn qeydə alınmasından imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Komvol Kombinatının Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli iclasının 19 nömrəli protokolundan çıxarışa və xx.xx.1994-cü il tarixli Bakı Komvol Kombinatı tərəfindən verilmiş 12 saylı orderə istinad edərək Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi ev 128, mənzil 34 ünvanında yerləşən yataqxananın 1 otaqlı mənzili üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Halbuki, həmin sənədlər mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyata alınması üçün əsas deyil. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) aşagıdakı maddələrinə əsasən: Maddə 31. Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər; Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər; Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər; Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər; Maddə 107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir; Maddə 108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”: - 14. İş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzilməişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacıolanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir; - 32. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına görə xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı Komvol Kombinatında toxucu peşəsində işlədiyi qeyd edilsə də, həmin qeyd müvafiq vəzifəli şəxsin imzası ilə təsdiq edilmədiyindən mötəbər sübut hesab edilə bilməz. Bu da o deməkdir ki, iddiaçının uzun illər Bakı Komvol Kombinatında işləyərək mənzil növbəsində olması mümkünsüz haldır. Yəni, iddiaçı əvvəlki Mənzil Məcəlləsinin 31-ci maddəsinin tələbinə zidd olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi uçota da götürülməmişdir. Onun iddiasının faktiki əsası kimi istinad etdiyi orderin və protokoldan çıxarışın özü isə iş yerinin möhürü ilə təsdiq olunmadıgından mötəbər sənəd hesab edilə bilməz. Belə ki, yataqxanada mənzil sahəsi verilməsi haqqında qərar əsasında yaşayış sahəsini tutmaq üçün order müdiriyyət tərəfindən verilirdi. İddiaçının təqdim etdiyi orderin və protokoldan çıxarışın üzərində isə kiril qrafikalı möhür vurulmuş, onu imzalayan vəzifəli şəxsin adı, soyadı göstərilməmiş, sənədlərin bütün qeydləri kiril qrafikası ilə yazılmışdır. Halbuki "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarına əsasən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə 1992ci ildə başlanılmışdır. Odur ki, iddiaçının təqdim etdiyi orderin tərtibatında olan pozuntular onun mötəbərliyinə əsaslı şübhə yaradır. Həmçinin onun təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilməsi barədə sübut da yoxdur. Orderin mötəbər olduğu fərz olunsa, o halda həmin sənəd iddiaçıya məhz Bakı Komvol Kombinatında işlədiyi dövrdə orada yaşaması üçün verilə bilərdi. Həmin order xidməti yataqxanada müvvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilirdi. Çünki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə (yuxarıda qeyd olunan MM, maddələr 107, 108.) yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (m 51.1). Göründüyü kimi həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Daşınmaz əmlaka, o cümlədən mənzilə dair dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi ev 128, mənzil 34 ünvanında yerləşən 1 otaqlı mənzilin iddiaçıya dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı aşkar edilməmişdir. Beləliklə də iddiaçı mənzil üzərində hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəməyə sübut təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş sənədlər toplusuna istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslar toplusundan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi işdə olan orderin özünü isə məhkəmə etibarlı sənəd saymadıgından mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmədiyindən iddia əsaslı sayıla bilməz. Buna görə də cavabdeh tərəfindən hüquqların qeydiyyatından imtina barədə hərəkətləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 19

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar