Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5629/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzilə dair arxiv çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 48 nömrəli mənzilə dair arxiv çıxarışı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini bununla əsaslandırmışdır ki, O, xx.xx.1979-cu il tarixdə Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmiş. Hal hazırda ehtiyyatda olan zabitdir. Müdafiə Nazirliyinə və Dövlət Arxivinə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, 48 nömrəli mənzilə dair arxiv çıxarışı verilməsi üçün müraciət etmişdir, lakin müraciətinə cavab verilməmişdir. Cavabdeh iddia tələbinə qarşı vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qeyd edilən iddia tələbi üzrə işə artıq bir dəfə baxılmış və iddianın mümkünsüz sayılmasına dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(112)-5945/2024 nömrəli qərardadı qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-3958/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni mübahisə predmetinə yenidən eyni əsaslarla baxılması Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduğundan hazırda iddiaya mahiyyəti üzrə baxılması mümkünsüz hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin adı çəkilən qərardadı onunla əsaslandırılmışdır ki, “inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir; iddiaçı öz subyektiv hüquqlarının pozulduğunu bildirməlidir; işin faktiki hallarına görə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4842/2018 nömrəli iş üzrə çıxardığı xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı iddiası təmin olunaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 nömrəli evin 48 nörməli mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını təmin etmək öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir; Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019- cu il tarixli kirayə müqaviləsindən görünür ki, qeyd edilən mənzil iddiaçının istifadəsinə verilmişdir; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, mənzili özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış verir; mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müarciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir; göründüyü kimi, şəxsin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə qanunla ona arxiv arayışının verilməsi mümkündür; hazırki işdə iddiaçının adı çəkilən mənzilə dair orderi olmamış, belə ki, o, yuxarıda da qeyd olunduğu kimi, həmin mənzili məhkəmə qərarının icrası ilə bağlı müvafiq orqanla aralarında bağlanmış kirayə müqaviləsi əsasında əldə etmişdir; belə olan halda həmin mənzilə dair arxiv sənədinin (arayının) olması istisna olunur; İnzibati Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın”. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 nömrəli evin 48 nömrəli mənzili iddiaçının istifadəsinə verilmişdir. Qanunvericiliyin tələbinə görə arxiv arayışı şəxsin orderi itdikdə verilə bilər, hazırki halda şəxs mənzili kirayə müqaviləsi əsasında əldə etmişdir ki, bu da arxiv arayışının verilməsini istisna edir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərardadı qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı daha əvvəl eyni məzmunlu tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(112)-5945/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 3958/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı məhkəmə aktı mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərardad qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2053/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-1775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 851/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1335/2023 nömrəli). İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5629/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5629/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver