Məhkəmə qərarları › İş №2-1(112)-563/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-563/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-563/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (hüquqşünas, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxüs qismində cəlb olunmaqla) kompensasiya ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsi, 13Q saylı evin 15 sayı iki otaqlı, sahəsi 37 kv.metrdən ibarət olan ona məxsus mənzilinin sökülməsinə görə 37000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3426/2019, 10 oktyabr 2019-cu il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2858/2019, 29 noyabr 2019-cu il tarixli qərardadına əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3426/2019, 10 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2667/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsi, 13Q saylı evin 15 saylı mənzili 2 otaqdan ibarət, sahəsi 37 kv.metr olmuşdur. Həmin mənzildə o və iki uşaqları X5 və X10 ilə birlikdə qeydiyyatdadırlar. Artıq uzun illərdir ki, o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Halhazırda həmin mənzil qəzalı vəziyyətdə olduğu üçün Cavabdeh tərəfindən həmin bina sökülür və oranın bütün sakinlərinə kompensasiya ödənilir. Lakin nədənsə cavabdeh ona mənzilə görə kompensasiya ödəmək istəmir. Belə ki, o, bir müddət Bakı şəhərində olmamışdır və onun mənzilinə məcburi köçkünlər girərək orada məskunlaşmışlar. Ona görə də o, bir müddət öz mənzilində yaşaya bilməmişdir. Cavabdeh ona bildirir ki, artıq o gecikmişdir, ona görə də ona kompensasiya düşmür. Belə ki, cavabdeh onun mənzilində yaşayan məcburi köçkünə mənzil vermişdir. O, qəti şəkildə cavabdehə öz etirazını bildirmiş və onlardan öz mənzilini tələb edir. Əgər ona söküləcək öz mənzilinin əvəzinə görə yeni mənzil verilmirsə, onda ona sökülən mənzilə görə kompensasiya ödənilməlidir. Cavabdeh ona kompensasiya ödəməkdən imtina etdiyi üçün o, məhkəməyə müraciət etmişdir. Beləliklə ona kompensasiya ödənilmədən ona məxsus mənzilin cavabdeh tərəfindən sökülməsi onun konstitusion qaydada müdafiə olunan sahiblik, istifadə, mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir ki, bu da hazırki iddianın qaldırılmasına səbəb olmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Sabunçu rayonu ərazisində yerləşən 8 qəzalı binanın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə sakinlərin köçürülməsi və həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğundan orada yaşayan sakinlər barədə məlumatlar cari ilin fevral-mart aylarından başlayaraq onlar tərəfindən Cavabdehnə təqdim olunmuşdur. İddiaçı ünvan 3 ünvanında yaşaması barədə məlumat Cavabdehnə təqdim olunmamışdır. Sabunçu qəsəbəsi, Pişəvəri küçəsi, 13Q saylı binanın 15 saylı mənzili dövlət mülkiyyətində olmaqla Bakı Şəhər Mənzi-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd edilən mənzilin İddiaçı mülkiyyətində, icarəsində və ya istifadəsində olması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Hüquqmüəyyənedici sənəd dedikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış, mənzil sahəsinin orderi, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam, məhkəmə qətnaməsi nəzərdə tutulur. Sabunçu qəsəbəsi, Pişəvəri küçəsi, 13Q saylı binanın 15 saylı mənzili İddiaçı istifadəsinə, icarəsinə və mülkiyyətinə verilməmiş, həmçinin o, qeyd edilən ünvanda bir gün belə yaşamamışdır. Bina sakinləri həmin ünvanda köçürüldükdən və bina tamamilə söküldükdən bir neçə ay sonra İddiaçı Cavabdehnə müraciət edərək, sökülmüş binada mənzilinin olduğunu bildirmiş və kompensasiya tələb etmişdir. Qeyd olunanlara əsasən İddiaçı həmin binada yaşaması müəyyən olunmadığından ona kompensasiya verilməsi məsələsinə baxılmamışdır. Laçın rayonundan məcburi köçkün X11 1997-ci ildən 4 nəfər ailə tərkibi ilə qeyd edilən mənzildə məskunlaşmış və bina sökülən zaman Qaçqın və X7 üzrə Dövlət Komitəsi tərəfindən onlar “Qobu Park-2” yaşayış kompleksində mənzillə təmin olunmuşlar. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, iddiaçının keçmiş qonşusu kimi tanımışdır. Onun özü ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yerləşən 17 saylı mənzildə yaşamışdır. Həmin mənzilə dair sənədləri olmamışdır. Həmin mənzili iddiaçının anasından almışlar və həmin evə pasport qeydiyyatına düşmüşlər. Həmin binada yerləşən iddiaçıya məxsus 15 saylı evdə isə məcburi köçkünlər məskunlaşsalar da, iddiaçı anası ilə birlikdə ara-sıra oraya gəlmişdir. Bina qəzalı vəziyyətdə olduğundan sökülmüş və ona yaşadığı mənzilə görə kvadratı 1000 manatdan hesablanmaqla kompensasiya ödənilmişdir, o da başqa ev alaraq oraya köçmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, 04.08.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 26 oktyabr 2004-cü il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 433 saylı, 07 avqust 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının vəkilinin Cavabdeh tərəfindən söküntüsü həyata keçirilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 13Q saylı evdə yaşamış və evin sökülməsinə görə müvafiq kompensasiya verilmiş şəxslərin həmin evlərdə hansı əsaslarla yaşaması, həmin evlərdə yalnız qeydiyyatda olmuş şəxslərə İcra Hakimiyyəti tərəfindən kompensasiya verilib-verilməməsi barədə sorğusuna baxılmış və bildirilmişdir ki, qeyd olunan ünvanda aparılan köçürülmə (kompensasiya verilməsi və s.) işlərini Cavabdehndə yaradılmış komissiya tərəfindən baxılaraq qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 1/1288 saylı, 26 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişəvari küçəsində yerləşən 13Q saylı bina qəzalı vəziyyətdə olduğu üçün orada yaşayan sakinlər köçürülmüş və həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara kompensasiya ödənilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli, FJB**********112 saylı məxaric orderindən görünür ki, X4 37410 manat məbləğində kompensasiya ödənilmişdir. Məhkəmə araşdırması dövründə iş üzrə zərurət yarandığından X4 icra hakimiyyəti tərəfindən hər hansı kompensasiya ödənilib-ödənilməməsi, ödənildiyi təqdirdə kompensasiya ödənilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhəri Cavabdehndən tələb edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 1/1863 saylı, 27 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, qəzalı vəziyyətdə olan Sabunçu qəsəbəsi, Pişəvəri küçəsi, 13Q saylı evin 17 saylı iki otaqlı, ümumi sahəsi 36,91 kv.metr olan mənzilinə görə X1 olaraq 36910 manat, köçürülmə və 1 aylıq kirayə xərclərinə görə 500 manat, ümumilikdə 37410 manat vəsait ödənilmişdir. Soğru natamam cavablandırıldığından məhkəmə tərəfindən Bakı şəhəri Cavabdehnə təkrar sorğu göndərilərək, X1 ödənilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi tələb edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 1/468 saylı, 07 aprel 2021-ci il tarixli məktubdan görünür ki, məhkəmənin təkrar sorğusuna cavab olaraq bildirilmişdir ki, X2 qəsəbəsi, Pişəvəri küçəsi, 13Q saylı evin 17 saylı mənzilində 2005-ci ildən qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdır. Qəzalı vəziyyətdə olan Sabunçu qəsəbəsi, Pişəvari küçəsi, 13Q saylı evin 17 saylı iki otaqlı, ümumi sahəsi 36,91 kv.metr olan mənzilinə görə X1 olaraq 36910 manat, köçürülmə və 1 aylıq kirayə xərclərinə görə 500 manat, ümumilikdə 37410 manat vəsait ödənilmişdir. Həmin məktuba əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 148 saylı Mənzil Kommunal İstimar Sahəsi tərəfindən Cavabdehnə ünvanlanmış 15 saylı, 05 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Pişəvari küçəsi ev 13Q-da 1 otaqlı yaşayış sahəsi 21 kv.metr və ümumi sahəsi 36,91 kv.metr olan 17 saylı mənzilində X6 2005-ci ildən qeydiyyatdadır. X6 göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Bina 2019-cu ildə sökülmüş və sakinlər köçürülmüşdür. Beləliklə işin araşdırılmış hallarından və iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişəvari küçəsində yerləşən 13Q saylı bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, qəzalı vəziyyətdə olmuşdur. Buna görə də bina 2019-cu ildə sökülmüş, orada yaşayan sakinlər köçürülmüş və həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri Cavabdeh tərəfindən onlara kompensasiya ödənilməmişdir. Binada yaşayan sakinlərə kompensasiya Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin orada yaşayan sakinlər barədə məlumatlar cari ilin fevral-mart aylarından başlayaraq Cavabdehnə təqdim olunmuş məlumatları əsasında ödənilmişdir. Həmin vaxt binada yaşayan sakinlərinin siyahısında iddiaçının adı olmamışdır. Lakin iddiaçı həmin binada yerləşən 15 saylı iki otaqlı, sahəsi 37 kv.metrdən ibarət olan mənzilin ona məxsus olduğunu, lakin həmin mənzilə görə ona kompensasiya ödənilmədiyi əsası ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun həmin mənzildə yaşamadığı əsası ilə kompensasiya ödənilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişəvari küçəsində yerləşən 13Q saylı binada yerləşən 15 saylı mənzilin ona məxsus olduğunu bildirsə də, lakin həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Öz iddiasını həmin mənzildə pasport qeydiyyatına alınması və orada yaşaması ilə əsaslandırmışdır. İşdə olan sənədlər əsasında iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişəvari küçəsində yerləşən 13Q saylı binada yerləşən 15 saylı mənzilində pasport qeydiyyatında olması müəyyən edilsə də, lakin yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. İddiaçı iddia ərizəsində ilk növbədə uzun illərdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını qeyd etsə də, lakin daha sonra mənzilində məcburi köçkünlərin məskunlaşdığını qeyd etmiş və ona düşəcək kompensasiyanın həmin şəxslərə ödənildiyini göstərmişdir. Məhkəmə araşdırması nəticəsində həmçinin iddiaçının həmin mənzilə dair hər hansı hüququnun mövcud olmaması ilə yanaşı, sözügedən mənzildə yaşamadığı da müəyyən edilmişdir. Belə ki, Laçın rayonundan məcburi köçkün X11 1997-ci ildən 4 nəfər ailə tərkibi ilə qeyd edilən mənzildə məskunlaşmışlar və bina sökülən zaman Qaçqın və X7 üzrə Dövlət Komitəsi tərəfindən onlar “Qobu Park-2” yaşayış kompleksində mənzillə təmin olunmuşlar. Yuxarıda qeyd olunanlar, həmçinin bina sakinləri həmin ünvanda köçürüldükdən və bina tamamilə söküldükdən bir neçə ay sonra İddiaçı Cavabdehnə müraciət edərək sökülmüş binada mənzilinin olduğunu bildirərək, kompensasiya tələb etməsi onun həmin mənzildə yaşamadığına dəlalət edir. Göründüyü kimi iddiaçı sözügedən mənzilin davamlı istifadəsində olduğunu və daimi yaşayış yeri olduğunu iddia etsə də, söküntü aparıldığı günədək mənzilin istifadəsində olmaqla, orada yaşamasını təsdiq edəcək hər hansı mötəbər sübutu istər cavabdeh inzibati orqana, istərsə də məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iddiaçının sözügedən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmaması ilə yanaşı, həmçinin həmin mənzildə ümumiyyətlə yaşamadığından cavabdeh tərəfindən ona kompensasiya ödənilməsindən imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilən maddi hüquq normalarının mahiyyətinə görə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla hüquq pozuntusunun baş verməsini sübut etməli, hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar